Mədinə
Aludə
olub zülmət tanrıcasının zümzüməsinə
17 oktyabr 2020-də
göy üzünəmi
zilləndi körpə
baxışların?
Buludlarda
əyləşən mələklərin
laylasını dinlə,
Mədinə, getmə...
Ölüm bumbuz öpüşlərini
səpdikcə dodaqlarına...
Titrəyib soldu körpə
əllərinin hərarəti...
Qanadlandı göz bəbəklərindən
neçə-neçə qaranquşlar,
Gecənin Amozonvarı göz
yaşlarını hiss edirsənmi?
Mədinə, su istəyirsənmi?
O gecə qan rəngində
idi bütün ulduzlar,
ay da dəyişmişdi libasını...
Planet-planet
uzaq olmalıydı ölüm sənə
Mələklərmi toxudu bəmbəyaz kəfənini?
O gecə için-için
ağladı bütün
qalaktika...
Mədinə, lütfən, oyan,
yatma...
Ürəyinin getdikcə zəifləyən
tik-takları
Dəyişə bilərmi dövranın axsaq nizamını?
Sıxmısan körpə əllərini
dünyanın ədalətinə
İcazə ver öpüm ovuc içlərini...
Mədinə, aç əllərini...
O gecə güllə yağarkən Nizaminin
yurduna...
Sən sonuncu sülh göyərçini idin, Mədinə...
Qanadlanıb sığındın pəmbə buludlara...
Bir il dörd
aylıq ömründə
Qucaqladın ölümü sakitcə,
Daşıyaraq milyonların məsumiyyətini
Addımladın əbədiyyətə...
Bütün dillərdə əzbər
kimi qaldın
Üzündəki qorxulu yuxunu necə dartıb alım?
Necə bəxş edim dodaqlarına gülüşləri?
Mədinə... Mədinə... Mədinə,
Eşidirsənmi?
NARGİS
Ədəbyyat qəzeti.- 2020.-
24 oktyabr.- S.25.