Abay
və onun mühiti: Erlan Sıdıkovun fundamental təqdimində...
Türk xalqlarının
düşüncə tarixinin bütövlüyü, yaxud vəhdəti
ideyası türkologiya sözün geniş mənasında
bir elm kimi təşəkkül tapandan bu günə qədər
heç bir şübhə doğurmasa da, həmin ideya
müasir dövrdə - XX əsrin sonu, XXI əsrin əvvəllərində
ardıcıl olaraq fundamental araşdırmaların
mövzusuna çevrilməklə ayrı- ayrı dahi şəxsiyyətlərin
irsi timsalında bütün Türk dünyası
miqyasında böyük maraq yaradacaq bir səviyyədə
öz müfəssəl təhlil təcrübələrini
nümayiş etdirməkdədir ki, bunların sırasında
tarix elmləri doktoru, akademik Erlan Sıdıkovun Abay və
onun mühiti haqqındakı əsərləri xüsusi əhəmiyyət
kəsb edir.
Məlum olduğu kimi, orta əsrlər
türk mütəfəkkirləri Əl- Fərabi, Yusif Xas
Hacib, Mahmud Kaşğarinin "yaxşı insan", "fərasətli
adam" anlayış- konsepsiyasını XIX əsrin
sonlarında Abay Kunanbayulı özünün "yetkin
insan" təlimində yeni epoxanın
çağırışlarına uyğun olaraq davam etdirərkən
qaynağını (və ideya- fikir varisliyini) bilavasitə
orta əsrlər türk- islam mütəfəkkirlərindən
aldığını görməmək mümkün deyil.
Abay irsi, ilk növbədə, Tanrını sevməyə,
bütün insanlığı sevərək ədalətlə
yaşamağa, tolerantlığa dəvət edən bir həyat
fəlsəfəsi olaraq gözlərimiz qarşısında
canlanır. Ümumiyyətlə, bəşər tarixində
ağıl, bəsirət, insanlıq (və tolerantlıq) həmişə
prioritet olmuş, qədim dövrlərdən bu günə qədər
heç vaxt dəyərini itirməmiş, cəmiyyətdə
qarşılıqlı ünsiyyət, əməkdaşlıq,
bərabərlik kimi sosial- psixoloji problemlərin humanizm (və
bəşəriyyətin xoşbəxt gələcəyi)
prinsipləri əsasında həllinə ardıcıl cəhdlər
göstərilmişdir.
Abay irsi yalnız qazax xalqı
üçün deyil, yer üzündə
xeyirxahlığın bərqərar olacağına
inanmış bütün xalqlar üçün zaman- zaman dərin
məna qazandığına görə get- gedə daha
çox beynəlxalq dəyər daşıyan
abayşünaslıq elmi sürətlə inkişaf etməkdədir.
Hələ XX əsrin əvvəllərində Alaşın
lideri, qazax dövlət xadimi Əlixan Bökeyxanulı ilk dəfə
Abayın qazaxlar üçün dəyərli bir şəxsiyyət
olduğunu söyləməklə böyük şairin əsərlərinin
təbliğinə əhəmiyyətli töhfə
vermiş, qazax mənəviyyatının öndərlərindən
Əhməd Baytursunulı isə Abayı "qazaxların
böyük şairi" adlandırmışdır. Alaş
oğullarından Mirjakıp Dulatulına görə,
"yüksək və hörmətli mövqe Abaya məxsusdur,
qazaxlara işıq gətirən ilk parlaq ulduz məhz Abaydır".
Qazax ədəbiyyatının önəmli simalarından
biri, "Abay yolu" romanının müəllifi Muxtar
Auezov onu "qazax şeirinin günəşli zirvəsi"
kimi səciyyələndirmişdir. Görkəmli qazax
şairi, Abayın davamçısı Maqjan Jumabayuli ona
"qızıl hakim" olaraq baş əymiş, "qaranlıqda
qazax səmasına qalxaraq günəş oluram" deyə
hayqıran Sutanmahmud Torayğırulı heyranlıqla söyləmişdir
ki, "dəyərli bir söz axtarırsansa Abayı oxu, heyrətlən"...
XX əsrin əvvəllərində
təşəkkül tapan abayşünaslıq, cəsarətlə
demək olar ki, XXI əsrin ilk illərində yeni zirvələrə
yüksəldi. Və bu dönüş nöqtəsini
tarixçı alim Erlan Sıdıkovun adı ilə əlaqələndirmək
üçün bir yox, bir neçə səbəblər
vardır. Bunlardan birincisi Qazaxstan Prezidenti Kasım- Jomart
Tokayevin təşəbbüsü ilə L.N.Qumilyov adına
Avrasiya Milli Universitetində "Abay Akademiyası" Elmi Tədqiqat
İnstitutunun təşkili və ona rektor Erlan
Sıdıkovun uğurla başçılıq etməsidir.
Bir ildən də az müddət keçməsinə
baxmayaraq, həmin elmi müəssisə "Abay Kunanbayulı
irsi və müasir Qazaxıstan: yeni bir perspektivdən sistemə
salma, araşdırma və nəşrə hazırlama"
adlı geniş bir layihə həyata keçirməyə
başlamışdır ki, layihə çərçivəsində
bioqrafik araşdırmalar, şairin
yaradıcılığına dair monoqrafiyalar, tarixi mənbələr,
tədris- metodiki ədəbiyyat istər elm adamlarına, istər
tələbələrə, istərsə də geniş
ictimaiyyətə yeni texnologiyaların köməyi ilə təqdim
olunmaqdadır.
Başqa bir səbəb isə
Erlan Sıdıkovun araşdırmaları ilə
abayşünaslığın mövcud hüdudlarının
genişlənməsi, bir elm olmaqla yanaşı, xüsusi fənn,
tədris predmeti halını almasıdır. Çünki
sosial və tarixi baxımdan Abay araşdırmaları
insanın, millətin, bütün insanlığın mənəvi
bütövlüyünü dərk etməkdə olan humanitar
elmlərin bütün sahələrinin inkişafı ilə
bilavasitə əlaqədardır.
Erlan Sıdıkov uzun illər
Abayın şəxsiyyəti və
yaradıcılığı üzərində böyük təsiri
olmuş insanların tərcümeyi- hallarını tədqiq
etmiş, həmin tədqiqatlar əsasında "Şakərim"
ensiklopediyasını, ""Şakərim və Abay (2008),
"Alaş şəhərinin tarixi (2010), "Şakərim"
(2012), "Kunanbay" (2019) kitablarını nəşr
etdirmişdir. Xüsusi olaraq qeyd olunmalıdır ki, sonuncu
kitab "Molodaya qvardiya" nəşriyyatında
"Görkəmli adamların həyatı"
seriyasından yayınlanmış, "Şakərim"
ensiklopediyası isə müxtəlif dilərə
çevrilmişdir.
Bu kitablar, ilk növbədə,
Abayı böyük bir mütəfəkkir olaraq yetirən
mühitin mədəni- intellektual səviyyəsini göstərir.
Həmin mühitin doğurduğu milli azadlıq uğrunda
mübarizə zərurətinin mənəvi- fəlsəfi
aspektləri də, tədqiqatçının qənaətincə,
az əhəmiyyət kəsb etməmiş, siyasi- ideoloji hərəkatın
altyapısını təşkil etmiş, məhz Abay (və
onun mühiti) ilə sıx bağlı olduğuna görə
ümummilli səciyyə daşımışdır.
Erlan
Sıdıkov öz araşdırmalarında, bir tərəfdən,
Abay və onun mühiti barədə çoxsaylı mənbələr
əsasında (və "ağ ləkələr"i aradan
qaldırmaqla) müfəssəl təsəvvür
yaradırsa, digər tərəfdən, Böyük
Çölün tarixi şəxsiyyətlərinin
obrazını məhz həmin mənbələrə səpələnmiş
məlumatlara dayanaraq sözün əsl mənasında bərpa
etməklə, bir növ, şəxsiyyətşünaslığın
elmi- metodoloji imkanlarını genişləndirmiş olur.
Görkəmli alimin Qazaxıstanın - Qazax elinin şəxsiyyətləri
ilə yanaşı, həmin şəxsiyyətləri
formalaşdıran şəhərlər, şəhər cəmiyyəti
barədəki araşdırmaları da çox böyük əhəmiyyət
kəsb etməklə qazax, ümumiyyətlə yeni dövr
ümumtürk şəhərşünaslığının
bir elm olaraq inkişafına töhfə verir.
Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyev Almatıda Abayın
yüz əlli illik yubileyində iştirak edərkən
demişdi:
"Abay, onun
yaradıcılığı bütün bəşəriyyətə,
bütün xalqlara məxsusdur. Təbii ki, bu, qazax
xalqının fəxri, qazax xalqının xoşbəxtliyidir.
Çünki onun belə görkəmli övladı, alimi,
maarifçisi var və o öz xalqını xoşbəxtliyə
və firavanlığa aparan düzgün yolu göstərmişdir.
...Abayın
yaratdıqlarının, bu günkü nəslə irs
qoyduğunun hamısı indi həyata keçirilir".
Bunun bir nümunəsi də
akademik Erlan Sıdıkovun yalnız Qazaxıstanda deyil,
bütün Türk dünyasında böyük maraq
doğuran abayşünaslıq araşdırmalarıdır
ki, bu sahədəki axtarışların yeni
miqyaslarını (və metodoloji imkanlarını) müəyyən
etməkdədir.
Nizami Cəfərov
Ədəbiyyat qəzeti.-
2020.- 10 oktyabr. S. 7.