İntihar ilahəsi

 

Yaxın günlərdə Fərid Hüseynin dahi yazıçı Lev Nikolayeviç Tolstoyun "Anna Karenina" romanı haqqında yazdığı "İntihar ilahəsi" adlı kitabı "Zərdabi" nəşriyyatında işıq üzü görəcək. Kitabdakı təhlil esselərindən bir neçəsini təqdim edirik.

 

İntihar eskizi

 

İntihar seçimi həyata nifrətdən yaranır və özünəqəsd düşüncəsinin toxumu insanın qəlbinə sevgi və nifrət arasındakı məşum döyüşdə sevginin məğlubiyyətindən sonra səpilir. Yəni ruhən məğlub insan, artıq yaşamaq və hər gün eyni güc - reallıq tərəfindən əzilmək, alçaldılmaq istəmir. Çünki insan həmin məqamda - intihar etmək qərarına gələndə düşünür ki, onu sabah bu gündən fərqli, daha xoşbəxt bir gün gözləmir. Bu isə onun şüurunda sabaha inamı məhv edir. İntihar düşüncəsinə qapılmış insanın beynində sabahın xəyalı puç olur. Sabaha inanmayan, onun da bu gün kimi işgəncəli olacağını düşünən insanın nəzərində yaşamağın heç bir mənası qalmır. Beləcə, o, təkrarlanacaq uğursuzluqların, dönə-dönə zülm gətirəcək həyatın əlindən özünü birdəfəlik xilas eləmək fikrini qətiləşdirir. Və beləcə, onu pis günə salan bu dünyadan - ona sonsuz görünən əzablı "bu günlər"dən qisas almaq istəyir. İntihar insanın bu günündən aldığı qisasdır. Anna Karenina da məhz bu günündən - Vronskinin onun görüşünə gəlmədiyi gündən qisas alır. Özünü qatarın altına atmaqla Anna sabahına inanmadığı bu günə qarşı qiyam qaldırır.

 

Əbədi əsr

 

Anna XXI əsrdə yaşasaydı, o bir romanın deyil, beş dəqiqəlik xəbər fraqmentinin qəhrəmanı olardı. Bəs, onda əsərdəki hadisələri, XXI əsrin insanı niyə xəbər fraqmenti kimi deyil, XIX yüzilliyin reallığı kimi qəbul edir? Çünki Tolstoy əsərin içərisinə zaman anlayışını yerləşdirib. Əsərdəki XIX əsr əbədidir. Biz Annanın reallığında bir əbədi zaman - əbədi XIX əsr görürük deyə, baş qəhrəmanın gerçəkliyinə onun yaşadığı zamanın gözü ilə baxırıq. Beləcə, Tolstoy təkcə əsərə yox, həm də əsrə əbədilik qazandırıb...

 

Təbiətin sələfi

 

Vronski və Levinin qadına baxışları fərqlidir. Onların hər ikisi təbiəti sevir və hər ikisinin təbiətə ruhən ehtiyacı var. Çünki onları ruhi təbəddülatlardan təbiət xilas edir. Levin təbiətə qulluq etməyi, nələrisə yetişdirməyi sevir, Vronski isə maneəli at cıdırının dəlisidir. Vronski təbiətin bir parçasını yormaqdan, o cür qarmaqarışıq yarışdan həzz alır, Levin isə təbiətə qulluq etməkdən, nəsə yetişdirməkdən. Levin təbiəti mərhəmətlə, Vronski isə həzz ilə sevir. Ona görə də təbiət Levinin ruhuna sakitlik, aram, rahatlıq bəxş edir, Vronskiyə isə yorğunluq, halsızlıq. Levin təbiətə ruhunu sakitləşdirmək üçün üz tutur, Vronski isə beynini, əsəblərini.

 

Bu iki fərqli düşüncə onların çox şeyə münasibətlərində təzahür edir. Levin öz səadətinə xidmət eləməkdən, Vronski isə səadətin özündən həzz alır. Onların bu düşüncə fərqləri qadına və ən əsası həyata münasibətdə daha aydın görünür. Ona görə də təbiətə mərhəmətdən ürəyi rahatlıq tapan Levin Kitinin xidmətçisinə, təbiəti həzz naminə sevən Vronski isə Annanın ağasına çevrilir.

 

Nabokov bu barədə bir qədər fərqli düşünür. Onun fikrincə, Vronski zina zamanı Annanın bədəni üzərində dikiləndə, sanki at minir. O, Fru-Funun belini qırdığı kimi, Annanın da həyatını məhv edir. Vronski həm sevişəndə, həm də at minəndə alt çənəsi titrəyir. Amma unutmaq olmaz ki, hər iki halda həm Annanın ölümü, həm madyanın belini qırıb, cıdırı uduzanda Vronski özünü günahkar sayır. Sanki nə əylənmək, nə də məhəbbət üçün onun meydan qələbəsi yoxdur.

 

İki dayanacaq

 

Anna Karenina həyat yoldaşına xəyanət edəndən sonra yuxuda görür ki, onun iki əri var - Vronski və Aleksey Aleksandroviç. Onun yanında iki kişi dayanıb, - nikahlı əri və sevgilisi. Yuxuda hər iki kişi Annanı çox rahat qəbul edir, dinməzcə bölüşürlər, hətta əri vurğulayır: "İndi hər şey daha yaxşıdır". Anna isə gülərək deyir ki, artıq onların hər ikisi xoşbəxt və məmnundur.

 

Anna yuxudan dəhşət içində ayılır, düşünür ki, əgər bu vəziyyətə - ikiərliliyə bir neçə saniyəlik yuxuda belə dözmək olmursa, bəs, o, oxşar vəziyyətə real həyatda necə tab gətirir? Adətən, biz yuxudan irreallıqdan reallığa keçid anında ayılırıq. Ona görə də çox vaxt yuxudan oyananda elə bilirik ki, bizim əlimizdən nəyisə alıblar, nəsə çatmır həyatımızda. Əlimizdən alınan isə bizim xəyali dünyamızdır. Anna xoşbəxt olur, ancaq xəyali dünyada - yuxuda. Annanın əməlləri qəbul ediləndir, amma reallıqda yox, xəyali aləmdə.

 

Anna bu yuxudan nə başa düşür? O hesab edir ki, iki kişi ilə yaşamağa davam edən, ərini aldadan, ancaq "ailəsini qoruyan" başqa qadınlar kimi o da maskalanıb, bu əyri yola davam edə bilər. Amma haçansa bu röyadan ayılmaq lazım gələcək və onda Anna yuxudan oyanmış adam kimi əliboş qalacaq. Onun röyadan dəhşət içində oyanacağı gün isə uzaqda deyil. Beləcə, Anna ikiərlilik yuxusundan oyandığı kimi, iki kişi ilə yaşamaq reallığından da ayrılır. Bu yuxu Annanın gələcək qərarını - həyatını Vronskiyə bağlamaq istəyini qətiləşdirir.

 

Etiraf məqamı

 

Annadan fərqli olaraq onun əri - Aleksey Aleksandroviç həqiqətlə üz-üzə dayanmaqdan boyun qaçırır. O, reallıqla üzləşməkdənsə, günü-günə satmağı, yalanlarla yaşamağı üstün tutur. Çünki onun fikrincə, mahiyyət etibarilə dağılmış ailəsi bu şəkildə, yəni bir evdə yaşayan iki yad insan ("ər-arvad") kimi də həyata davam edə bilər. Elə bil, Annanın əri bu vəziyyətdə bir kişi, ər mövqeyindən deyil, cəmiyyətin marağından çıxış edir. Alekseyə də əksəriyyət kimi xəyanət edib rüsvay olmayan, gizli-gizli eyş-işrət yaşayanlar lazımdır. Cəmiyyət üçün qeyri-səmimilər önəmlidir, qəlbinin səsinə qulaq asanlar yox. Cəmiyyət ifşa olunanları deyil, sirr saxlamağı bacaranları uca tutur. Bəs, haradan bilirik ki, Aleksey düşdüyü vəziyyətdə bir ər, bir kişi mövqeyindən yox, cəmiyyətin mövqeyindən çıxış edir? Annanın əri ilə münasibətlərinin kəskinləşdiyi bir vaxtda əsərdə belə bir cümlə oxuyuruq: "İndi Aleksey Aleksandroviç arvadıyla görüşdüyü vaxtlarda səbəbini özü də bilmədən yanında üçüncü bir şəxsin də olmasını istəyirdi".

 

Bəs, üçüncü adam kimdir? Üçüncü adam hər kimdirsə Alekseyin xilaskarıdır. O, hər kim olur olsun, Alekseyə gərəkdir. Çünki Anna ilə Alekseyin yanında üçüncü şəxs olanda onların heç biri xəyanət barədə söhbət açmayacaq və nəticədə ailə həyatı davam edəcək. Aleksey də elə bunu istəyir. Ona görə Annanın ayrılmaqla bağlı söhbət açacağından ehtiyatlanan əri işlər müdirini evə, sonra da özləriylə birgə cıdıra dəvət edir. Cıdırda Vronski yıxılanda Anna ah çəkir, hamının yanında narahatlığını büruzə verir, xeyli pərişan olur. Axşam karetada evə qayıdanda ər-arvad mübahisə edirlər, Aleksey deyir:

 

"- Mən sizə deməliyəm ki, bu gün özünüzü ləyaqətsiz apardınız...

 

...- Sizə ləyaqətsiz görünən nədir?

 

...- At çapanlardan biri (Vronskini nəzərdə tutur - F.H.) yıxılarkən sizin gizlədə bilmədiyiniz hədsiz həyəcan ləyaqətsizlik deyildimi?".

 

Burdan da məlum olur ki, Aleksey üçün əsas məsələ cəmiyyət önündə rüsvay olmamaqdır, bu cür münasibət isə özünü düşünməyin, nüfuzunun qeydinə qalmağın əlamətidir. Və bu dialoq vaxtı Aleksey karetanın pəncərəsini örtür ki, sürücü onların danışdıqlarını eşitməsin. Hətta mübahisənin qızğın yerində o, sürücüylə öz aralarındakı açıq pəncərəni Annaya göstərərək deyir: "Bunu yadınızdan çıxarmayın".

 

Aleksey üçün əsas məsələ cəmiyyətin bu xəyanətdən xəbərdar olmamasıdır. O, cəmiyyət önündə hesabat verməkdən qorxur. Alekseyin məhz bu mövqedə olması - addımlarını cəmiyyətə uyğun hesablaması Annanı haldan çıxarır. Məhz bu məqamda Anna özünü toplayıb xəyanətini etiraf edir:

 

"Mən ümidsizlik içindəydim və ümidsizlik içində olmaya bilmərəm. Mən sizə qulaq asa-asa onun haqqında düşünürdüm. Mən onu sevirəm, onun məşuqəsiyəm, artıq dözə bilmirəm, sizdən qorxuram, sizə nifrət edirəm... Mənə nə istəyirsiniz, edin".

 

Alekseyin cəmiyyətə uyğun düşünməsi, sanki Annanın dilini açır, onu etirafa sürükləyir. Anna bilir ki, onun qəlbindəki sözləri heç kəs dinləmək həvəsində deyil, cəmiyyət və əri ona qulaq asmaq istəmir. Ona görə də Anna həqiqəti qışqıra-qışqıra dilə gətirir, ürəyini boşaldır. O, bir nəfərin timsalında onun səsini boğmağa çalışan cəmiyyətin üstünə qışqırır. Ona görə də karetada açıq qalan pəncərəni Anna yox, əri Aleksey görür və örtür. Anna üçün isə karetada, pəncərə ümumiyyətlə yox idi...

 

Oğul adı

 

Anna ilə Vronski tez-tez höcətləşirlər. Vronski Annaya deyir ki, daha sən ərindən ayrılıb mənimlə yaşamalısan, bu şəkildə, yəni gizli-gizli görüşməyin heç bir mənası yoxdur, artıq iki sevən insanın asudə xoşbəxtliyinin vaxtı yetişib. Bu mübahisə zamanı Anna deyir: "Mən sizə dini, vətəndaşlıq və ailə münasibətləri baxımından bunun hansı nəticələrə gətirib çıxaracağı haqqında xəbərdarlıq etmişdim, siz mənə qulaq asmadınız. Onda mən öz adımı və öz... - Anna "öz oğlumu" demək istədi, lakin oğlunu bu söhbətə qatmağa ürəyi gəlmədi...".

 

Sonra söhbət yenə qızışır, mübahisə pik həddinə çatır. Anna Vronskiyə səsini qaldırır:

 

- Bəli... sizin məşuqəniz olmaq və hər şeyi birdəfəlik məhv etmək... - Anna bu dəfə də oğlunun adını çəkmək istəyir, amma adını dilinə gətirə bilmir".

 

Anna nəyə görə oğlunun adını çəkə bilmir? Çünki o, Vronski ilə sevişməklə təkcə əri və ailəsinə deyil, həm də analıq hissinə xəyanət edib. Annanın xəyanətinə az-çox əri də səbəbkardır, amma oğlunun bu günahda heç bir rolu yoxdur. Seryoja pakdan pak, məsumdan məsumdur. Ona görə də Anna oğlunun adını çəkib, onu mahiyyətində səadət tamahı, qəlbini doyurmaq hissi dayanan günahlara ortaq edə bilmir. O bu taleyə görə bəxtini, eşqə ac yaradıldığına görə Allahı, onu qeyri-səmimiliyə təhrik etdiyinə görə cəmiyyəti, ona məhəbbətsiz həyat yaşatdığına görə ərini, sakit həyatını cəhənnəmə çevirdiyinə görə Vronskini qınaya, günahına onları da şərik qoşa bilər, ancaq oğlu Seryojanı heç nədə ittiham edə bilməz. Çünki oğlu məsumdur, onun heç bir pis əməldə əli yoxdur, əksinə, onun varlığı Annaya ailə qanunlarına bağlanmaq üçün güclü təkandır. Anna xəyanət nəticəsində Seryoja üzərində analıq haqqını itirdiyindən onun adını çəkə bilmir, neyləsə də, bu ad onun dilinə gəlmir. Anna öz təhtəlşüurunda qadın üçün dünyanın tanıdığı ən böyük haqlardan biri olan analıq haqqını itirdiyini dərk edir və övladının adı qəlbindən dilinə qədərki yolu keçə bilmir.

 

Xoşbəxtliyin müqayisəsi

 

Tolstoy Levinin xoşbəxtliyini onun tərəddüdləri ilə şübhə altına alır. Levin nə qədər çox tərəddüd keçirirsə, səadətdən uzaq olduğunu bir o qədər sübut edir. Levin düşüncə adamıdır, həyatı yalnız məişətdən ibarət deyil, ona görə də təkcə real həyatda yaşadıqları deyil, həm də düşündükləri ilə mövcuddur. Buna görə o, sadəcə, fiziki varlığı ilə yox, düşüncə adamı kimi də xoşbəxt olmalıdır. Buna mane olan onun daxili tərəddüdləri - cavab tapmadığı saysız suallardır. Tərəddüdləri onu bir neçə istiqamətə yönəldir, o, hərtərəfli düşünür, bir ideyanı tapanda onun naminə yaşamaq haqqında fikirləşir, ancaq həmin ideya dərhal hansısa əks-arqumentlə dağılır, onun ürəyinə yenidən şübhə toxumları səpilir və yaxasını növbəti cavabsız sualların, insanı boğan tərəddüdlərin əlinə vermiş olur: "Bir zamanlar Şopenhaueri oxuyarkən onun "iradə" sözünün yerinə "məhəbbət" sözünü qoymuşdu və bu yeni fəlsəfə Levinə iki gün - bu fəlsəfədən uzaqlaşana qədər - təsəlli vermişdi; lakin sonra bu fəlsəfəyə real həyatdan baxdıqda o, yüngül və isti saxlamayan bir paltar kimi göründü". Levinin əsas problemi özünü aldada bilməməsi ilə bağlıdır, xoşbəxtlik isə insandan özünü aldatmasını və ən əsası, özünü nəyəsə inandırmasını tələb edir. Levin "iradə" sözünü "məhəbbət"lə əvəz edir, amma başa düşür ki, bu dəyişim sünidir və insan həyatı ilə tam şəkildə bağlı deyil.

 

Bu tərəddüdlər onu ölümün astanasına gətirir. Əsərin müəyyən hissəsindən sonra müəllif "xoşbəxt ailə başçısı" olan Levinin, əslində, xoşbəxt olmadığını göstərir. Levin düşünür: "Özünün nə olduğunu və nə üçün mövcud olduğunu bilmədən yaşamaq mümkün deyil. Mənsə bunu bilmirəm, deməli, yaşamaq da olmaz... Bu sonsuz zamanda, əbədi materiyada, bir qovuq orqanizm ayrılır və bu qovuq bir az qaldıqdan sonra partlayır - bax, bu qovuq mənəm".

 

Levinin düşünməkdən bədbəxt olduğu başqa bir məqamda da tam aydın olur: "Levin özünün kim olduğunu və nə üçün yaşadığını düşündükdə buna cavab tapmayaraq "məyus olurdu, amma bu barədə özündən soruşmadığı zaman özünün nə olduğunu, sanki bilirdi, çünki qəti və müəyyən bir şəkildə fəaliyyət göstərib yaşayırdı, hətta son zamanlar əvvəlkindən daha qəti, daha aydın bir həyatla yaşayırdı".

 

Əsərin sonuncu - VIII hissəsi həm də iki obraz və iki ailənin müqayisəsi ilə əlamətdardır. Bu hissədə aydınlaşır ki, Levin düşüncə bədbəxtidir, fikirləşməkdən intiharın astanasına gəlib çıxır. Vronski isə sanki "ağlını itirir", yəni fiziki cəhətdən məhv olur. Bununla da əsərin ilk cümləsinin məntiqi özünü göstərmiş olur: "Bütün xoşbəxt ailələr eyni cür xoşbəxtdirlər, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir".

 

Tolstoy VIII hissəyə qədər göstərir ki, xoşbəxt ailələr var, ancaq bu sonuncu hissədə isə sanki həmin həqiqəti bir qədər kölgə altına alır, "xoşbəxt ailə yoxdur" düşüncəsini təlqin edir.

 

Fərid Hüseyn

Ədəbiyyat qəzeti.- 2020.- 10 oktyabr. S. 6-7.