Göz bəbəyi, yaxud mahnı
bitənəcən qayıdacam...
Füzulini bir oxuyursan (ömrün hansı dönəmindəsə)
anladığını zənn edirsən, ancaq onu (mətnləri)
hiss etməyə başlayanda bilirsən ki, bir ömür yetməz
buna, yəni istənilən bədii mətn əslində,
heç zaman bitmir, son nöqtəsi yenidən başlamaq
adıyla qoyulur. Torpaq da elədir, sən onu hiss etməyincə
ağuşuna çəkməz səni, qocaldar, huşun,
yaddaşın gedər, yenə qalarsan; eşqdə bəlkə
satanik şeylər də var, çünki zamanla əlindən
hər şeyini alar, bəzən tanrını da. Vətən,
torpaq eşqi tanrının verdiyi hər şeyi bütünləşdirməkdir...
Bu günlərdə, müharibə getdiyi bir zamanda nə
oxusan, nə yazsan gəlib vətən, torpaq mövzusuna dirənir,
ya da ürəyindən keçən hər şeyə onunla
bağlanırsan, oxuduğun hər mətndə, sətirlərin
arasından sənə boylandığını hiss edirsən,
bu mövzu oxuduğun və yazdığın mətnləri
dəyişdirir. Facebook-dakı bir dostumuz indi baş verən hadisələri
Füzulinin bəndləri ilə "şərh edir" (məsələn,
uğurlarla, əsgərimizin rəşadətiylə
bağlı: Heyrət, ey büt...), demək, heç bir bədii
mətndə son nöqtə qoyulan məkan yoxdur, bizim dilimizdəki
adi bir lətifə də içəridən
böyüyüb roman olur...
...Boğduğun
dərd dərdlərin ən şirinidir. Çoxdan
planlaşdırsam da, macal edib oxuya bilmədiyimi "Dişlək
alma" hekayəsində məhz bu
cümlə diqqətimi bir nöqtəyə cəmlədi. Hekayədə bu tipli deyimlər boldur, həm də
bəzən situasiya ilə bağlı, bəzən də ilk
baxışdan konkret nəsnə və mətləblə
bağlı olmayan sözlər. Bəzi
ifadələr əvvəldən hikmətli sözlər kimi
deşifrə olunsa da, sonradan, yəni təhkiyənin
gedişində özünün tərs üzünə
çevrilir. Evlənməyə icazə
üçün qəbiləxanın yanına gedəndə
Kvame onu tərifləyir, yəni eşitdiklərini necə
var, elə deyir, əzbərə: müdrik adamdır,
"...- ağlı az olana ağıl verir, çətinə
düşənə yol göstərir. Bilirsən
nə gözəl sözlər bilir?! Deyir, adam qocalanda harda oturacağını bilmək
istəyirsə, cavanlıqda harda durduğunu yadına
salsın. Ya da bu, - Kvame uğundu, üzünə
bir neçə yüngül şillə vurub gülməyini
kəsdi, - deyir, pullu meymuna ərə getsən, pul qurtarar,
meymun qalar". Bu sözlər Kvamenin eşidib yadında
saxladıqlarıdır, yeri gələndə bir kəlməsini
də təhrif etmədən əzbərə deyir, yəni bu
sözlərin bu çərçivədə həyat və
yaşama heç dəxli yoxdur. Qəbiləxanın
yanından kor-peşman qayıdandan sonra isə "onun
heç bu toyuqlar qədər ağlı yoxdu, dünyanı
başıboş və sarsaq adamlar tutub...".
Ataqamın "Dişlək alma" hekayəsi
semantika və struktur-semantik kontekstdə bir neçə baxımdan
təhlil edilə bilər. Məlum mif mətnlərinə
istinad edib hekayənin mətləbinin bədii həllini
çözmək və bu əsasda şərhlər vermək
olar. "Nifaq salan nəsnə..." kimi "Dişlək
alma" hekayəsini izah edən çoxlu məqamlar var; ancaq
bu alma o almadan deyil, söhbət dişlək almadan gedir və
hekayədə konkret situasiyada belədir ki, qadının qəfil
itmiş əri (qızının dünyaya gəldiyi gün
taksisinə oturmuş hansısa qıza qoşulub şəhərə
gedir...) ilə yeni tapdığı kişi arasında
mübahisənin "qarşısını almaq"
üçün qadın çantasından iki alma
çıxarır, hərəsinə birini verib deyir ki,
xartladın... Və:
"...Unutmayın, üstünü mamır örtmüş
müqəddəs daşlarımız, qanadlarını yelləyib
bizimlə danışan ağaclarımız deyir ki, evdə
iki kişi, bir qadın varsa, son sözü qadın deyər,
- Zuri kibrit qutusundan iki çöp çıxardı, əvvəl
Kvameyə, sonra Barutiyə göstərdi, - baxın, bu
çöplərdən birinin ayağını
qırıram, kim uzun çöpü çəksə, bu
gecə ubulilim onun olacaq". Diqqət edin: nitq axarında
bütün söz və ifadələr "elliklə"
müdriklik, kamillik (və çoxbilmişlik-!) pərdəsinə
bürünüb, konkret situasiyada bütün ifadələr
az qala yalan çıxır, yəni ağıllı sözlər
o qədər mükəmməldir ki, artıq həyata, onun sərtliyinə
davam gətirməyib bir andaca yalan olurlar. Miflərdə və
folklor mətnlərində alma meyvələr
padşahıdır, hər şeyin başında gəlməklə
hər şeyin də dəqiq dəyərinin
ölçüsü və əyarıdır. İnsan nə
qədər ki kamillik və müdriklik zirvəsindəydi,
qızıl alma göz bəbəyiydi,
insan o mərtəbədən enən kimi həmin
ölçü vahidi və əyar öz mənasını
itirdi, belədə mif mətnlərində ölçü
vahidi olan nəsnənin öz əksinə çevrilməsi
zamanla dünyada baş verən pisliklərin arasındakı
bağı... çox aydın əks etdirir. İndi o alma sadəcə xartlatmaq və baş qatmaq
üçündür.
Doğrudan da, son zamanlar oxuduğumuz hər mətn bizi
eyni zamanda bir neçə gerçəkliyin içinə
atır, özü də eyni zamanda. Uzaq keçmiş, yaxın gələcək,
yaşadığımız uşaqlıq, gənclik illəri,
nə varsa, gəlib torpaq və bütünləşmə
uğrunda gedən mübarizələrə qatır, bu, fikrin
dolaşması deyil, əksinə, bir neçə gerçəkliyin
birləşib xəlitə şəklində dünyanı,
elə bizim özümüzü də bizə olduğu kimi
göstərmək cəhdidir. Əksər dillərdə
"göz bəbəyi" ifadəsi var (yuxarıda dediyimiz
anlamda - apple of one's eye), bu kimi söz birləşmələrində
"alma" sözü var, yəni birinci qorumalı
olduğun nəsnə. Mərhum şair Məmməd
Aslanda belə bir beyt vardı: Vətən gözdü, biz
kiprik / Vətənimizin keşiyini çəkirik...
Hekayədəki
qadın və kişi (Zuri və Kvame) alma
(ən şirin şey, göz bəbəyi-ən müqəddəs
şey) ilə günahın mif mətnlərində
keçdiyi yolda nə varsa əks etdirir, bu və ya digər
şəkildə göz önündə canlandırırlar.
Kvame yaşı qırxdan keçsə də (qırxı da
çoxdan çıxıb...) saf və avamdır, xeyirxah
olduğu üçün bicliklərin yanından gülərək
keçir, anlayanda pərt olur, amma yenə yoluna davam edir,
çünki hələ ümid var... Bu
dünya, həyat və yaşam əslində, avamlıqla,
sadəlövhlüklə bicliyin qaynayıb-qarışıb
yol yoldaşı olduğu məqamdır. Qəbiləxanla
əlaqəli məqamlar da lətifələrdəki
oyunları xatırladır; iki toyuqluq hədiyyəyə
görə o, Kvamenin qarşısında əvvəlcə
yüngül şərt qoyur, sonra deyir ki, ümumiyyətlə,
nikah köhnə qayda ilə baş tutmalıdır (yəni
qadın əvvəlcə qəbiləxanın yatağına
girməlidir); ikinci mərhələdə, yəni Kvame qəbiləxana
hədiyyə kimi keçini aparır, daha böyük hədiyyə
müqabilində qəbiləxan şərtini yüngülləşdirir:
olsun, ancaq qırx gün cütləşə bilməzsiniz...
Bu zəmində, dünya adlanan teatrda bütün oyunlar,
onların hərəkət və dinamikası, sanki qəsdən
yavaşıdılır, o niyyətlə ki, qabaqcadan
"planlaşdırılan" məqsədə nail olunsun:
avamlıqla biclik bir köynəyə dola bilsin... Bu yolda Kvame
cinayət işlədir (bu məqamda mif mətnin məntiqiylə
yazılı mətnlərin məntiqi arasında
suayrıcı yaranır), rəqibini, özü də
qadının biclik işlədərək üstünlük
verdiyi kişini aradan qaldırır, püşk zamanı
gizlində hər iki kibrit çöpünün
ayağını qıran qadın onun birinci ərini
öldürdüyünü şübhəsiz ki, bilir və
üstünü vurmur, hətta köməkləşib onu da,
taksisini də qamışlıqda dəfn edirlər. Təhkiyənin "suayrıcı" modeli bədii
mətnin semantika baxımından şaxələndiyi məqamı
dürüst şəkildə ifadə edir. Elmi terminologiyada
təhkiyə ilə bağlı belə bir ifadə
("suayrıcı") yoxdur, ancaq hekayənin ümumi
pafosuna uyğun gəldiyi üçün o, mif mətnlərindəki,
folklor örnəklərindəki (bəzən də lətifələrdəki)
"sadəlövhlüklə" yazı mətnlərinin
"bicliyi" (çoxbilmişliyi) məhz həmin təhkiyə
ayrıcı vasitəsilə gah bir kontekstdə, gah da fərqli
kontekstlərdə nümayiş etdirir. Mif məntiqindəki
"yüngüllük", - Kvame rəqibini boğub
öldürür və dərhal sonra, həm də heç nə
olmamış kimi adi işiylə, həvəngdəstədə
duz döyməklə məşğul olur, bu məqamda qəsdli
niyyətlə cinayəti bilməyərəkdən, avtomatik hərəkət
kimi icra etmək, sanki eyni zamanda baş verir. Əslində, bu
məqsədlə o məqsədsizliyin əsasında bir niyyət
durur: qadını sevdiyi üçün (bəlkə də
qəsdən aldanmaq istədiyi üçün -!)
könüllü olaraq özünü onun qollarına
buraxır, bundan sonra çayların suyu tərsinə də
axsın, nə olacaq... Hekayə mətnində həmin o
yazı bicliyinin bir məqamda ironiyaya, ironiya mətninə
çevrildiyi an qabarlq nəzərə
çarpır. "...Zuri ayağa durdu, çöpləri
Kvamenin gözü qarşısına tutdu. Kvame tərəddüdlə
əlini çöplərə uzadıb tez də çəkdi:
-
Zuri-Zuri, mən səni sevirəm!
Zuri
çöpləri Kvamenin burnunun ucuna
yaxınlaşdırıb sərt tonla dedi:
-
Kvame-Kvame, şeir vaxtı deyil, çöp çək!
Kvame əlini
bir neçə dəfə çöplərə aparıb
qaytardı, sinəsini hava ilə doldurub üfürdü,
çöpün birini çəkdi...".
"Şeir
zamanı deyil..." ifadəsi "indikiz amanı"
işarələyir, Kvame folklor mətnindən gəlib, onun məntiqiylə
hərəkət edir, məqsədinə ulaşmaq naminə
hər şeyə göz yumur, ona görə də
qadının ironiyasını dərk etmir, hansısa hadisənin
stixiyası ilə hərəkət edir (onun indiki zamana
düşən kölgəsi də var, qəbiləxanın
yanına icazə üçün gedəndə şuxluq
edir, Zuriyə deyir ki, qəm eləmə, bir mahnı oxu,
mahnı bitənəcən qayıdacam...), onun hərəkətlərində
az qala hər şey proqramlaşdırılıb, Zuri isə
(qadın) mif mətnlərindəki "alma əhvalatını"
bilən, ondan sonra, yaxud onunla birgə dünyaya gəlmiş
varlıqdır, bu iki qütb mahnı bitəndən sonra həyatın
nə qədər acımazsız olduğunu bilmir...
Hekayədə, təhkiyə axarında (və məntiqində)...
hər bir nöqtədə bir almanın iki üzü var,
oxşasalar da, fərqlidirlər, həm də yerlə
göylər qədər fərqli. Almanın bir
üzündə Kvame doğrudan da, sadəlövhdür,
xoşu gələn, içində günəş
şüası kimi doğan şeyə sahib olmaq istəyir,
bu hiss onun xilası üçündür, amma necə?
Qadın ona qəbiləxanı öldürməyi təklif
edir, yolunu da göstərir (çapılca ilə düz
başının ortasına vur...), Kvame isə deyir: " -
Başqa əlac yoxdur, Zuri-Zuri, mənim qayışbaldır
cüllütüm, mənim qızılboyun flaminqom, həyatda
bəzən düşünülmüş yanlış qərarlar
vermək lazım gəlir, məsələn, mən
nişanlımdan ayrılanda, daha doğrusu, nişanlım məni
atıb gedəndə, qapının ağzında durdu, - Kvame
qapıya tərəf gedib ayaqlarını yerə vurdu, - bax
elə burda dayandı, mənə acıqla baxıb dedi:
"Kvame-Kvame, qoca zahı cavan hadıxdan yaxşıdır.
Dur durduğun yerdə, ardımca baxma, dalımca gəlmə!".
Deyir ki, mən ondan ötrü çox darıxdım. Amma qəti qərar verdim
ki, onun dalınca baxmayacam, dalınca getməyəcəm! Zuri-Zuri, məni anlayırsan? Keçmiş
adətlər tumboa kolu kimidır, yapalaq yarpaqları yanır,
kökü qalır. Amma mən Kvameyəm, Coab oğlu
Kvame! Çətin işlərin öhdəsindən gələ
bilən qırx yaşlı dünyagörmüş kişiyəm,
- Kvame yüngülcə sinəsinə vurdu, səsini
qısdı, - uzun həyatımdan götürdüyüm dərslərdən
ən vacibini deyim, yadında saxla, Zuri-Zuri: Boğduğun dərd
- dərdlərin ən şirinidir.
Doğrudan
da belədir: dərdlərin ən şirini...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2020.- 17 oktyabr.- S.9.