Getmək - qalmağın növüdür
Çağdaş
Niderland poeziyası
Rutger Kopland (1934-2012) -
tanınmış Niderland ədibi, şair, həkim-psixiatrdır.
"Sürüdə" (1966), "Bağçadakı adam" (2004), Yan Kampert
(1969), "Diqqət! Xoşbəxtlik təhlükəlidir!" (1999) və
başqa kitabların müəllifidir. German Qorter
(1979), Paul Snuk (1986) adına ədəbiyyat
mükafatlarını alıb.
VSB Mədəniyyətə
Dəstək ödülünə
(1998) və "Vətən
şairi" tituluna layiq görülüb, sonuncu adı qəbul etməyib. Rutger Koplandı Niderlandda sevirdilər. O, ölümündən
sonra, bu gün də ölkəsinin populyar şairidir. Qroningen Universitetinin müəllimi,
onlarca elmi məqalənin müəllifi,
psixi xəstəliklərlə
bağlı yeni müalicə metodlarının
müəllifi, elmi çevrələrdə məşhur
olan həkim-psixiatr Rutger Hendrik van den Hofdakkerin - onun əsl adı belə idi, Koplandı şair kimi uğurlu edən nə idi? Məsələ bu idi ki, psixiatr Hofdakker
şeiri yorulanda yazırdı, gündəlik
işindən yorulanda.
Müalicə işi tibbi
hakimiyyətin müəyyənləşdirdiyi
ciddi nizam-intizama tabedir ki, Hofdakker
də onlarla düz gəlmirdi. Xüsusən, "Hərşeyşünasların
qalası" pamfletindən
sonra aradakı uçurum böyümüş,
Hofdakker tibbi praktikadan uzaqlaşdırılmışdı.
O, yalnız müəllim
kimi fəaliyyət göstərə bilərdi.
Beləcə, üsyankar yenilikçi
alim məşhur şair Rutger Koplanda çevrildi. Dərin müşahidə, adi sözlərə münasibətdə
sirayətedici diqqətcillik,
şeirdə uzadılaraq
sirri açılmasa da, həmişə heyranlıq doğuran Mebius vərəqinə çevrilə bilən ani təəssüratlılıq
onun poeziyasının
fərqli keyfiyyətləridir.
İntonasiyanın səmimiliyi, obrazların
hissi dərinliyi isə tənqidçilər
və oxucular tərəfindən tez-tez
qeyd edilən başqa keyfiyyətləridir
Rutger Kopland poeziyasının.
Onun məktubları
Onun məktubları köhnəlmiş
kağız qoxuyur,
mürəkkəbi bozarıb.
Hə, bu onun xəttidir,
onun məktubları
beləydi.
Məktublar içəridə nəyin
yaşadığını
aydınlatmaq
gücündədir
və o - yəni mənə baxsana! - bunu elədi.
Yazmaq - başqasının oxuyacağını
bilməkdir,
bu dəfə başqası mən idim.
Onun əliylə yazılan bu hərflər
onun özünə
o qədər bənzərdilər
ki,
yenə də mənə sarı döndülər. Onun səsini eşidirəm,
üzünü görürəm,
əlindəki stəkanı,
közərən siqareti görürəm
və eyni zamanda - bambaşqa bir şeyi də
görürəm -
sürtülmüş kağızı,
bozarmış mürəkkəbi...
Onun paltosu
Atam Y. yenicə vəfat etmişdi ki,
anam A. onun asılqandan
demək olar, yeni plaşını götürüb
mənə uzatdı
və astadan söylədi ki, bir yoxla,
bu plaşla fəxr edərdi atan.
Əlimi
qollarına sala-sala plaşın,
bağlaya-bağlaya düymələri
atamın nə qədər ölü olduğunu hiss elədim,
nə qədər uzaq olduğunu
hiss elədim yeniyetməliyimin.
Nə qədər qoca və gücsüz olacam
qırışanda və sallananda dərim
sümüklərimdən.
Getmək nə deməkdir
Getmək - evi tədricən və sakitcə
tərk etmək, öz varlığının
arxasınca
qapını səssizcə
bağlamaq və
və bir daha geri dönməmək
deyil.
Sən gedirsənsə,
gözlənən adam olaraq qalırsan.
Getmək - qalmağın növüdür.
Səni
heç kim
gözləmir, çünki
hələ burdasan.
Vidalaşmır heç kim,
getmirsən, çünki
heç yerə.
Adadan məktub
German, sənə
şəkilli açıqca
göndərmək istəyirdim,
balaca bir şey, zarafatyana,
özün bilirsən
də...
Amma öyrəndim ki, vəfat etmisən,
zarafatım baş tutmadı.
Mən isə hələ sağam, söhbətimiz bitməyib.
Bütün bu bir neçə günü masada başıaşağı
kağızlara baxıram
- sildiyim və təkrar yazdığım
sözləri düşünürəm,
yarımçıq söhbətimizi
bərpa edirəm.
Harda qalmışdıq?
"Hə, ölümü gözləyərkən şeir
yazmırlar" -
bu məsələylə
hər ikimiz razıydıq,
mütəəssircəsinə.
Poeziya ölüm dalımızca
gələnədək
bir-birinə susamış
sözləri
xoşbəxtcəsinə gəzməkdi,
axtarmaqdı.
Poeziya qayğıkeşcəsinə gizlənmiş
zarafatdı
ki, ölüm pozsun yazılmış sözləri, yenidən yazsın -
buymuş poeziya.
Səni heç vaxt görməyəcəm.
Son vaxtlar başıaşağıyam,
sənin gücsüzləşmiş
bədənin,
nitq
dolu hüznlü başın - bir sözlə,
nə vaxtsa diri olan hər
şeyin torpağa gömülənəcən
belə də olacaq.
Masada başıaşağı oturmuşam, açıqcaya
baxıram.
Hə, özün bilirsən də, bu dəniz
çox mavi,
bu səma çox aydındır.
Happy days
in Greece...
Rutger Kopland
Tərcümələr: Səlim Babullaoğlunundur
Ədəbiyyat qəzeti.-
2020.- 10 oktyabr. S. 5.