Niyə
siz Azərbaycanın ağrısını eşitmək istəmirsiniz!
Azərbaycanın Xalq
yazıçısı Çingiz Abdullayev "Rossiya 1"
telekanalındakı
"Vladimir Solovyovla axşam" siyasi
tok-şousunun efirində çıxış edib.
Çingiz Abdullayev
aparıcının Dağlıq Qarabağın
eskalasiyası və Ermənistan-Azərbaycan
münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyi barədə
suallarını cavablandırıb.
Vladimir
Solovyov: - Biz tərəflərdən hər birinin nə istədiyini
anlamağa çalışırıq. Hazırda
vəziyyət Bakıdan necə görünür? Rusiyada bizi xüsusilə bu barədə Xarici Kəşfiyyat
Xidmətinin nümayəndələri tərəfindən,
özü də elə-belə yox, rəhbər tərəfindən
qeyd edilənlər kədərləndirir. Suriyadan
qadağan olunmuş təşkilatların, xüsusən
"Nusra"nın (RF-da qadağan edilmiş
terror təşkilatı - red.qeydi) üzvləri olan terroristlərin
gətirilməsi qeyd olunur. Bizim onlarla Suriyada
toqquşma təcrübəmiz də var və onların necə
qaniçən qatillər olduqlarını bilirik. Buna görə də bu, Rusiyadakı hər kəsi
narahat edən ayrı bir mövzudur. Bakıda
situasiyanın inkişafını necə görürlər və
mümkün çıxış yolu nədir?
Çingiz Abdullayev: - Əvvəla,
ondan başlayaq ki, "Qarabağ - Ermənistandır"
deyirlər. Bunu Paşinyan dedi və yalan söylədi,
çünki Ermənistan hələ də Qarabağı
tanımır və onu dünyada heç kim
tanımır. Bu gün səhər isə (7 oktyabr efiri -
red.qeydi) Vladimir Vladimiroviç Putin dedi ki, Qarabağ
- KTMT deyil və təbii ki, Ermənistan deyil. Yəni Rusiya tərəfindən nöqtələr
qoyuldu. Bu gün Azərbaycan konkret olaraq nə
istəyir? Azərbaycan, ilk növbədə,
bir milyona yaxın, daha dəqiqi, 800 mindən çox
insanın (azərbaycanlılar - red.qeydi)
yaşadığı işğal edilmiş 7 bölgənin
azad edilməsinə çalışır. Təbii ki, bu insanlar öz torpaqlarına
qayıtmalıdırlar.
Hər zaman, o cümlədən sizin studiyanızda da
Dağlıq Qarabağ əhalisinin məsələsi
müzakirə olunur. Bu, sözsüz ki, vacibdir. Lakin bu,
150-170 min adamdır, bax bu 800 min insanın (Dağlıq
Qarabağ ətrafındakı 7 rayondan
çıxarılmış azərbaycanlıların -
red.qeydi) taleyi isə heç kimin vecinə deyil.
Bağışlayın, amma bu, Oruelə görə belədir:
"Hamı bərabərdir, amma bəziləri digərlərindən
daha çox bərabərdir". Razılaşın ki, bu, azərbaycanlıları
olduqca incidir - niyə heç kim
onların taleyindən bəhs etmir? Hər onuncu
şəxs praktiki olaraq öz doğma evindən məhrumdur.
Azərbaycan nə istəyir? Məncə,
bizim Prezidentimiz dəqiq və aydın söylədi: erməni
işğalçı qüvvələrinin bu 7 rayondan
çəkilməsini və burada azərbaycanlıların məskunlaşmasını.
Özü də o, sadəcə 7 rayon demədi, o anlayır,
qarşı tərəfi - Ermənistanı da anlamaq istəyir,
deyir: gəlin torpaqların mərhələli
boşaldılmasına başlayaq - Dağlıq Qarabağ ətrafındakı
5 rayonu və 2 rayonu - onların bəhs etdiyi həmin o dəhlizi.
Mərhələli boşaldılma. Xarici
qoşunların geri çəkilmə qrafikinə ehtiyac var.
Sonra, Qarabağda heç kim heç kimi
qovmağa hazırlaşmır. Bundan əlavə, Prezident
dedi: Azərbaycan və erməni əhalisi, yüz illərdir
olduğu kimi, hazırda Bakıda olduğu kimi, birlikdə,
dostluq şəraitində yaşamalıdırlar. Axı niyə
heç kim demir ki, bu gün Azərbaycanda
- Bakıda 30 min erməni yaşayır? Ermənistanda
isə bircə nəfər də azərbaycanlı yoxdur.
Bizim beynəlmiləl respublika olduğumuzu, bizdə
150 mindən çox rus əhalisinin
yaşadığını, gürcülərin
yaşadığını demirlər. Ermənistan
isə monorespublikadır. Biz heç bir
halda günahlandırmırıq. Bu
onların seçimidir. Amma bəs niyə heç kim bizi başa düşmək istəmir? Niyə
heç kim başa düşmək istəmir
ki, hazırda heç kimin yaşamadığı bu torpaqda
(Dağlıq Qarabağ ətrafındakı 7 rayon - red.qeydi),
bu 7 rayonda heç vaxt ermənilər yaşamayıb. Ola bilər, bəlkə, 1-2-3 ailə. Onlar qayıda (rayonlar işğaldan azad edildikdən
sonra - red.qeydi) və orada yaşaya bilərlər. Bu gün bizim bəhs etdiyimiz əsas şey - bizim
torpaqlarımızın azad edilməsidir. Niyə
heç kim bizi başa düşmək
istəmir?! Bu, dəhşətli dərəcədə
ağırdır, hələ "terroristləri" demirəm
(Yaxın Şərqdən olan döyüşçülərin
Qarabağda iştirakı barədə məlumat
yayılır - red.qeydi).
Vladimir
Solovyov: - Birincisi, biz dəfələrlə bu 7 rayon
haqqında danışmışıq, o cümlədən mən
Prezident Əliyevdən sitat gətirmişəm ki, Azərbaycanın
10 milyon əhalisindən 1 milyonu qaçqındır. Və
biz məhz bu 7 bölgənin taleyinin həm Madrid, həm də
Kazan görüşlərində müəyyənləşdirildiyini
və bunun prinsipial olaraq vacibliyini də söyləmişik...
Çingiz
Abdullayev: - Ancaq Ermənistanın getmədiyi ...
Vladimir
Solovyov: - Və nəinki getmədi, məsələ daha qəlizdir...
Prezident Əliyevin dediyi kimi, Ermənistanda əvvəlki
hakimiyyət olduğu zaman tərpənişlər var idi və
indi baş nazir Paşinyanla hər şey kəskin şəkildə
pisləşdi. Və bu mövqe bizim studiyamızda da səslənir
və bu barədə biz hər zaman danışırıq, yəni
heç kim bu məsələni, bu
mövqeyi bulandırmağa çalışmır. Amma. İndi çox vacib məsələyə
keçirik. Bu, Türkiyənin, türk hərbçilərinin
və suriyalı döyüşçülərin
mövcudluğudur. Prezident Əliyev bunu qəti
şəkildə inkar edir, deyir ki, belə bir şey yoxdur.
Fransa, Amerika, Britaniya və bizim xarici kəşfiyyat xidməti
deyir ki, təəssüf ki, var (əslində, aparıcı
Rusiya Xarici Kəşfiyyat Xidmətinin
açıqlamasının mahiyyətini təhrif edir, XKX
döyüşçülərin Qarabağda hansı tərəfdə
döyüşdüyünü qeyd etməyib - red.qeydi).
Çingiz
Abdullayev: - Əvvəlcə icazə verin, bir neçə
saniyə, Madrid prinsipləri ilə əlaqəli vəziyyəti
izah edim və bu "sözdə terrorçular"a keçək.
Məsələ burasındadır ki, Azərbaycan
həmişə bu danışıqlara, torpaqların mərhələli
boşaldılmasına razı olub. Amma nədənsə
sizin ekspertlərin biri də elementar şeyləri
xatırlatmaq istəmir. Ter-Petrosyan bu
danışıqlara gedirdi. "Qarabağ
mafiyası" onu devirdi. Onlar hakimiyyətə
gəldilər. O vaxt Ermənistanda bir il
sonra parlament seçkiləri keçirildi. Seçkilərdə
Ermənistan Kommunist Partiyası MK-nın keçmiş birinci
katibi Karen Dəmirçyanın partiyası qalib gəldi.
Onlar da danışıqlara getmək istəyirdilər.
Erməni terrorçuları parlamentə
soxularaq Dəmirçyanı və Ermənistanın Baş
naziri Sarkisyanı güllələdilər. Bəs niyə sizin proqramınızda bunu yada
salmırlar? Və danışıqlar
yenidən pozuldu. Və indi Paşinyan
özünün "Qarabağ - Ermənistandır və
nöqtə" kimi, bağışlayın məni, o qədər
də ağıllı olmayan bəyanatları ilə bu
danışıqları pozmaq üçün əlindən
gələni edir. Bu, birincisi. İndi ikincisi - "terroristlər" barədə.
Oradan (Yaxın Şərqdən - red.qeydi)
adamların gəldiyi deyiləndə bir dəfə də Azərbaycanın
dəlillərini dinləyin. Suriyada
döyüşən insanlar radikal sünni İslam təşkilatlarıdır.
Onlar Suriyada yalnız Bəşər Əsədin
təmsil etdiyi ələvilərə qarşı
döyüşmürdülər, onlar şiə məscidlərini
partladırdılar, şiələri öldürürdülər.
Azərbaycan əhalisi əsasən şiələrdən
ibarətdir. Bu adamları buraya sadəcə
ona görə buraxmazlar ki, ətçəkən
maşın mexanizmi başlamasın.
Vladimir
Solovyov: - Mən sizinlə razılaşmağa hazır
olardım, amma türklərin də sünni olduğunu
xatırlatmaq istəyirəm. Və türklər bəyan
edirlər: bir millət - iki dövlət. Yəni
belə çıxır ki, sünni türklər və
şiə azərbaycanlılar bir millət olaraq elan edilirlər.
Belədə, bu, sizin məntiqinizə ziddir.
Çingiz
Abdullayev: - Bağışlayın, amma Türkiyədə də
şiələr yaşayır və bizdə isə sünnilər
(onlar da şiələrlə bərabər yaşayırlar -
red.qeydi). Yeri gəlmişkən, biz dünyada
yeganə müsəlman dövlətiyik ki, burada heç vaxt
sünni və şiə qarşıdurması olmayıb.
Azərbaycan tarixində heç vaxt belə
şey olmayıb. Biz bu adamları
(Yaxın Şərqdən gəldiyi iddia edilən
silahlıları - red.qeydi) bura buraxmamalıyıq axı.
Vladimir
Solovyov: - Mən razıyam ki, buraxmamalısınız.
Çingiz
Abdullayev: - Siz Rusiya, Fransa, İngiltərə kəşfiyyatına
istinad edirsiniz. Elə isə bu "minlərlə adam" hardasa olmalıdır, onları kimsə
görməlidir. Düşünürəm ki,
hər halda, bəzi türk mütəxəssisləri və
ekspertləri var. Bizim dövlətimiz dünyəvidir. Bizim dinimiz etnik türklərin və azərbaycanlıların
həqiqətən bir-birinə doğma xalqlar olmasını,
hətta dili, mədəniyyəti və hər şeyilə
bir-birinə yaxın olmasını etiraf etməyə mane
olmur. Amma sizin studiyada kimsə dedi ki, onlar (guya Yaxın
Şərqdən olan döyüş dəstələri -
red.qeydi) Horadizdə formalaşırlar və gəlin düz
ora bomba və ya raketlər ataq... Müstəqil
dövlətə. İndi də dövlətin
suverenliyini təsdiqləyirik. İnanın
ki, biz dünyəvi dövlətik və Azərbaycan heç
vaxt belə adamların dəvət olunması addımına
getməz.
Vladimir
Solovyov: - Yəni deyirsiniz ki, indi Azərbaycan ərazisində
Suriyadan döyüşçülər yoxdur?
Çingiz
Abdullayev: - Mən Rusiya kəşfiyyatının rəhbərini
təkzib edə bilmərəm, Narışkini şəxsən
tanıyıram.Yalnız bunu deyə bilərəm ki, qoy gəlsinlər
və diqqətlə baxsınlar görək orada tam olaraq kim ola bilər, onlara heç kim maneə
törətməz.
Vladimir
Solovyov: - Biz hazırıq.
Çingiz
Abdullayev: - Bizim Prezidentimiz dəfələrlə bəyan
edib: bizim bu miqyasda xarici yardıma ehtiyacımız yoxdur.
Vladimir
Solovyov: - Bəs Türkiyənin köməyinə
ehtiyacınız var?
Çingiz
Abdullayev: - Mənə elə gəlir, hər şeydə
Ərdoğanı çox günahlandırırlar ki, bu,
Ərdoğanın planıdır. Qarabağ
hadisələri başlayanda Ərdoğan həbsdə idi,
bağışlayın məni, səsləndirdiyi şeirlərə
görə. Hər şeyi Ərdoğanın
üstünə atmaq... Axı niyə? Putin sizdən və məndən daha yaxşı məlumatlıdır.
Vladimir
Solovyov: - O daha çox məlumatlı olmalıdır da. Putində daha çox informasiya var.
Çingiz
Abdullayev: - Başa düşürsüz, Türkiyədə
minlərlə azərbaycanlı var, qohum xalqdır. Onlar oraya gəlirlər və türklər bu
insanların əziyyətlərini görürlər. Çoxları qazanc dalınca Türkiyəyə, həmçinin
Rusiyaya gedir. Niyə heç kim bu
insanların ağrısını, ümidsizliyini anlamaq istəmir?
Vladimir
Solovyov: - Biz bu barədə mübahisə etmirik. Ancaq siz indi
sualdan bir qədər yayınırsınız...
Çingiz
Abdullayev: - Amma siz qəbul etmirsiniz.
Vladimir
Solovyov: - Xeyr, biz heç bir halda bu insanların
yaşantılarını və faciəsini şübhə
altına almırıq. Bu, aydındır.
Biz indi konkret olaraq Türkiyədən
danışırıq.
Çingiz
Abdullayev: - Hə, fikir verdim.
Vladimir
Solovyov: - Ərdoğanın dedikləri... o bu münaqişəyə
daxil oldu. O, belə deyək də, ağızucu dedi ki, həmsədrlər
(ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ nizamlanması
üzrə - red.qeydi) heç nə edə bilmədilər,
onların və həmçinin son dərəcə
etinasızca Rusiyanın da adını çəkdi...
Çingiz
Abdullayev: - Mən bunu görmüşəm, eşitmişəm
və yeri gəlmişkən, o, haqlıdır. Belə
danışaq: 30 illik nəticəsiz danışıqlar. Siz də bununla razılaşarsınız.
Vladimir
Solovyov: - Yəni siz hesab edirsiz ki, o (Ərdoğan - red.qeydi)
haqlıdır. Amma Prezident Əliyev isə mənimlə
razıdır, çünki o, Ərdoğanın kəskin
qiymətləndirməsi ilə razılaşmadı və
dedi ki, elə məhz Rusiyaya qarşı heç bir
pretenziyası yoxdur. Və o status-kvo ilə
razılaşan ölkələri fərqləndirdi.
Çingiz
Abdullayev: - Məhz bu gün Rusiyaya qarşı heç bir
pretenziya yoxdur. Rusiya çox doğru mövqedədir.
Vladimir
Solovyov: - Ərdoğanın isə var.
Çingiz
Abdullayev: - Ərdoğanı başa düşmək olar. O,
bu insanların bütün əzablarını görür. İndi isə sizə demək istədiyim, ekspertlərin
nəzərinə çatdırmaq istədiyim ən əsas
məsələ. Sizdə hər gün
dağıntılar haqqında danışılması...
Vladimir
Solovyov: - Hər iki tərəfdən.
Çingiz
Abdullayev: - Bütün bu dağıntılar bizim ölkəmizin
ərazisindədir, mənim ölkəmin.
Vladimir
Solovyov: - Əlbəttə.
Çingiz
Abdullayev: - Hər iki tərəfdən infrastruktur məhv
edilir, amma bu, bizim torpağımızdır, Azərbaycan
torpağıdır. Nəhayət, başa
düşün ki, hər şeydən əvvəl, biz əziyyət
çəkirik. Bu müharibə bizdə
gedir. Sizin Çeçenistanda müharibəniz
gedəndə biz sizin ağrınızı anlayırdıq.
Çünki bu, Rusiyanın ərazisi idi.
Siz nəyə görə bu gün bizim
ağrımızı anlamaq istəmirsiniz?
Vladimir
Solovyov: - Elə isə məni başa salın,
özünüzü niyə belə incidirsiniz? Mənə izah edin, nəyə görə yüksək
dəqiqlikli silahlara sahib olaraq, müxtəlif növ sursat
istifadə edərək, Stepanakert də daxil olmaqla mülki hədəflərə
istiqamətlənmiş tədbirlərlə
özünüzü belə incidirsiniz?
Çingiz
Abdullayev: - Mən sizə deyim niyə. Çünki
artıq 30 ildir ki, bu danışıqlar heç nəyə
gətirib çıxarmadı, insanları bu müharibəyə
getməyə sadəcə məcbur etdilər və indi azərbaycanlılar
yalnız bir şey istəyir - istəyirlər ki, xarici
dövlətin işğalçı qoşunları bizim
torpaqları tərk etsin.Vəssalam.
Vladimir
Solovyov: - Bəs Azərbaycan ərazisində nə qədər
erməni ordusu yerləşir? Siz Dağlıq
Qarabağ ordusunun silahlı qüvvələrinin
mövcudluğunu qəbul edirsiniz, yoxsa Dağlıq
Qarabağın silahlı qüvvələrinin silahlı
qüvvələr olmadığını hesab edirsiniz?
Çingiz
Abdullayev: - Siz özünüz dəfələrlə demisiniz
ki, bütün nazirlərin, o cümlədən
Paşinyanın övladı orada xidmət etmək
üçün nümayişkaranə Dağlıq
Qarabağa yollanırlar. Razılaşın da,
azərbaycanlılar bunu necə başa düşsün?
Tutaq ki, Rusiya kimləsə müharibə edir.
Xarici dövlətlərdən prezidentlərin,
nazirlərin, baş nazirlərin oğullarının
döyüşmək üçün Rusiya ərazisinə gəldiklərini
təsəvvür edirsiniz? Şəxsən
siz buna necə yanaşardınız? Bir azca daha obyektiv
olsanıza...
Vladimir
Solovyov: - Elə məhz biz xeyli obyektivik. Mən,
sadəcə, eşitmək istəyirdim ki, siz hesab edirsiniz ki,
bütün erməni hərbi vəzifəliləri Azərbaycan
ərazisini tərk etməlidirlər?
Çingiz
Abdullayev: - Sözsüz ki.
Vladimir
Solovyov: - Ancaq eyni zamanda, nə vacibdir: deyirsiz ki,
Qarabağın statusu və Qarabağ məsələsi
Qarabağın dağıdılması deyil, Azərbaycanın
vəzifəsi erməni əhalisinin qovulması deyil.
Çingiz
Abdullayev: - Heç bir halda. Heç vaxt heç kim bu barədə danışmayıb. Bu barədə
bizim Prezidentimiz deyib: biz bu torpaqlarda yaşaya (birlikdə -
red.qeydi) və normal yaşaya bilərik.
Vladimir
Solovyov: - Bəs zəmanətlər heç müzakirə
olunubmu? Mən, sadəcə, mövqeyin (Azərbaycanın
- red.qeydi) vurğulanmasını istəyirəm. Birincisi, bu, 7 rayondan bir milyon qaçqındır.
Madrid və Kazan formatlarının
implementasiyasına hazırlıqdır. Amma
orda yazılıb axı ki, Qarabağın statusu daha sonra
müzakirə olunacaq. Və bu sual indi də
havada asılıdır.
Çingiz
Abdullayev: - Bəli, bəli, şübhəsiz. Mənim
fikrimcə, muxtariyyət, sözsüz ki, saxlanılacaq.
Bundan əlavə, bizim Prezidentimiz dəfələrlə
deyib ki, bu olmalıdır, insanlar dinc şəraitə
qayıtmalıdırlar. O, bu yaxındakı bəyanatında
hətta Azərbaycanın hansı mərhələlərə
razı olduğunu da açıqladı: beş
rayonun, sonra iki rayonun azad olunması, sonra
qaçqınların qayıtması - azərbaycanlıların
və ermənilərin.
Vladimir
Solovyov: - Və siz demək istəyirsiniz ki, münaqişədə
suriyalı terroristlər və türk silahlı qüvvələri
də, həmçinin iştirak etmir.
Çingiz
Abdullayev: - Türk silahlı qüvvələrinin
olmadığını doğru anlamısınız, bu,
tamamilə dəqiqdir. Bu, "Türkiyə təyyarəsi"
ilə bağlı situasiyaya bənzəyir: əvvəl
bütün dünyaya yalan danışdılar ki, o, havaya
qalxıb və zərbə endirib (erməni tərəfdən
məlumat vardı ki, guya Türkiyənin F-16 təyyarəsi
Ermənistan HHQ-nin Su-25 təyyarəsini vurub - red.qeydi), sonra
anlaşılmaz bir üzr istədilər, sonra izah etdilər
ki: bəs bizim prezidentimiz deyir.
Vladimir
Solovyov: - Əlbəttə.
Çingiz
Abdullayev: - Bu, çox gülməlidir. Axı
peyk nəzarəti var, HHM var. Heç bir Türkiyə təyyarəsi
buraya uça bilməzdi. Axı
bütün dünyanı aldatmaq nəyə lazımdır?
Qoşunlarla bağlı da həmçinin (erməni tərəfi
döyüş əməliyyatlarında Azərbaycan tərəfdən
guya türk qoşunlarının iştirakı barədə
informasiyalar yayır - red.qeydi), bu belə deyil, qoşunlar ola bilməz. Rusiya kəşfiyyatının
dediyi adamlara gəlincə, yəqin ki, konkret olaraq bir-bir
yoxlamaq lazımdır. Lakin mən sizə
bu ziddiyyətləri izah etdim. Azərbaycan
onları özünə yaxın qoymaz.
Vladimir
Solovyov: - Bununla belə, həlak olmuş kifayət qədər
suriyalıların konkret adları var. Bu, Suriyadan gələn
məlumatlardır.
Çingiz
Abdullayev: - Mən sizə bir də deyim: gəlin bir-bir
yoxlayaq.
Çingiz
Abdullayev
Tərcümə
etdi: Mətanət VAHİD
Ədəbiyyat
qəzeti.- 2020.- 10 oktyabr. S. 8-9.