Saramaqonun
"iki üzü"
Bütün dünyada nasir kimi şöhrət tapmış, Nobel mükafatına
layiq görülmüş
Joze Saramaqonun həm də şair olduğundan xəbərsiz idim. Düzü,
şeir kitabı rastıma çıxanda almağa tərəddüd
etdim, düşündüm
ki, yəqin, şeir onun "əlavə işi"dir.
Amma bir neçə şeirini oxuyandan və ömrünün sonuna qədər poetik əsərlər yazması
həqiqətini biləndən
sonra fikrimdən daşınıb kitabını
aldım.
Joze Saramaqo bizim ədəbi mühitin dəbdə olan bənzətməsi ilə
desək "kitabdan gəlmə şair"dir.
Amma bir çox bu tipli
şairlərdən fərqli
olaraq onun yazdıqları yalnız
"beyin suyu" deyil. Çünki Saramaqonun həyata,
dünyanın min bir üzünə dərindən
bələd olduğunu
onun romanlarından yaxşı bilirik.
Joze Saramaqonun
şeirləri ilə
nəsr əsərləri
arasında ümdə
fərqlər hansılardır?
l Əgər Saramaqo romanlarında "ölüm
olmasaydı nə olardı?", "həyat
bir filin səyahət gündəliyidirmi?",
"İsa Məsih günümüzdə doğulsaydı
ona münasibət necə olardı",
"hər kəs eyni vaxtda kor
olsaydı vəziyyət
necə dəyişərdi?"
kimi "oyun suallar"a üstünlük
verirsə, şeirlərində
həyatın cavab verməyə çalışdığı,
dünya tarixinin müəyyənləşdirdiyi, təcrübələrin dönə-dönə
təsdiq elədiyi məsələlərə və
məqamlara qayıdır.
Əgər o, nəsrdə alternativ
dünyadan ilhamlanırsa,
şeirdə onu düşündürən dünyanın
sonsuz təkrarlardan ibarət olmasıdır.
l Əgər Saramaqo nəsr əsərlərində
dünyanın gedişatında
məntiq tapa bilmir və həyatı daha dürüst ifadə etməyin yolunu ironiya hesab edirsə,
şeirdə o, həyatın
üstünə getməyi,
onu çılpaq həqiqətləri ilə
dərk etməyi üstün tutur.
l Saramaqonun nəsr əsərlərindəki şöhrətli
personajlar siyasətdən
götürülüb, şeirlərində
isə ədəbiyyatdan.
l Saramaqo nəsr əsərlərində bu
dünyanın yükü,
gerçəkliyi ağır
gəlir, şeirlərində
o dünyanın, yaxud
hansısa mücərrəd
aləmlərin.
l Saramaqo romanlarında nə qədər soyuq ağıl sahibidirsə, praqmatik damarı daha qabarıqdırsa, şeirlərində
o qədər çılğındır,
etirazçıdır. O özü
bu barədə yazır: "Mən bu şeirləri yazdığım dövrün
amansız sükutundan
indinin azad sözlərinə aparan yolda, altmış il haqq-hesab çürüdəcəyimi
cavankən düşünə
bilməzdim, elə indiki qocalığım da belə bir
nəticəyə gələ
bilməzdi. Hər halda, cavanlığımın
bilmədiyini indiki mən bilirəm: İnsan bir gün hər şeyin dilə gətirilə biləcəyinə
ancaq 20 yaşında inana bilər".
l Saramaqo romanlarında müxtəlif üslubların
sintezinə nail olmaqla,
ədəbi cərəyanların
şərtiliyini göstərməyə
çalışır. Şeirdə isə realizm və romantizm sintezi ilə yetinir. Makado yaradıcılığına hədsiz meyli də dediklərimizin qismən sübutudur.
O, bu barədə yazır: "1966-cı ildən
bəri şeir kitabımın girişində
Antonio Makadonun bu misralarını epiqraf seçmişəm:
Vaxtımız gedir vaxta.
Ki, quyu dolub daşsın.
Fəqət onu əvvəlcə doldurmaq lazımdır.
Kimsə
ancaq uşağa xas saflıqla buna oxşar fikir deyə bilər, yəni quyu ancaq biz onu doldursaq daşar,
amma mən boş kağız qarşılığında yazdığım
bütün kitablarımdan
mərcə girərəm
ki, "Qastiliya çölləri"ni yazan
şair fikirləşdiyi
quyunun (həyat, yoxsa əsər?) daşacaq qədər dolmayacağını çox
yaxşı bilirdi, çünki heç kəs o quyunu ağızbaağız doldura
bilməz. Daşın
aşağı yuvarlanacağını
bilsə də, onu zirvəyə qaldıran Sizif kimi dibsiz bir
uçurumu əbəs
yerə doldurmaq istəyən, buna əbədiyyən məhkum
olan Danaidlərsayaq, əbədiyyətin haçansa
ona təmas etməyimizə icazə verəcəyi ümidi ilə hərfləri dalbadal düzən hamımız kimi... Antonio Makado hardasa
bu arzusuna çatacaqdı. Sadəcə, buna vaxt çatmadı".
Bütün bu sadalanan dünyagörüşü
fərqləri həm
də aləmə şeir, yaxud nəsrin gözüylə
baxanda yaranan fərqli mənzərələrdir. Saramaqonun nəsr,
yaxud şeir yaradıcılığını hardasa sual-cavab saymaq olar. Ancaq tam mənada demək olmaz ki, Saramaqonun suallarına cavab verən Saramaqo, doğrudan da, qoyulan suallara cavab tapa bilib...
Fərid Hüseyn
Ədəbiyyat qəzeti.- 2020.-
17 oktyabr.- S.3.