Pandemiyadan sonrakı dünya

 

Bədii Tərcümə Mərkəzi təqdim edir: 

çağdaş Ukrayna ədəbiyyatı

 

Boris Finkelşteyn (1946) - Odessada, Ukraynada, riyaziyyatçı ailəsində anadan olub. İqtisad elmlər doktoru, professordur. Ukrayna Texnoloji Akademiyasının, İsrail İnkişaf Akademiyasının üzvüdür. Ukrayna Milli Yazıçılar Birliyinin və Beynəlxaq Yazıçılar Təşkilatının (London) üzvüdür. Ukraynanın Şalom-Aleyxem adına Ukrayna Dövlət Mükafatının, Krım Muxtar Vilayətinin Dövlət Mükafatının, başqa milli və xarici ədəbiyyat, sənət ödüllərinin sahibidir.  Ukrayna dili ilə yanaşı, rus, ingilis, fransız, tatar, ispan və ivrit dillərində ümumilikdə 23 hekayə kitabı nəşr edilib.

Yazıçının əsərləri öz ölkəsində də, xaricdə də maraqla oxunur, nəsrində dərin yumor və elmilik, eyni zamanda poetik parçaların istifadəsi xüsusi yer tutur.

 

Avropa qapılarını açmağa başlayır: hələ, təkcə öz sərhədləri içindəki qapılarını. Əməlli-başlı çökmüş  turizm mövsümünün  dadı damağımızda  qalmış son dilimindən dadmaq ümidi yaranıb.  Nə etsinlər, turizm sahəsində on milyonlarla adam işləyir. Avropada böyük bir insan kütləsinin rifahı birliyə daxil olan ölkələrin qonaqpərvərliyinə  maraq göstərənlərin hesabına təmin edilir. Deyəsən, virus da çəkilib getmək üzrədir. Epidemiyanın tüğyan etdiyi digər ölkələr də Avropaya baxıb məhdudiyyətləri aradan qaldırmağa başlayıb. Görünən budur ki, prioritetlər dəyişir - iqtisadiyyatdakı durğunluq kütləvi işsizliklə bərabər, hərtərəfli ictimai fəaliyyətin də çöküşünə səbəb olub. Hələ, fəsadları uzun zaman özünü göstərəcək ağır bir dövr gəlir. Açıqca fəlakət adlandıra biləcəyimiz bu nəsnənin içində xeyli müəmmalar vardır. Gerçəkdən, virusun mənbəyi barədə mötəbər məlumat da yoxdur.

Səhiyyə cameəsi, demək olar, bir ağızdan, bizi inandırmağa çalışır ki, koronavirus təbii mənşəlidir, lakin onun əmələ gətirilməsi və insan orqanizminə uyğunlaşdırılması istiqamətində uzun illər aparılmış sirli elmi araşdırmalar isə guya elə belə, sırf təsadüfidir. Bəlkə də təsadüfidir, amma əgər "bir şey ördəyə bənzəyirsə, ördək kimi üzür və qaqqıldayırsa, deməli o elə ördəkdi ki var". Üstəgəl, ortada digər bir neçə oxşarlıqlar da mövcuddursa, demək, bütün bunlar elə-belə deyil. Gələcəyimizi proqnozlaşdırmaq baxımından bu sual çox böyük əhəmiyyət daşıyır. Əgər virus süni şəkildə hazırlanıbsa və təkamül prosesini keçməyibsə, belə çıxır ki, onun ömrü də çox deyil, o, tezliklə mutasiya olacaq, insanlar üçün qocalacaq və yaxın gələcəkdə itib-gedəcək, yaxud o qədər cüzi, əhəmiyyətsiz  bir şəkildə qalacaq ki, epidemioloji astananı keçməyə gücü çatmayacaq. Düzdür, ona qarşı vaksin də icad etmək mümkün olmayacaq, amma hər necəsə, bu vaksin hansı işə yarayacaq ki?

Bir məsələni də nəzərdən qaçırmayın ki, daxili karantin tədbirlərinin səviyyəsinə  baxmayaraq, hər bir ölkədə epidemiyanın başladığı dövrdən faktiki səngidiyi dövrədək sərf olunan müddət təxminən, 3 ay olmaqla, eynidir. Bu arada, artıq Avropanın sərbəst düşünə bilən tibb mütəxəssisləri ölüm saylarının məhz bu müddətin sonunda əhəmiyyətli dərəcədə azaldığını xüsusi qeyd edirlər. Uyğun gəlir, elə deyilmi? Bir sözlə, əgər bu virus "vəhşi"dirsə, o, elə-belə, durduğu yerdə yoxa çıxmayacaq, hərçənd, onda vaksinin işlənib hazırlanması da daha tez baş verəcək. 

Bu məsələdə bəşəriyyət üçün daha xeyirlisi hansıdır, müzakirə etmək istəməzdim. Məncə, hər ikisi eyni cür zərərlidir. Pandemiya qarşısında psixoloji hazırsızlığımız da maraqlıdır: kütləvi informasiya vasitələrində yaranmış həyəcanın canfəşanlıqla körüklənmsi, xəstəliyin tərzlərindən qaynaqlanan məxsusi dəblərin peyda olmasını müşahidə edirik. Həqiqətən də görün neçə siyasətçi, artist, o cümlədən tanınmış şəxs bu işlərdə iştirak etdi? Hələ üstəlik, onların tərəfdarlarını, həvəsə gələn davamçılarını demirəm. Görəsən, onların hamısı doğrudan da xəstəliyə tutulmuşdu? Allah bilsin! Eyni zamanda bütün ictimai həyatda olduğu kimi, dərhal, xəstəliyin gerçəklik olmadığını söyləyən skeptiklər və inadkarcasına öz dediyində duranlar da peyda oldu. Əlqərəz, inanan da, inanmayan da seyrçi idi.

Epidemiya dövrü boyunca təsiredici dərmanların tapılamaması da qəribə gəlir. Bu nə deməkdir? İllərdi, bu virus üzərində işləmisiniz, amma dərmanını hələ də tapmamısınız? Bəlkə də tapmısınız? Bax, bunu aydınlaşdırmağa dəyər. Yaxşı, bəs xəstəliyin bütün Yer kürəsi boyu az qala ildırım sürətilə yayılmasını hara yazaq? Hətta ən "gözdəniraq" yerlərdə, Amazon cəngəlliklərində, tək-tənha adalarda və Afrikanın azsaylı qəbilələri arasında yayıldı axı bu xəstəlik. Ümid edək ki, gələcək nəsillər bütün bunlara aydınlıq gətirəcək, əlbəttə ki, əgər gələcək nəsil olacaqsa, törəyəcəksə...

Çünki bütün bu baş verənlər bizim bir-birimizə müharibə elan etməyimiz deməkdir. Ümid edirəm ki, bu məsələdə yanılıram, lakin biz təkcə Homosapiensi qorumaq üçün dölartırma instinkti ilə bağlı xoş duyğular barədə düşünməməliyik. Bununçün nə lazımdır? Bizə ictimai səhiyyənin keyfiyyətini yüksəklərə qaldıra biləcək tamamilə yeni bir səhiyyə sistemi lazımdır. Bu məsələdə şəxsi maraqlar deyil, yalnız dünya ictimaiyyətinin maraqları əks olunmalıdır.  

Maliyyə xərcləri müvafiq qaydada  bölünməlidir. Hanı bizim bütün bu beynəlxalq ali idarəedici strukturlar?  "Onlar yoxdur, vəssalam". Pandemiyadan ən çox əziyyət çəkənlər ABŞ, Çin, Avropa Birliyi ölkələri, Rusiya, Braziliya kimi ən böyük, ən güclü, texnologiyaları ən çox inkişaf etmiş ölkələr oldu. Məgər bu, İnsan növünün keyfiyyətli müalicəsi və qorunub saxlanılması naminə bütün dünyada yeni, vahid ictimai səhiyyə sisteminin yaradılması, idarə edilməsi, bütün elmi və maddi resursların cəlb olunması, təhlükəli xəstəliklərin müalicəsi üçün yeni protokolların işlənib hazırlanması naminə tutarlı səbəb deyil? Maliyyə mənbələrindən asılı olmayaraq bütün milli səhiyyə sistemləri vahid mexanizmin bir halqası olmalıdır. Bizim siyasi sistemləri idarə edən siyasətçi insanlar, e-hey! Haradasınız? Bu da sizin seçki proqramlarınız üçün qlobal ev tapşırığınız. Bu, bütün gündəlik qayğılardan daha vacibdir, dərhal olmasa da sonunda istədiyimiz nəticəyə gətirib çıxaracaq. 

 

Boris Finkelşteyn

 

Tərcümə Məqsəd Nurundur

 

Ədəbiyyat qəzeti.- 2020.- 17 oktyabr.- S.12-13.