Rüstəm İbrahimbəyov: "Bizim xalqımıza birlik

yaraşır, mən bu birlikdən qürur duyuram"

 

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Modern az-a müsahibə verib. Müsahibədə Qarabağ müharibəsi ilə bağlı yaranmış vəziyyəti dəyərləndirib.

 

– Rüstəm müəllim, 27 illik fasilədən sonra cəbhədə Qarabağ torpaqlarının azadlığı uğrunda savaş gedir. İşğal altında olan bir sıra ərazilərimiz azad edilib. Qarabağın azadlığı uğrunda gedən müharibədən gözləntiləriniz nədir?

– Mənə elə gəlir ki, qələbəmiz yaxındadır. Yavaş-yavaş dünyada da başa düşürlər ki, günah kimdədir. Azərbaycan informasiya müharibəsində də düşməni udur. Ermənistanın imkanları bizə bəllidir. Açıq-aşkar məlumdur ki, bir çox dövlətlər bizim tərəfimizdədir.Düşünürəm ki, bir-iki həftədən sonra Qarabağ məsələsi bizim xeyrimizə həll olunacaq.

Yəqin müşahidə edirsiniz, hazırda Xalq-Prezident-Ordu birliyi diqqət çəkir. Bəlkə də ilk dəfədir ki, bu dərəcədə birlik nümayiş etdiriririk. Siz bu barədə nə düşünürsüz?

– Sizə deyim ki, cənab Prezidentin çıxışlarını çox bəyəndim. Prezident Ordunu çox yüksək səviyyədə idarə edir. Fəxr edirəm ki, bizim xarici siyasətimizi aparan ağıllı, qabiliyyətli və müdrik bir şəxs, dövlət başçımız var. Bizim xalqımıza birlik yaraşır. Mən bu birlikdən qürur duyuram.

Dünya miqysında tanınan kinorejissorsunuz. İşlərinizlə bağlı gah Rusiyada, gah da Fransada olursunuz. Tanınmış azərbaycanlı və ziyalı olaraq Qarabağ məsələsində haqq səsimizi beynəlxalq ictimaiyyətə çatdıra bilirsinizmi?

– Qarabağ həqiqətlərini dünyaya çatdırmaq mənim birinci işimdir. Çalışıram ki, həqiqəti onlara başa salıb. Məsələni yaxından bilməyən auditoriyaya da bu barədə həqiqətləri aydın formada izah edirəm.

– Rusiya, Fransa kimi ölkələr ermənilərin sıx məskunlaşdığı yerlərdir. Erməni təxribatları ilə rastlaşırsınızmı?

– Təxribat barədə bir söz deyə bilmərəm. Ancaq yalan fikirlər səsləndirməyə davam edirlər. Təbii ki, hər zamankı kimi yenə də susdurulurlar.

ATƏT-in Minsk qrupu ard-arda bəyanatlar səsləndirir. Ancaq həmin bəyanatlar heç də Azərbaycanın xeyrinə nəsə vəd etmir. Sizcə, bu məsələdə hansı mövqeyi sərgiləməliyik?

– Mən o atəşkəsin tərəfdarıyam ki, torpaqlarımızı geri qaytarsınlar, ondan sonra oturub söhbət edək. Yəni, atəşkəsə bir şərtlə razıyam ki, işğal olunmuş torpaqlarımız azad olunsun. Müharibədə itkilər olur. Şəhidlərimiz var. Biz də heç bir vətəndaşımızı itirmək istəmirik. Qarşı tərəf də itkilər verir. Ermənistan nə qədər tez torpaqlarımızı işğaldan azad edərsə, o qədər tez bu məsələ həll olunar.

30 ilə yaxındır ki, torpaqlarımız işğal altında idi. Belə ifadələr səslənirdi ki, insanlarda vətənpərlik ruhu yoxdu və kimsə Qarabağı gedib almayacaq. Ancaq 1992-ci ildə analarının qucağında məcburi köçkün düşən körpələr bu gün tankın üstündə öz torpaqlarında düşməni əzir. Qarabağı görməyən uşaqlar bu gün Qarabağın azadlığı uğrunda mübarizə aparır. Bir kinorejissor olaraq sizin də fikirlərinizi bilmək maraqlıdır.

– Hazırda böyük ruh yüksəkliyi içərisindəyəm. 30 il ərzində azərbaycanlılar haqqında çox sözlər deyirdilər. Deyirdilər ki, azərbaycanlıların müharibə aparmaq qabiliyyəti çatmır. Bütün dünyaya təsdiq etdik ki, biz müharibə etməyi bacarırıq. Eyni zamanda, sülhsevər xalqıq. 27 ərzində torpaqlarımızın sülh yolu ilə azad edilməsinə çalışdıq. Ermənistan bizi məcbur etdi ki, onlarla savaş dilində danışaq. Bütün dünya gördü ki, Azərbaycan ordusu çox güclüdür. Azərbaycanın qeyrətli oğulları var. Eləcə də xalq olaraq yumruq kimi birləşməyi bacardıq. Azərbaycanlılar haqqında yanlış fikirləri Qarabağ uğrunda gedən döyüşlər məhv etdi.

– Torpaqlarımız tam azad ediləndən sonra kinorejissor olaraq nə etməyi düşünürsüz? – Kinematoqrafçılar İttifaqı müsabiqə elan edib. Müharibə məzmununda ssenarilər yazılır. Qələbə həm də yaradıcı adamların stimul yeridir. Biz daha da böyük həvəslə çalışacağıq.

Rüstəm müəllim, sizin 2013-cü ildən sonra Azərbaycana gəlişiniz hardasa mübahisəli olub. Bilmək istərdik, növbəti dəfə Azərbaycana hansı obrazda gəlmək istəyirsiniz?

– Hazırda Moskvadayam. 15 gündən sonra Azərbaycana gəlməyi planlaşdırıram. O günü səbirsizliklə gözləyirəm ki, Şuşa azad olunsun və biz qələbəmizi orada bayram edək. Bundan gözəl obraz varmı?!

 

Namidə Bingöl

 

Ədəbiyyat qəzeti.- 2020.- 17 oktyabr.- S.7.