Dəniz coşub.
Dalğalar vəhşitək öpür
sahili.
Tənhalıqdan şikayətçidir Ay...
***
Nağıl ağacını kəsdilər.
Yuxular ərşə
çəkildi.
Körpələr almasız qaldı...
***
Ağırdır dost itirmək,
ağırdır.
Hələ telefondan adını
silmək var,
ağırdır.
Ağırdır dosta ağı
demək,
ağırdır,
ağırdır...
***
Nə gələni
var, nə gedəni.
Darıxır, sıxılır qəbiristanlığı
belə olmayan
günəşə həsrət
yarımada.
***
İtər gözlərdən aldanmış
adamlar,
itər xatirələrdən,
itər təngnəfəs
gecələrdən.
İtərlər sən itdiyin kimi.
Hardasan?
***
Görüşə çıxmışam yağışla.
Günəşi taxıb yaxama.
***
Kəndə yetişmədi,
xışa ilişdi
külək.
Yoruldu, büdrədi,
durdu.
***
Şəhərin nəbzi
xəstə qəlbimlə
eyni atır.
Soyuqlamış şəhər
Qar altında
yatır.
Üşüyür, titrəyir
unudulmuş şair
məzarı.
***
Evin dörd
yanı duman içində.
Köhnə hasarın dibində
üşüyür böyürtkən
kolu.
Gecikir südsatan qarı,
xatirələrin o dağlar
qızı...
Gözü yol çəkir
gözləri dolan qocanın...
***
Hər çiçəyin ləçəyində
külək vurub açar
paslı ömür
qapısını.
Sonra qaçar
başına döndüyüm
dünyanın dalınca...
***
Bayramın ilk günü
yenə yuxuda didildi
ələndi xatirələrim.
Qəm-qüssəylə açıldı
səhərim...
Könlümün fəzasına
yenə od çaxacaq,
pəncərəmin önündən
keçən
atəşfəşan gülüşün...
***
Utanıram
ayağımın tozundan.
Xəzəli yuxudan edir.
***
Yaxşı ki, pəncərəm
açıqdı
şövqlə dinlədim
küləyin nəğməsini.
Balıqlar da qulaq verdilər
səsə.
Balıqlar Adil Mirseyidin
Akvarium Matisin...
Nazim Şah
Ədəbiyyat qəzeti.- 2020.- 17
oktyabr.- S.7.