Hər yan yurdun
bayrağına,
Hər kəs
əsgər paltarına
büründü.
Nə müddətdi əsir idi
Qarabağda doğmaların qəbri.
Axır
ki, dözə bilmədi,
odlandı Odlar Yurdunun
qeyrət, şücaət,
nifrət yükü
- səbri.
Hər yan yurdun bayrağına,
Hər kəs əsgər paltarına büründü.
Uşaqdan-böyüyə bir xalqın
Hürlüyü, birliyi göründü.
Bu gün ataları, qardaşları
düşmən üstünə
səkir.
Uşaqlar rəngbərəng
müharibə şəkilləri
çəkir.
Şəkillərdə top-tüfəng,
şəkillərdə qan-qada,
şəkillərdə ölüm
var.
Şəkillərdə yaralı əsgərlərin harayı,
şəkillərdə əsgər
analarının fəryadı...
***
Müharibə şəkilləri
çəkir bizim uşaqlar,
Qarabağdı müharibənin adı.
Bu gün bizim bir adımız
Qarabağdı, Qarabağ!!!
Qarabağdı
udduğumuz hava,
Qarabağdı
öpüb göz üstünə
qoyduğumuz torpaq.
Qarabağdı
Arifin, Alimin, Mənsumun səsi.
Bu məmləkət -
"Qarabağ şikəstəsi"...
İnsafın olsun, qarabağlı
oğlan,
Allahı sevərsən belə oxuma.
Gecələr ana yurdumun dağları
girir yuxuma.
Cökə qoxuyur
bizim dağların sisi, dumanı.
Ana südü, dağ çiçəyi
dərdimizin dərmanı.
Biz həm şahid olduq,
həm şəhid olduq
o dağlarda qalıb mənim ürəyim.
Söylə, indi nəyə
yarar
mənim arzum, diləyim?
Söylə indi qar yağırmı
güvəndiyim dağlara?
Söylə indi necə dönüm
mən o əski çağlara?
***
Xalqın
özü cəbhədə,
Xalqın gözü cəbhədə.
Qulaqlar şəkli-şəkli,
Xəbərlər rəsmi-rəsmi.
Uşaq
qeyrəti güzgüsü,
Qarabağ həsrəti, üzgüsü
-
balaların şəkli,
rəsmi.
Cəbhədə qara yellər əsir,
toplar qulaq batırır.
İllərdi Qarabağ əsir.
Bir səbrin partlayışından
Yer titrəyir,
göy əsir.
Uşaq
şəkillərində
düşmənlər üstələnir.
Rənglərlə qələbənin
himni bəstələnir.
Qovulur Qarabağdan
Qara niyyət,
qara yağı.
Səslənir,
ucalır göyə,
"Qarabağ şikəstəsi"
- nəğmə bayrağı.
Bir səbrin,
dözümün partlayışı
Qoyur qələbənin
himnini.
Bəstələyir hünərin,
zəfərin -
Qarabağ himnini!
***
"Qarabağ şikəstəsi"di
bu gözəlim məmləkət.
Dağlar
bizə,
biz dağlara həsrət.
Şuşanı, Laçını bir
də görmədən
ölümə can vermərəm
mən -
dayanaram sinə gərib.
Şuşalı, laçınlı uşaqlar
böyüyür,
köçkün şəhərciyində
Qarabağı görmədən - qərib-qərib...
Nə hərb, nə sülh
dövrünün uşaqları
yuxularında belə
görməyib onlar
Qarabağın özünü,
Şuşa, Laçın dağlarını.
Hacısamlı meşəsini,
Şəlvə dərəsini,
Cıdır düzünü.
Köçkün şəhərciyində
oğul doğur analar.
O oğullar böyüyüb
Vətəni qoymaz darda.
Yeri gəlsə dönərlər
hər biri bir boz qurda.
Köçkün şəhərciyində
üzü ulu, doğma yurda boylanan
boynu bükük
bənövşədir sonalar.
Köçkün şəhərciyində
şeir yazır qarabağlı şairlər,
bağrı dağlı
şairlər.
Quşlara qoşulub dağlara
sarı
Uçmaq, uçmaq istəyir
yazdıqları şeirlər.
Köçkün şəhərciyində
şeir yazır Türk oğlu.
Yazdığı şeirlər
Yer üzünə, göy üzünə,
Dünyaya, insanlara
sevgi, məhəbbətlə
dolu.
Baxın,
qan ləkəsi var
Azadlıq meydanında.
Qan ləkəsi var, şair,
biganələrin ütülü
vicdanında.
Baxın,
qan ləkəsi var
şairlərin şeirlərində,
Uşaqların çəkdikləri şəkillərdə.
Baxın,
qan ləkəsi var,
yaralı könüllərdə.
Qan ləkəsi var
Qarabağlı oğlanın
yanıq səsində
Qan ləkəsi var
"Qarabağ şikəstəsi"ndə.
***
Nə vaxtdı el yerimir
bizim dağlara sarı.
Otuz ildi ərimir
əsir dağların qarı.
Yuxularda
görürəm -
dağ yolu çınqıllı, daşlı.
Yol üstə mələk anam,
yenə gözləri yaşlı.
Yol üstündə bir gəlin,
lalə kimi həyalı.
Dağlar
yağı əlində,
olubdu dağ xəyalı.
Yol üstündə bir uşaq
göz yaşını
gizləyir.
Ay-ulduzlu ordunu
qələbəylə gözləyir.
Yol üstündə bir şair -
baxır dağlara
sarı.
Misraları həsrətdən
Xəzantək sarı, sarı.
Yol üstündə bir ağac -
Ağacda quş yuvası.
O kimdir oxuyur, Tanrım,
səsində qürbət
havası?
***
Röyada
bir dağ kəndi,
damı, daşı yaralı.
Kəsilib bənd-bərəsi
adamlardan aralı...
Ağacların içində
yanıq cökə
ağacı.
O da ağac şəhidi,
O da ağac qaxacı.
Geri dönə bilməyib
ordan keçən durnalar.
Susdurub
"Vağzalı"nı
qız köçürən
analar.
Ürəklərə dar gəlir
sinələrin qəfəsi.
Təsəlli deyil artıq
durna qatarının səsi.
Axır
ki, bir millətin
Səbri ona dar gəldi.
Qarabağın itkisi
hər insana ar gəldi.
***
"Qarabağ şikəstəsi"di
bu gözəlim məmləkət,
Dağlar
oğludu
Laçınlı Əhməd.
İçini didir
bir dəli həsrət.
Bir vaxtlar vardı,
bir vaxtlar vardı -
Qarabağı Əhmədə
həm yurddu, həm də yardı.
Həkəri çayında axıb
getdi Əhmədin
dəli-dolu gəncliyi.
Köçkün şəhərciyində
lövbər saldı
dincliyi.
Birtəhər ömür sürür
-
nə rahatlığı
var, nə də dincliyi.
..."Qarabağ şikəstəsi"di
məmləkət
"Aləm cənnətə dönsə
Yaddan çıxmaz
Qarabağ".
Yandım,
yandım, ay ana,
ölümdən qorxmur laçınlı Əhməd,
amma qəriblikdə
ölmək
çox ağır
gəlir ona.
O dağlar oğludu,
bəxtsiz, talesiz bir dağlar oğlu.
Qolları açıqdı,
yolları bağlı.
Bir ömür yaşayıb
ağlı-qaralı,
qaralı-ağlı.
Qarabağ şikəstəsi oxunanda
qarışır Əhmədin
ağlı.
Mələk üzlü anası
dərddən yumağa
dönüb
Sıxılıbdı bir küncə.
Hər gün yüz yol ölüb-dirilir
bu zavallı ananın gözlərini görüncə...
Ana, ana, ay anam,
saçları bəyazı
anam;
həsrəti ayazlı
anam
Az qalıb olacaqsan
Qarabağ yazlı, anam.
***
Hələ müharibə şəkilləri
çəkir bizim körpələr
Uzanır
Qarabağa
Rəsmlərdən körpülər.
Müharibə şəkilləri çəkir
bu gün bizim uşaqlar.
Şəkil - zəfər yazılır,
Azərbaycan bayrağı,
o yerlərdən asılır.
Hər
an, hər gün eşidilir
Murovdağdan,
doğma əziz
Qarabağdan
Zəfər dolu sorağımız.
Doğma
yurdun dağlarında
daha da gur alovlanır
öz odumuz, ocağımız.
***
Bir oğul da dönməyir
Yurdunun yad daşına.
Haqqın
həqiqətiylə,
Xalqa sədaqətiylə
Qələbə, zəfər yazır;
Tarixin yaddaşına -
Tarix yazan sərkərdəmiz!
Hər sözündə, kəlməsində
Ümid
var, qətiyyət var
Məğrur baxışlarında
Sevgi var, ləyaqət var.
Düz yolu - Heydər yolu,
Öz yolu - Heydər yolu.
Ulu öndərin oğlu
Ucaldır hür səsini.
Xalqımın gücüylədir
Xalqımın zəfər yolu.
Yazır
Qarabağının
Hünər salnaməsini.
***
Bu gün bir döyüşçüdür
Millətimin əsgəri.
Qarabağnamə yazır
Azərbaycan əsgəri!
Sənin
ilə sona yetsin
bu ayrılıq, bu həsrət.
Sona yetsin bu intizar,
sona yetsin bu möhnət.
Azərbaycan əsgəri!
Sənin
ilə qarşılarıq
müjdə dolu səhəri
Sən ey cəsur, qorxu bilməz,
Azərbaycan əsgəri!
Sənə qurban bu baş, bu can,
Azərbaycan əsgəri!
Hər
an səndən gözləyirik
Qələbəni, zəfəri.
Var ol! Var ol!
Yaşa!
Yaşa!
Azərbaycan əsgəri!
Şəhidlərin qisasını
alacaqsan bilirəm.
Tarixlərin yaddaşında
qalacaqsan bilirəm.
Aman vermə
dəl bağrını
düşmənin.
Şərəfləndir tarixini -
Zaman sənin,
an sənin.
Qoy, kəsilsin torpağımdan
yad ayağı, nəfəsi.
Qoy yayılsın Qarabağdan
bu dünyaya haqq səsin.
Qələbəylə açılsın
hər səhərin,
Tarixinə qızıl xətlə
yazılsın hər
zəfərin!
Hər
an səndən gözləyirik
qələbəni, zəfəri.
Tanrı
sənə kömək
olsun,
Azərbaycan əsgəri!
***
Müharibə şəkilləri
çəkir bizim uşaqlar,
Qarabağdı müharibənin adı.
Bu gün bizim bir adımız
Qarabağdı, Qarabağ!!!
Ağlamaqla, sızlamaqla
bu dərd çözülən deyil.
Şair
dostum, ümidlən
ümid üzülən
deyil.
Sınaqlara çəkdi bizi,
illər boyu bu həyat.
Vətən, canım sənə
qurban!
Başqa
bir yol yoxsa
artıq
bir yolumuz var - cihad!
Cihad! Cihad! Cihad!
Dağlar
bizi gözləyir
Allah, mənə qanad ver,
Qanad! Qanad! Qanad!
...Hər mərmi bir zəfər toxumu,
Ordumuz qələbə
əkir.
Uşaqlar da sevincinə boyayıb
Qələbə şəklini çəkir...
Adil Şirin
Ədəbiyyat qəzeti.- 2020.- 17
oktyabr.- S.14-15.