ÖMÜRLƏ PEŞMANLIQ OYUNLARI
Belə
bir film uydurun: milyonluq əhalisi olan böyük bir şəhərdə
dəqiq vaxt rejimində dəhşətli nüvə
partlayışı olacaq, şəhərin (elə ölkənin
də) böyük bir hissəsi illər boyu düzəlməyəcək
fəlakətə boğulacaq. Partlayışdan qabaq qoca bir kişi tutulur, çünki hamı bu boyda
şəhərdən qisas hissinin ona məxsus olduğundan
şübhələnir; ixtiyar ömür-gün
yoldaşını şəhəri idarə edənlərin
bir dəhşətli səhvinin ucbatından itirmiş, həyatı
o qədər mənasızlaşıb ki, intiqam belə,
ürəyini soyuda bilməzmiş. Bütün
bunlara rəğmən üzündə sakitlik hökm
sürür, çünki qisasını alacağından
yüz faiz əmindir. Vaxta az
qalır, onu istintaq edənlər hansı metoddan istifadə
etsələr də, istəklərinə nail ola bilmirlər. Biri var, hər şeyin çox fərqli bir
nüansla bağlı olduğundan şübhələnir və
qocayla danışmaq istəyir, ancaq onu istintaq otağına
buraxmırlar. Qapıdan zorla keçib onu
hamının üzünə kilidləyir, çox gərgin
bir ortamda qocayla danışmağa başlayır.
Kişinin bircə tələbi var: onu geri qaytara biləcəksənmi?
Bu an çöldəkilər zorla
qapını qırır və elə bu an vaxt bitdiyindən
partlayış aləmi başına götürür, hər
şey bitir...
Daha sonra,
peşmanlıq, təəssüf, qarşılıqlı
ittihamlar... Cavan oğlan hamının gözü önündə
lənətlənir: sən olmasaydın, bizə imkan versəydin
bomba zərərsizləşdirilə bilərdi... İndi kiməsə nəyisə sübut eləmək
yersizdir və bunun heç bir perspektivi yoxdur. Kənardakı adamlardan biri (general) oğlanın
yanına gəlir, ona inandığını söyləyir,
çünki istintaqın videogörüntüsünü izləmiş
və burda incə məqamların olduğuna əmin
olmuşdur. Bir komanda formalaşdırılır: uzaq
keçmişə, XX əsrin əvvəllərinə
(birinci dünya savaşından sonrakı illərə)
qayıdıb o zaman baş vermiş çox məşum bir
hadisənin qarşısını almaq lazımdır. Əgər həmin hadisə önlənərsə,
bir əsr sonrakı bu məşum hadisə də baş verməz,
yəni qoca kişinin xanımı ölməz,
insanlararası, insanla təbiət arasındakı bağ
qırılmaz, insanı hər şeydən ayırıb təkləyən
partlayışa ehtiyac qalmazdı.
Adi həyatda
peşmançılıqdan geri dönüb onu düzəltmək,
keçmişdə baş verən hadisələrin
gedişatını dəyişmək təbii ki,
mümkün deyildir və bu, ibrət dərsidir; filmdə,
yaxud indicə uydurduğumuz süjetdə (nəsr mətnində)
geri dönüş əslində, həmişə elədiklərimizin
üstündən xətt çəkdiyimiz anlamına gəlir;
yəni bir ömür boyu çox danışmaq, bir-birindən
dəyərli nə qədər fikir irəli sürmək
olar, ancaq susmaq, danışmamaq alternativi də var,
keçmişdən yaxın və uzaq gələcəyi
görmək bəsirət gözünü açır,
öz içini, duyğularının labirintini, sənə
işıqlı görünən fikirlərin dibindəki
qaranlığı görmək fürsətini verər. Ancaq
indicə nəql edilən süjetdə bir əmma da var:
tapşırıq belədir ki, balaca qızıyla tək
yaşayan kişi öldürülməlidir
ki, gələcəkdə həmin o şəhərdə on
milyon insanın həyatı xilas edilsin. Bir neçə cəhddə
bu, baş tutmur, onu evində yaxalayır və bu an həmin
qızcığazın məsələsi ortaya
çıxır; deyilir ki, qız onsuz da dörd ay sonra
hansısa amansız xəstəlikdən (yoluxucu -!) öləcək,
bunu onun atası bilmir, ona görə və bütün əsaslarla
qızın üstündə əsir, hər şeyi də
qızına görə edir. Qoca terrorçunu istintaq edən
cavan oğlan tərəddüd edir, əmri pozur: elə eləyir
ki, həm qız yaşayır, həm də atası salamat
qalır və bir an sonra törədəcəyi
işdən vaz keçir...
Qoca kişi də yoldaşını itirəndə
ürəyinin dibində o qədər
sarsılmışdı ki, terrorun xilas yolu olacağına
inanmışdı, kimsə bunu biləcək və
mümkünsüzü əyaniləşdirəcəkdi,
çünki həyat yoldaşını itirmək
bütün dünyanı itirməyə bərabər idi.
Zənnimizcə, dünyadakı bütün mövcud
(qeydə alınmış və alınmamış) nəsr
(dramaturgiya və sair) süjetləri arasında həm
assosiativ, həm də digər, haqqında fəlsəfi
yöndən bəhs edilməli olan bağlar mövcuddur. Başqa bir hekayə, yaxud
romanda təhkiyənin axarı dəyişə bilər, həmin
o peşmançılığın yanıyla
"üzüb" başqa bir peşmanlığın
yanına gələr və burda başqa mətləblərin
deşifrə edilməsinə səbəb olar, yəni
süjetlər dəfə-dəfə işləndikcə bədii
mətləb iki istiqamətdə - həm "ərazicə"
(eninə), həm də mənaca (dərininə) genişlənir,
dünyanın, gerçəkliyin dibinə çatdıq, -
deyincə əlindən sürüşür, yeni, hələ
tam anlamadığımız paradiqmalar meydana gəlir. Bu isə zaman faktoru ilə bağlıdır,
iliyimizə işləyən zaman bədii əsər müstəvisində
dondurulmalıdır ki, həmin o genişlənən və dərinləşən
mənəvi (sosial həm də) ərazi bütün
çılpaqlığı ilə görünsün, yaxud
gizlənsin.
Dəhşətli peşmanlıqla sonuclanan hadisələr,
adətən təbiəti, dünya və gerçəkliyi
hiss etməklə, bu hissin korşalmasıyla birbaşa əlaqəli
olsa da, həmişə belə olmur. Mahirin (Rəsuloğlu)
"Ehtiras" hekayəsində hekayənin qəhrəmanı
gölə yetişdikdə hər şeyi incəliyinə qədər
duyur: balıqların üzgəclərinin ani hərəkətini,
qurbağaların nəfəsini, tısbağaların
fısıltısını və sair. Hətta
qamışlıqda suyla sıx bitən qamışlar
arasında ilişib qalmış zəif küləyin
qanadının əzilməsini də... Yəni səs-küylü
bir ortamdan ideal sakitliyin ağuşuna düşmək, həm
də o deməkdir ki, bu iki "divar" arasında gözlə
görünməyən başqa bir məsamə, başqa
keyfiyyətə malik "keçid məqamı"
olmalıdır; insan bəzən bunu nəzərə
almır, dünyanın bir tərəfində səs-küyün,
digər yanında ideal səssizliyin hökm
sürdüyünü güman edib səhvlər buraxır və
buna görə bir daha hər iki ortamda eyni hissləri
keçirməyə məhkum olur. Bundan sonra
sakitlik ona daha dözülməz görünür, bu ortamda
sadəcə duruş gətirə bilmir. "Ehtiras"
hekayəsində məhz bu səhvdən bəhs edilir, daha
doğrusu, hekayənin "müəllifdən ayrılan
fraqmenti" (təhkiyənin diliylə formalaşan ikinci mətn)
bu dəhşətli həqiqəti hərf-hərf, heca-heca,
sözbəsöz ifadə edir.
Bəzən
bəxtinə çox dəyərli bir şeyi, nəsnəni
gözləmək düşəndə bunun mahiyyətinə
varmırsan, anlamırsan ki, bu "oyunda" nağd heç
nə olmayacaq, əlinə heç nə gəlməyəcək,
gözləməyin özü ömrün bütün mənasını,
onun özəyini və mahiyyətini təşkil edir. Olur ki,
gözlədiyin şey də bunu dərindən hiss edib bilir və
səninlə bir oyun qurur, onun və sənin qurduğun oyunun
qaydaları heç də uyğun və eyni deyildir, daha dəqiqi,
o, yerin üstündə ola bilmir, sənsə
suyun altında. Balıqçı tilovu gölə
sallayan kimi dərhal həmin balığı
düşünür (həm də fikirləşir ki, kaş
suyun altından baxa biləydim -!), fikri onunla oyuna yönəlir.
"...O dediyim gölün ən iri, ən təcrübəli
balığıydı. Neçə
balıqçının qarmağını qıran, əllərini
dizinə çırpıb peşmanlıqla inildəməsinə
səbəb olan, gecələr yuxusunu qaçıran
balıq... Bu gölün qeydsiz-şərtsiz
lideri. Dəfələrlə
görmüşdü bu azmanı, hərdən müxtəlif
yerlərdə suyun üzünə qalxıb ovuna
çıxanlara yanıq verir, meydan oxuyur, suların
bağrını yaran şappıltıyla yoxa
çıxırdı. Bir dəfə
qarmağına da ilişmişdi, ancaq bircə təkanla
kapron sapı qıraraq getmişdi. Gölün
hər tərəfindən qurbağaların istehzalı
gülüşü ucalmışdı. Çoxdan
olmuşdu, neçə ilsə qabaq. Di gəl
yadından çıxmırdı. Özünə
sığışdırmırdı bu məğlubiyyəti.
Nələr eləməmişdi hesablaşmaq
üçün? İnternetdən öyrəndiyi
müxtəlif üsullar, hazır satılan və ya
özünün hazırladığı növbənöv
yemlər... Hərdən həzin, hərdən
vəhşi ehtirasla gəlirdi hər dəfə".
Göl kənarında
qəribə bir ortam var, havanın təzyiqi normaldır,
balıqlar yemə gəlir, günəş ətrafı daha
aydın görə bilmək üçün göy
üzündə yüksəlir və payızın belini
üşüdən soyuğu azalmağa başlayırdı,
bir də ehtiras: qadın məsələsi. Hərdən
peşmanlıq keçirir, nə qədər xərc çək,
gəl bura, əlindən nəsə gəlməsin, halbuki bu
vaxtı başqa əyləncəyə sərf edə bilərdi,
ancaq tilov tərpəndikcə, üzücü nişanlar
batıb qalxdıqca hər şey unudulur, o böyük
balığı tutmaq sevdası bütün canını,
ruhunu zəbt edirdi. Hekayədə paralel və biri digərini
çarpaz kəsən bir neçə "peşmanlıq
faktı" var, birini dedik, bədənini ehtiras
bürüdükcə və ona yaxalanmaq qaçılmaz
olduqda sövq-təbii burdan getmək istəyir, birdən tilov
tərpənir və bundan sonra uşaqlığını,
balıq ovu sevdasına qəfil yaxalandığı günləri
yadına salır. Yaşadıqları kənddə
dəniz və çay yoxdur, balıq tutmaq üçün
uzun bir yol qət etməlisən, Suqovuşana qədər getməlisən.
Elə də edir, dostuyla o məkana gedir və kor-peşman
geri qayıdır; bir də evə çatanda peşman olur,
atası ona icazəsiz getdiklərinə görə
acıqlanır və bu dəfə peşmanlıq
ömrünü kəsib-doğrayır: heç kim məni anlamır. Başa
düşmür... Ancaq ən böyük peşmanlıq
qarşıdadır, elə bu gölün sahilində, ən
böyük arzusunun gerçəkləşdiyi məqamda
ölüm kimi təşrif gətirəcək!
Bu sevdaya o qədər uyub ki, göldəki hər bir
canlıyla bərabər bu oyunu oynadığını zənn
edir. Bir dəfə
qarmağına düşüb xilas olmağı bacaran
balığın onu əsəbləşdirdiyi səhnəni
hər kəs izləyir, qurbağalar əl çalır,
gülür, az qala onu fitə basırlar.
"...Balıq bir neçə dəfə sürətlə
sağdakı sahilə yaxın qamışlığa, daha
sonra eyni sürətlə sol tərəfdəki
daşlığa sarı şığıdı. Ancaq o, bütün bunları xəyalən dəfələrlə
yaşamışdı, nə edəcəyini bilirdi. Dözmək və yormaq lazımdır.
Dözmək və yormaq! Belə qaça bilməyəcəyini
hiss edən balıq sahilə - ona sarı yönəldi. Bu, ən təhlükəli an idi - tarım
saxlanmış kapron ip boşalsa, çevrilib ya iynəni
ağzından çıxarmağa çalışar, ya da qəfil
geriyə təkan verər. Güclü təkan
altılıq ipi, hətta nə qədər keyfiyyətli olsa
belə, tilovun özünü qıra bilərdi. Barabanın əyləcini azca boşaldıb ipi
yığmağa başladı. Balıq məğlub
olmaq istəmir, eyni çılğınlıqla xilas
olmağa çalışırdı".
Nəhayət, minillik arzusu çin olur, balığa
qalib gəlir və hər şey, ətrafda nə ins-cins
vardısa əbədi sakitliyə məhkum olur. Suilanları üzdükləri
yerdə, tısbağalar başlarını
qamışlıqdan çıxarıb baxdıqları anda,
qurbağalar söz demək üçün çabalayan
dilin qatlandığı anda... quruyub qalmışdılar.
Bu vahiməli sükut dünyanın
çarxını geri döndərir, bir insan həyatı məhv
olur, çin olduğunu bildiyi arzusu ürəyində
qalmır, partlayır, dağılır, daha bundan sonra nəyisə
arzulamaq, nəyisə dərd və sevinc içində
gözləmək şansı da olmayacaq. Dünya
qopur və boşalır. Sən demə, həyatın
əsas mənası bu oyun və bu tamaşanın davam etməsindəydi,
tamaşa bitir, pərdə salınır, həyat
sönür, günəş göy üzündə nə qədər
yüksəkliyə qalxsa da onu bir daha görməyəcəkdi.
Əsas məsələ Günəşin
səni görməyində və sənin də bunu hiss etməyindədi.
...Bu
süjetlərin birincisi ikiqat, sonuncusu isə, sadəcə,
fiktivdir. Birincisinin ideoloji yükü, sonuncunun
insan ruhuyla, ömrün mənasıyla
bağlılığı qabarıqdır. Amma hər
ikisində bir ümumi cəhət var: səs-küydən
sakitliyə keçid anında insan nələrisə, həm
də əsas olan nəsnələri unudur və uduzur və
elə bir yerdə ilişib qalır ki, həyata, öz ömrünün
kandarına ayaq basa, keçid edə bilmir...
Cavanşir YUSİFLİ
Ədəbiyyat qəzeti.- 2020.- 24 oktyabr.- S.13.