ƏDƏBİ
DÜŞÜNCƏLƏR
Feyxtvanger və onun
"Yalançı Neron"u
Mənim üçün iki yazıçının
tarixi-bioqrafik əsərləri klassikadır - Lion Feyxtvangerin
və Stefan Sveyqin.
Sveyq nə qədər lirik-psixoloji araşdırıcıdırsa,
bir o qədər də Feyxtvanger epik-psixoloji
araşdırıcıdır.
Onların ikisi də yazdıqları
zamandan asılı olmayaraq, xisləti araşdırır.
Sovet ədəbiyyatşünaslığı
deyir ki, Feyxtvanger
"Yalançı Neron"u faşizmi, şəxsən
Hitleri nəzərdə tutaraq yazıb (guya, bu, əslində,
faşizm haqqında romandır?!), yəni Feyxtvanger müasir
dövrü qədim Romaya köçürüb.
Bilmirəm, nə dərəcədə
doğru fikirdir (ola da bilər, Feyxtvangerin
arvadı Marta Lefflerin xatirələrini oxuyanda görürsən
ki, onların başı faşizmdən çox bəlalar
çəkib), ancaq mənim üçün bu roman
epoxasından asılı olmayaraq, cəmiyyətin (fərqi
yoxdur, hansı cəmiyyət olur-olsun - Antik dövrdən
tutmuş, kapitalizmə, bizim də bu sosializmə qədər!)
mahiyyətini, iç üzünü açmaq
baxımından son dərəcə dolğun bir əsərdir
və yəqin elə buna görə də bu romanı oxuyanda
tez-tez "Don Kixot" yadıma düşürdü.
Burada da Feyxtvangerin başqa bioqrafik romanlarında olduğu kimi (mənim
ən çox xoşuma gələn Russo haqqında
yazdığı "Qəribə adamın
müdrikliyi"dir), insanın daxili aləmi və əxlaqi-sosial
problemləri ilə bədiilik arasında üzvi bir vəhdət,
harmoniya var.
Özünü Neron elan etmiş Terensiyanı əhatə edən
mühitin, onun özünün, dostlarının və
düşmənlərinin, kasıbların və
varlıların, bir sözlə, cəmiyyətin
intriqaları, riyakarlığı, amansızlığı və
yaltaqlığı, ikiüzlülüyü və xəyanətkarlığı,
nadanlığı və təkəbbürü, kütlə
psixologiyası - kimisə birdən-birə bütə
çevirir və sonra elə həmin sürətlə də
yerə çırpır - bütün bunlar dediyim o vəhdət
və harmoniya ilə təsvir (və tədqiq!) edilir.
Qəddar
və mənasız bir vücud olan Terensiyanı sağ
qalmış Neron adı ilə taxta çıxaranlar, bu
yalançı Neronun taxtının laxlamağa
başladığını hiss edən kimi də dərhal
qaçırlar, düşmənlərin havadarlarına
çevrilirlər və onların laxlamanı əvvəldən
hissetmə qabiliyyəti (əslində, bu da bir vergidir!) öz
şikarını axtaran heç bir vəhşi heyvanda da
yoxdur.
Terensiya
başda olmaqla, Romanın bütün qəhrəmanları
canlıdır, ətli-qanlıdır, bəzən də
Feyxtvanger hadisələri bir tarixçi kimi nəql edir, ancaq
bildiyim dərəcədə, tarixdə Terensiya haqqında
üç-dörd cümlədən artıq bir şey yoxdur
və bu - Feyxtvangerin (yazıçının!)
yazdığı tarixdir.
Sveyqin, Firidun bəy demişkən, təhkiyeyi-kəlamı
Heminquey kimi nə qədər yüngüldürsə
(yaxşı mənada), Feyxtvangerin təhkiyeyi-kəlamı
Folkner kimi ağır çəkilidir.
Mənim üçün Feyxtvanger
XX əsrin böyük yazıçılarından biri - birincilərdən biridir.
Nodar Dumbadze haqqında
Keçən həftə Tiflisdən qayıtdım, elə
o vaxtdan da bu roman mizimin üstündə idi, bazar günü
oxudum.
Ayın
4-ündə* axşam "Vremya" xəbər
verdi ki, Nodar Dumbadze vəfat edib, bir az
keçəndən sonra Sahib Quliyev** mənə (evə) zəng
elədi ki, Kamran Bağırov xahiş edir Dumbadzenin dəfnində
iştirak edim. Dilarəyə*** telefon
açıb Leyla Eradzenin**** telefon nömrəsini aldım və
onunla danışıb səfərimi götür-qoy etdim.
5-ində səhər Tiflisə uçdum,
aeroportdan da Mirzə müəllimə***** xəbər verdim
ki, Tiflisə gedirəm.
Dumbadzeni böyük təntənə
ilə dəfn etdilər və bu, təşkil
olunmuş təntənə deyildi, Şevardnadze başda
olmaqla, bütün millət Mziuri parkınacan onu çiynində
apardı, orada da torpağa tapşırdı.
Mənə elə gəlirdi
ki, onun tabutunu qaldırıb aparan bu
böyük izdihamın əli, çiyni deyil, onların
sevgisi, məhəbbətidir və mən dəfn mərasimində
bu boyda izdihamı, belə bir millət sevgisini düz 28 il
bundan əvvəl (onda 13 yaşım var idi) Səməd
Vurğunun dəfn mərasimində görmüşdüm.
Elə həmin
axşam da
Şevardnadze bizi, yəni mərasimdə iştirak etmək
üçün gəlmiş qonaqları qəbul etdi və
onun da süni yox, həqiqi kədərini hiss etmək çətin
məsələ deyildi. "Gürcü xalqı böyük sənətkarını
itirdi, mən isə böyük sənətkarla bərabər,
böyük və əziz dostumu itirdim" - dedi.
Dumbadzeni dördüncü (!) infarkt aparıb.
Mən onunla üç il bundan əvvəl,
Moskvada Qurultay zamanı****** tanış olmuşdum. Çox
sağlam görkəmli, enerjili, zarafatcıl bir adam idi, təzəcə Lenin mükafatı
almışdı və doğrusu, mən onun
Gürcüstanda bu qədər sevildiyini ağlıma gətirmirdim.
İndiyə qədər onun
iki romanını oxumuşdum: "Mən,
nənəm, İliko və İllarion"u, bir də
"Əbədilik qanunu"nu. "İliko"
səmimi, yumoru duzlu, lirik və istedadlı bir əsərdir,
ancaq bu romanı məşhurlaşdıran Tengiz Abuladzenin
çəkdiyi film oldu. "Əbədilik qanunu" isə
Lenin mükafatı aldı (görünür, bunda
Şevardnadzenin dostluğu az rol
oynamayıb), ancaq mən o romanı indi bir biganəliklə xatırlayıram.
Bir müddət
bundan əvvəl onun
"Qorxma, ana" romanını almışdım, ancaq indiyə
qədər oxumamışdım. Bu kiçikhəcmli əsər
də səmimidir, lirikdir, yaxşı yumoru var, Dumbadze də
Heminquey kimi dialoqları çox xoşlayır və onun
istedadı sosrealizmə sığışmır, hətta elə
yerlər var ki, mən təəccüb etdim ki, Qlavlitdən*******
necə keçib. Misal üçün, sərhədi
keçmək istəyən 19 yaşlı bir oğlanı
(sovet gəncini!) tuturlar və onu dindirirlər:
"- Hara getmək istəyirdin?
- Amerikaya.
- Türkiyədən?
- Hə, Türkiyədən.
- Bəs, Vətən necə olsun?
- Hansı Vətən?
- Sənin Vətənin.
- Hə, yenə Vətən! Mən bu Vətəndən
yorulmuşam! Evdə - Vətən, məktəbdə - Vətən,
radioda - Vətən, televizorda - Vətən! Bezmişəm! Mən
harda xoşbəxt olacağamsa, ora da mənim vətənim
olacaq!".
Buradakı "Vətən" - Sovet İttifaqıdır!
Vətəndən bezmiş oğlan
da ABŞ-ın, ya İngiltərənin,
ya da AFR-in vətəndaşı deyil, sovet gəncidir!
Düzdür, sonra məlum olur ki, bu sözləri deyən oğlan
narkomandır, ancaq hər halda belə şeylərdə qazdan
ayıq olan Qlavlit, qəribədir ki, buradakı
açıq-aşkar "qızım, sənə deyirəm,
gəlinim, sən eşit"i görməyib.
Dumbadze yaradıcılığının sevilməsinin, onun
populyarlığının bir mühüm bədii səbəbi
var: o sentimentallıqdan ki, yazıçılar (mən
özüm də daxil olmaqla) qorxurlar, sentimentallığa
varmaqdan çəkinirlər, Dumbadze Aytmatovun da ilk povestlərində
("Cəmilə", "Birinci müəllim",
"Əlvida, Gülsarı") olduğu kimi, sentimental
lirikadan çəkinmir, onun qəhrəmanları, xatirimdədir,
misal üçün, "- Salam, günəş!" - deyə
günəşlə salamlaşırlar ("Mən, nənəm,
İliko və İllarion") və bu lirik-sentimental romantika
Dumbadzedə təbii səslənir, yəni sentimentallıq
onun yaradıcılığında bayağılığa,
sentimental təmtərağa, əttökən
"romantikaya" çevrilmir, dediyim kimi, təbii səslənir.
"Qorxma, ana"
bu mühüm cəhətin
"əyani" göstərcisidir.
* Rəhmətlik Sahib Quliyev
o vaxt
Azərbaycan KP MK Birinci katibinin
köməkçisi idi.
Sonralar Nazirlər Kabinetində
onunla birlikdə işləyirdik.
**
Söhbət 1984-cü ildən gedir.
*** Dilarə Əliyeva - ədəbiyyatşünas,
elmlər doktoru.
**** Leyla Eradze gürcü tərcüməçisi idi. Azərbaycan dilini bilirdi və
bizim yazıçılarımızın
əsərlərini (o cümlədən,
İlyas Əfəndiyevin "Söyüdlü arx"
romanını) gürcü dilinə tərcümə
etmişdi.
Gürcüstan Yazıçılar İttifaqında işləyirdi
və rəhmətlik Dilarə Əliyevanın
yaxın rəfiqəsi
idi.
***** Mirzə İbrahimov o zaman
Yazıçılar İttifaqının sədri
idi.
****** Sovet yazıçılarının
VII Qurultayı.
******* Sovet senzurası idi və Ədəbiyyat
və İncəsənət
Üzrə Baş
İdarə adlanırdı.
Məşuq Napoleon
Yurmalada bukinistdən Fransa
Akademiyasının üzvü Frederik
Masso adlı müəllifin rus dilinə çevrilib 1912-ci ildə
Moskvada nəşr olunmuş "Napoleon və qadınlar"
kitabını aldım, elə burada da oxudum.
Napoleon Korsikada sadə
və kasıb bir ailədə doğulub
Fransa imperatoru olmuş böyük sərkərdə idi - buna
söz yox.
Ancaq eyni zamanda bacarıqlı
da bir məşuq
imiş!
Şair ola bilərdi...
Nazim Hikmətin
Mikayıl Rəfilinin ölümünə yazdığı
şeir bu məşhur misra
ilə başlayır:
Nəslimin yarpaq tökümü
başladı,
çoxumuz qışa
qalmayacağız.
Dəliyə döndüm, Rəfili,
ölüm xəbərini
alır-almaz...
"Nəslimin yarpaq tökümü başladı"
- təsirli və gözəl poetik obrazdır, ancaq bu
obrazın (bənzətmənin) ilkin müəllifi elə Rəfilinin
özü imiş.
Şamil*
Rəfilinin makina yazısında şeirlərini mənə
verib və Rəfilinin özünün sonda qeyd etdiyi kimi,
1957-ci ilin 8 dekabrında səhər saat 3-də Moskvada
yazdığı bir şeiri belə başlayır:
İnsan
ömrü də bənzər ilin fəsillərinə...
Ömrün bağlarında açar
bəzən bənövşələr,
Bəzən də payız kimi tökülər yarpaqları;
Qış gecələri kimi
susar, ya inlər,
Ya da buz bağlayan
arzu yerinə
Kül altında sızıldayan
kösöylərdən
Qalar son
ocaqları...
Hər itən gün əbədi bir itgidir, eyvah!
Hər sönən təbəssüm
bir ulduzdur...
Bildiyim qədər, bu şeirin yazıldığı tarixdən
ölümünə - 26 aprel 1958-ci iləcən Rəfilinin
şeirləri, o cümlədən də bu şeiri çap
olunmayıb, görünür, Rəfili bu şeiri Nazimə
bağışlayıb, bəlkə elə özü Moskvada
Nazimə oxuyub və onun ölüm xəbərinin
sarsıntısı ömrün "bəzən də
payız kimi tökülür yarpaqları" obrazı
Nazimin fikrində ilişib qalıb, sarsıntı da təhtəlşüur
olaraq bu obrazı qələmin ucuna gətirib.
Elə həmin 57-ci ilin 29
dekabrında Moskvada, Nazimgildə bu zarafatyana bəndi də Rəfili
yazıb:
Badəmə nur tökür
mey kimi, sokak,
Oxusun Koroğlu bizə bir ariya...
Bu gecə gəlmişik Nazimə qonaq,
Mən ölüm,
yoxlama nəbzimi,
Qaliya**.
Nazimin həmin
şeirindəki:
Səhih
Mikayıl, şair ola bilərdin,
Professor oldun...
- misralarında aşkar bir təəssüf
var.
Moskvada,
Nazimgildə nəbzi ölçülən və "mən
ölüm"lə buna etiraz edən Rəfili düz
dörd aydan sonra 53 yaşında vəfat etdi və yəqin
bu da maraqlıdır ki, həmin 57-ci il noyabrın 9-da Rəfili
Nazimə yazdığı şeirdə "gəncliyin
solmayan yarpaqlarını" yada salır:
Qarşımda
əksin...
Əlimdə sadə qələm,
gözlərimdə Moskvada keçən
gəncliyimizin solmayan yarpaqları.
Sən
- Nazim Hikmətsən,
mən -
sadə bir tələbən.
* Rəhmətlik Şamil Salmanov ədəbiyyatşünas, tənqidçi
və şair idi, Nizami adına
Ədəbiyyat İnstitutunun nəzəriyyə
şöbəsində (Məmməd Cəfər
müəllimin şöbəsində)
bir yerdə işləyirdik.
Mikayıl Rəfilinin yaradıcılığı,
xüsusən şeirləri
ilə çox
maraqlanır
və onları toplayırdı.
** Qalina Kolesnikova Nazim Hikmətin
həkimi və
Vera Tulyakovadan əvvəlki
həyat yoldaşı
idi.
Kremlin
"Bovarixa" sanatoriyasında
terapevt işləyirdi və 1953-cü ildə
Nazimlə orada tanış
olmuşdular.
Mari Syuzini
Doğrusu, mən müasir fransız qadın yazıçıları
arasında Mari Syuzininin adını eşitməmişdim və
onun "Müasir xarici povest" seriyasından təzəcə
nəşr olunmuş* "Belə idi bizim sevgimiz"i maraqla
oxumağa başladım, ancaq get-gedə o maraqdan bir şey
qalmadı.
Povestdəki sevgi süjeti faşizm işğalına qarşı Fransa
Müqavimət Hərəkatının mübarizəsi
fonunda qələmə alınıb, ancaq yeri
düşdü-düşmədi fransız patriotluğunu
göstərmək cəhdi pis yazılmamış o eşq-məhəbbət
xəttini tamam üstələyir və bədii məğlubiyyətə
gətirib çıxarır.
Mopassanın bəzi hekayələri yadıma düşdü.
Patriotluğu patriotluğu göstərmək
naminə yazmaq (bizdə də belə
yazılar az deyil) olmaz, yəni patriotluq
müəllifin cidd-cəhdinin ifadəsi yox, onun qəhrəmanlarının
təbiətindən doğmalıdır, onların ürəyindən
gəlməlidir.
Mopassanın hekayələrində olduğu
kimi.
* Kitabxanamda axtarıb o
kitabı tapdım: 1978-ci ilin nəşridir.
Nəsimini oxuyarkən
Nəsimini anlamaq və açmaq üçün gərək
bütün ömrünü onun
yaradıcılığına həsr edəsən.
Mən
mülki-cahan, cahan mənəm, mən!
Mən həqqə məkan, məkan mənəm, mən!
Yəni bütün kainat ki var, həmin
"mülkü-cahan" bizik - mənəm, sənsən,
odur, o birisidır. "Həqqi-məkan" - belə
başa düşürəm ki, söhbət Allahın məkanından
gedir və o da bizik, mənəm, sənsən, odur, o birisidir.
Bu nədir, Allahı
danmaqdır, yoxsa inananları başa
salmaq işində Allaha kömək etməkdir?
Ədəbi salon və dərnəklər
Dünya ədəbiyyatı
tarixinin maraqlı hadisələrindən biri də, yəqin
budur ki, XIX əsrə qədər bir dənə də
sanballı bədii əsər ortaya çıxarmayan rus ədəbiyyatı
birdən-birə (qəflətən!) heç bir milli-bədii
ənənəsi olmadan Puşkin və Qoqoldan
başlamış Çexova qədər (Lermontov, Turgenyev,
Dostoyevski, Tolstoy!) nəhəng qələm sahiblərinə
sahib oldu, ədəbi tənqidə Belinskini, Pisaryevi,
Dobrolyubovu gətirdi.
Bu o demək idi
ki, Qərbin Antik dövrdən (Homer, Yevripid, Esxil, Vergili,
Apuley və b.)
XIX əsrin əvvəllərinəcən, Balzaka, Stendala,
yaxud Dikkensə, Tekkereyə qədər keçdiyi yolu (Dante,
Rable, Servantes, Şekspir və b.) bir əsrdə qət edib və
özündən sonra Çexovu, Qorkini, Bunini, Kuprini,
Şoloxovu, Bulqakovu, Bloku, Pasternakı, Axmatovanı,
Qrossmanı və b. yetişdirib.
Ancaq ədəbiyyatşünaslar
(və oxucular, mən
də onların içində!) XIX əsri "rus ədəbiyyatının
qızıl dövrü" hesab edirlər, sonrakı
dövrü, yəni XIX əsrin sonu XX əsrin əvvələrini
isə "rus ədəbiyyatının gümüş
dövrü" adlandırırlar və bu təsnifatda
adını çəkdiyim böyük qələm sahiblərinə
baxmayaraq, qızıldan sonra gümüşə enmək -
nisbi gerçəkliyin ifadəsidir.
XIX əsr rus ədəbiyyatı
- ədəbi zirvədir və mən belə başa
düşürəm ki, ondan sonrakı dövrün uğurlu
(və uğursuz) axtarışlara, özünü
doğruldan (və doğrultmayan), dərinlərə gedən
(və üzdə üzən) "izm"lərə
baxmayaraq, görünür, həmin zirvəyə çatmaq
mümkün deyil (necə ki, bizim əruzumuz yüzilliklər
boyu Füzuli zirvəsinə çata bilmədi).
1930-cu ildə nəşr
olunmuş məşhur "Ədəbi
salonlar və dərnəklər. XIX əsrin birinci
yarısı" kitabı 2001-ci ildə yenidən nəşr
olunub və bu kitabı oxuduqca bir daha əmin oluram ki, həmin
dövrdə Rusiya ədəbi mühiti arı pətəsi
kimi qaynayıb və ən başlıcası isə bəhrə
verib.
Mən ərinməyib
saydım, 1820-ci illərdən 50-ci illərə
qədər yalnız Peterburq və Moskvada 59 (!) məşhur
salon və dərnəklər fəaliyyət göstərib. Bir-birilə rəqabət,
estetik mövqe müxtəlifliyi, bədii, ictimai, siyasi fikir
ayrılığı, mübahisələr, sağlam və
qeyri-sağlam (intriqalarla bərabər!) münasibətlər
- bütün bunlar, bu ədəbi ziqzaqlar bu salon və dərnəklərin
timsalında böyük ədəbiyyat marağının və
mücadiləsinin tərkib hissəsi olub.
Şübhəsiz ki, Qərbin,
ilk növbədə isə Fransanın təsiri ilə
yaranmış bu salon və dərnəklərdə mütəmadi
ədəbiyyat gecələri keçirilib, yeni-yeni əsərlər
oxunub və müzakirə edilib, müxtəlif ədəbi cərəyanlar
üzə çıxıb, bir sözlə, ədəbiyyat
bədii-estetik və ictimai fikrin predmetinə çevrilib. Bu elitar salon və dərnəkləri rus
aristokratiyası yaratmışdı, ancaq mənim
üçün vacibi odur ki, burada ədəbiyyat təəssübkeşliyi
aristokrat təəssübkeşliyi (o cümlədən
iddiası, ənənəsi, forsu,
avaraçılığı, boşboğazlığı)
içində əriyib yox olmur, əksinə, ön plana
çıxır.
XIX əsrin ikinci yarısından etibarən Azərbaycanda da ədəbi
məclislər yarandı və fəaliyyətə
başladı (Mirzə Şəfinin yaratdığı
"Divani-Hikmət", Seyid Əzimin "Beytüs-Səfa"sı,
Natəvanın "Məclisi-Üns"ü və b.) və
bu məclislərin əhəmiyyəti onda idi ki, burada
söhbət məhz ədəbiyyatdan gedirdi, insanlarımızın
ədəbiyyata marağını və ehtiramını
artırırdı, kütlənin diqqətini ədəbiyyata
cəlb edirdi, muğam sənətimizin inkişafında (milli
məxsusluğunu əldə etməsində) müəyyən
rol oynayırdı, ancaq təəssüf ki, böyük və
zəngin divan ədəbiyyatı (farsdilli poeziya, Nəsimi,
Füzuli, Xətai və b.) həmin məclisləri
ovsunlamışdı, onlar bu ovsunun təsirindən kənara
çıxa bilmirdilər.
Bu məclis üzvlərinin yaradıcılığı da, onların ədəbi-bədii
axtarışları da tam şəkildə divan ədəbiyyatı
ilə bağlı idi və düzdür, onların
arasında Seyid Əzim, yaxud Natəvan kimi istedadlı sənətkarlar
var idi, ancaq ümumi mahiyyət etibarilə, yəni bir küll
olaraq, forma da, məzmun da ən yaxşı halda şəksiz
poetik gözəlliyə malik təkrar, ən pis halda isə,
yenə də şəksiz, epiqonçuluq idi. Bu məclislərin
estetik ehtiva dairəsi məhdud idi, yeni janrlar yaranmırdı,
dünya ədəbiyyatı (farsdilli poeziyadan savayı) tərcümə
və təbliğ predmeti deyildi, ədəbi-bədii dilimizin
xəlqiləşdirilməsi və inkişafı
baxımından effektli rol oynamırdı və bəzən mən
XIX əsrə, hətta XX əsrin əvvəllərinə
aid elə qəzəllərə rast gəlirəm ki,
Füzulinin dili onlara nisbətən xeyli dərəcədə
müasirdir.
Həmin
əsrin 50-ci illərində
Mirzə Fətəli fenomeni bizim ədəbiyyatın
tanımadığı bir janrı - dramaturgiyanı bu ədəbiyyatın
milli faktoruna çevirdi, ancaq bu - ədəbi məclislərdən
kənar fərdi, individual hadisə idi və divan ədəbiyyatının
(Füzuli zirvəsinin!) sehrindən çıxmaq artıq XX əsr
hadisəsi oldu.
Deyəsən, mən çox uzaqlara getdim (qələm aparır!) və
söhbət müqayisədən yox, hər bir milli ədəbiyyatın
özünəməxsus tarixindən gedir.
Oxuduğum kitaba qayıdıram.
Bu kitabın mündəricəti
kollektiv müəlliflərin - həmin
salon və dərnək üzvlərinin, ya da orada keçirilən
ədəbi məclis iştirakçılarının
xülasə xarakterli yazılarından ibarətdir və
burada populyarlıq və keyfiyyət məsələsi ilə
bağlı bir əlamətdar fakta da rast gəldim ki,
yalnız rus ədəbiyyatı üçün yox,
dövründən və mənsub olduğu xalqdan
asılı olmayaraq, ümumiyyətlə, ədəbiyyat
üçün səciyyəvi hadisədir.
P.Pletnyevin "Şənbə görüşləri"ndən
bəhs edən müəllif (A.Nikitenko)
Puşkinin yaratdığı və ilk redaktoru olduğu
"Sovremennik" jurnalından danışır və təəssüf
hissi ilə də yazır ki, Puşkin ədəbi cameənin
diqqət mərkəzində deyil. Bildirir ki,
dövrün (Puşkin dövrünün!) ən sevimli
yazıçısı Marinskidir, "baron Brambeus isə ədəbiyyatda
şahlıq edir" və onun yazıları "bədii
kamilliyin zirvəsi, Volter dahiliyi səviyyəsində
yaradılmış" əsərlərlər hesab olunur.
Puşkin kimdir? - bu, məlumdur.
Bəs, Marinski
indi hardadır və
kimin yadına düşür?
Baron Brambeusu isə,
doğrusu, mən heç xatırlaya
bilmirəm.
Yadımdadı, hələ cavan
vaxtlarım idi, Moskva mətbuatında
(sonra da Bakıda) çap olunmuş bir məqaləmdə
"populyarlıq hələ keyfiyyət deyil" deyə məşhur
bir şairimizi sərt tənqid etmişdim, o da məndən
çox narazı qalmışdı, mənə yox, atama zəng
edib, incikliyini bildirmişdi.
Ancaq sonralar onunla barışdıq.
Tolstoyun bir cümləsi
Ədəbiyyat nəzəriyyəsində
"böyük ədəbiyyat" termini yoxdur və bu ifadəni
biz yalnız söhbətlərimizdə işlədirik, bəzən
də məqalələrdə (hərdən mənim də məqalələrimdə)
bununla rastlaşırıq.
Böyük ədəbiyyat - yəni əsil
ədəbiyyat.
Ancaq "əsil
ədəbiyyat" nə
deməkdir?
Bu suala uzun-uzadı cavab yazmağa (belə cavablar
çox yazılıb) ehtiyac yoxdur, çünki elə bilirəm,
Tolstoyun bircə cümləsi "əsil ədəbiyyatın"
nə olduğunu izah edir, başa salır.
O, 1898-ci il martın
21-də gündəliyində yazır:
"Nə yaxşı
olardı, elə bir bədii
əsər yazasan ki, orada həyatın gedişatında (gəldi-gedərliyində
- E.) insanın (xislətin! - E.) gah yaramaz (cani - E.), gah mələk, gah
müdrik, gah idiot, gah güclü, gah da tamam gücsüz bir
məxluq olduğunu göstərəsən".
Hər şey deyildi!
ELÇİN
Ədəbiyyat qəzeti.- 2020.-
17 oktyabr.- S.10-11.