Ketlin, Holienin
qızı
pyes
İştirak
edirlər:
Piter
Qilleyn
Bricet
Qilleyn - Piterin arvadı
Maykl
Qilleyn - onların evlənməyə hazırlaşan oğlu
Deliya Keyl
- Mayklın nişanlısı
Patrik
Qilleyn - Mayklın qardaşı, 12 yaşında
Yoxsul
qarı
Qonşular
1798-ci il.
Killala yaxınlığında ev. Bricet stolun qabağında
dayanıb nəyləsə məşğuldu.
Piter buxarının bir tərəfində,
Patrik o biri tərəfində oturub.
Piter: - Nə
olub orda?
Patrik: -
Heç nə eşitmirəm. (Qulaq asır).
İndi eşitdim. Deyəsən,
şənlik var. (Pəncərəyə yaxınlaşıb
bayıra baxır). Görəsən, nə
üçün şənlənirlər? Heç kimi görmürəm.
Piter: - Bəlkə
xokkey oynayırlar?1
Patrik: -
Bu gün xokkey yoxdu. Çox güman səs
şəhərdən gəlir.
Bricet: -
Oğlanlar özləriyçün əyləncə qurublar.
Piter, gəl Mayklın toy kostyumuna bax.
Piter: -
(Stulunu stola tərəf çəkir). Əla
kostyumdu.
Bricet: - Mənimlə
evlənəndə sənin belə kostyumun yox idi. Sənin, ümumiyyətlə, baryam kostyumun yox idi.
Piter: -
Düz deyirsən. Heç ağlımıza gəlməzdi
ki, oğlumuz evlənəndə özü üçün
belə qəşəng kostyum alacaq, həm də gəlini gətirməyə
evi olacaq.
Patrik: -
(Hələ də pəncərə qabağında
dayanıb). Yolda qarı görürəm.
Deyəsən, bizə gəlir.
Bricet: - Yəqin,
hansısa qonşudu, Mayklın toyunu soruşmağa gəlir. Kim olduğunu görə bilirsən?
Patrik: -
Bizim tərəflərin adamına oxşamır, amma bizə
tərəf gəlir. Mortin oğullarıyla
qoyun qırxır, qarı onlara tərəf döndü.
(Bricetə baxır). Yadındadı,
dünən axşam tindəki Vinni müharibədən, ya da
başqa bədbəxtlikdən qabaq peyda olan qəribə
qarı haqqında danışırdı?
Bricet: -
Vinnidi də, danışır özüyçün. Sən yaxşısı, qapını aç,
qardaşın gəlir, onun ayaq səsini eşidirəm.
Piter: -
Ümid edək ki, o, Dellinin pullarını
başıbütöv gətirib çıxara bilib. Yoxsa, Allah göstərməsin, birdən
qızın qohumları fikrini dəyişdirərlər, sonra
gəl bunlarla əlləş. Onsuz da
işim daşdan çıxır.
Patrik qapını açır, Maykl gəlir.
Bricet: - Nə
üçün gecikdin? Səni çoxdan
gözləyirik.
Maykl: -
Nikah mərasimini keşişin yadına salmağa
getmişdim, dedim ki, səhərə hazır olsun.
Bricet: - O
nə dedi?
Maykl: -
Dedi ki, bizdən əla cütlük olacaq, bir də dedi ki,
Deliya Keyllə mənim nikahıma sevindiyi qədər
heç kimin nikahına sevinməyib.
Piter: -
Pulları gətirdin?
Maykl: - Gətirmişəm.
Maykl düyünçəni stolun üstünə
qoyur, gedib buxarıya söykənir. Bu vaxta qədər
kostyumun tikişlərini yoxlayan Bricet onu götürüb o
biri stolun üstünə sərir.
Piter: -
(Stola yaxınlaşır, düyünçəni
açıb pulları çıxarır). Hə, Maykl, sənin
işini yaxşı qurdum. Qoca Con Keyl
pullarından heç cür ayrılmaq istəmirdi.
"Yarısını götür, birinci oğlanları
doğulanda o biri yarısını da verərəm", -
dedi. Dedim ki: "Belə olmaz. Oğlanları
olacaq, olmayacaq, bu sonranın işidir, Maykl sənin
qızını öz evinə aparmamışdan qabaq yüz
funtun hamısı onda olmalıdır". Arvadı da mənim tərəfimi tutdu, ona da razılaşmaqdan
başqa bir şey qalmadı.
Bricet: -
Piter, deyəsən, pulları əlində saxlamaqdan xoşun
gəlir.
Piter: -
Yox bir, xoşuma gəlməsin də. Heyif ki, mən
evlənəndə mənə yüz funt verən olmadı,
heç iyirmi funt da verən olmadı.
Bricet: -
Düzdü, mən özümlə heç nə gətirməmişdim,
amma sənin də heç nəyin yox idi. Evlənəndə
sənin nəyin vardı axı? Bir neçə dənə
toyuq idi, bir də Ballin bazarına
apardığın quzular. (Onun incidiyi bilinir.
Dolçanı zərblə stolun üstünə
qoyur). Nə olsun heç nə gətirməmişdim?
Əvəzində yaxşı işləmişəm.
İndi fəxarətlə baxdığın
oğlumuz Mayklı da kartof çıxardan vaxt samanın
üstündə doğmuşam, heç vaxt pal-paltar da istəməmişəm.
Elə ömür boyu işlə ki, işləyəsən!
Piter: -
(Onun çiynini sığallayır). Düz
deyirsən.
Bricet: -
Əl-ayağıma dolaşmayın. Sabah
oğlumuz bu evə gəlin gətirəcək, evi
yığışdırmalıyam.
Piter: - Sən
İrlandiyadakı ən möhtəşəm qadınsan,
amma pul da pis şey deyil. (Pulları təzədən
düyünçəyə bağlayıb oturur). Heç ağlıma gəlməzdi ki, haçansa
öz evimdə bu qədər pul görərəm. İndi onları xərcləmək haqda da fikirləşmək
olar. Cemsi Dempsinin ölümündən
sonra yolumuzu gözləyən on akr torpağı alıb orda
heyvan saxlamaq olar. Ballin bazarına gedib baxarıq, görək
yaxşı nə heyvan var. Maykl, Deliya bu pulla nəsə
almağını istəməyib?
Maykl: -
Yox. Pul onu maraqlandırmır, o heç
gözünün ucuyla da pula baxmır.
Bricet: -
Burda təəccüblü nə var ki? Yanında
sənin kimi yaraşıqlı oğlan olandan sonra pulu neyləyir?
O səninlə olduğu üçün qürurlanır. Sən mehriban, ağıllı oğlansan, onun pulunu
da necə lazımdır elə xərcləyəcəksən,
başqaları kimi içib havaya sovurmayacaqsan.
Piter: -
Deyəsən, elə Maykl da puldan çox hansı qızla
evlənəcəyi haqda fikirləşirdi.
Maykl: -
(Stola yaxınlaşır). Əlbəttə,
arvadın göyçək olmağı yaxşıdı,
onunla bir yerdə küçəyə çıxanda da
utanmazsan. Pul bu gün var, sabah yox,
amma arvad ömürlükdür.
Patrik: -
(hələ də pəncərədən baxır). Yenə şəhərdən səs-küy gəlir.
Bəlkə Enniskrondan at gətiriblər?
Maykl: - Nə
at? Yarmarkaya çox var, hardan alacaqlar atı?
Patrik, yaxşısı şəhərə get gör orda nə
baş verir?
Patrik: -
(Qapını açıb çıxanda birdən kandarda
dayanır). Deliya söz vermişdi ki, bizə
yaşamağa gələndə mənimçün
küçük gətirəcək. Səncə,
yadından çıxmayıb?
Maykl: -
Yox, yadındadı.
Patrik qapını açıq qoyub gedir.
Piter: -
Artıq Patrik də öz var-dövlətini axtarmağa
başlaya bilər, amma onun işi çətin olacaq, axı
onun öz evi yoxdu.
Bricet: -
Bilirsən nə fikirləşirəm? İşlərimiz
qaydasındadı, Keyllərlə qohum oluruq, yəni
özümüzə görə imkanlıyıq. Deliyanın doğma dayısı keşişdi, deyirəm
bəlkə bizim Patrik də keşiş olsun? Onsuz da dəftər-kitaba meyli var.
Piter: -
Fikirləşərik, fikirləşərik. Sən, Bricit, hər
şeyi əvvəlcədən ölçüb-biçirsən.
Bricet: -
Onu oxutmağa pulumuz çatar, o da yoxsul müdriklər kimi
düzü-dünyanı gəzib pay-püşklə
dolanmalı olmaz.
Maykl: - Səs-küy
kəsilmir.
Qapının ağzına gəlir, kandarda dayanıb əlini
gözlərinin üstünə qoyur.
Bricet: - Nəsə
görürsən?
Maykl: -
Cığırla qarı gəlir.
Bricet: -
Maraqlıdır, o kim ola? Yəqin,
Patrikin gördüyü qəribə qarıdı.
Maykl: -
Üzü kapüşonun altından görünmür, amma hər
halda o, buraların adamlarına oxşamır.
Bricet: - Yəqin,
dilənçidir. Toy xəbərini eşidib, gəlib
qarnını doyuzdursun.
Piter: - Məncə,
pulları gizlətmək lazımdır. Onları
stolun üstündə, hamının gözü
qabağında qoymaq olmaz.
Küncdəki böyük sandığın yanına gəlir,
düyünçəni sandığa qoyur və
ağzını açarla kilidləyir.
Maykl: -
Ata, o artıq burdadı. (Qarı
yavaş-yavaş pəncərənin qabağından
keçir, keçəndə Maykla baxır).
Toyqabağı yad adam görmək istəmirəm.
Bricet: - Qapını
aç, Maykl, yazığı içəri burax.
Qarı gəlir. Maykl qırağa çəkilib ona yol
verir.
Qarı:
- Tanrı sizi qorusun!
Piter: - Səni
də.
Qarı:
- Qəşəng evdi.
Piter: -
Öz evin kimi bil.
Bricet: -
Buxarıya yaxın otur, qızın.
Qarı:
- (əllərini isidir). Yaman küləklidir bu
gün.
Hələ də qapının yanında dayanan Maykl
qarıya maraqla baxır. Piter stola yaxınlaşır.
Piter: -
Uzaqdan gəlirsən?
Qarı:
- Uzaqdan. Çox gəzmişəm, hər adamın hünəri
deyil bu qədər gəzmək, xeyli də adam
görmüşəm, bəziləri məni evə buraxmaq
istəmirdi. Birinin güclü oğlanları
vardı, həmsöhbət olmaq istədim, qoyun
qırxırdılar, heç mənə qulaq da asmadılar.
Piter: -
Öz evin olmayanda çətindi.
Qarı:
- Düz deyirsən. Mən yola çıxandan
çox vaxt keçib, çoxdandı sərgərdan
dolanıram.
Bricet: - Yəqin,
yorulmusan, amma üzdən bilinmir.
Qarı:
- Hərdən ayaqlarım ağrıyır, əllərimə
də dinclik verirəm, amma ürəyim dinclik tapmır. Kimsə dincəldiyimi görəndə fikirləşir
ki, daha qocalmışam və artıq heç nə vecimə
deyil. Amma bəla yaxınlaşırsa,
onda necə dostlarla danışmayasan?
Bricet: - Nə
üçün gəlmisən?
Qarı:
- Evdə həddindən artıq yad adam
var.
Bricet: -
Elə bil başına pis hadisə gəlib.
Qarı:
- Elədir ki, var.
Bricet: - Nə
olub?
Qarı:
- Torpağımı əlimdən alıblar.
Piter: -
Torpağın çox idi?
Qarı:
- Dörd dənə gözəl çəmənlik.
Piter: -
(Qarının eşitməyəcəyi səslə Bricetə).
Bu, yəqin, Kilqlasslı Keysinin dul qalan
arvadıdı, onu bu yaxınlarda evdən qovublar.
Bricet: -
Yox, o deyil. Mən onu Ballin bazarında
görmüşdüm. O, möhkəm bədənli
arvaddı.
Piter: -
(qarıya) Sən dağa çıxanda səs-küy
eşitdin?
Qarı:
- Məncə, mən dostlarımın hər dəfə gələndə
çıxartdıqları səs-küyə oxşayan səs-küy
eşitdim. (Heç kimə fikir vermədən
oxumağa başlayır).
Bizim
kürən Donoxyu öldü getdi,
Cəllad keçirtdi ilgəyi boynuna.
Gözəl
arvadı da dul qaldı onun,
Heç olmasa mən olum həmdəm ona.
Maykl: -
(Qapıdan aralanır). Kimin haqqında
oxuyursunuz?
Qarı:
- Haçansa tanıdığım biri, kürən Donoxyu
haqqında oxuyuram. Onu asıblar. (Yenə
oxumağa başlayır, amma bu dəfə bir az
hündürdən).
Səninlə,
dul qadın, ağlayaram mən,
Saçımı yolub, üzümü cıraram.
Onun kotan
sürüb, yeri şumlayıb
Şırım açmağını heç
unutmaram.
Səliqəylə
qoyub daşı daş üstə,
Uca dağ başına salmışdı yol, iz.
Salındığı
zindan yaxın olsaydı
Xalq xilas edərdi onu şübhəsiz.
Maykl: -
Onu nə üçün edam etdilər?
Qarı:
- O məni sevdiyi üçün öldü. Çox
kişilər məni sevdiyi üçün ölüb.
Piter: -
(qarının eşitməyəcəyi səslə Bricetə).
Yazıq başına gələn bəlalardan dəli
olub.
Maykl: - Bu
mahnını çoxdan qoşmusunuz? Onu
çoxdan asıblar?
Qarı:
- Yox, bu yaxınlarda. Amma məni sevdiyi
üçün çoxdan ölənlər də olub.
Maykl: - Onlar sizin qonşularınız idi?
Qarı:
- Yaxın gəl, mən sənə onlardan danışım.
(Maykl onun yanında skamyaya oturur). Şimali
O`Donnellərdən kürən kişi vardı, cənubi
O`Sallivanlardan bir kişi vardı, dənizdəki
Klontarfda canını verən Brayan vardı, qərbdə də
çoxlu kişi vardı, onlar yüz il qabaq ölüblər,
qalanları da sabah öləcək.
Maykl: - Qərbdəkilər
sabah öləcək?
Qarı:
- Yaxın otur mənə, bir az da
yaxın.
Bricet: - Səncə,
o özündə deyil? Bəlkə heç o
ölümlülərdən deyil?!
Piter: -
Ağlına gələni danışır, deyəsən,
başı çox çəkib.
Bricet: -
Yazıq, gərək xətrinə dəyməyək.
Piter: -
Ona südlə yulaf çörəyi ver.
Bricet: - Bəlkə
başqa şey də verək? Yol
üçün. Bir neçə pens, hətta bir
şillinq də olar, bizim indi pulumuz çoxdu axı.
Piter: -
Artıq olsa hə. Amma belə eləsək
bütün pulu havaya sovurarıq, bunu heç istəmirəm.
Bricet: -
Piter, utanmırsan? Ona bir şillinq ver,
yaxşı yol arzula, yoxsa işimiz düz gətirməz.
Piter gedib sandıqdan bir şillinq çıxarır.
Bricet: -
(Qarıya müraciətlə). Süd istəyirsiniz?
Qarı:
- Yox, nə yemək istəyirəm, nə içmək.
Piter: -
(Şillinqi ona uzadır). Götürün bunu.
Qarı:
- Lazım deyil. Mənə pul lazım olmur.
Piter: - Bəs
sizə nə lazımdır?
Qarı:
- Mənə kömək etmək üçün
bütünlükdə özünü verməlisən.
Piter çaşqın nəzərlərlə
şillinqə baxa-baxa stola yaxınlaşır, sonra
dayanıb Bricetə nəsə pıçıldayır.
Maykl: -
Qeydinizə qalacaq adam yoxdur?
Qarı:
- Yox. Məni çoxları sevib, amma heç
kimə yatağımı açmamışam.
Maykl: - Tənha
dolaşmaq sizi darıxdırmır?
Qarı:
- Fikirlərimlə ümidlərim mənimlədir.
Maykl: -
Hansı ümidlər?
Qarı:
- Təzədən öz gözəl sahələrimin sahibəsi
olmaq və yadları evimdən qovmaq ümidi.
Maykl: -
Bunu necə edəcəksiniz?
Qarı:
- Mənim mehriban dostlarım var, onlar mənə kömək
edəcəklər. Elə hazırda onlar bir yerə
yığışır. Mən qorxmuram.
Onlar bu gün məğlub olsalar da, sabah
qalib gələcəklər. (Ayağa durur).
Dostlarımın yanına getmək
vaxtıdır. Onlar mənə kömək
etməyə tələsirlər, onları
qarşılamalıyam. Qonşuları da
çağırmalıyam.
Maykl: - Mən
də sizinlə gedirəm.
Bricet: -
Yox, Maykl, indi onun dostlarıyla görüşmək vaxtı
deyil, çünki sən sənin evində yaşamaq
üçün gələn qızı
qarşılamalısan. Sənin çox
işin var. Yeməkləri hazırlamaq lazımdır. Qız sənin yanına əliboş gəlmir, o
boş evə girməməlidir. (Qarıya
müraciətlə). Yəqin, bilmirsiniz, sabah
oğlumun toyu olacaq.
Qarı:
- Mənə kömək lazım olanda kişilər toy haqda
fikirləşmirlər.
Piter: -
(Bricetə). O kimdir axı?
Bricet: -
Siz bizə adınızı demədiniz.
Qarı:
- Bəziləri məni Qoca Yoxsul çağırır, bəziləri
Ketlin, Holienin qızı.
Piter: -
Deyəsən, haçansa bu adı eşitmişəm. Amma yadımda deyil ki, kimi belə
çağırırdılar. Çox
güman bu adı uşaq vaxtı eşitmişdim. Yox, yox, yadıma düşdü, bu adı
mahnıda eşitmişəm.
Qarı:
- (Qapıda dayanır). Onlar mənə mahnı
həsr olunduğuna inanmırlar, amma belə mahnılar
çoxdur. Birini də bu gün külək
gətirdi. (Oxuyur).
Hündürdən
ağlamayın,
Sabah qəbir qazanda.
Ağ
atlıları çağırmayın,
Sabah qəbir qazanda.
Sabah yas
olmayacaq,
Stolları düzməyin.
Şam
filan da almayın,
Sabah ölənlər üçün.
Onlara şam lazım deyil, onlara dua lazımdır.
Maykl: - Bu
mahnıdan heç nə başa düşmədim, amma deyin,
sizin üçün nə edə bilərəm?
Piter: -
Maykl, yanıma gəl.
Maykl: -
Ata, dayan, ona qulaq as.
Qarı:
- Mənim köməyimə gələnlər çətin
işə girirlər. Onların çəhrayı
yanaqları saralıb-solacaq; dağlarda, çəmənliklərdə,
çay sahillərində sərbəst gəzib-dolaşanların
çoxusu qərib yerdə yaşamağa məcbur olacaq;
çoxlarının həyatı sınacaq; çoxları
yığdığı pulu xərcləyə bilməyəcək;
çoxları uşağını görə bilməyəcək,
xaç suyuna salınanda ona ad verə bilməyəcək.
İndi yanağı çəhrayı
olanların üzləri ağaracaq, amma onlar bundan inciməyəcək,
onlar fikirləşəcəklər ki, bunu öz zəhmətləriylə
qazanıblar. (Qarı gedir, bayırdan onun oxuduğu
eşidilir).
Onlar daim
yaşayacaq, həmişə,
Onlar bizə nümunədir həmişə.
Onlar bizi
çağıracaq həmişə,
Biz onları izləyirik həmişə.
Bricet: -
(Piterə). Maykla bax, elə bil o, özündə
deyil. (Bərkdən). Maykl,
gəl toy kostyumuna bax. Əcəb qəşəngdi! Geyin
bax, Allah göstərməsin, birdən sabah
geyinəndə görərsən ki, əyninə deyil. İstəmirəm sənə gülsünlər.
Götür, Maykl, get öz otağında geyin, gəl. (Kostyumu Maykla verir).
Maykl: -
Hansı toydan danışırsan? Kostyumu neynirəm?
Özü də sabah.
Bricet: -
Sabah bu kostyumu geyinib Deliya Keyllə nikaha girəcəksən.
Maykl: -
Lap yadımdan çıxmışdı.
Kostyuma baxır, öz otağına tərəf gedir,
bayırdan səs eşidib yarı yolda dayanır.
Piter: -
Evimizin yanında qışqırırlar. Orda nə
olub?
Bayırda
bir dəstə adam görünür. Patriklə Deliya da onlarladı.
Patrik: - Gəmilər
gəlib. Fransızlar Killaladadılar!
Piter qəlyanı ağzından götürür,
şlyapasını çıxarıb ayağa durur. Maykl kostyumu əlindən
salır.
Deliya: -
Maykl! (Maykl ona fikir vermir). Maykl! (Maykl ona baxır). Nə üçün mənə
yad adam kimi baxırsan?
Deliya Mayklın əlini buraxır. Bricet ona
yaxınlaşır.
Patrik: -
Bütün oğlanlar fransızların yanına
qaçır.
Deliya: -
Mayklın fransızların yanında nə işi var?
Bricet: -
(Piterə). Piter, ona de ki, evdə qalsın.
Piter: -
Xeyri yoxdu. O bizi eşitmir.
Bricet: -
Onu buxarının yanında otuzdur.
Deliya: -
Maykl, Maykl! Məni qoyub getmə! Fransızları
neynirsən? Sabah axı toyumuzdu.
O,
Mayklı qucaqlayır, Maykl da təslim olmuş kimi ona tərəf
çevrilir. Bayırdan qarının mahnısı
eşidilir:
Onlar bizi
çağıracaq həmişə,
Biz onları izləyirik həmişə.
Maykl Deliyanın qollarından çıxır, bir
anlıq kandarda dayanır, sonra qarıya tərəf
qaçmağa başlayır. Bricet ağlayan
Deliyanı qucaqlayır.
Piter: -
(Əlini Patrikin çiyninə qoyub soruşur). Sən yolda qarı gördün?
Patrik: -
Yox, mən kraliça kimi məğrur gənc qız
gördüm.
Son
1902
1 - Ot
üstündə oynanılan irland xokkeyi nəzərdə
tutulur.
İlyam Batler
Yeyts
tərcümə etdi:
Həmid Piriyev
Ədəbiyyat qəzeti.- 2020.- 24
oktyabr.- S.24-25.