Tənqidçi olmaq səlahiyyəti
Rəhim
Əliyev-70
Əgər sən şairsənsə,
mən də
tənqidçiyəm
K.Marks
Etiraf edim ki, yaşıdlarım barədə yazmaqdan
böyük qürur duyuram. Mən bizdən əvvəlki nəsillərdən
- müəllimlərimdən çox şey, həm də nəsil
təəssübü öyrənmişəm: M.Cəfər,
A.Zamanov, M.Cəlal, Ə.Mirəhmədov, Y.Qarayev, B.Nəbiyev,
M.Quluzadə, M.Hüseynzadə, Y.Seyidov, M.Seyidov, Q.Qasımzadə,
X.Əlimirzəyev, Q.Xəlilov, A.Axundov, T.Hacıyev, X.Məmmədov...
bəzən bir-birilə yola getmirdilər. Lakin
bu onların öz aralarında qalırdı. Başqa nəslin, xüsusilə özlərindən
sonrakıların yanında bir-birlərini dəyərləndirir,
hörmətini saxlayırdılar. Mən
də mənsub olduğum nəsillə fəxr edirəm.
İndi onların yaşı artıb, yaşları ilə bərabər
nüfuzları da artıb - K.Abdulla, N.Cəfərov, V.Quliyev,
İ.Rəhimli, K.Əliyev, M.İmanov, T.Kərimli, A.Rüstəmli,
M.Əlizadə, Ş.Vəliyev, A.Turan... Azərbaycan
cəmiyyətinin aparıcı simaları kimi ədəbi
tarixi nüfuz qazanıblar. Bu nəslin
ağır taxtalı nümayəndələrindən biri də
Rəhim Əliyevdir. On il əvvəl 60 illik yubileyi
münasibətilə çap etdirdiyim "Nəzəri
düşüncənin müasirliyi" məqaləsində
onun barəsində yazmışdım: "R.Əliyev öz
xalqını, millətini sevən, onun tarixini, bəşər
sivilizasiyasındakı yerini dəqiq təyin etməyi bacaran,
ədəbiyyat və mədəniyyətimizi, dilimizi və təfəkkür
tariximizi yeni fəlsəfi meyarlarla araşdıran vətənpərvər
bir ziyalı, yüksək intellektual təfəkkürə
malik alimdir. Rəhim bədii mətnə
xalqın və millətin kodlaşmış yaddaşı
kimi ehtiramla yanaşır. Mətnin mədəniyyət
sistemindəki həlledici rolunu aydın şərh edir".
On il əvvəlki fikirləri yazıram,
bilirəm ki, bu mürəkkəb on ildə Rəhim dəyişməyib.
Əksinə, onun portretinə yeni dəyərli
xüsusiyyətlər əlavə olunub. Rəhim
Əliyev 6 noyabr 1950-ci ildə Bakıda, qədim Ramana kəndində
əsil-nəcabətli bir ailədə anadan olub,
bakılıdır. Bu sözdə
kişilik və qürur, zəfər, yüksək mənəviyyat,
ədəb-ərkan, təəssüb və nəhayət,
itkilərin kədəri, uçurulmuş ata kultunun faciəsi,
unutdurulmuş şəhər ənənələrinin və
yaddan çıxmış nəğmələrin ahəngi
yuva salır. Bu xarakteri ilə yaşlı
Rəhim 70-ci illərin sonunda tənqidçi və
yazıçı kimi ədəbiyyata gəlib. 1983-cü ildə namizədlik, 1996-cı ildə
doktorluq dissertasiyası müdafiə etmişdir. Tənqidçi
kimi yüzlərlə məqalə, "Poeziyanın təbiiliyi"
(1982), "Cəfər Cabbarlının yaradıcılıq
təkamülü" (1989), "Dilimiz ədəbiyyatımız
və tariximiz" (1997), "Nəsimi və klassik dini
üslubun təşəkkülü" (2006), "Taleyin
sözü" (2008), "Ədəbiyyat nəzəriyyəsi"
(2008), "Sözün mifi" (2011), "Nəsimi nədən
ənəlhəqq dedi" (2020) kimi bir-birindən dəyərli
nəzəri, elmi-fəlsəfi kitablar, "Göndərilməmiş
məktub" (1984), "Bütövləşməmiş
borc" (1995) kimi bədii kitablar yazmışdır.
R.Əliyevin bu kitabları, xüsusilə, "Cəfər
Cabbarlının yaradıcılıq təkamülü",
"Nəsimi və klassik dini üslubun təşəkkülü"
və "Ədəbiyyat nəzəriyyəsi" əsərləri
nəzəri ədəbiyyatşünaslığımızın
klassik nümunələridir. Böyük mütəfəkkir
Yaşar Qarayev onun "Cəfər Cabbarlının
yaradıcılıq təkamülü" kitabına "Həmişə
müasir Cabbarlı" adlı ön söz də
yazmışdı: "Monoqrafiya ədibin irsinin tam halda yeni təfəkkürün
və müasir ədəbiyyatşünaslığın
problemləri baxımından şərh etmək sahəsində
ilk təcrübədir və məhz ilk təcrübənin
qüvvətli və zəif cəhətlərini özündə
əks etdirir". Biz də bu fikirdəyik ki, Rəhimin
monoqrafiyası cabbarşünaslıqda yeni nəzəri mərhələnin
əsasını qoyan əsərdir. Müəllif
mürəkkəb nəzəri problemləri çevik tənqid
üslubunda aydın şərh edib və belə bir
perspektivli nəticəyə gəlib ki: "Cabbarlının
yaradıcılıq metodunun mürəkkəbliyi bizim ədəbi
fikrin bəşəriyyətin bədii tərəqqisinin zirvələrinə
tələsən addımlarının nəticəsidir".
Beləliklə, o,
cabbarşünaslığın yeni beynəlxalq priaritetini
müəyyənləşdirir.
Rəhim
Əliyev ədəbi-nəzəri fikrimizdə ən
güclü məktəb olan "Yaşar Qarayev məktəbi"nin istedadlı nümayəndəsidir. XIX əsrin böyük rus yazıçıları
etiraf edirlər ki, "biz hamımız Qoqolun
"Şinel"indən çıxmışıq".
Təmsil etdiyimiz nəsil Yaşar Qarayev
idrakının üfüqlərindən enib gəlib. Rəhim bu gün də böyük əzmlə
Yaşar Qarayevin ədəbi tənqiddə apardığı
islahatları davam etdirir. "Cəfər
Cabbarlının yaradıcılıq təkamülü"
monoqrafiyası kimi Rəhimin "Nəsimi və klassik dini
üslubun təşəkkülü" monoqrafiyası da bir
"ilk"dir. Nəsimi haqqında çox yazılıb.
Fəqət, bu formada ilk dəfə Rəhim
yazıb. O, belə bir düzgün metodoloji
başlanğıcdan çıxış edir ki, "Cəfər
Cabbarlı haqqında monoqrafiyanı yazanda (1985-86) ilk dəfə
elmin hikmətini hiss etdim. Anladım ki, həqiqi
elm də həyatın özü kimi əlvan və çoxcəhətlidir.
Mən ədəbi və elmi yaradıcılığım
arasında ümumi cəhətlər tapdım. Həqiqi elm də, qlobaldır və bədii ədəbiyyatın
predmeti kimi sərhədsizdir. Elmi terminlər
isə obrazlardan demək olar ki, fərqlənmir. Bu, baxışın miqyasından
asılıdır". "Elmin hikmətini" hiss etmədən
Qazi Bürhanəddin, İmadəddin Nəsimi haqqında
yazmaq olmazdı. Bu hikmət belə idi: "Klassik şeir
üslubu ilkin olaraq dini-təbliği ehtiyacdan və ictimai
sifarişdən yaranmışdı. Nəsimi,
Füzuli şeiri, ilk növbədə, şairlərin
özü və müasirləri üçün, onların ətrafı
üçün hər şeydən öncə tək
Allahın qüdrətini təbliğ və tərənnüm
edirdi".
Təsadüfi deyil ki, dünya
şərqşünaslığında belə bir fikir yer
alır: "Poeziya ərəblərin arxivi
sayılırdı" (Şarl Pella).
"Nəsimi və
klassik dini üslubun təşəkkülü"
monoqrafiyası müasir elmin orijinal səviyyədə
yazılmış yeni və elə bundan dolayı xeyli
mübahisəli əsərdir. Yeri gəlmişkən,
bu il davamı olaraq Rəhimin "Nəsimi
nədən ənəlhəqq dedi" kitabı çap
olundu. Bu onun Nəsimi və hürufilik
haqqında üçüncü kitabıdır. İkinci kitabda, "Cavidannamə"də qoyulan
problemlər burada davam etdirilir. Xüsusilə, Fəzullahın
ölümündən sonra keçirdiyi
sarsıntıların mənası açılır: "Fəzullahın
qətl edilməsi haqqında şeirlərdə ağrı və
kədərlə yanaşı, sevinc, tapıntı sevinci, bəraət,
töhfə, xoş xəbər də var idi və böyük
ehtirasla ifadə olunurdu". Rəhim Əliyevin
İmadəddin Nəsimi haqqında monoqrafiyaları gələcəyin
kitablarıdır. Onlar gəncliyimizə
klassik bədii sərvətlərin ədəbi-tarixi və bədii
fəlsəfi mahiyyətini heç bir ideoloji qatqı olmadan
yalnız bədii ədəbiyyatın stixiyasına müvafiq
öyrənməkdə yardımçı olacaqdır.
R.Əliyevin "Sözün mifi" kitabı
da öz orijinal yanaşmalarına görə diqqəti cəlb
edir, ciddi maraq doğurur. Əsərdə
fonetik sözün və fonetik yazının mənşəyi
problemi nəzərdən keçirilir. Bu eksperimentlərlə
zəngin kitabdan bəzi nəticələrə nəzər
salaq:
- "Yazı itməyən və
bununla ictimai xarakter alan informasiya forması
idi. İtməyən və ölməyən
informasiyadan istifadə, onu qorumaq üsulları, müasir
sivilizasiyanın əsasını təşkil edir".
- "Ədəbiyyat
bütün hallarda mifdir. Həqiqətin
sublimasiyasıdır və mistikadır, eyni dərəcədə
ədəbiyyat dünyanı və müəllifin öz
eksistensiyasını şərh etməkdir, fərdi müəllifdir
sübutsuz insan həqiqətinin variantıdır".
- "Yazı milli
dillər haqqında elmə yox, işarə sistemləri haqqında
elm olan semiotikaya aid anlayışdır".
Maraqlı və mübahisəli fikirlərdir. Mübahisəsiz
olan budur ki, bu fikirlər, belə düşüncə tərzi
yenidir, orijinaldır.
XXI əsrdə ötən dövrdə xüsusən
2008-ci ildə uzun fasilədən sonra bir neçə ədəbiyyat
nəzəriyyəsi çap olundu. X.Əlimirzəyev "Ədəbiyyatşünaslığın
elmi nəzəri əsasları", M.Əliyev "Ədəbiyyat
nəzəriyyəsinin əsasları", V.Əhməd
"Ədəbiyyatşünaslıq", N.Qəhrəmanlı
"Ədəbiyyat nəzəriyyəsi və Rəhim
Əliyevin "Ədəbiyyat nəzəriyyəsi"...
Bütün digər müəlliflərə hörmətimlə
bərabər, deməliyəm ki, Rəhimin kitabı o vaxta qədər
yazılanların hamısından konseptualdır:
anlayışlar yeni, münasibət tərzi orijinaldır. O, ədəbiyyat
nəzəriyyəsinə anlayışlara, mətnlərə
izah verən elm kimi baxır.
Əsərin ədəbiyyat
haqqında elmin qısa tarixi adlanan birinci fəsli dil, din və
mətn münasibətlərində ədəbi cərəyanlar
və ədəbi məktəblərdən bəhs edir;
İkinci fəsildə sözün, mifin və yazı dilinin
ortaq mənşəyi nəzərdən keçirilir;
Üçüncü fəsildə isə dünyanın ədəbi
söz və mətnlə fərdi qavrayışından
söz açılır; Dördüncü fəsildə
"Ədəbiyyat nədir?" sualına cavab verilir. Onun predmeti və tarixi funksiyası izah edilir;
Beşinci fəsil ədəbi əsər dünyanın hadisəvi
obrazı kimi və altıncı fəsil ədəbi əsərin
yaranması və ədəbi prosesə daxil olması məsələlərini
ehtiva edir. Bu "Ədəbiyyat nəzəriyyəsi"
göstərir ki, Rəhim Əliyev heç kimə bənzəməyən,
öz konsepsiyası olan novator nəzəriyyəçi
alimdir: məsələn, "dramda dialoq həm də
obrazlılıq formasıdır və dünyanın gözlə
görmənin əsas üsuludur". Dram
növü barəsində yazılanlarda belə sadə və
mahiyyətli fikir tapmaq çətindir. 366 səhifəlik
bu fundamental kitabda belə nadir mülahizələr
çoxdur, bu kitab ali məktəblərin
tədris proqramlarına sığışmır.
Rəhim Əliyev
hazırda ömrünün 70-ci baharında -
qocalığın gəncliyini yaşayır. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi
Azərbaycan ədəbiyyatı şöbəsində gənclik
həvəsi və müdrik təfəkkürlə güney ədəbiyyatımızı
tədqiq edir. Onun "Taleyin sözü"
adlanan fundamental kitabının iki yüz səhifəlik
üçüncü hissəsi "Cənubi Azərbaycan ədəbiyyatı"
adlanır. Burada habelə "XX əsrin
birinci yarısında cənubda anadilli ədəbiyyatın
inkişafı" monoqrafiyası yer alıb. Adlarından da bəlli olduğu kimi, burada bizim
müstəqillik dövrü üçün zəruri olan ədəbiyyatımızın
bir qolu öyrənilir.
Bütün bunlarla
yanaşı, Rəhim Əliyev cox fəal və təmkinli,
sözünü vaxtında və əsaslı tərzdə
deməyi bacaran milli ziyalı və peşəkar tənqidçidir.
Onun Azərbaycan üçün ağır keçid
dövründə - 1988-94-cü illərdə
yazdığı ictimai tarixi məqalələr -
"Gücümüz birlikdədir və ya müxtəlifliyin
birliyi", "Cəlilizm yolu və ya salavat gücə
bağlıdır", "Müstəqilliyimiz və islam", "Ana dili söz və
qayğı", "Əlifba məsələsi və ya
millətin oyanması", "İşğal edilmiş
torpaqların taleyi və Nəriman Nərimanov təcrübəsi"
və s. zamanında öz praktik tarixi əhəmiyyətini
göstərmişdir. Bu yaxınlarda "Ədəbiyyat
qəzeti"ndə dərc olunmuş irihəcmli və
tarixi-siyasi məzmunlu "Nəriman Nərimanov - siyasətçi"
məqaləsi göstərdi ki, Rəhim Əliyev yenə
öz ampluasındadır. Onun ədəbi
tənqidi irsi xüsusu bir tədqiqatın mövzusudur. Çünki onun ictimai fəlsəfi, ədəbi-tənqidi
məqalələri konyunktur yazılar deyil. Rəhim Əliyevin kitab və məqalələrində
millət üçün, Azərbaycan üçün
döyünən yorulmaz bir ürəyin ritmi var. Bu tənqid
həmişə təzə, həmişə canlı və fəaldır.
Çünki obyektiv həqiqətləri
uzaqgörənlik və cəsarətlə ifadə edir.
Qeyd etdik ki, Rəhim
hamımızdan fərqli olaraq, bədii mətnlərlə
işləməyi bacarır. Fəhmlə
mətni duyur və tarixi mənası üzərində
düşünür. O, ədəbi tənqidi
yazılarında da, elmi nəzəri məqalələrində
də simvollardan istifadə etməyi bacarır. Rəhimin
dili Yaşar Qarayevin dili kimi obrazlı dildir. O,
sözü fəhm edir. Sözün
özündən başqa, aurasını, haləsini
görür və eşidir. Onun təfəkkürü
sözün taleyinə işıq salır. Rəhim də sözü özünə yaxınlaşdıra,
sözlə söhbət edə, sözün içini
görə bilir. Bu Nadir oğlu Rəhimə
xas olan nadir istedaddır, anadangəlmə vergidir. Ona
görə də bu tənqidçi Cəfər
Cabbarlını da, Qazi Bürhanəddini də, İmadəddin
Nəsimini də, Məhəmməd Füzulini də, müxtəlif
əbədi cərəyanları - sufizmi, hürufizmi,
klassisizmi, maarifçiliyi, romantizmi eyni müstəvidə təhlil
edə bilir.
XX əsrin 80-ci illərinin
sonunda mürəkkəb keçid dövründə o, Cəfər
Cabbarlının yaradıcılığını
maarifçi realizm estetikası məcrasında tədqiq edərək,
bu milli yazıçının sosializm realizmini totalitar təzyiqindən
xilas etdi. İlk dəfə biz 1986-cı
ildə tamamlayıb qaragürühün böyük
müqavimətindən sonra 1990-cı ildə müdafiə
etdiyimiz doktorluq işimizdə ədəbiyyatın ictimai
tarixdən tam asılılığı haqqında qüvvədə
olan marksist konsepsiyaya son qoyduq. Bədii ədəbiyyatın
öz stixiyası olduğunu sübut etdik. Bunların hər ikisi o zaman çətin məsələ,
o dövrün düşüncəsinə görə səhv
fikir idi.
Rəhim Əliyev
peşəkar tənqidçi, tənqiddə nəzəriyyəçidir,
intellektualdır. Ümumiyyətlə, təsvirçiliyə
qarşı barışmazdır. Ustadımız
Yaşar Qarayev bizə deyirdi ki, "Mirzə Fətəli
Axundzadə haqqında ən yaxşı əsərin müəllifi
Axundzadənin arxivinə ən az bələd olan Cəfər
Cəfərovdur". Arxiv alimi
başqadır. O, salnamə yazmaqla məşğul olur.
Bu da lazımdır. Lakin ədəbiyyatçılıq
idrak hadisəsidir. Böyük nəzəri
ümumiləşmə qabiliyyəti, bədii sözün də,
elmi sözün də gözəlliyini duymaq, fəhm tələb
edir. Xoşbəxtlikdən bizim nəsildə, o cümlədən
filologiya elmləri doktoru, professor Rəhim
Əliyevdə bu istedad başlıcası isə ən qiymətli
milli sərvətimiz, tarixi saxlancımız olan bədii ədəbiyyata
böyük sevgi var. Rəhimin mənəvi haqqı var: mən
ədəbiyyatın yiyəsi - tənqidçiyəm desin! Ona növbəti onilliklərdə daha böyük
uğurlar, bunun üçün isə
cansağlığı arzu edirəm.
26 sentyabr 2020
Nizaməddin Şəmsizadə
Ədəbiyyat qəzeti.- 2020.- 17 oktyabr.- S.24-25.