Eşşəyin
tapılmağı və ya "Danabaş kəndinin əhvalatları"nda
tragizm
Mən
universiteti "Danabaş kəndinin əhvalatları: bədii
detal və təfərrüat"
mövzusunda diplom işi müdafiə eləyib
bitirmişəm. Diplom işini yazarkən əsəri dəfələrlə
oxumuşdum. O vaxt məni daha çox cəlb eləyən əsərdəki
təfərrüatların və detalların gülüş
yaratmaqda rolu, bədii gülüşün mükəmməlliyi
idi. Elə indi də bu qənaətdəyəm. "Əsər
cəmiyyətin bütün ağrılarını, dərdlərini,
eybəcərliklərini, təzadlarını, ziddiyyətlərini
güldürə-güldürə açır" desəm,
yəqin ki, deyilənləri təkrar
etmiş olaram. Cəmiyyətin ağrılarını
özünə güldürə-güldürə göstərmək
Cəlil Məmmədquluzadə
yaradıcılığının təyinatıdır.
İndi
universitetdə ədəbiyyat tariximizin XX əsrin əvvəllərini
əhatə edən dövrünü tədris edirəm və
mühazirələrə hazırlaşarkən
yaddaşımı təzələmək üçün dəfələrlə
oxuduğum mətnləri yenidən nəzərdən
keçirirəm.
Qəribədir
ki, "Əhvalatlar" son vaxtlar məni daha çox tragizmi,
məzmununun və bədii sisteminin faciəviliyi ilə
düşündürür...
Antik
yunan filosofu Sokratdan alınmış "Qəlbimdən gələn
səs... pak və təmiz insafımın səsidir..."
epiqrafı ilə başlayan əsər sona qədər
müəllifin səsi ilə müşayiət olunur və
insan ürəyini parçalayan tragik bir bədii detalla
tamamlanır: "Ziba ağlaya-ağlaya girdi anasının
qucağına. Ev qaranlıq olmaq cəhətə Zibanın
burnunun qanı seçilmirdi. Vəliqulunun ancaq indi yadına
düşdü ki, Ziba anasının üst-başını
qana batıracaq; üzünü tutdu Zeynəbə:
-
Ana, Zibanın burnu qanıyıbdı, qoyma sürtsün
üstünə.
Zeynəb
Zibanı qucaqlayanda gördü ki, qızının
üst-başı yaşdı. Amma elə xəyal elədi
ki, göz yaşıdır".
Pak və
təmiz vicdanın səsi ilə müşayiət olunan mətn
boyunca oxucu göz yaşının, matəmin içindən
keçirilir: "O məhəllədə binəva Zeynəbin
və uşaqlarının matəmi, bu məhəllədə
yazıq Şərəfin və balalarının matəmi...
O məhəllədə də fəqir Məhəmmədhəsən
əminin və bütün külfətin matəmi"...
Əsərin
personajları: Zeynəb də,
Məhəmmədhəsən əmi də, Vəliqulu da, lap
elə Xudayar bəy də, onun ənlikdən-kirşandan
üzü tanınmayan təzə arvadı da zamanın və
mühitin bədbəxt etdiyi, bir-birinə bənzəməyən
zavallı insanlardır. Bu
insanların döyəni də bədbəxtdir, döyüləni
də. Əsər başdan sona qədər faciə ilə
müşayiət olunur. Buna baxmayaraq, əsərin bədbəxt
personajları arasında faciəvi qəhrəman adı
çəkmək çətindir. Bəs əsərin oxucunu
ağrı ilə yükləyən, mətndən oxucuya
ağrı ötürən faciəvi qəhrəmanı
kimdir? Ümumiyyətlə, əsərdə belə bir qəhrəman
varmı?
Bu
suala cavab vermək üçün mətn boyu oxucu ilə
ünsiyyət quran, bəzən öz emosiyalarını,
duyğularını, hadisələrə və insanlara
münasibətini oxucudan gizlətməyən, bəzən də
əhvalatlardan ayrılıb oxucuya sentimental-melodramatik ricətlərlə
müraciət edən müəllif obrazı ayrıca təhlil
və araşdırma tələb edir.
***
F.M.Dostoyevskinin
hələ gənclik dövründə foto sərgisi ilə
bağlı qeydlərində maraqlı bir mülahizə var:
"... istər şəkil olsun, istər hekayə, istər
musiqi əsəri - orada müəllifin özü mütləq
görünəcəkdir; o, ixtiyarsız olaraq, hətta öz
iradəsinin əksinə əks olunacaq, özünün
bütün baxışları ilə, öz xarakteri ilə...
təzahür edəcək".
Böyük
söz ustasının bu mülahizəsini ümumi şəkildə
belə izah etmək mümkündür ki, təsviri sənətin
ayrı-ayrı növlərində olduğu kimi, ədəbiyyatda
da istənilən mətnin "bədii olmasını"
şərtləndirən orada müəllifin öz
obrazının mövcudluğudur. Bədii əsərdəki
hadisələr və insanlar cansız güzgüdəki kimi əks
etdirilmir, oxucu bunları müəllifin gözündən
görür. Müəllif foto çəkəndə fotoya,
şeir, yaxud hekayə yazanda bədii mətnə öz
obrazını yerləşdirir, oxucu ilə ünsiyyətdə
öz obrazının dünyasından, fərdi ictimai və
estetik baxışlarından çıxış edir.
Sonradan
bədii mətndə müəllif obrazı filologiya elminin
araşdırdığı ciddi məsələlərdən
birinə çevrilmişdir. Rus alimi V.V.Vinoqradov qeyd edir ki,
yazıçının obrazı bədii əsərdə həmişə
təzahür edir. Sözün məzmununda, təsvirin təqdimində
müəllifin siması hiss olunur. Bu,
yazıçının real həyatdakından fərqlənən
"aktyor" simasıdır. "Hekayəçi -
yazıçının nitqdə yaranışıdır və
hekayəçinin obrazı (o özünü "müəllif"
kimi təqdim edir) yazıçının bədii
"aktyorluğunun" formasıdır". (Vinoqradov V.V.
Problema obraza avtora v xudojestvennoy literature. // Vinoqradov V.V. O teorii
xudojestvennoy reçi. Moskva: 1971, str. 191).
V.V.Vinoqradov
müəllif obrazına əsərin bədii sistemini bir mərkəzə
cəmləşdirən özək kimi yanaşır:
"Müəllifin obrazı - nitqin sadəcə subyekti
deyildir. Bu, əsərin mahiyyətinin bir yerə cəmləşdirilmiş
ifadəsidir, personajların nitqlərinin bütün sistemini
təhkiyəçi, hekayəçi və ya hekayəçilər
ilə münasibətdə bir araya gətirir və onların
vasitəsilə bütövlükdə ideya-üslub mərkəzini,
fokus nöqtəsini təşkil edir". (Orada, səh. 118).
Bu
baxımdan, hər bir əsərdə
yazıçının bioqrafik kimliyi ilə yanaşı, əsər
boyu oxucunu müşayiət edən bədii obrazı da maraq
doğurur. "Əhvalatlar"da müəllifin obrazı
hadisələrdə birbaşa iştirak etməsə də,
oxucu-mətn ünsiyyətini fəal
şəkildə idarə edir. Müəllif təhkiyə
boyunca oxucudan ayrılmır, oxucuya mətndəki
iştirakını hiss etdirir. Mətnin alt qatındakı mətləblər,
əsərin məna çəkisi, komikliyin və faciəviliyin
mahiyyəti bu ünsiyyətdə üzə
çıxır.
"Əhvlatlar"ın
"Bir yüngülvarı müqəddimə"sindən
sonuna - Zeynəbin qızı 11 yaşlı Zibanın
döyülərək Xudayar bəyin evindən
ağzı-burnu, üst-başı qanlı anasının
üstünə gəldiyi ana qədər oxucu ilə oyun
quran müəllif obrazı sonradan Cəlil Məmmədquluzadənin
nəsrinin, dramaturgiyasının, publisistikasının
içindən keçir, bu obraz ədibin, janrından
asılı olmayaraq, bütün əsərlərində
özünü tragik qəhrəman kimi göstərir.
***
Mirzə
Cəlil "Əhvalatlar"ın müqəddiməsində
əsərin yazılmasında bilavasitə iştirak edən
iki şəxs təqdim edir: "Nağıl edibdi
Lağlağı Sadıq. Yazıya götürübdü qəzetçi
Xəlil". Əslində, mətni təqdim edən müəllifin
bu cür ikili təyinatı mətnin poetik strukturunun müəyyənləşdirilməsi
baxımından dahiyanə bir yanaşmadır. Bu,
heç şübhəsiz ki, Cəlil
Məmmədquluzadənin bədii sözü qeyri-adi
yaradıcılıq dühası ilə hiss etməsindən
irəli gəlir. "Əhvalatlar" o vaxt hələ nəsr
təcrübəsi, demək olar ki, olmayan Azərbaycan dilində
oxucuya bədii nitqin iki səviyyəsində təqdim ediləcəkdi:
yazı-pozu bilməyən Lağlağı Sadıq əhvalatları
düzüb-qoşub danışacaq, Qəzetçi Xəlil
isə qələmə alacaq, yazacaqdı.
Beləliklə,
"Əhvalatlar"da danışıq, şifahi nitq
üslubu ilə Azərbaycan dilinin hələ
özünü axtarmaqda olan, sintaksisi "Vətən
dili" dərsliyinin cazibə sahəsindən kənara
çıxmaqda çətinlik çəkən nəsr
üslubu bir araya gətirilib sintezləşdirilir.
Cəlil
Məmmədquluzadə təhkiyəçinin
funksiyasını dəqiqləşdirir: "Əvvəl mənim
adımı qoydular nağılçı; amma sonra
gördülər ki, bu ad mənə yaraşmır.
Xülaseyi-kəlam, mənim adım qaldı qəzetçi".
Bu adı qoyan, bu təyinatı düşünən, əsərin
strukturunda nağılçı ilə qəzetçi
variantlarını müqayisə edən, seçim aparan, əslində,
müəllifin özü idi. O, Lağlağı
Sadığın danışdıqları ilə Qəzetçi
Xəlilin yazdılarını bir araya gətirməklə təhkiyədəki
şifahi və yazılı nitq üslublarının sərhədini
dəqiqləşdirir.
Mətndə
Lağlağı Sadığın varlığı nəzərə
çarpmır. Bununla belə, mətnin strukturunda
"lağlağı" - lətifə poetikası
ayrıca yer tutur.
Müəllifin
mətndə öz adından danışmağa "vəkalət
verdiyi" "mən" - Qəzetçi Xəlil obrazı
isə mətnə "nağılçı" kimi deyil,
məhz yazıçı (qəzetçi) kimi müdaxilələr
edir (baxmayaraq ki, mətndə nağıl poetikasından gələn
elementlər də kifayət qədərdir). Onu da deməyi zəruri
hesab edirəm ki, burada "qəzetçi" təyinini
indiki publisist anlayışı ilə qarışıq
salmamaq lazımdır. Bu söz mətni qələmə alan,
yazan mənasında işlədilib.
***
Əsərin
süjeti o qədər də mürəkkəb deyil: təqdim
olunan hekayənin sərlövhəsi ("Eşşəyin
itməkliyi") süjet haqqında əvvəlcədən
hazır təsəvvür yaradır. Sərlövhədən
də göründüyü kimi, süjetin ana xəttini
eşşəyin itməsi təşkil edir. Mətni oxuyanda
isə bu qənaət hasil olur ki, Cəlil Məmmədquluzadənin
məqsədi heç də eşşəyin itməsi üzərində
mürəkkəb süjet qurub, oxucunu hadisələrin
"xoşbəxt (və ya bədbəxt) sonluğunun"
intizarında saxlamaq deyil. Burada yazıçını (və
əsərdəki müəllif obrazını) əhvalatlardan
çox əhvalatların baş verdiyi mühit, o mühitdə
yaşayan insanların həyatı, düşüncəsi,
qayğıları maraqlandırır. Mühitin üzərində
isə bir matəm rüzgarı dolaşmaqdadır: "Məsəla,
indi bu saat burada Xudayar katda ləzzətnən
yıxılıb yatdı. Amma elə bu saat Danabaş kəndində
üç yerdə matəm qurulubdu. Üçünə də
Xudayar bəy özü bais olubdur".
Düzünə
qalsa, süjet "xoşbəxt sonluqla" tamamlanır:
dörd il sonra eşşək öz ayağı ilə gəlib
Məhəmmədhəsən əminin qarşısına
çıxır. Eşşəyin təzə sahibi
Danabaş kəndindən keçəndə Məhəmmədhəsən
əmi eşşəyini tanıyır və Xudayar bəy
eşşəyin təzə sahibini zoğal
ağacının altına salır, döyə-döyə
eşşəyi onun əlindən alıb, Məhəmmədhəsən
əmiyə qaytarır. Məhəmmədhəsən əmi
də Xudayar bəyə dua eləyə-eləyə
eşşəyi aparıb tövləyə salır. O da
maraqlıdır ki, əsərdə eşşəyin itməsi
yumorla, bədii gülüşlə, tapılması isə
hüzn və kədərlə təqdim olunur.
Rus ədəbiyyatşünası
B.M.Eyxenbaum Qoqolun "Şinel" əsərinin
poetikasından danışarkən əsərin primitiv
novellalardan fərqini vurğulayaraq yazırdı ki, primitiv
novella təhkiyəni tanımır və onun təhkiyəyə
ehtiyacı da yoxdur, çünki bu cür əsərlər
hadisə və vəziyyətlərin sürətlə dəyişməsi,
cürbəcürlüyü üzərində qurulur. Primitiv
novellanın təşkiledici başlanğıcı motivlərin
və onların əsaslandırılmasının
(motivasiyasının) çulğalaşmasından ibarətdir.
Bu, komik novellaya da aiddir: onun əsasına təhkiyədən
kənar olan komik vəziyyətlərlə dolu lətifə
qoyulur.
"Kompozisiya
o vaxt tamamilə dəyişir ki, ...süjet təşkiledici
rolunu itirir, başqa sözlə, hekayəçi süjetdən
yalnız ayrı-ayrı stilistik üsulların bir araya gətirilməsi
üçün istifadə edərək nə yollasa
özünü ön plana gətirir. Bu zaman
ağırlıq mərkəzi süjetdən (burada
ağırlıq minimuma qədər azalır) təhkiyənin üsullarına
ötürülür, əsas komik rol gah sadə söz
oyunları ilə kifayətlənən, gah da kiçik lətifələrə
qədər inkişaf etdirilən kalamburlara keçirilir.
Komik effektlərə təhkiyə manerası ilə nail
olunur. Ona görə də bu cür kompozisiyanın öyrənilməsi
üçün əsərə səpələnmiş məhz
bu "xırdalıqlar" çox mühümdür,
onları götürsən, novellanın quruluşu
dağılar".
Bənzər
poetik quruluşu "Əhvalatlar"da da görürük.
Burada süjet, mətn-oxucu ünsiyyətində təşkiledici əhəmiyyət
daşımaqdan daha çox, ironik ton yaratmağa xidmət
edir. Mətnin ayrı-ayrı təfərrüatlarla və bədii
detallarla təzahür edən ironiya qatı diqqəti
süjetdən ayırıb müəllifin qoyduğu dərin
ictimai məsələlərə yönəldir. Ona görə
də bu əsərin təhlili zamanı tədqiqatçılar
mətnin poetik sisteminin təhlilindən daha çox, müəllifin
ictimai görüşlərinin araşdırılamasına
üstünlük verirlər. Çünki ironiya yaratmağa
xidmət edən süjetin şərti səciyyə
daşıdığı mətn oxucunu, tədqiqatçını
müəllifin ironiya pərdəsinin altında demək istədiyi
həyat həqiqətlərini aşkarlamağa, dərk və
izah etməyə təhrik edir.
"Əhvalatlar"da
eşşəyin itib-tapılması oxucu ilə mətn
arasında ustalıqla qurulan oyundur. Oyun oxucunun gözlərinin
qarşısında baş verir və oxucu gördüklərinə
gülməyə dəvət olunur: "Doğrudan, çox
gülməli əhvalatdı və çox qəşəng əhvalatdı.
Ondan ötrü qəşəng əhvalatdı ki, adam
gülür, ürəyi açılır. Yoxsa nəyə lazımdır
qəm və qüssə gətirən hekayət?!".
Oyunun
arxasında dərin ictimai ağrılar, böyük bəşəri
kədər, qırılan, məhv olan insan taleləri və
talelərin düçar olduğu matəmdən ürəyi
parçalanan müəllif obrazı dayanır. Eşşək
tapılmağına tapılır. "...Amma təəccüblü
şey budur ki, indiyə kimi Məhəmmədhəsən əminin
oğlu Əhməd görükmür. İndiyə kimi bu qədər
qışqırığa bu qədər cəmiyyət
yığışıb, nə Əhməd adamların
içinə gəldi, nə də Məhəmmədhəsən
əminin övrəti başını qapıdan eşiyə
uzatdı ki, görsün bu nə mərəkədi".
Eşşəyin
tapılması mətnə daha dərin və daha
hüznlü tragik ton əlavə edir, müəllif
obrazının çarəsizliyini qabardıb ön plana gətirir.
"Əhməd
də ölübdü, Məhəmmədhəsən əminin
övrəti də ölübdü. Əhmədi bildir
boğaz ağrısı tutub öldü. Anası onun iki ay
qüssəsini eyləyib, axırı bir dərdə mübtəla
oldu və ömrünü bağışladı Məhəmmədhəsən
əmiyə. Amma Məhəmmədhəsən əmi indiyədək
and içir ki, Əhmədi də, övrətini də
eşşəyin dərdi öldürdü".
Bu kədərli
təfərrüatdan sonra, mətnin ahəngi dəyişir,
süjetin "xoşbəxt sonluğu" elan edilir: "Qərəz,
eşşək tapıldı". Aradan illər keçəndən
sonra eşşəyin tapılması absurddan başqa bir
şey deyildi: bu hadisəyə sevinəcək insan - Məhəmmədhəsən
əminin oğlu Əhməd ölmüş, Məhəmmədhəsən
əminin ziyarət arzusu gözündə qalmışdı.
O da başqa məsələdir ki, balaca Əhmədin və
anasının tərbiyəsi, Məhəmmədhəsən əminin
ailə münasibətləri, həyat tərzi müəllif
obrazının gözündən təqdim olunan tragik ictimai
natarazlıqlardır.
Məhəmmədhəsən
əmi başına gələnləri qədərin
yazısı ilə bağlayır. Müəllif
obrazının acıdığı məsələlərdən
biri də bu psixologiya idi. İstər Məhəmmədhəsən
əminin, istərsə də Xudayar bəyin bədbəxtliyi
onları gələcəyə bağlayan idealların
puçluğudur. Məhəmmədhəsən əmi ifrat
"idealistdir", Xudayar bəy də ifrat
"materialist". Məhəmmədhəsən əminin idealı
onu bu dünyadan ayırır, Xudayar bəyi bu dünyaya
bağlayan "materializm" isə bütün insani dəyərləri
heçə sayır, ayaqlayır, məhv edir. Buna görə də müəllifin
obrazı bəzən yazıçının nəzarətindən
çıxır, müəllif obrazının hadisələrdən
doğan emosiyaları, ağrıları
"sentimental-melodramatik" boyalarla ("Ax, ana! Sən nə
gözəl zadsan!" kimi) dilə gətirilir. Mətnə
zaman-zaman müəllif obrazının ağrılı
nidaları, "vicdanın pak səsi" səpələnir.
Əsərin həm Zeynəblə, həm də Məhəmmədhəsən
əmi ilə bağlı ayrı-ayrı epizodlarında
müəllif obrazı "lağlağı" rolundan
çıxıb, tragik ritorikaya keçir. Çünki o, hər
şeyin əslini görür, dərk eləyir, ancaq əlindən
yanmaqdan başqa bir çarə gəlmir.
"Xudayar
bəy genə hərbə-qadağa kəsib Qasıməli və
hər iki kərbəlayı ilə üz qoydu gəlməkliyə
qazıgilə. Məhəmmədhəsən əmi bir-iki qədəm
onların dalınca gəlib durdu və mat-mat
gözünü dikdi bu gedən ağalara. Bunlar döngəni
dönüb gözdən itdilər. Amma yazıq Məhəmmədhəsən
əmi vaqeən ağladı. Vallah, billah, ağladı. Yəni
necə ağladı?Uşaq kimi ağladı".
Və
ya
"İndiki
halında Zeynəb bənzəyirdi bir elə şəxsə...
zəhər şüşəsini qabağına qoyub
baxır və bilmir nə eləsin: içsin, ya yox?
İçməsə dərd, qüssə və qəm onu
öldürəcək, içsə zəhər öldürəcək.
"Pəs məsləhət budur ki, içim" - deyib
şüşəni çəkir başına".
***
Əsərdə
müəllif obrazının tragizmi bir də mühitə
qarışa bilməməsində, mühitlə "kənar
adam" rolunda danışmaq məcburiyyətində
olmasındadır. "Kənar adamın" (onu rus
istilahı ilə "artıq adam" da adlandıra bilərik)
etirazının ən təsirli ifadəsi isə tragik hadisəni
"lağlağıya" çevirmək, hirsindən, qəzəbindən
dişini-dişinə sıxıb gülməkdir. Bu nöqtədən
yanaşanda əsərin strukturunda yazı (qəzetçi)
üslubu daha çox tragizmin, şifahi üslub
(lağlağı) isə gülüşün
daşıyıcısı kimi çıxış edir.
"Əhvalatlar"da
Xudayar bəyin bais olduğu matəm mühiti ilə ədibin sonradan qələmə
aldığı "Ölülər" aləmi
arasında bölünməz bir bütövlük var. Xudayar bəy ölmüş
dostunun yetimlərinin var-dövlətinə sahib olur, onun
namusunu ayaqlayır, övladlarını
gözüyaşlı qoyur. "Ölülər"
mühitinin ölən doğmalarının
qarşısına çıxmağa üzü olmayan, ona
görə də ölülərinin dirilməsini arzulamayan
"dirilərinin" isə hərəsi özlüyündə
bir Xudayar bəydir.
"Əhvalatlar"da
hadisələrə qarışmayan, münasibətlərin
gedişinə təsir göstərməyən, qıraqdan
baxıb için-için yanan müəllif obrazı ilə
"Ölülər"dəki Kefli İsgəndər
arasında semantik səsləşmə var. Bu obrazların
ritorikasındakı, onları cəmiyyətdən kənara
itələyən şərtlərdəki bənzərlik nəzərdən
qaçmır. Bunlardan biri cəmiyyətin işinə
qarışmır, cəmiyyətin kədərli əhvalatlarını
yazıya alıb gülür, o birisi isə cəmiyyətin
içində olsa da, özünü ətrafındakı
insanlardan içki ilə təcrid edir. Bu mənada,
"Əhvalatlar"dakı müəllif obrazı Kefli
İsgəndərin sələfi hesab edilə bilər. Fərq
bundadır ki, İsgəndər mühitin içindədir,
oradakı insanlarla təmasdadır, sözünü onlara demək,
onların üzünə tüpürmək imkanı var. "Əhvalatlar"dakı müəllif
obrazı isə yalnız oxucu ilə ünsiyyət qurur. Onun
mühitə etirazının ən təsirli vasitəsi isə
Zeynəbli, Məhəmmədhəsənli, Xudayarlı
mühitə gülməkdir.
"Ölülər"də
İsgəndər atasından Kərbalayı Fətullahın
"dirilmə" xəbərini eşidəndə, sanki
şərabın təsirindən ayılıb ciddi şəkildə
təəccüblənir, atası bu xəbəri onun təkidi
ilə təsdiqləyəndən sonra isə "İsgəndər
düzəlib, üzünü döndərir kənara və
istəyir gülməyini saxlasın, amma tab gətirə bilməyib,
birdən qah-qah çəkib gülür və qaçır
eşiyə".
"Əhvalatlar"dakı
müəllif obrazının da gülməkdən başqa çarəsi yoxdur.
Gülüş onun üçün çıxış
yolu deyil, çarəsizlikdir!..
***
Müəllif
nağıl edilən tragik əhvalatlara lətifə
hazırcavablığı və yığcamlığı
verməklə diqqəti əsas məsələyə, "qəm
və qüssə gətirən hekayət"ə,
mühitin faciəsinə, ictimai münaqişələrə
yönəldir. Burada işin ən mürəkkəb tərəfi
faciəni - "qəm və qüssə gətirən hekayət"i
lətifə dilində təqdim etməkdir. Bu da təsadüfi
deyil ki, Cəlil Məmmədquluzadə təsis etdiyi və uğrunda ömrünü
qoyduğu jurnala Şərqin ən müdrik lətifə qəhrəmanın
adını vermiş, özünə də Molla Nəsrəddin
təxəllüsü götürmüşdü.
Ancaq
Cəlil Məmmədquluzadənin istər nəsr əsərlərində,
istərsə də "Molla Nəsrəddin" jurnalında
təqdim etdiyi mətnlər lətifədən tamamilə fərqli,
komizmlə tragizmin çulğalaşmasına şərait yaradan,
dilimizin yeni poetik səviyyəsini müəyyənləşdirən
ədəbiyyat hadisələridir.
Ədibin
nəsr əsərlərində lağlağının
yazıya çevrilməsi, yazı üslubunda təqdim
olunması üçün ironiya tam gücü ilə işə
salınır. Mətnin təhkiyəsini daşımaq
üçünsə lətifə də gücsüz
görünür. Ona görə də əsər boyunca lətifə
janrının stilizasiya olunmasına, lətifədən fərqli
yeni janra ehtiyac yaranır. Ədəbiyyatşünaslığımız
həmin yeni janrın "Molla Nəsrəddin"də
"felyeton" olduğu qənaətindədir. Dərindən
diqqət yetirəndə felyeton janrı Mirzə Cəlilin
jurnalda nəşr etdiyi yazıların əyninə gəlmir,
yaxud dar gəlir.
Buna
baxmayaraq C.Məmmədquluzadənin müxtəlif həcmli və
məzmunlu nəsr əsərlərində hadisələrin təqdimatı
epos genişliyindən və dərinliyindən daha çox, lətifə
hazırcavablığına, müdrikliyinə və sərrastlığına
əsaslanır. Ona görə də mətn boyu oxucu ilə
ünsiyyətdə olan müəllif obrazı hadisələri
bizə daha soyuqqanlı və "bitərəf"
çatdırmağa üstünlük verir. Bu, lətifə
danışan adamın öz danışdığı lətifəyə
gülməməsi, danışdığını dinləyənə
ciddi hadisə kimi çatdırmağa cəhd etməsi kimi
başa düşülə bilər. Lətifəni
danışan adam öz mövqeyini nə qədər gizli
saxlayırsa, onun danışdığı da o qədər təsirli
olur.
Onu
da qeyd etməliyəm ki, "Danabaş kəndinin əhvalatları"
əsərini konkret bir kəndə, yaxud konkret insanlara
bağlamaq filoloji baxımdan kökündən
yanlışdır və ziyanlıdır.
"Danabaş", "İtqapan" kimi yer adları, Girdik
Həsən, Dəvə Heydər, Yalançı Səbzəli,
Eşşək Muxtar, Doşan Qasım kimi ləqəblər
Mirzə Cəlilin mətn-oxucu oyununda istifadə etdiyi vasitələrdir
və onlarla bağlı təhlil başqa yazının
mövzusudur.
Mirzə
Cəlili dərin milli faciə kimi daxilən sarsıdan
danabaşlıq isə bir kəndin, məhdud
coğrafiyanın problemi deyil. Çünki
qaldırdığı problemlərin qoyuluşuna "Dil,
dil, dil; millət, millət, millət; vətən, vətən,
vətən!" meyarı ilə
yanaşan Mirzə Cəlil, yaradıcılığının
bütün kökləri və budaqları ilə dilə,
millətə və vətənə bağlı şəxsiyyətdir.
Onun əsərlərindəki vətənin coğrafi
hüdudları 1917-ci ildə qələmə
aldığı "Azərbaycan" essesində dəqiq
göstərilib.
Ədibin
yaratdığı personajların kimliyi isə oxucudan o qədər
də uzaqda deyil: "Əgər bilmək istəsəniz ki,
kimin üstünə gülürsünüz, o vaxt qoyunuz
qabağınıza aynanı və diqqət ilə baxın
camalınıza".
Məti OSMANOĞLU
Ədəbiyyat qəzeti.-
2020.- 10 oktyabr. S. 20-21.