Bir haqq savaşı

 

Bu gün susmaq vaxtı deyil, amma  bu gün söz vaxtı da deyil. Bu gün arzuların silaha döndüyü, qələbə əzminin tarix yazdığı gündür. Sözün bitdiyi yerdi, dilin susduğu, ədəbiyyatın aciz qalıb, həyatın danışdığı gündür.

Həyatın öz qanunları var, o, bəzən bizim arzularımıza məhəl belə qoymaz, tarix üçün zaman anlayışı nisbidir, amma onun varolma səbəblərindən biri də odur ki, qisası qiyamətə saxlamaz. Çünki  "Zülmün topu var, qülləsi var, qalası varsa, haqqın da bükülməz qolu, dönməz üzü vardır".

Bu gün Azərbaycan xalqı tarix yazır, sənət yaradır, döyüşçüsündən tutmuş sıravi vətəndaşına qədər. Söz  burda acizdir, arxa plandadır, çox geridədir. Qundaqdaykən yük maşınında torpaqlarından qovulmuş övladlar tank üstündə məmləkətinə geri dönür, gözlərini açandan o yerlərin işğalı ildönümüylə böyümüş uşaqlar o torpaqlara bayraq sancır.

Beş yaşında öz torpaqlarından didərgin düşmüş bir azərbaycanlı mayorun  işğaldan azad etdiyi kəndində, doğma həyətində, bağçalarındakı nar ağacının yanında çəkdirdiyi fotosu dünyanın ən gözəl sənət əsəridir indi. Gəncədə evinə mərmi düşmüş bir gənc atanın öz körpəsiylə evdən çıxarkən qucaqladığı Azərbaycan bayrağı ən gözəl şeirdi. Təqaüdündən döyüşçülərə yardım göndərən babalar, dili dualı nənələr, şəhid analarıdı bu gün sənət.

Bu ssenarini heç kim planlamamışdı, amma xalq, sanki illərdir ürəyində bu döyüşün planını hazırlayıbmış kimi hərə bacardığı işin qulpundan yapışdı. Bu yaranın qaysağı qopan kimi onun nə qədər dərin olduğunu gördük, Mübarizin içimizdə necə bir nisgil olduğunu, Çingizin yaddaşımızda necə diri olduğunu, torpaq həsrətinin necə isti qaldığını gördük. Suqovuşana bayrağımızı sancan əsgər həm də Mübarizin şəhid olduğu yeri ziyarət etdiyini anlayırdı. Aldığımız o torpaqların hər qarışında şəhidlərimizin qanı olduğunu hiss edərək.

Bütün bunları heç bir bədii təsvir vasitəsilə indi ifadə etmək mümkün deyil. Bu savaşın gətirdiyi qələbənin şəninə əsərlər sonradan yazılacaq, qəhrəmanlar əbədiləşəcək, ölümsüzləşəcək.

Ona görə də bu, adi vətənpərvərlik, torpaqlar uğrunda savaş deyil, bu, bir xalq mübarizəsi deyil,  bu, bir haqq savaşıdır. O məşhur misalda deyildiyi kimi; "Biz zalımın zülmünə qarşı kibrimizdən deyil, bir haqlının bir haqsıza qalib gəlmə ehtimalını həqiqətə çevirmək üçün döyüşdük".

 

 

Səhər ƏhmƏd

Ədəbiyyat qəzeti.- 2020.- 10 oktyabr. S. 27.