Vuruşan balaca əllər…
“Filmdən həyata”
Nəğmə susdu dodaqlarda,
Dilə gəldi tüfənglər.
Mənim
atam uzaqlarda
Cəbhələrdə bir əsgər.
Anamızın laylaları,
Nənnilərdə pozuldu.
Arzuladıq ilk baharı,
İstəyimiz yaz oldu.
Sən,
ey uşaqlıq,
Sən bizdən uzaq düşdün artıq...
"21 sentyabr, 1945-ci il öldüyüm gecə idi..." Hayao Miyazakinin "Atəşböcəklərinin
məzarı" anime filmi
bu cümlə ilə başlayır.
Filmin balaca qəhrəmanı Yapon-Amerika savaşında
valideynlərini itirmiş,
tək-tənha qalmış
oğlan uşağıdır.
Film başlayarkən, biz onu stansiyada sütunlardan birinə söykənmiş vəziyyətdə
görürük. O, ayaq
üstə güclə
dayanır. Yanından keçənlərdən biri ona dəhşətlə
və aşağılayıcı
baxışlarla baxır.
Uşaq yerə yıxılır, kimsə
yaxınlaşır və
nəbzinə baxaraq deyir: bu ölüb!
Onun yanında kiçik bir konfet qutusu tapırlar,
onun içindən ağ şeylər
tökülür. Sonra məlum
olur ki, qutudan tökülənlər
konfet deyil, oğlanın bacısının
yanmış sümükləridir.
Müharibənin hər cəhətdən zərbələr vurduğu,
müharibə meydanında,
dünyayla savaşda tək qoyduğu uşağa kimsə yardım etmək istəmir, kimsə əlini uzatmır. Əksinə, ölmək üzrə olan uşaqdan hamı uzaq durmağa çalışır.
Yazıçı Nosaka Akiyukinin avtobioqrafik əsəri əsasında çəkilən
filmdə hadisələrin
çoxu sərhəd
şəhəri Kobedə
cərəyan edir, İttifaq Ordusunun hava hücumu göstərilir, bu hücum zamanı evlər dağıdılır,
insanlar öldürülür. Seita adlı
bir oğlan uşağı və onun bacısı Setsuko analarını itirir, (ataları isə donanmada komandirdir) acıqlı xalalarının
yanında qalmaq məcburiyyətində qalırlar.
Xalanın qəddarlığına, oğlanı səhər-axşam
işlətməyinə görə
uşaqlar axırda məcbur qalıb bomba sığınacağına
yerləşirlər. Burda ilk vaxtlarda çox xoşbəxt günlər
keçirirlər. Seita hər
gün Setsuko üçün
atəşböcəkləri toplayıb gətirir.
Ancaq qız atəşböcəklərinin
tez ölməsinə
dərindən kədərlənir,
sonra o, ölü atəşböcəkləri üçün
məzar qazmağa başlayır.
Filmin əvvəlindən
iki uşağın təkbaşına ayaqda qala bilməyəcəyi tamaşaçıya məlum
olur. Setsuko pis yeyir, baxımsızlıqdan
xəstələnir, Seita
onu sağaltmaq üçün çırpınır,
çırpınır, ancaq
bacısına kömək
eləyə bilmir.
Setsuko ölür, filmin sonunda Seita onun külünü
toplayır.
Seita bacısının
son nəfəsinə çatmaq
üçün sığınacağa
doğru qaçarkən
təpədə səssizcə
(bombalamadan) uçub uzaqlarda qeyb olan bir təyyarə
silueti görür. Bu, müharibənin artıq bitməsinə işarə
olsa da, digər tərəfdən,
dünyanın heç
vaxt uşaqlar üçün əmin-aman
yer olmayacağı anlamına gəlir.
Pasifist, sülhə
çağıran, eyni
zamanda tamaşaçıda
dərin kədər oyadan filmdə yeganə pozitiv kadrlar uşaqların atəşböcəkləri ilə
oynadığı kadrlardır. Miyazakinin digər
filmlərindəki dərin
kədər bu filmdə həddindən artıq çoxdur.
Stiven Spilberqin
Ceyms Ballardın eyniadlı əsəri əsasında çəkdiyi
"Günəş imperiyası"
(1987) filminin qəhrəmanı
da bombardman zamanı qaçaqaçda
kütlənin arasında
ata-anasını itirən
uşaqdır.
Həmin bu uşaq Cim
Graham (Christian Bale) adlı yeniyetmə
aristokrat ingilis ailəsiylə Şanxayda
varlı və zadəgan həyatı sürürdü. İkinci Dünya müharibəsi
vaxtı Şanxay Yaponiya tərəfindən
işğal ediləndə,
Cim Grahamın, 11-12 yaşlı yeniyetmənin
uşaqlıq həyatı
da alt-üst olur. Valideynlərini qaçaqaçda itirəndən (əli anasının əlindən
çıxır və
onlar kütlənin arasında bir-birini tapa bilmirlər) sonra o, əvvəlcə vahiməyə düşür.
Nə edəcəyini, hara gedəcəyini bilmir.
Pis niyyətli insanlara belə rast gəlir. Onu aldadıb, dişlərini
belə çıxartmaq
istəyirlər. Axırda əsir
düşərgəsinə gedib çıxır.
Əsir düşərgəsində Cim
ağlı, qabiliyyəti
sayəsində sağ
qalır.
Dilini bilmədiyi,
tanımadığı ölkədə
təkbaşına qalan
uşağın gözüylə
müharibə necə
də dəhşətlidir!
Uşağın olduqca zəngin, kübar bir ailədən seçilməsi
də başqa bir mesaj verir. Kim olursan
ol, istər zəngin, istər kasıb, istər adi, istər seçilmiş biri, fərqi yoxdur, müharibə insanın həyatını alt-üst
edə bilər, yəni bundan heç kim
sığortalanmayıb.
Öz böyük,
dəbdəbəli yataq
otağında cürbəcür
təyyarə oyuncaqları
ilə oynayan Cim Grahama bəla
gerçək təyyarələrdən
gəlir. O, otağının
pəncərəsindən baxarkən
savaş təyyarələrini
görür, əvvəlcə
sevinir də. Sonra isə o, qəfildən uşaqlığını itirir.
Filmin sonunda artıq o, bir qocadan da
artıq dünyanı
tanıyırdı, uşaq
bədənində yaşayan
qoca bir kişiyə çevrilmişdi.
Baxmayaraq
bir əli yağda, bir əli balda böyümüşdü, Cim
əsir düşərgəsindəki hər
cür çətinliyə
mətinliklə sinə
gərir, nəhayət,
müharibə qurtarır,
o, ailəsinə qovuşur.
Film optimist sonluqla bitir.
Müharibə ilə təkbaşına
başa çıxmaq
məcburiyyətində qalan,
onun hər cür çətinliyinə
dözmək, təkcanına
savaşmaq zorunda olan bir başqa
qəhrəman da
"Şərikli çörək"
filminin Vaqif obrazıdır.
Vaqif Seita və Cimdən fərqli olaraq, arxa cəbhədədir. Ancaq onun da şəhəri bombalanmaq təhlükəsi ilə üz-üzədir, ata-anası ön cəbhədədir. Vaqifin həyatı da nigaran və narahatlıq içindədir. Üstəlik, o, aclıqla sınanır, çörək kartoçkalarını itirir, günlərlə damın altında ac qalır, işləmək üçün çox balaca olsa da, işləməyə məcbur qalır. Ancaq Vaqifin bəxti daha çox gətirib. O, Seitadan da, Cimdən də xoşbəxtdir. Çünki ona arxa, dayaq olan insanlar az deyil, qonşuları uzaqdan da olsa, ona nəzarət edir, evlərinə dəvət edirlər. Ancaq kənardakı qayğılara rəğmən, heç kim doğma valideynlərin yerini vermir. Vaqif bir çox sınaqlardan keçməli, çətinliklərlə baş-başa gəlməli olur.
Hazırda müharibə şəraitində yaşayırıq. Təəssüflər olsun ki, yenə də uşaqlar valideynlərini müharibədə itirirlər. Gəncədə baş verən son hadisədə, düşmənin hava hücumu nəticəsində dağıntılar altında qalıb həyatını itirən insanlar geridə gözüyaşlı uşaqlar buraxdılar. O uşaqlara hamılıqla sahib çıxmalıyıq. Ki, onların yaralı qəlbləri uşaq sevincini həmişəlik itirməsin. O uşaqlar yenə gülə bilsinlər. Başlarını qaldırıb mavi, günəşli səmaya baxa bilsinlər. Göylərdən bir daha hər hansı təhlükə gözləməsinlər. Göyləri təhlükəli, suçlu bilməsinlər. Onlar səmada göy qurşağını axtarsınlar, azad, sərbəst qanad çalan çərpələnglərini süzsünlər, quşlara tamaşa etsinlər, yağışın ilk damlalarını ovuclamağa, yağan qarın zərrələrini tutmağa çalışsınlar.
Sevinc ELSEVƏR
Ədəbiyyat qəzeti.- 2020.-
17 oktyabr.- S.32.