"Düşünürəm ki, "Cavad xan"
romanı ən
baş əsərimdi"
Kamran Yusifzadənin nənəsi,
yazıçı Nüşabə Əsəd Məmmədli
ilə söhbəti
K.: - Nənə, həyatda ən yüksək nailiyyətini nə sayırsan?
Nüşabə Ə.M.: - Ən böyük
nailiyyətim odur ki, simamı qoruya bildim. Bundan böyük uğurum yoxdur.
K.: - Yaxşı, bəs onda keçmişə qayıda bilsəydin, zaman maşını olsaydı, hansı vaxta qayıdardın?
Nüşabə Ə.M.: - Atamın, anamın,
qardaşlarım sağ
olan vaxtlara.
K.: - Onları kimsə əvəz edə bildimi?
Nüşabə Ə.M.: - Əlbəttə, yox. Ancaq mənim həyatımdan
artıq sevdiyim uşaqlarım, nəvələrim,
əziz bildiyim insanlar var.
K.: - Təsəvvür et ki, keçmişə qayıda bildin, onda həyatında nəyi dəyişmək
istərdin?
Nüşabə Ə.M.: - Həddsiz sevdiyim
Cavidin sözləri ilə demək istərdim: Keçmişi
qaytara bilsəydim əgər, Onu bu əllərimlə təzədən qurardım...
K.: - Həyatında baş verən ən dəhşətli hadisə
nəyi bilirsən?
Nüşabə Ə.M.: - Ən böyük
qorxum doğma, əziz adamları itirməkdi və kasıblıqdı. Mən bunların
hamısından keçmişəm.
İstəməzdim ki, yaxınlarımı,
əziz bildiyim insanları itirim.
K.: - Nənə, Milli Azadlıq Hərəkatında
mühüm rol oynamışdın. 80-ci,
90-cı illərdə baş
verən hadisələrə
qiymət ver. Hansı
hisslər daha üstün idi?
Nüşabə Ə.M.: - Hesab edirəm
ki, çətin və ağır illər idi, amma həmin zamanda mən Azərbaycanın müstəqilliyimi
gördüm. Buna görə özümü
xoşbəxt sandım.
Xoşbəxtiydim ki, Vətənimiz
müstəqilliyini qazandı.
Lakin nə Xocalını, nə də 20 Yanvar hadisələrini unutmadım. Xocalı, 20 Yanvar
faciələri, Vətən
uğrunda gedən minlərlə şəhidlərimiz
- həmişəlik ağrımdır.
K.: - Nənə, yaradıcılığının
zirvəsini hansı əsərini sayırsan?
Nüşabə Ə.M.: - Düşünürəm
ki, "Cavad xan" romanı ən baş əsərimdi. Əvvəlcə dram, povest sonra
isə roman yazmışdım.
80-ci illərdə başlayanda əlbəttə
ki, çox çətin idi. Hələ də gördüyüm yuxu yadımdadı. Əsərin
axırını bitirə
bilmirdim. Bunun ücün
çox əzab çəkirdim. Onda mən
yuxu gördüm.
Gördüm ki, Cavad xanın atı asılıb. Məhz
bu yuxu əsəri
axıra çatdırmaqa
təkan verdi.
Ümumiyyətlə, mən tariximizdə,
ədəbiyyatımızda 2 şəxsiyyətə səcdə
edirəm - Cavad xana və Hüseyn
Cavidə. Və Cavad
xan haqqında yazmağı mən mənəvi borc bilirdim. Ona görə də onun haqqında yazmağım vətəndaşlıq
borcum idi...
K.: - Nənə, sən 1987-ci il fevralın
13-də Azərbaycan jurnalistlərinin
VII qurultayında Gəncənin
tarixi adının qaytarılması məsələsini
qaldırdın. O vaxt
təqiblərə məruz
qaldın. Onda bizim ziyalılar
sənə mənəvi
dəstək verdilərmi?
Nüşabə Ə.M.: - Minlərlə insan, o cümlədən böyük ziyalımız
Tofiq Bağırovun başcılığı ilə
imza kampaniyası başlandı. İki ildən sonra
tarixi Gəncə adı şəhərə
qaytarıldı. Mən bu
işdə xidməti
olan hər kəsə minnətdaram.
Ancaq ilk
olaraq məni Azərbaycan Jurnalistlər
İttifaqının sədri
Hacı Hacıyev, böyük şairlərimiz
Bəxtiyar Vahabzadə,
Xəlil Rza Ulutürk, Məmməd İsmayıl, qocaman jurnalist Qulam Məmmədli, yazıçılar
Nahid Hacızadə, Xalidə Hasilova, Abbas Abdulla, Hidayət Orucov, Qərib Mehdi, jurnalist Yusif İsmayılov, Gəncədə yaşayan
həmkarlarım müdafiə
etdilər.
Bəxtiyar Vahabzadə, hətta
Gəncəyə gəldi.
Şəhər rəhbərlərini və jurnalistlərini bir yerə yığdı.
Rəhbərliyə xitabən
dedi - Nüşabənin
xətrinə dəyənin
anasını ağladaram.
O dövrdə, hətta
1981-ci ildə rəhmətə
gedən atamın nəşini eskumasiya eləmək istəyidilər.
Guya atam sağdır, Qazaxıstanda yaşayır
və mənə də o tapşırıq
verir. Rəhbərlik mənim çıxışımı
1986-ci ilin dekabrında
Qazaxıstanda baş vermiş üsyanla əlaqələndirirdi.
Mən heç
vaxt Bəxtiyar müəllimin çəkinmədən,
qorxmadan məni bu sayaq müdafiə
etməsini unutmayacam. Mən onun
mənə 1972-ci ildə
bağışladığı kitabı əziz xatirə kimi qoruyuram.
K.: - Bəs yaxın ildə yazdığın
və ən sevdiyin əsər hansıdır?
Nüşabə Ə.M.: - "Qara kvadrat"
hekayəm. Çox maraqlıdır ki,
bu əsəri də yazmaq üçün təkan qəribə yuxu oldu. Gördüm ki, K.Maleviçin
sevmədiyim "Qara Kvadrat"ını əlimdə
tuturam və ağlayıram. Göz yaşlarım
əsərin üstünə
düşür və
əsər ağarmağa
başlayır.
K.: - Oldu. Onda dünya ədəbiyyatında
və Azəri-türk
ədəbiyyatında ən
sevdiyin müəlliflər
kimdir?
Nüşabə Ə.M.: - Bizim ədəbiyyatımızdan
ən çox sevdiyim Nizami, Nəsimi, Xaqani Füzuli, Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil, Əbdürrəhim bəy
Haqverdiyev, Hüseyin Cavid. Sadalıyarkən, dahi Füzulinin sətrlərini xatırladım:
"Qılma nifrət
ölməkdən, hər
ovuc topraq bir Ədəmdir". Məncə,
Füzuli doğrudan da bəşər poeziyasının ən görkəmli nümayəndələrindən
biridi.
Dünya incəsənətinə gəldikdə,
Şekspir, Dante, Höte,
Puşkin, Tolstoy, Dostoyevski,
Hüqo, Balzak, Siqrid Unset... və əlbəttə, Mikelancelo. Onun orijinal
rəsm əsərlərini
seyr etmişəm və çox sevmişəm, həmin zamanda onun şeirlərini
də oxumuşam və hesab edirəm
ki, onun poeziyası - dünya poeziyasının incisidir.
Xarici ədəbiyyatın
ən görkəmli nümayindələrindən biri
dahi Hötedir. Onun "Faust" əsərini oxuyanda heyran olmuşdum. XIX əsrdə yaşayaraq,
şair kapsullarda süni uşağın əmələ gəlməsi
haqqında yazırdı.
Bu dəhşətlidi! Çünki
yazdığı hadisələr
ancaq 200 il
sonra həqiqətən
baş vermişdi.
K.: - Nənə, mən yaşlı adamlardan tez-tez "Keçmiş vaxtı, sovet vaxtı - daha yaxşı idi" ifadəsini eşidirəm.
Bəs, səncə, bunun ədəbiyyata əhəmiyyəti
varmı? Müasir ədəbiyyat
XX, yaxud XIX əsrin ədəbiyyatından əskikdirmi?
Nüşabə Ə.M.: - Əlbəttə, yox. Mən, hətta deyə
bilərəm ki, hardasa üstündü belə. Əsl sənət heç
vaxt ölmür.
Müasir müəlliflər də öz prizmalarından yazır.
K.: - Bəs, mənim dövrümün yazıçılarından
hansılarını çox
sevirsən?
Nüşabə Ə.M.: - Rey Bredberi, Stiven Kinq, Bernhard Şlink, Deniel Kiz, Xaruki Murakami. Və əlbəttə, Azərbaycan
postavanqardın ən
parlaq nümunələrindən
biri - Vaqif Sultanlı. İlk dəfə Azərbaycan
ədəbiyyatına sürrealizmi
məhz Vaqif Sultanlı gətirdi.
K.: - Avanqard incəsənətə
toxunduqsa, realizm üslubunu istisna edərək, ayrı cərəyanlarda yazan və yaradan, yaratdıqlarını çox
sevdiyin insanlardan kimi saya bilərsən?
Nüşabə Ə.M.: - Sözsüz ki, Jan Kokto, Frans Kafka, Pablo Pikasso,
Salvador Dali, Amedeo Modilyani,
Edvard Munk. Bu arada, Dalinin
dahi "Neoinsan" əsərində insan əlini məhz Bakıya uzadır - Xəzər dənizinin yaxınlığında olan
torpağa.
K.: - Səncə, niyə?
Nüşabə Ə.M.: - Qlobal hadisələri
duyurdu. Və həmin o hadisələr
oldu da, olur da.
K.: - Yaxşı, onda blitz sorğu-sual. Qadının ən böyük
dəyəri nədir?
Nüşabə Ə.M.: - Yenə Cavidin
sözlərini dilə
gətirirəm: Bir qızın ancaq bilgidir, təmizlikdir zinəti.
K.: - Bəs, kişilərdə
ən dəyərləndirdiyin
cəhət hansıdır?
Nüşabə Ə.M.: - Ağıl, mərdlik.
K.: - Bəs, ümumi götürərək, insan
özündə hansı
cəhətləri ehtiva
etməlidir?
Nüşabə Ə.M.: - Vətənə bağlılıq, milli dəyərlərə sevgi
və millətin rifahı üçün
çalışması.
K.: - Və sonda: nənə, sən xoşbəxtsən?
Nüşabə Ə.M.: - Bir ay əvvələ
qədər düşünürdüm
ki, Vətənin iyirmi faiz torpağı
əsarətdə olan,
Polad Həşimov və digər qeyrətli oğulları qurban verən vətəndaş necə
xoşbəxt ola bilər?.. Amma
indi ürəyimdə
işığa hədsiz
ümid var... Artıq az
qala bir aydır ki, Respublikamız tarixi günlərini yaşayır,
Böyük Vətən
müharibəsi gedir.
Azərbaycan işğalçı ermənilərə qarşı,
onların havadarlarına
qarşı müqəddəs
savaş aparır.
Minlərlə vətən oğlu
cəbhəyə könüllü
yazıldı, bu torpaq uğrunda şəhid olmağı şərəf bildi.
Qarabağımızda qanlı savaş
gedir, ancaq düşmən müharibə
zonasından kənar şəhər və kəndlərimizi raket atəşinə tutur.
Qədim
Gəncə də ballistik raket atəşinə məruz
qaldı. Mən bu
günlərdə bombardman
olan evlərin dağıntılarında oldum.
Sanki İkinci Dünya müharibəsindəki
Stalinqrad xarabalıqları
idi. Dağıntılar içində hələ
geynilməmiş uşaq
paltarları, çoxlu
oyuncaqlar var idi. Bir dağılmış evin salamat qalan
hündür divarından
Azərbaycanın üçrəngli
bayrağı dalğalanırdı.
Bu bayrağı şəhid uşaqların
atası asmışdı.
Sanki hər kəsə
bəyan edirdi bu bayraq - şəhid
qanı ilə suvarılan Vətən əbədidir.
Mən şəhid
uşaq Ləmanın
anası Vəfa xanımla görüşdüm. O, ağlamırdı.
Qohumlarıgildə məskunlaşan
xanım dedi; bu tarix qızıl
hərflərlə yazılacaq
yaddaşımıza. İnanıram ki, cəbhədə vuruşan yüzlərlə
qardaşlarım mənim
balamın qisasını
alacaqlar. Mən qələbəmizə
inanıram.
Ədəbiyyat qəzeti.- 2020.-
24 oktyabr.- S.14.