Mumiyalama,

yaxud şeirdə ikiüzlülük

 

Yaşayarkən ölüm haqqında danışa bilərəmmi?

İnildəyə bilərəmmi xəyali aclıqdan?

Şeirin içində gizlənib döyüşə bilərəmmi?

Özüm heç ola-ola hər şeyi təqlid edə bilərəmmi?

 

Həqiqətin içindən çəkib çıxara bilərəmmi həqiqəti?

Bulaqlarla sulaya bilərəmmi çölləri?

Dəyişdirə bilərəmmi silahları alətləri?

Mənasız bir gecəni

            ucaltdığım günəşlə işıqlandıra bilərəmmi?

 

Hər şey aciz qalırsa hədər sözlərə

onlarla örtə bilirəmsə sığınacağımı

onda, deməli, kölgənin yuvasındakı işığı inkar edirəm.

Eynən mahnı kimi,

onlar da özünü inkar edər sözləri mumiyalayaraq.

 

Pəncərə gözlər dustaq qanadlar,

mən sözlərdən ancaq

həqiqətlərin izinə düşməkçün yararlanıram.

 

Köhnə üsluba elegiya

 

nəyisə güclə bəyənirəm,

tez çıxıram özümdən.

O vaxt ki, dünyada daha

bəyənməyə bir şey qalmayanda.

 

Eşq bitəndə

həyatın xarabalıqlarına

baxmaq arzusu da ölür

onunla birgə.

 

Dayanıram çayın o tərəfində ki,

orda heç kəs suyun səsinə qulaq asmır,

qarşı tərəfdəsə var möcüzəvi yerlər

yaşıl, ucsuz-bucaqsız sahillər.

 

Əllərimi palçığa soxuram,

dörd yüz nəsil yaşayıb burda.

Uzun bir yuxu keçir başım üstdən

göy üzü qaralanda.

 

Eh insan taleləri,

eh mənim taleyim,

əvvəlcə səs kəsildi,

sonra da hıçqırıq boğuldu...

 

Bircə dua

 

Bircə duam var, amma Allaha yox,

onun harda olduğundan xəbərsizəm,

bilmirəm məni tanıyır, yoxsa yox?

Həyatın yaddaşına əmanət edirəm özümü.

Bəziləri buna aqibət deyir,

bəzilərisə Allahın qisməti.

Alın yazın yoxdursa,

Allahın da

bağışlamaqdan özgə gücü yoxdur.

Bircə duam var,

haçansa çevriləcəyim kölgə,

heç olmasa bunu eşitsin.

Çünki o dua insan əməlləri

ondan sonra xatırlanacaq

hadisələr haqqındadır.

Artıq mənimtək yox,

dünyadan əl çəkirmiş kimi

boşalmalıdır tutan qol.

Təzədən doğulsun ovucda

buza dönmüş güllərin

sinələrin xatirəsi.

Heç kəs əbədiyyətin bəxşiş payından

başqa bir mirasa layiq deyil,

Sinə bəsdir, gül çoxdur

bütün həyatın yaddaşına.

 

Məlumat

 

Xeyr, ölüm deyilən şey yoxdur,

adicə daş da ölü deyil,

heç yerə düşən meyvə .

Toxunan barmaqlarım həyat verir onlara,

nəfəs alırlar qanımın ritmiylə,

onlara dəyən nəfəsimlə.

Bu əl bir gün quruyanda da,

başqa bir əlin xatirəsində

əbədiyyən yaşadacaqlar varlıqlarını.

Eynən  ağzın sakitcə qoruyacağı kimi

öpdüyü dodaqların dadını.

 

Yox demək günü

 

Yalançı mənzərələrdən,

Ay işığından şəfəqdən,

rayihələrdən güllərdən,

yalançı başgicəllənmələrdən

əl çəksin şeir.

Bu havayı geyimlərdən .

Quru olsun, kobud olsun,

amma daşlaşmış ayaqlar kimi

söz açmasın ürəkdən.

danışsın zərifliklərdən.

"Yox" lazımdırsa, "yox" desin,

təlxəklik eləməsin.

Çəksin əlini, ayağını xəcalətdən.

Qışqıranda

qulaqlarını tıxayanları hədəf seçsin.

Mənim haqqımda danışası olsa,

ancaq tikanlı sözlərə icazə var.

Əgər, doğrudan da, şeirdisə belə olsun:

Qapılar qapalı, küçələr sehrli.

 

Eh, bu misralarda

gör necə intizarını çəkirik

"bəli" sözünün.

 

Çünki zaman axır

 

Çünki dayanmır zaman,

eybi yoxdur,

əgər keçən günlər yaxınlaşırsa

zəhərli su dolu o stəkan

həyat təşnəsinin qeyb olduğu yerdədirsə.

 

Saymırıq ötən günləri

sanki bu gün doğulmuşuq.

Hələ həyat yenicə başlayıb

daha uzaqda

bizi gözləməkdən yorulub ölüm.

 

Joze Saramaqo

 

Tərcümə edən:  F.Hüseyn

 

Ədəbiyyat qəzeti.- 2020.- 17 oktyabr.- S.3.