Onun adı Şərəf idi

 

Azərlə Baycanın hekayəsi

 

Şeir-pritça

 

Dilimin ucunda söylənməyən söz,

sinəmdə nəğmələr yatar.

Təsəllim sənsizlik bəzən,

sənsizlik səni anladar.

 

Masanın üstündə

kitablar,  kağızlar,  qələmlər... məyus;

sənsizlikdən danışır.

Təsəllim sənsizlik - səndən danışır...

 

Yol qırağında Daşın üstündə

oturub Qoca - bir az dalğın, fikirli.

Uzaqdan oynaya-oynaya

bir oğlan yaxınlaşır.

 

- Adın nədi, bala?

- Adım Azərdi, dədə.

- Adam öz-özünə oynamaz, oğul!

- Öz-özümə oynamıram ki,

içimdəki havaya oynayıram, dədə.

 

Uzaqlaşır  Azər.

Gözdən itənə qədər

seyr edir onu Qoca.

 

İçindəki havaya yüyürür Azər...

 

Ulduzlar sayrışır, hava tutulur.

Keçdiyim küçələr - yollar,

Yol qırağındakı... binalar qəmgin:

yağışdan çıxıb sənsizliyi ağlayır,

təsəllim sənsizlik - səni xatırladır...

 

Qapı ağzında

qarşılayır Azəri Baycan,

sarılırlar bir-birinə.

 

Baycan Azərin sevgilisi,

gözəl bir qızdı.

Uzanıb Baycanın yanında Azər,

isti öpüşləri

yandırır qızın sinəsini.

 

- Azər, görəsən, qadınlar

sevmədən necə

kiminsə ola bilirlər? -

ehtirasdan titrəyən səsiylə

soruşur Baycan.

- Demək,

sən məni çox sevirsən -

daha möhkəm qucaqlayıb

özünə sıxır Baycanı Azər.

 

Qeyri-ixtiyari

yenidən dillənir Baycan:

- deyirlər, düşmənlər

əsir qadınlarla

istədiyi kimi davranırlar.

Qızı qucaqlayan qolları

boşalır Azərin,

isti öpüşlərin yeri soyumağa başlayır.

Baycan heyrətlə baxır Azərə -

sanki buz heykəldi

dayanıb qarşısında.

 

- Bilirsən, Baycan,

mən bir qızı sevirdim uşaq vaxtından,

əsir apardılar gözüm görəsi,

onun adı Şərəf idi. Ş-ə-r-ə-f...

boğulur Azərin səsi.

 

Qız ehtiraslı anlardan sonra

dərhal anlaya bilmir

baş verdiyini.

Örtülən qapının səsindən

diksinib ayılır Baycan.

Çilik-çilik dağılır otağa

Baycanın xəyalındakı Azərin buz heykəli.

 

Azər Baycandan qaçır...

 

Səhərlər geyinib çıxıram evdən.

Dönürəm axşamlar, gecə yarısı.

Geydiyim paltarlar,

keçdiyim yollar,

gördüyüm adamlar,

sevdiyim axşamlar... sənsizliyi anladır.

Təsəllim sənsizlik - səni anladır ...

 

- Niyə bikefsən, oğul,

nəsə itirənə oxşayırsan? -

soruşur yol qırağında

daşın üstündə oturan Qoca.

- , itirmişəm, dədə -

dillənir başını qaldırmadan Azər.

- Üzülmə, oğul,

insan bu dünyaya

itirmək üçün gəlir onsuz da.

 

Uzaqlaşdıqca Qocadan Azər

sanki daha aydın eşidir:

"İnsan bu dünyaya itirmək üçün gəlir".

 

"Baxır nəyi itirirsən" -

qüssə ilə düşünür Azər.

 

Gözdən itənə qədər

seyr edir onu Qoca.

 

Azər içindəki havadan qaçır ...

 

İllərdi

bir qara sevda səsləyir məni,

gedimmi, görəsən?!

 

Yəni belə olacaq -

illər ötüb keçəcək,

sən mənsiz yaşayacaqsan,

mən sənsiz öləcəyəm?!.

 

Hava soyuqdu...

yol qırağındakı Daş

tənhalıqdan üşüyür artıq...

Sayrışır göydə ulduzlar sayrışır,

qarışır yer üzü qarışır,

yarışır hər şey yarışır,

təsəllim Sənsizlik!

Sənsizlik nədən danışır?!.

 

2008

 

Əli Şirin Şükürlü

 

Ədəbiyyat qəzeti.- 2020.- 17 oktyabr.- S.29.