Zaur Ustac – qələmdar
olmaq missiyası
Tanıdığım istedadlı gənclər sırasında olduqca işgüzar, zəhmətkeş, obyektiv, prinsipial, hər cür manipuliyasiyadan uzaq, sözə-qələmə bağlılıq, həssaslıq, sözü-qələmi müqəddəs hesab edən və bu müqəddəsliyi hər məqamda qorumağa çalışan, içində klassik, modern maarifçilik ruhu daşıyan, bir sözlə, qələmdar olmaq missiyasını Heraklsayağı çiyinlərinə götürən, yaradıcılığın Sizif cəfasına qatlaşan gənclərdən biri də Zaur Ustacdır. Olduqca səmimi, təvazökar qələmdardır və bu yeni sözü, yeni anlayışı da ədəbiyyat cameəsinə gətirən odur.
Zaur Ustacın müasir ədəbiyyatımızda vicdanlı, tərəfsiz, liberal - azad, sərbəst ədəbi davranışı təqdirəlayiqdir və deyərdim ki, yenidir, müasir ədəbi gəncliyə örnəkdir. Zaur Ustac radikalizmdən uzaq, sözün səmimiyyətinə sığınan qələmdardır. Zaur Ustac gənc olmasına baxmayaraq (hər halda məndən çox gəncdir), o, özündə elə bir yaradıcılıq gücü tapıb və ədəbi sifera yaratmağa müvəffəq olub ki, artıq onun özgür ədəbi nüfuzu, özgür yaradıcı çəkisi haqqında çəkinmədən danışmaq olar. Mənim qənaətim belədir və bu qənaəti ictimailəşdirməmək günah olardı. İstedadı və istedadlı ədəbi gücü məqamında görmək və qiymələndirmək, fikrimcə, mühüm əhəmiyyət kəsb edir. Bizim ədəbi tənqid üçün belə yanaşma prioritet olmalıdır.
Zaur Ustac maraqlı həyat yolu keçib, hərbçidir, istefada olan zabitdir. Onda hərbçi peşəsindən ədəbi yaradıcılığına sızan bir yaradıcılıq intizamı, ədəbiyyata yansıyan hərbçi “geosiyasi marağı” olduğunu sezirəm. Yaxşı bildiyini müdafiə etmək, onu ədəbi fikrə gətirmək, yeni nəsilə, gəncliyə əlahiddə vətənpərvərlik ruhu aşılamaq və bu işi maarifçilik səviyyəsinə yüksəltmək – onun ən ümdə “geosiyasi marağı” budur və bu da yenidir. Və bu, Zaur Ustacda istək, arzu deyil, deyərdim ki, onun şəxsi xarakterinə tamamilə yad, amma yaradıcılığına xas olan ədəbi ambisiyadır, ədəbi-bədii fəaliyyətinin nüvəsini təşkil edən amildir, ona məxsus ədəbi statusdur. Elə buna görə də onun yaradıcılığı çoxsahəli, çoxyönlü, çoxsəsli, polofondur...
Zaur Ustacın ədəbi fəaliyyəti çağdaşlıqla bərabər, ən çox gələcəyə, perspektivə yönəlikdir. Onun yaradıcılığı, həm də yaxşı olacaq dərəcədə sosialyönümlüdür. Zaurun fəaliyyəti səmərəli fəaliyyətdir, praktik iş görür, həyatın olaylarından çıxış edərək özünün yazılarında olaya çevrilir, olay içində olay yaradır. Yaddaşı çağdaşlığa daşıyır. Bir az obrazlı desək, qədimliyə bürünmüş yenilikdir, istər ədəbi mövzüda, istərə də ədəbi janrda... Onun yaradıcılığı impultiv deyildir, ardıcıllıq, mütəmadilik, məqsədyönlülük, prinsipiallıq üslubunu, yazı-mövzu yönümünü-yöndəmini şərtləndirən amillərdəndir. Ona görə də Zaur Ustacın yaradıcılığı bezdirici deyil, maraq doğurur, fəaliyyətə sövq edir, ədəbi zərurət olur...
Zaur Ustacın ədəbi fəaliyyətinin bir yönü də onun mövzu seçimidir. O, əksərən baxımsız qalmış, gözdən-könüldən iraq salınmış, unudulmuş yox, unutdurulan mövzulara da ürəklə, cəsarətlə göz yetirir, necə deyərlər, kölgədə saxlanılan həqiqətləri gün işığına çıxarır, yaddaşları dirildən kitaba çevirir. Bu da onun vətənsevərliyini fərqləndirən cəhətlərdəndir. Çünki o, sosial-ictimai maraqla mənəvi marağın kəsişmə bucağını müəyyən etməyi bacarır. O, ədəbi ştamplardan uzaqdır. Tarixi-mənəvi müstəvimizdə gəzişmələr edir. Maraqlı, aktual bədii konsepsiyalar, orijinal ədəbi konfiqurasiyalar axtarışındadır. Total azərbaycançılıq tərəfdarıdır. Bütün bunları, - hələ bizim sosial durumumuzu əyən bazar iqtisadiyyatının ərkəsöyün diqtəsi dövründə etməyin çətinliyini demirəm, - əzabını, məşəqqətini göz önünə gətirin... Amma şükürlər ki, onda qara duyğular yoxdur, dan şəfəqinin duruluğu, lacivərdliyi var. Bir də ki, onun yazılarında hər şeyi öz adı ilə çağırmaq istəyi üstündür və bu, ədəbi yaradıcılıq üçün vacib şərtlərdəndir. Yazıçı məşşatə olmamalıdır.
Zaur Ustacın qələmi kənarda yox, özəkdə, nüvədə gəzişmələr edir. O, həmişə çalışır ki, standart və ehkamlar yaradıcılığına yansımasın. Diqqətimi çəkən müsbət bir cəhət də odur ki, Zaur Ustac azərbaycançılıqla türkçülüyün sinergizmindən çıxış edir, yəni söhbət sosial-fəlsəfi mənada özünütəşkildən gedir. Burada eyniyyət yox, biri-digərinin qüvvətləndiricisi olmaq şərtdir. Yəni, türkçülük və azərbaycançılıq biri-digərinin tərkibidir, amma biri o biri deyil, hər ikisi müstəqildir. Bunların dərkində paralellik və ya qəti oxşarlıq axtarmaq sosiallaşmada ziyanlıdır, bu metodda qeyri-xəttilik üstündür (Lütfi Zadə metodu). Zaur Ustac ədəbi-metodoloji cəhətdən sinergetik yanaşma paradiqmanın metodoloji plüralizminə daha çox meyillidir. Əlbəttə, bu, onda hələ rüşeym halındadır, amma inanırıq ki, təməldə olan dinamikadadır, inkişafdadır. Belə ki, ədəbi yaradıcılıq mexanizmlərin ardıcıl fəaliyyətini nəzərdə tutan bu metod, insan varlığının hərtərəfli inkişafı, şəxsiyyətin özünüifadə və özünütəsdiq imkanları və bütövlükdə yaradıcılıq qabiliyyətlərinin reallaşdırılması üçün ən əlverişli şərait yaradır. Zaur Ustacda türkçülüyü və azərbaycançılığı təkcə qanla, soyla bağlamır, həm də şüurla bağlayır. Bu, əslində, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə və Əhməd bəy Ağaoğlunun konsepsiyasıdır. Biz qanla, soyla türkük, amma şüurla, düşüncəcə, təfəkkürcə Azərbaycanlıyıq! Bu, populizm deyil, həqiqətdir!
Zaur Ustacın qələm yoldaşları
yazılarında orijinallığı qeyri-ənənəvi yollarda axtarırlar, amma onun məni qane edən cəhətlərindən
biri də ənənvi yolda
qeyri-adiliyi tapmaq və
müxtəlif ədəbi ölçülərdə (deyək
ki, janrlarda) şərh
etmək bacarığıdır. Xalq həyatının
müxtəlif məqamlarında, ən ağır
anlarında, millətin şərəf və ləyaqəti
naminə ayağa qalxmış, onun oğulları vətən yolunda
qorxmadan dirigözlü
ölümə gedən, “şər yuvalarına”, az qala əliyalın hücum çəkən oğulları –
kişiləri, ərənləri, igidləri barəsində
(məsələn, mərdliyin, igidliyin, qəhrəmanlığın
oriyentir ulduzu olan Mübariz İbrahimov haqqında) bədii-publisist
yazıları da belə xoş
məramın nəticəsində ortaya gəlir,
“yazıya pozu yoxdur”
yaddaşına çevrilir, yaddaş kitabı olur: “Oriyentir ulduzu” (povest), “Gülünün şeirləri”, “Otuz ildir əldə qələm”,
“Əliş və Anna” (poema),
“Sevin ki, seviləsiz”,
“Qəlbimin açıqcası”, “Çəhrayı kitab” və s. kimi iyirmidən çox
kitabı kimi... Doğrudan da
bu kitabları bir yerə
cəm etsək, elə adını “Qəlbin
açıqcası” qoyardım, çünki
bu əsərlərin, demək olar ki, hamısı Zaur Ustacın oxucuya
ünvanladığı ədəbi-bədii
açıqcalardır, özü də
səmimiyyətlə yoğrulmuş,
ürəkdən, qəlbdən süzülüb
gələn gizlinlər yox, məhz
açıqcalar. Bir bayatısında dediyi kim, onun
“can evindən qopub düşən” namələrdir.
Bundan əlavə, o, ümumtəhsil
məktəbləri üçün
metodik vəsaitlərin,
dərsliklərin, proqramların
da maarifçi müəllifidir.
Bu məqamda, onun
milliliyə, vətənsevərliyə,
yurdabağlılığa söykənən bilgisi, axtarış və tapmaq şövqü məmnunluq doğurur. Bu, əslində, müasir Azərbaycan zehniyyətinin
bənzərsiz xüsusiyyətindən
irəli gəlir – unutqanlıq sindiromundan qurtuluş yolunu tapmaq və bunu şahrah yola çevirmək cəhdi. Bunu mənəvi ehtiyacları
ödəyən, əsrarəngiz
Azərbaycan ruhunu bərpa edərək etik bir prinsipə
çevirmək cəhdi
kimi də qəbul etmək olar. Əslində, indi bu prinsipi
yaratmağa əşəddi
ehtiyac var! Mənə elə gəlir ki, Zaur Ustac müstəqillik
dövrü ədəbiyyatımızın,
xüsusən, tarixi mövzularda qələmə
alınan nəsr nümunələrinin yaratdığı
ovqatdan güc alır, “Əliş və Anna” poemasında olduğu kimi, özünün istehlak enerjisinə çevirir, bu günün praqmatizmindən çıxış
edir, yuxarıda qeyd etdiyim kimi,
qədimliyə bürünmüş
yenilik yaradır.
Gerçəyi dərk etməyin üsulu təkcə ağılla deyil, gərək ürəklə
– hiss və duyğuylarla
da dərk edəsən. Bu cəhət,
hələlik embirional
səviyyədə onun
bədii təfəkkürünün
dominantına çevrilməyə
başlayıb və inanıram ki, tam dominantlıq alınacaq.
Zaur Ustacın bir xoş prinsipi
də var, ətrafına, mühitinə
əlindən gələn
yaxşılığı et!
Bu deviz onundur: ”Yaxşılıq əlindən gəlmir, heç olmasa pislik eləmə!” O, həyatının bu çağına qədər
hər cür formatda təzahür edən, min bir cildə girən pisliyə qarşı Ustac qələmini sipər edərək Qələmdar olmağı
bacarıb, qələmin
yükünü, sözün
müqəddəsliyini dərk
etdiyindəndir ki, “Söz müqəddəsdir”
şeirində yazır:
Gəldin
bu aləmə, ərkanı gözlə,
Yaxşı bax ətrafa, dövranı izlə,
Ustac əmanəti, aram
ol sözlə,
Qələmlə elə yaz, qoy
izi düşsün.
Zaur Ustacın (Mustafayev Zaur Mustafa oğlunun) 45 yaşı var, ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı
Ali Birləşmiş Komandanlıq
Məktəbində, Beynəlxalq
İxtiraçılıq və
Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində təhsil alıb. Birinci Qarabağ müharibəsinin
iştirakçısı və
hazırda ehtiyatda olan zabitdir. 1988-ci ildən yaradıcılığa
başlayıb, 32 ildir
ki, ədəbi cameənin əli qələmli nümayəndəsidir.
Ləqəbi “Ustac”dır;
AJB-nin üzvü, “Qızıl Qələm” mükafatı laueratı,
“Yazarlar” jurnalının
təsisçisi və
baş redaktoru,
“Ustac.az” fərdi inkişaf
və yaradıcılıq
mərkəzi”nin təsisçisi,
naşir, müasir dövrün maarifçi-demokratıdır.
İntellektualdır, kreativ təfəkkürlü,
qüvvətli və sağlam məntiq sahibidir. Mən onu təmiz qəlbli, doğru sözlü, mətanətli,
tam mənası ilə
dürüst, fikir və yoluna dərin bir inam bəsləyən, fədakar bir gənc yazıçı-publisist,
şair, nasir, tərcüməçi, naşir,
ən ümdəsi, ziyalı kimi görür və belə də qiymətləndirirəm... Və bir
yazıçı olaraq
Zaur Ustacın gələcək çəki-düzənini
bu sadaladıqlarımda,
konkret mövqeində,
QƏLƏMDARLIĞINDA görürəm.
Eyni zamanda, toz qonmayan Qələmdar
qürurunda, təmkinində
görürəm! Çünki
bilirəm ki, təmkin və qürur mənəviyyatı
hər zaman bütün fəsadlardan,
yanlışlıqlardan qoruyar...
ALLAH QORUSUN!
Qurban Bayramov,
tənqidçi-ədəbiyyatşünas, doktor-professor,
Ədəbiyyat qəzeti.- 2020.- 17
oktyabr.- S.29.