Bu vuruşdan dönən deyil

Ordum mənim

 

Bəs deyilmi zaman-zaman

Dərd selində batar olduq?

Relslər üstə donub qalmış

Hərəkətsiz qatar olduq.

Axır gəlib bıçaqların

Boğazlara dirəndiyi

Son nöqtəyə çatar olduq.

 

Dəmirdənmi, daşdanmıyam,

Nədənəm mən?

İç dünyamdan yeddi əza

Qoparılmış

Qarabağsız bədənəm mən.

Qoca dünya laqeyd qalıb

Nədən buna?

Necə dözsün Azərbaycan

Böyüklükdə bədən buna?

 

Ağır fikir tabutunda

Dəfn etmişdik yuxuları,

Yatammırdıq.

Otuz ildir yol gedirdik,

Otuz addım o yandakı

Qarabağa çatammırdıq.

Dərdə bax ki,

Biz Qarabağ xalıların

Qarabağın qurbətində

Toxuyurduq.

Biz "Qarabağ şikəstəsi"n

Göz yaşları yağmurunda,

Qarabağsız oxuyurduq.

 

Yaramıza məlhəm olmaz

Hər yetənin ölkəm haqda

Boş-boşuna mədhnaməsi.

biləydik,

Dörd qəpiyə dəyməz imiş

İllər boyu

Arxivlərdə mürgü döyən

Dörd BMT qətnaməsi.

 

İç dünyamdan səs qopurdu:

- vaxtadək tamlığımız

Dünya adlı bütövlükdə

Kəsir qalsın?

Niyə mənim Qarabağım

Yad təpiklər orbitində

Əsir qalsın?

 

Haqsızlıqda hal qalanmır.

Bu Allahlı qoca dünya,

Niyə haqla halqalanmır?

Beş qitədə dalğalanan

Bayrağımız,

Axı niyə böyrümdəki

Beş addımlıq Xankəndimdə

Dalğalanmır?

 

Bizim ulu mənliyimiz

Hər yetənin ayağına

Döşənəcək həsir deyil.

Tamlığımız kəsirsə ,

Qeyrətimiz, namusumuz,

Mərdliyimiz kəsir deyil.

 

Yer üzünə sığa bilməz

Qarabağsız dərdim mənim.

Artıq Ali Baş Komandan

Əmr eləyib,

Onu dərddən qurtarmağa

Hücumdadır

On minlərlə mərdim mənim.

 

Əldən gedən torpaqları,

İç dünyama qatmayınca,

Daşnak adlı zir-zibili

Süpürləyib,

Fərat çayın o tayına

Atmayınca

Bu vuruşdan dönməzik biz.

 

Boğub bəmdə həbs etməsək,

O riyakar zilləri biz,

Dilçəyindən qoparmasaq,

Ağdamıma - Akna deyən,

Dərəkəndə - Quqark deyən,

Laçınıma - Berdzor deyən,

Şuşamıza - Şuşi deyən

Dilləri biz,

Havan, suyun haram olsun,

Haram olsun bizə, vətən.

 

Bu gün bizim şah dilimiz,

Məğrur hücum deyimlidir.

Ölkə adlı bədənimiz

Yalnız əsgər geyimlidir.

 

Düşmən üstə "Hücum Marşı"n,

İçimizin qəzəb, nifrət

Ladlarilə hörürük biz.

Öz yurdunu,

Qaçqın, köçkün anaların

Bətnindəykən tərk eləyən

On minlərlə körpələri

Bu gün əsgər libasında

Görürük biz.

 

Yer də, göy də qoy ahlansın,

Ürəyinə dağ çəkilmiş,

Dərdli hicran fırçasıyla

Saçlarına çəkilmiş,

Analar da silahlansın.

Heç ev-eşik binasına

Daş qoymadan,

Sevdiyilə bir yastığa

Baş qoymadan,

Şəhid olmuş oğulların

İntiqamın almaq üçün.

 

Göz yaşları yanağında

Çağlar qalan,

Dərdli nişan üzükləri

Barmağında ağlar qalan,

Eşq bağında barı şəhid,

Özü sağkən, yarı şəhid

Qızlar belə

Geyib əsgər libasını,

Cərgəmizə qatılsınlar,

Sıxıb mərmi yumruqları,

Döyüşlərə atılsınlar.

 

Yurdumuzun şimalı yox,

Cənubu yox, qərbi yoxdur.

Açıb məhbus qapıların

Azad edin məhbusları,

Suçlu, suçsuz fərqi yoxdur.

Qoy yandırsın gün ahları,

İçlərində dəfn eləyib

Öz ünvanlı günahları,

Qasırğatək hey əssinlər.

Daşnakstan zindanında

Fəryad edən Şuşa adlı,

Laçın adlı, Ağdam adlı

O günahsız məhbusların

Xilasına tələssinlər.

 

Nifrətini, qəzəbini,

Öz içinə sıxıb getmiş,

1918-dən üzü bəri

Daşnakların tikə-tikə

Doğradığı

Bədənlərdən çıxıb getmiş,

Ruhları da haraylayın.

Qoy qəzəbdən

Çatım-çatım çatılsınlar.

Qoy yeddinci qatdan bizim,

Yeddi işğal bölgəmizə

Atılsınlar.

Ya qasırğa, ya fırtına libasında

Bizim polad ordumuzun

Sırasına qatılsınlar,

O əbədi görünməzlər.

 

Cavabı yox niyələrin,

Nədənlərin,

Yer altına vaxtsız köçmüş,

Yüz minlərlə

Öz ünvanlı bədənlərin

İntiqamın almaq üçün.

Bitməyibdir sonlar axı.

Peyğəmbərim söyləmişkən,

"hazırlıqlı əsgərlərdir"

Onlar axı.

 

Olmazlığı oldurmağa,

Laçın boyda,

Şuşa boyda qədəhləri

Dadlı zəfər şərbətiylə

Doldurmağa

Gedirik biz.

 

Ayaq qaçır dizdən qabaq,

Dəli xəzrim qanadlanıb

Uçub gedir bizdən qabaq,

Daşnakların

Çirkli nəfəs tozlarını

Qarabağdan silmək üçün.

Qoy çaylar da hayqıraraq,

Məcrasından çıxıb getsin,

Daş bəndləri yıxıb getsin

Hərbə tərəf,

Yurdumuzun yurd parçası,

Qərbə tərəf,

Murdar düşmən ləpirlərin

Yumaq üçün.

 

Özü boyda qızıl güldür

Qarabağım,

Onu gec-tez dərəcəyik.

Qürbətdəki muzeylərə

Az göndərin

Qarabağlı xalıları,

Biz onları zəfər günü,

İgidlərin keçdikləri

Yollar üstə sərəcəyik.

 

Özümüzü Qarabağa

Əbədilik əkməyincə,

Hinaldağın zirvəsində

Qartal kimi səkməyincə,

Xankəndinin, Zəngəzurun,

Xocalının nəfəsini

Acgözlüklə

İçimizə çəkməyincə,

Bu vuruşdan dönən deyil

Ordum mənim.

Lazım gəlsə... tükədəmməz

Bilin, hərbi Azərbaycan.

Mənim ana bayrağıma

Bürününcə,

Bütün Qərbi Azərbaycan.

 

Zeynal VƏFA

 

Ədəbiyyat qəzeti.- 2020.- 17 oktyabr.- S.4.