Nəsrdə Qarabağ diskursu:
Səyyad Aranın
"Başdaşı" romanı
"Hələ dünyanın, necə deyərlər, düz vaxtıydı. Həyat gündəlik
axarıyla axıb gedirdi.
Böyük bir el hələ yurdundan
perik düşməmişdi"
Səyyad Aranın "Başdaşı"
romanını günümüzün müharibə
ovqatı, cəbhə xəbərləri, günün
reallıqları içrə oxudum. Necə deyərlər,
söz vaxtına çəkər. Əslində,
Qarabağ məsələsi, erməni vəhşiliyindən əzab
çəkən insan dramları həyatımıza elə
hakim olub ki, bu mövzuda hər şey öz vaxtının
taxtında qərar tutub. Qalıb bircə
baxt məsələsi ki, buna da sahibləndiyimizə günbəgün
qazandığımız uğurlar ümidləndirir.
Roman ənənəvi təhkiyə ilə
yazılıb, realizmin dolğun ifadəsi, klassik əsərlərə
məxsus məntiq, səbəb-nəticə əlaqələri,
bir-biri ilə əlaqədə olan, qırılmayan
xronologiya, aydın təsvirlər və ifadə üsülu. Səməndər
kişinin oğlu Qürbət müharibədə minaya
düşüb həlak olur. Qızı
Minarə ilə Gəncəyə yollanıb oğluna
başdaşı düzəltdirən ata onu qəbiristanlığa
yerləşdirməyə imkan tapmır. Kəndi
mühasirəyə alan erməni
önündə əliyalın qalmış insanlar yurd yerlərini
tərk etməyə məcbur qalırlar. Beləcə, Cəbrayıldan
Beyləqana, ordan İmişliyə, daha sonra isə Bakıya
daşınan ailə başdaşını da özü ilə
yol yoldaşı edir. Amma son duracaqları
Bakı olana qədər ailənin həyat dramı daha kəskin
şəkil alır. Belə ki, yolda
atılan minanın partlaması ilə arabanın yoldan
çıxması nəticəsində başdaşı Səməndərin
uşaqlarının üstünə aşır. Bu hadisədən
daha çox zərbə alan qızı
Minarənin bir ayağını, kiçik oğlu Camalın
isə barmaqlarını kəsməli olurlar. Əsərdə
ailəni sona qədər eyni naəlac situasiyada
görürük. Müəllif onların
məişəti, güzəranı, mühiti fonunda
bütünlükdə qaçqın həyatının təfərrüatlarını,
təfsilat və detalları başlıca ideya-problematika
daxilinə yerləşdirir. Burada əsərin
ritmi, dinamikası, kiçik detallardan tutmuş süjet xəttinə
qədər hər şey 90-cı illərin əvvəllərinin
fakturasına həssasdır. Səyyad Aran oxucunu milli
keçmişin, az qala 30 il yaşı
olan tarixi gerçəklərin yaşantılarına,
olaylarına vaqif edir. Doğrusu, müharibə
dövrünün, 90-cı illərin əvvəllərinin
tarixi təhlilini verən, Azərbaycan
reallığının gerçək mənzərələrinə
ayna tutan romanın 2020-ci ilin əvvəlində çap
olunması hardasa düşündürür də. Bu, nəsrin Qarabağ kimi həssas mövzuya uzaq
zaman kəsimindən qayıdışı ilə bahəm, həm
də alt qatda boy göstərən yaddaş ağrısı
kimi mənalanmalıdır. Budur,
Qarabağ uğrunda yeni tarix yazılır, bir vaxtlar vətən
savaşında həyatlarını itirən Qürbətlərin
qanı tökülən torpaqları geri qaytarır Azərbaycan
oğulları. Amma bu da var ki, hər
dövrün öz ədəbiyyatı olmalıdır. "Başdaşı" 90-cı illər
Qarabağ savaşının gətirdiyi ağrıların
yazdırdığı romandır.
Başdaşı romanda canlı obraz olaraq iştirak edir. Yazıçı
daş parçasında əbədiləşən
insanın düşüncələrini əsər boyu onu
özü ilə hər yerə daşımağa məcbur
olan ailəsinin düşdüyü müxtəlif vəziyyətlərə
uyğun olaraq ifadə edir. Amma əsas məsələ
başdaşının "taleyinin" içində insan
ağrılarının yer almasıdır. Roman boyu məkandan məkana adlayan başdaşı
ardınca insan faciələrinin də yeni
çalarlarını gətirir. Yurd yerlərindən
perik düşmələri, bacısı Minarənin
ayağının kəsilməsi, daha sonra isə intiharı,
kiçik qardaşın barmaqlarının kəsilməsi,
böyük qardaşın döyüşdə yaralanıb
kontuziya alması, ailənin sosial problemləri, üç dəfə
infarkt keçirib dünyasını dəyişən
atanın ağrıları və s. Bir də başlarına
gələn hər zülmlə qarşılaşanda
üzünü Allaha tutub "Ey yerin-göyün yiyəsi,
ya məni öldür, ya da balalarıma rəhm elə. Nə
pürçümüm olub?.. Məni niyə belə imtahana çəkirsən?
Vallah, balalarım da heç kimin toyuğuna daş
atmayıb... Vallah belə getsə, Səməndərin
ürəyi günün birində dayanacaq. Ondan sonra da mən özümü öldürəcəm.
Balalarım cılxa yetim qalacaq, çöllərə
düşəcək. Məni niyə hər
gün öldürüb-dirildirsən? Yazıq deyilik,
fağır deyilik?.." deyən Nübar
ananın ah-naləsi!
"Başdaşı" mənzərələr
romanıdır. 90-cı illərdə arxa cəbhənin kreslo
davası, laqeydlik bəlası, meydan söhbətləri,
mübahisələr, gərginləşən münasibətlər,
əsgərlərin kəndi tərk etməsi, yerli əhalinin
əliyalın qalması, yaralılarla dolu olan xəstəxanalardakı
vəziyyət, qaçqınların obadan-obaya
daşınması, məskunlaşması, çətinlikləri
- əsərdə ön və arxa cəbhənin bütün
gerçəkləri yer alıb. Səyyad Aran
müharibənin dəhşətini həm döyüş
prosesində, həm də ondan kənarda
vizuallaşdırır. Əsir düşmüş Yəhya
kişi ilə ermənilərin vəhşi rəftarı,
meşədə minaya düşmüş əsgərlərin
yarımçıq qalan həyatı, postda polislərin
öldürülməsi, Beyləqanda meyitlərin təhvil
verilməsi ilə bağlı apokaliptik səhnə -
yazıçı bir kəndin dramının içinə
müharibə təfərrüatlarını elə yerləşdirir
ki, burada qəhrəmanlıq səhifələrindən
tutmuş satqınlıq məqamlarına, erməni vəhşiliyinin
amansız lövhələrindən tutmuş düşmən
önündə əliyalın qalıb özsünüqoruma
gücündən məhrum olmuş insan ağrılarına
qədər motivlərin ehtiva olunduğunu görürük.
Bu insanlar yalnız torpaq itirmirlər, yurd yeri ilə
birlikdə övladlarını, sağlamlıqlarını,
qürurlarını, sosial müvazinətlərini, psixoloji-mənəvi
dincliklərini itirirlər. Səyyad Aran
yazıçı kimi müharibə insanının modelini
göstərir, o nöqtələrə toxunur ki, bu
ağrını yaşayan hər insanın taleyindən bu və
ya digər mənada keçib, duyğusal məqamları
emosional qatda işləyir. Müharibə
səhnələri əsərin əvvəllərində təsvir
olunsa da sonadək varlığını diktə edir. Hər şey ön cəbhə ilə bitmir mənasında,
ən dəhşətli müharibə yurdundan perik
düşmüş insanların puç olan ömür
yaşantılarında təzahür edir.
Səyyad Aran milli gerçəkləri ictimai-tarixi
konkretliyində verir. Müharibənin məhv etdiyi bir ailənin
faciəsi əsasında o dövrün bütün gerçəkləri
təsvir olunur, bütün dramatik məqamlar, sosial problemlər
qarşısında aciz, əlacsız qalan insanların
ağrısı, mənəvi-psixoloji yükü əsərdə
qatbaqat açılır. Müəllif o
dövrün üzərindəki bütün zahiri
örtükləri qaldırıb mahiyyətə, dərinlərə
nüfuz edir. Ön cəbhədə komandirlərin
rüşvət bəlası, evinə, ailəsinə baş
çəkməyə icazə alan əsgərə
rüşvət, pay, sovqat müqabilində razılıq
verilməsi ("...evdən gələcəksən də,
yoldaşlarına da, bizə də bir babat səbət
tutarsan... Yəqin ki, səni pulsuz yola
salmayacaqlar"), sosial mövqeyinə görə əsgərlər
arasında fərq qoyulması ("Yaxşı, onda bəs Azəri
niyə bir həftəliyə evə buraxdılar, özü
də İmişlidən də o yana - Sabirabada, ona görə
ki, atası bazarkomdur? Geri qayıdanda bir baqaj payla gəlmişdi"),
əli pulla oynayan qaçqın Xasayın kəndliləri
arasında ən hörmətli adama çevrilməsi, hətta
Səməndərin oğlu Səlahəddini heç nədən
döydüyü halda belə kənd camaatının ona
qahmar çıxması ("Ay gidi dünya... Gör
nə günə qaldıq. Xasayın bir az
pulu var deyə o haqlıdır? Bəs
vicdanınız? Yurdumuzu itirmişik, bəs
adamlığımız? Odamı itdi?..")
və s. - kimi məqamlarda müəllif təhkiyəsinin
öz mənəvi, bədii, coğrafi sərhədlərini
genişləndirərək milli problemimizi ümumiləşdirmə
gücünü meydana qoyduğunu görürük. Yazıçı "müharibə və fərd
qarşıdurması", "müharibə fonunda insan
davranışı" mövzusunu, "insan-vicdan" fəlsəfəsini
əsərin etik-fəlsəfi zəmini kimi müəyyənləşdirir.
Romandakı əsas məziyyətlərdən biri vətənpərvərlik
didaktikasının, ritorik dialoqların olmaması, süni,
bayağı döyüş səhnələrinə yer
verilməməsi, daha çox insan amilinin ön plana
çıxmasıdır. Tragik-dramatik əhvalatı
özünəxas real təhkiyə əsasında ifadə
etmək Səyyad Aran üslubunun təzahürüdür.
Əsərdə başdaşı obrazı kölgə
effekti daşıyır, qəfil süjetə daxil olub qeybə
çəkilir. Bu cür sürreal təsvirlər mətndə
daha çox assosiativ montaj xarakteri ilə yadda qalır. Başdaşı obrazı əsasən
uşaqlıqdan daha məhrəm münasibətləri olan, fərqli
istəklə bağlandığı bacısı Minarə
ilə dialoqlarda görünür. Daha doğrusu, oxucu
bunu elə Minarənin iç yaşantıları kimi qəbul
edir. Qardaşının ölümü ilə
heç vəchlə, hətta intihar etdiyi məqama qədər
belə razılaşmayan Minarə üzləşdikləri
bütün çətin situasiyalarda başdaşından
boylanan bir cüt gözün istisinə
sığınır. Ailənin sıxıntısı,
çarəsizliyi, köməksizliyi ilə bir küncdə qərarlaşan
başdaşının səssiz duruşu eyni ahəngdə
çulğaşır və faciənin dərinliyini
amansız boyalarla ifadə edir, bir növ hermetik müharibə
təsvirləri üçün güclü ekspressiya
yaradır: "Gedin, gedin. Mən indi kimə
lazımam ki. Camaat bir yana, doğma
ata-anam da məndən bezib deyəsən. Hamıya
yer tapıldı, məndən başqa. Mən
indi bir daş parçasıyam. Adım da pis səslənir:
başdaşı".
Əsərdə yalnız sonluq qaneedici təsir
bağışlamır. Müəllif bir ailənin həyat
dramını anbaan izləyib aqibətlərini təsvir etdikdən
sonra obyektivi yenidən ümumən qaçqınların vəziyyətinə,
onların problemlərinə fokuslayır ki, zənnimcə
buna gərək yox idi. Bu məqamlar
ümumi ideya ilə bağlı olsa da əsərin dramatizmi
ilə uyğunlaşmır.
Belə bir əhəmiyyətli faktı isə əsərin
ən böyük məziyyətlərindən hesab edirəm. "Başdaşı"
romanında bu günümüzün gerçəklərinə
ayna tutan çox məqamlar, yazıçı uzaqgörənliyinin
izləri var. Türkiyənin bu müharibədə bizə dəstək
olmalarından tutmuş ("Daha tək deyilik. Sizdən də, Türkiyədən də
qorxmuruq" (Avetis), ermənilərin Gəncəyə zərbə
vura biləcəklərinə qədər çox şey.
Yaxud
Avropanın erməni havadarlığına işadə edən
açıq notlar: "Avropalılar erməniləri pis təmin
etmirdilər";
Rusun ermənini
silahla təmin edib türkün üzərinə
qaldırması: "Hələ tankları da var, rus
çastınındı, amma ermənilər sürür. Biz yaxın getsək, tırtılın altında əzib
leşimizi çıxararlar, gör onlara bir söz deyən
olur"?
Erməni
xislətinin min ildir dəyişməz olaraq qalması:
"Unutmayın ki, yer üzünün ən qəddar millətiynən
vuruşuruq. Tarix boyu onlardan ən ağlagəlməz
zülümlər görmüşük. Bu gün də...";
Bir də
torpaqlarımızın geri alınmasına ümid hissinin
qabarıqlığı: "İnşaallah,
torpaqlarımız geri alınanda Səməndərin
sümüklərini, Qürbətin də
başdaşını aparıb dədə-baba qəbiristanlığında
kəmali-ədəblə yerinə qoyarıq".
Səyyad Aran bu cümlə ilə zamanlararası
intertekstual bağ yaradır. Amma bu bağ keçmişlə
deyil, 30 il sonranın zamanı
arasındadır. Bu mənada,
"Başdaşı" romanı yazıçı fəhmi
sayəsində, dövrünü bir qədər
qabaqlamış əsər sayıla bilər.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2020.- 24 oktyabr.- S.11.