Pənah xanın ruhu

 

Şuşanın da, Qarabağın da tarixi ulu əcdad sayılan Pənah xanın adı ilə başlayır.

Şuşanın tarixi, əslində, Pənah xanın ruhunun tarixidir. Pənah xan XVIII-XIX yüzillər Qarabağ insanının düşüncəsində "ilk əcdad", onun yaşadığı dövr "ilk zaman", "mifik zaman", Şuşa isə sakral və "ilk məkan" idi. Ona görə də tarixçilər, salnaməçilər haqlı olaraq onun adını əcdad kultu sistemində yerləşdirirlər, Qarabağ dövlət kultunun əsasında məhz Pənah xan kultu durur.

Yaddaşımızdakı Pənah xan mifinin varlığı, əslində, tarixi həqiqətin varlığıdır. Rus filosofu A.F.Losev qeyd edir ki, "mif genişləndirilmiş addır". Pənah xanın adı ilə artıq yaddaşda qalan tarixi hadisələr mifikləşir" (R.Bədəlov).

Toplumun sabitliyini və ritualını özündə birləşdirən mifoloji qəhrəman olub, ədalətli qanunlar və ya sosial təsisatlar yaradıbdır.

Pənah xan "müdrik qoca" arxetipinin və sakral enerjinin daşıyıcısı kimi xanlıqda, bütün ətraflarda nizam-harmoniyanın qarantı idi. O, Qarabağ kosmosunu yaratdı, xanlığın pozulmuş sahmanını bərpa etdi.

Pənah xan mifoloji qəhrəmana xas olan atributları və funksiyaları yerinə yetirib: qalalar tikib: Mirzə Camal yazır ki, "...Məşvərətdən sonra, Kəbirli mahalı içində olan Bayat qalasının əsası qoyuldu. Qısa bir zamanda möhkəm hasar və xəndək düzəldildi, bazar, hamam, məscid tikildi, xan bütün ailəsini, qohumlarını və el böyüklərinin əhl-əyalını oraya topladı. Ətrafda olan camaat hətta xanın tərəqqisini, onun rəftar və məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları belə öz ailələri ilə birlikdə gəlib Bayat qalasında yerləşdilər".

Pənah xanın ölümündən sonra taxta oturan sevimli oğlu İbrahimxəlil xan da rusların ayağı qutsal torpağımıza dəyənə qədər, əcdad kultunun qoruyucusu kimi, atasının möhtəşəm işlərini davam etdirdi: "Belə ki, hər yerdə elat köçürüb, öz başına cəm edib və birə beş artıq Pənah xandan hökmranlıq edib və təzədən qalanı böyüdüb, bu bürcü çəkdirib və üç yerdən qapı qoydurub..." (Baharlı)

Pənah xanın həyatı bir macəra romanının mövzusudur. Xorasandan, Nadir şahın əlindən qaçıb Qarabağa gəlsən, burada bir dövlətin - xanlığın əsasını qoyasan və düşmənlərlə qalibiyyətlə savaşaraq varlığını qoruyasan, Şuşa kimi möcüzə şəhər salasan... Doğrudan da, bu, Tanrı sirridir...

Şəhərin salınması qutsal məkanla zamanın vəhdətində mümkündür. Mirça Eliade deyir ki, hər yeni məskunlaşma "müəyyən mənada yaradılışın təkrarıdır".

Əslində, hər salınan şəhər, tikilən hər ev dünyanın mərkəzində dayanır.

Şuşa da dünyanın mərkəzi kimi düşünülür.

Pənah xanın Şuşanı yurd yeri kimi, vətən kimi seçməsində quruculuq və qoruyuculuq funksiyası da aşkar görünür. "Mifoloji düşüncədə məkan modelinin əsasını "vətən" anlayışı təşkil edir. Epik vətən bir qayda olaraq, dünya modelinin şaquli və üfüqi planlarının kəsişdiyi yerdə - orta nöqtədə yerləşir. Qəhrəman buradan dörd tərəfə və aşağı-yuxarı istiqamətlərdə hərəkət edərək, fəaliyyətini gerçəkləşdirir. Mifologiyada olduğu kimi, epik məkanın modelində də yer üzü ilin sakral mərkəz ətrafında konsentik dairələr şəklində nizamlanır. Qəbiləyə, tayfaya boya aid ərazi ("doğma vətən") sakral səciyyə daşıyıbdır (qutsaldır): bu ərazi "mistik enerjinin" yüksək səviyyədə olduğu xüsusi bir məkandır (A.Acaloğlu). Şuşa qalası da konsentrik formadadır. Türk dastanlarında "Oğuz eli", "Çənlibel", "Kan Altay", "Çideli Baysun" və s. kimi epik vətən adları bu sıradandır.

Bu, dastan qəhrəmanın öz elini-gününü, toplumunu yenidən başına yığıb onları qoruma instiktindən irəli gəlir. Çənlibel kimi, Şuşa da "uca dağ başında" (Ə.Haqverdiyev) yerləşir. "Şuşa dəniz səviyyəsindən 1800-2000 metr yüksəklikdə olan və üç tərəfdən təbii müdafiəsi olan, meşələrlə örtülmüş, bir tərəfdən uçurum, digər tərəfdən sıldırım qayalarla ahatə olunmuş bir yerdə bərqərar olur".

Salnaməçi yazır ki, Xanın (Pənah xanın) bir neçə nəfər bilici və məlumatlı adam gedib, qalanın yerini və ətrafını yoxladı. Qalanın içində iki-üç bulaqdan başqa axar su yox idi. Bu bulaqların suyu isə qala camaatına kifayət etməzdi. Ona görə duman gələn yerlərdə quyu qazdırıb, müəyyən etdilər ki, buranın bir çox yerlərində su quyuları qazmaq mümkündür.

Bu xəbəri mərhum Pənah xana çatdırdılar. Xan sevinərək, bir neçə nəfər öz yaxın ada milə buraya gəldi yerlə tanış olub, əzmlə qalanın əsasını qoydu". Digər rəvayətə görə, qala üçün yer seçimi mövcud siyasi durumun qeyri-sabitliyi ilə bağlı olubdur. Pənah xanın işgüzar, bacarıqlı adamları yığışıb ona məsləhət görürlər: "Biz gərək dağların içində, möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu düşmən belə mühasirə edə bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin üzünə daima açıq olmalı və mahallarla rabitəmiz, əlaqəmiz (bir an belə) kəsilməməlidir".

Koroğlu və atası Alı kişi də Çənlibeli bu cür seçmişdi: "Rövşən getdi dağları, daşları, düzləri əndər-döndər elədi. Axırda bir dağa çatdı. Gördü dağın bir tərəfində bir uca sıldırım daşlı, əlçatmaz, ünyetməz qaya var. Amma qaya elə bir qayadır ki, igid istəyir üstünə çıxsın. Rövşən qayanın dörd tərəfini dolandı. Göz gəzdirdi. Əl tutan bir yer tapa bilmədi. Axırda belindən kəməndini açıb qayaya atdı, min ənvai-müsibətinən qayaya dırmaşdı. Baxdı ki, bura elə mənzər, laləzar yerdi ki, day nə deyim. Gül gülü çağırır, bülbül bülbülü, elə bil sıldırım qayanın üstündə bir bağça şəkili çəkilib, yetmiş iki qələmnən yetmiş iki rəng vurulub. Qoca kəhənsalə bir ağac gördü. Yaxına gəlib baxdı ki, vallah, Qoşabulaq qaynayıb göz yaşı kimi axıb ətrafı süd gölünə döndərir. ...Koroğlu atasını Qoşabulağın yanında dəfn eləyib, o gündən Çənlibeldə yurd saldı" ("Koroğlu"). "Koroğlu"nun A.Xodzko variantında deyilir: "Az bir müddətdə balaca Şamlıbel kəndi 800 ailəli bir şəhərə çevrildi".

Pənah xan Şuşa qalası, M.P.Vaqifin təbiri ilə desək, "Şişə dağında" salır. "Sonra Pənah xan öz ailəsi üçün uca imarətlər və geniş binalar saldırdı. Hünərli ustalar, sənət sahibi və işbilən memarlar barı, hasar, bürc və divar çəkdilər. O divarların asarı, bəzi yerlərdə indi də durur" (Mirzə Adıgözəlbəy). Xorasan istiqamətində hərəkət edib, uzaq Sərəxsdən gələn qarabağlıları qarşılayıb onlar üçün qısa müddətdə yaşayış şəraiti yaradır. Mirzə Camal Cavanşir yazır: "Nadir şah tərəfindən Xorasana köçürülmüş Cavanşir və başqa ellər özbaşına bütünlüklə oradan köçüb, vətənlərinə gəlməkdədirlər. Pənah xan yanında olan adamlarla birlikdə Qarabağ ellərini qarşılamaq üçün İran və Azərbaycan sərhəddinə qədər getdi. (Onlar) Qarabağ torpağına daxil oldular. Hər kəs öz əvvəlki yurduna gedib rahatlandı..."

Pənah xan Şuşa cəmiyyətinin əbədi varlığının, qüdrətinin və rifahının təminatçısı olur.

Azərbaycan dili ənənəsində "ad" və "toponim" bir-birinə çox yaxın və doğma leksik vahidlərdir. Toponim coğrafi məkanın adıdır. İnsan adı kimi, yer adı da canlıdır. Adda insanın taleyi kodlaşdırılır. Ad həmişə müqəddəs sayılıb. Adı dəyişmək, addan imtina etmək olmaz - bunun gözlənilməz, ağır nəticələri ola bilər. Adları dəyişdirilmiş gəmilər batır, adları dəyişmiş şəhər tənəzzülə uğrayır və ya müəmmalı şəkildə boşalır.

Həsən İxva Əlizadə "Şuşa şəhərinin tarixi"ndə yazır ki, "Pənah xanın qalası - Pənahabad qalası da gələ-gələ xalq dilində ixtisarlanıb yalnız Qala şəklini alırdı".

Molla Pənah Vaqif də şəhərə "Qələ" deyirdi:

 

Noluydu kim, olaydım

            qasidin qoynundakı kağız

Ki, mən də Qələyə

            bu yol gedəydim bu gedənlərtək.

 

Xanlığın damğalarının, bayrağının, pulunun, döyüş nərələrinin və ongonlarının müəyyənləşdirilməsi də Pənah xanın adıyla bağlıdır. Mirzə Yusif yazır ki, sikkəxana tikdirib orada "Pənahabad" adlı bir misqal çəkisi olan gümüş sikkə zərb etdirdi. Sikkənin bir tərəfində "La ilahə illəlllah və Məhəmmədin Rəsulullah", o biri tərəfində isə "Pənahabad" sözləri yazılmışdı. "Pənahabad"ın altısı-bir manat, səkkizi isə "Qarabağ tüməni" adlanırdı (Mirzə Yusif. Tarixi Safi, Xalq arasında bu ad dəyişdirib sadəcə "Pənahat" deyirdilər" (Həsən İxva Əlizadə).

1992-ci ildən mənfur düşmənlər şəhərimizin adını dəyişib "Şuşi" qoyurlar. Daha öncə 1923-cü ildə Xankəndinin daşnak quldur Stepan Şaumyan murdar adı ilə əvəz olunur - Stepanakert.

Hələ dörd min il bundan öncə qədim Çində əfsanəvi imperator Fu Si tərəfindən "İ-Tszin", yaxud "Dəyişikliklər Kitabı" yazılır. İmperator Fu Su qarşısına məqsəd qoymuşdu ki, qadın və kişi, validen və uşaq, insan və cəmiyyət arasında münasibətləri dəyişdirsin. Amma sonda anlayır ki, insan həyatında baş verən bütün dəyişiliklər qanunauyğundur və qaçılmazdır. İnsana doğuluşundan ölümünəcən, taledən ona verilən bütün işarətlərlə ehtiyatlı davranmalıdır.

O cümlədən, adla.

Bu gün Ali Baş Komandan, Prezident İlham Əliyev müqəddəs savaşımızla yalnız torpaqlarımızı deyil, adlarımızı da azad edir, yerinə qaytarır. - Suqovuşan, Çinarlı...

Ümid edirəm ki. Pənah xanın müqəddəs adı da qayıdacaq və şəhər əbədi xoşbəxt taleyinə qovuşacaqdır...

Ən uzun və ağır odisseya İtaka ilə (Homer. "İlliada") bitir. "Kitabi-Dədə Qorqud"da Bamsı Beyrəyin Oğuz elinə qayıdışı 16 ildən sonra baş tutur. "Əhdi-ətiq" və "Əhdi-Cədid" də deyildiyi kimi, hər şey öz çevrəsinə qayıdır.

İnşallah, 27 ildən sonra şuşalılar Pənah xanın qutsal yurduna - Pənahabada - Şuşaya qayıdacaqdır.

Avesta təqdiminə görə, 96 illik zaman kəsimi Müqəddəs Ruh ili adlanır.

2020-ci ildə Şuşanın inşasından və tarixi adından (Pənahabad) təxminən 270 il keçir, deməli, 96 illik Müqəddəs Ruh ilə üç dəfə dövr edib. Münəccimlər deyirlər ki, belə astral təsadüflər nadir hallarda olur...

Pənah xanın müqəddəs ruhuna qayıdırıq!

 

Rüstəm KAMAL

 

Ədəbiyyat qəzeti.- 2020.- 24 oktyabr.- S.5.