Ali Baş Komandanın əmri
Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqının (və
dövlətinin) iradəsini ifadə edərək özünəməxsus
ən yüksək səviyyədə xəbərdarlıqdan
sonra da işğalçılıq siyasətini, təxribatlarını
və azğınlığını davam etdirmək
iddiasından əl çəkməyən Ermənistanı
yerində oturtmaq üçün Azərbaycan ordusuna əks-hücum
əmri verdi. Heç şübhəsiz, bu əmr dədə-baba
yurdlarımız Qarabağın, İrəvanın,
Göyçənin, Vedibasarın, Ağbabanın...
düşmən əsarətindən xilası ilə
yanaşı, dünya ictimaiyyətinin erməni xisləti barədəki
təsəvvürlərinin aydınlaşmasına həlledici
(və tarixi!) təsir göstərəcəkdir.
Kimdir
ermənilər?
Hər
bir etnosun xarakterini, dünyagörüşünü,
dünya xalqları içərisindəki mövqeyini (və
bu etnoqrafik mühitin yetirdiyi liderləri) formalaşdıran həmin
etnosun "tərcümeyi-hal"ıdır. Əlbəttə,
haqqında söhbət gedən "tərcümeyi-hal"ı
hər hansı etnosa münasibətdə lazımi elmi əsaslarla,
kifayət qədər obyektiv və mümkün dərəcədə
müfəssəl bir şəkildə təsəvvür eləmək
elə də asan məsələ deyil. Lakin düşünmək
olar ki, ermənilər bu baxımdan müəyyən istisna təşkil
etməkdədirlər... Hər şeydən əvvəl ona
görə ki, bir sıra etnoslardan (xalqlardan) fərqli olaraq,
onlar tarixlərinin, demək olar ki, heç bir dövründə,
"tərcümeyi-hal"larının heç bir mərhələsində
"təvazökarlıq" etməmiş, bu və ya digər
etnosun tarixini lazımi təfsilatı ilə öyrənmək
üçün tələb olunandan da artıq "sənəd"lərə
imza atmışlar.
Ermənilərin
müxtəlif mənşəli böyük siyasi güclərin
təzyiqi altında susmağa məcbur qaldıqları
zamanlar da olmuşdur, lakin daha çox
çığır-bağır salmaqla var- dövlət
toplamağa, xüsusi səlahiyyətlər qoparmağa,
ehtiyac ucbatından müxtəlif coğrafiyalara səpələnmənin
qarşısını alıb bütöv bir ərazidə təmərküzləşməyə
cəhd etdiklərindən "tərcümeyi-hal"larında
belə zamanlar o qədər də çox deyil.
Qədim
(və mötəbər) tarix kitabları, məsələn,
Herodotun "Tarix"i ermənilərin e.ə. II minilliyin
sonlarında Balkanlardan köçərək Van
gölünün cənub-qərbində məskunlaşdığını
göstərir. Hind-Avropa
mənşəli olduğu şübhə doğurmayan bu
etnosun "yaxın qohum"u olmadığına görə,
onun "uşaqlıq dövrü"nün hansı şəraitdə,
yaxud mühitdə keçdiyi barədə təsəvvür
dumanlıdır. Və həmin təsəvvür
dumanlılığı, əslində, ermənilərin
eramızın ilk əsrlərində xristianlığı qəbul
etməsinə qədər davam edir...
Yunan təzyiqləri altında assimilyasiya olunmaq qorxusu (və
bundan irəli gələn nifrət) o qədər
güclü idi ki, türklərin (səlcuqların)
Kiçik Asiyaya (Anadoluya) yürüşləri zamanı ermənilər
onların şəxsində öz xilaskarlarını
görmüş, türklərsə ermənilərə
qayğı ilə yanaşmışlar. Və bu
qarşılıqlı münasibət, müəyyən qədər
diplomatik xarakter daşısa da, məzmun-mahiyyətcə, bir
müddət səmimi olmuşdur deyə bilərik...
Lakin erməni kilsəsinin (qriqorianlığın) elə
ilk əsrlərindən (təbii ki, bu da etnosun mentalitetindən
irəli gəlirdi) özünü ruhani liderdən daha çox,
siyasi-ideoloji lider kimi aparması (və bu təşəbbüslərində
tədricən çox böyük təcrübə
qazanması!)
"müstəqil erməni hakimiyyəti
(dövləti)" ideyasını həmişə gündəmdə
saxlayırdı. Erməni dini (və siyasi) liderləri
"irsi" olaraq, əsasən, üç paradiqmada mübarizə
aparırdılar:
1) maddi ehtiyaclarını ödəmək
üçün münbit şərait axtaran ermənilərin
mənəvi-ideoloji birliyini təmin etmək;
2) hansı dövlətin təbəəliyində
olursa-olsunlar, həmin dövlətdə onlara xüsusi şərait
yaratmaq və ya səlahiyyətlər verdirmək;
3) müstəqil erməni dövləti qurmaq,
heç olmasa (ilk mərhələdə), bu və ya digər
güclü dövlət tərkibində (himayəsində)
muxtariyyətə nail olmaq.
Etiraf etmək lazımdır ki, etnosun, demək olar ki,
bütün Orta əsrlər boyu davam etmiş bu üç
paradiqmalı (istiqamətli) mübarizəsini zahirən tamamilə
təbii saymaq olar. Hər şeydən əvvəl ona görə ki, tarixdə
hər bir etnosun bu cür maraqlarının (və faktiki
mübarizəsinin) mövcudluğuna dair çoxlu misallar gətirmək
mümkündür... Lakin məsələ burasında idi ki,
ermənilərin etnik (milli) birlik (və dövlət müstəqilliyi)
uğrundakı mübarizələri reallığa əsaslanmış,
öz mənbəyini yalnız "gözəl xəyallar"dan
alırdı... İnsan (vətəndaş) potensialı yox,
ordu yox, vətən yox... Yalnız "gözəl xəyallar"!.. Bu isə etnosu (lap olsun
qriqorian kilsəsinin liderliyində), bir tərəfdən, hər
kəsi düşmən gözündə görməyə,
ikinci tərəfədən, məqsədə çatmaq
üçün hər cür hiyləgərliyə əl
atmağa təhrik edirdi.
Və ermənilər yeni beynəlxalq tarixi şəraitə
- Orta əsrlərin sonu, yeni dövrün əvvəllərinə
"tərcümeyi-hal"larının onlara bəxş
etdiyi belə bir mental keyfiyyətlə gəlib
çıxdılar.
Osmanlı,
müəyyən qədər də Azərbaycan Səfəvilər
dövlətinin şəxsində ermənilərin türklərə
münasibətləri birmənalı deyildi: onlara həm
hamı kimi baxır (itaət edir), həm mümkün qədər
çox səlahiyyət (muxtariyyət) qoparmağa
çalışır, həm də saraylara yol taparaq müəyyən
intriqalar yaratmağa çalışırdılar. Təhlükəsiz,
geniş ünsiyyət tələb edən, bir növ,
qılıqlı peşələrə (sənətkarlıq,
ticarət və s.) meyil etdiklərindən həmin intriqalarda
kifayət qədər böyük "uğurlar" da
qazanmışdılar. Və bu "uğurlar"ın ən
mühümləri "yuxarılar"a xidmət (və
yaxınlıq) imkanlarının genişliyi, zəruri məlumatı
vaxtında almaq, məqamı əldən buraxmamaq, hər
hansı çətinliyə düşəndə isə məharətlə
"yazıqlıq" maskası taxmaqdan ibarət idi. Lakin nəzərə
almaq lazımdır ki, istər osmanlılar, istərsə də
səfəvilər ermənilərin bu "qabiliyyətlər"ini
yalnız müəyyən səviyyəyə qədər
yaxın buraxır, həddini aşanda yerlərində
otuzdururdular. Bu isə, təbii ki, onların hüdudsuz (və
fantastik) xəyalları qarşısında maneə təşkil
etdiyi üçün, bir tərəfdən, təsəvvürlərindəki
"düşmən" obrazını daha da
qatılaşdırır, digər tərəfdən, taktiki
"dostlar" axtarmağa təhrik edirdi. Orta əsrlərin
sonu yeni dövrün əvvəllərində isə bu
cür "dostlar" artıq əvvəlki dövrlərdəki
kimi uzaqda deyildilər. Rusiya XVIII əsrin əvvəllərindən
başlayaraq həm Qərbi Avropa dövlətləri, həm
də öz maraqları çərçivəsində cənubdakı
türk dövlətlərini artıq təhdid edirdi.
Erməni
"missioner"ləri rusların onlara qarşı səmimi
olmadıqlarını, əlbəttə, bilirdilər, ancaq
ona da şübhə etmirdilər ki, "xidmətlər"i
müqabilində Rusiyadan ya Osmanlı, ya da Səfəvi ərazisində
"müstəqil erməni dövləti"nin
xeyir-duasını alacaqlar. Başqa yol da yox idi... Məzhəb
fərqi olsa da, müsəlmanlara qarşı "xristian
kartı" da işə yarayırdı... Bununla
belə, ermənilər Qərbi Avropa dövlətlərinə
də gedib-gəlir, Rusiyanın "xəyanət" edəcəyi
təqdirdə kimin ətəyindən yapışacaqları
barədə düşünürdülər.
"Erməni
məsələsi"nin tarix səhnəsinə
çıxarılması etnosun öz xəyallarına,
xülyalarına nə qədər dərindən inanması
ilə yanaşı, bu "məsələ"nin həllində
nə qədər israrlı olacaqlarını, heç bir
mübarizə üsul və ya formasından əl çəkməyəcəklərini
göstərirdi. Tədricən "etnik xəstəliy"ə
("erməni xəstəliyi"nə) çevrilmiş bu
sindrom, prinsip etibarilə, müalicə olunmaz bir hala gəldi...
Və yeni tarixi şəraitdə - Şərq
və Qərbdəki böyük siyasi güclərin
dünayanın taleyini həll eləməyə
"çalışdıqları" məqamlarda mütəmadi
olaraq bu və ya digər məqsədlərlə diplomatik
danışıqlar stolu üzərinə itələməklə
gündəmə çıxarıldı. Beləliklə, etnos öz milli mənliyini itirib
taleyinə hər an hər kəsin müdaxilə edəcəyi
(və bundan ilk növbədə özü
faydalanacağı) etnosiyasi obyektə çevrildi.
Etnik
münasibətlərin tarix boyu mürəkkəb olduğu Cənubi
Qafqazda (Rusiyanın təbiri ilə desək,
"Zaqafqaziya", yəni "Qafqaz dağlarının o
tayı"nda) ermənilərə dövlət qurmaq
üçün ərazi verilməsi, hər kəs bilirdi ki,
etnosun "xəstəliy"ini aradan qaldırmayacaq. Nə
vaxtsa kilsə tərəfindən beyinlərinə
yeridilmiş mücərrəd "dənizdən dənizə
Ermənistan" kompleksinin keçirdiyi "təkamül"
tarixi də bunun əlaməti idi: Van gölündən
Aralıq dənizinə a Van gölündən Qara dənizə
a Aralıq dənizindən Qara dənizə... Və nəhayət:
Aralıq dənizi - Qara dəniz - Xəzər dənizi
"üçbucağı".
Keçən
əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində
- SSRİ-nin dağıldığı illərdə erməni
millət vəkillərinin Moskvanı, xüsusilə dövlət
başçısı M.S.Qorbaçovu necə həyasızlıqla
hədələdiyi, yəqin ki, heç də hamı tərəfindən
unudulmamışdır... Həmin vəkillərin
simasında ümumən etnosun daxili aləmini - həyəcanlarını,
əsrlərcə üst-üstə qalanmış,
süxurlaşmış emosiyalarını görmək
mümkün idi. Və açıq şəkildə
görünürdü ki, ermənilər Moskvadan - Rusiyadan
incimişlər... Onlar bu qənaətdə idilər
ki, göstərdikləri "xidmətlərin"
müqabilində istəklərini nəinki tam təmin etməmiş,
hətta "gələcəklər"ini də təhlükə
altında qoymuşlar. Və Moskvanın "himayə"sinin
o qədər də möhkəm olmamasından
narazılıq edən "sima"lar hiss etdirirdilər ki,
daha etibarlı "himayəçilər" də axtarmaq
fikrindədirlər. Ancaq M.S.Qorbaçov (və
Moskva) yaxşı bilirdi ki, həmin "axtarışlar"
həmişə mövcud olmuşdur. Yeni bir şey
deyil...
Ali
Baş Komandanın əmri, Azərbaycan ordusunun müzəffər
əks-hücumu mənşəyinin təfsilatı məlum
olmayan, özünütəsdiq tarixini normal (bütün
etnoslar üçün ümumi - təbii) etnik
özünüdərk prosesi olaraq yox, qriqorian kilsəsinin
güclü təzyiqi altında yaşamış, dövlət
quruculuğu təcrübəsindən məhrum və taleyi
böyük güclərin, beynəlxalq münasibətlərin
konyukturuna buraxılmış, xülyalarla yaşayan, qorxaq (və
bütün bunlara baxmayaraq, iddialı!) bu təcavüzkar təzahürün
əslində, nə olduğunu yalnız dünya ictimaiyyətinə
deyil, ermənilərin özlərinə də, nəhayət
ki, bütün miqyası (və təfərrüatı) ilə
xatırladacaqdır...
Nizami Cəfərov
Ədəbiyyat qəzeti.- 2020.- 3
oktyabr.- S.4.