Hisslər
Hər dəfə
"O yerləri, evinizi
görəndə hansı
hissləri keçirəcəksən?"
sualı qarşısında
donub qalıram. Nə cavab
verəcəyimi bilmirəm.
Çünki məqamın hissləri
fərqlidir. İndi bizimki
şəkildə, videoda
gördüklərimizdən, düşüncələrimizdən doğan təsəvvürdü.
O yerləri görəndə
hisslər tam başqa
olacaq. Orada sevinc də
olacaq, qoyub gəldiyin varlıqla yoxluq arasındakı boşluğun doğurduğu
qarışıq hisslər
də. Təsəvvürlə reallığın hissləri fərqlidir.
Doğulduğun, yaşadığın evi
yoxluğun içində
axtarmaq çox ağırdı. Daşına, tozuna tapınmaq,
əlini viran edilmiş, vəhşicəsinə
dağıdılmış yerə uzadaraq "Bu bizim evimizdi" deməyin hissini ifadə etmək olmur. Onu ancaq yaşamaq
lazımdır. O hissi
sükut yazacaq.
İnsanlar kimi yurdumuz da
ruhuyla didərgindi. Nə kölgəsində
oturası bir ağac var, nə söykənəsi divar. Təkcə qovuşmaq var. Qucaqlayası
əzizlərimiz olmasa
da, boşluğu qucaqlaya-qucaqlaya, doğma havanı içimizə çəkə-çəkə, sevinc, ağrı göz yaşlarını
biri-birinə qata-qata həsrətini çəkdiklərimizlə
qol-boyun olacağıq.
Əvvəlcə onu tək qoyub
gəldiyimiz üçün
bizdən küsən
torpağı izimiz, baxışlarımız isidəcək. Sonra üzünə
təbəssüm qoyub
"axır ki, gəldiniz" deyərək,
bizimlə barışacaq.
O təbəssüm bizi
özümüzə qaytaracaq.
Hisslər dəyişəcək. İlahi, bu günü də gördüm deyib, içdən ah çəkərək illərin
ağır yükündən
boşalacağıq. Yüngülləşəcəyik.
Tozundan, torpağından
öpüb rahatlancağıq. Ruhlar qovuşantək.
Gözümüzə işıq gələcək. Ürəklənəcəyik. Artıq başqaları kimi
sıxıntısız olacağıq.
Bu yaşantıları, hissləri görmək lazımdır.
Ruh, can yurda
bizimlə qayıdacaq. Neçə illərdən sonra yurd da yurd
olacaq. Biz də biz olacağıq.
Tam. Bütöv.
Bu ayrı xoşbəxtlikdi.
Bu ayrı hissdi...
Rəfail Tağızadə
Ədəbiyyat qəzeti.- 2020.-
24 oktyabr.- S.15.