Bədii Tərcümə Mərkəzi təqdim edir:

çağdaş Ukrayna ədəbiyyatı  

 

Aleksandr Korotko (1952) - Korostendə, Ukraynada anadan olub. Şair, nasir dramaturqdur.

Belçika PEN klubunun, İsrail Yazıçılar Birliyinin, Avropa Elm, Sənət Ədəbiyyat Akademiyasının üzvüdür. Ukrayna ədəbiyyatının patriarxı Korotko barədə belə deyir: "Onun şeirləri ucadan oxumaq üçün deyil, göz ilə cana çəkiləcək hal poeziyasıdır". O, şair-filosofdur, yaradıcılığında klassik poeziyanın ənənələri postmodernizm epoxasının estetikası çuğlaşır. Əsərləri onlarca dilə tərcümə edilib. M.Eminesku Akademiyasının ödülünə (Rumıniya, 2017), M.Voloşin Ədəbi Mükafatına (Ukrayna, 2018) b. mükafatlara layiq görülüb.

 

Dayanmışam altında

uşaqlıq dünyasının

 

Kürən gəlinlər şəhəri.

Dəymədüşər bir səmt yeli

bir oturuş, ya uduma

içir bütün sularını

ətraf gölməçələrin,

sonra  dedi-qodulardan

küsü toru toxuyur,

bir qarı qadınların

ürəyində gəzdirdiyi

rəhbərləri qovalayır,

adlarını onların

eləcə hallandırır,

sonra haldan-hala salır,

zamanın havasını buraxır,

kərəvizlə, cəfəriylə

ağız dadını qaytarır.

Axşam şəfəqində

yüz yol oturub-durur,

keçəlləşmiş fikirlərə

üfüq şırım vurur.

Çıx bax,

sən bu qədər utanmaz

doğma üzləri

heç yerdə görməzsən,

lap ula, lap bağır,

bununla heç zaman

bu gülünc məskənə

yaraşıq verməzsən.

Bu xaçdı, bu yükdü,

bu cuhud gecəsində

bu yükü çəkərək

o xoşbəxt günlərə daşımaq

növbəsi bizimdir.

İlk yalvarıştək.

 

***

 

Zaman girdi ömrümə

zəhmli qorxulu,

mələklərlə dostlaşdım,

pişvazımda durdular,

sanki İngiltərənin

bütün əzəmətiylə

qulluğunda dayanıb

topalaşan dumanlar.

Huşum göndərdi evə

alım can mirasımı,

heç özümdə deyiləm,

dayanmışam altında

uşaqlıq dünyasının.

Bax, yağış da titrəyir,

mən ki, bax, əsirəm,

tapdığım kimsə yox

heç isinə bilmirəm.

Yel qovur buludları

yad payızda su içə.

Üstümə gəlir gecə,

bəlkə nənəm gəlir.

o müqəddəs, saf qadın,

heç kimi seçəmmirəm,

can verib köçəmmirəm,

arzum qızımı görmək,

arada okean var,

o, soyuq əlləriylə

saçlarıma toxunur

xəfif sığal çəkərək,

təkəm mən, o da ki tək.

 

Aleksandr Korotko

 

Tərcümələr Elxan Zalındır

 

Ədəbiyyat qəzeti.- 2020.- 17 oktyabr.- S.12.