Çağdaş xorvat şeiri
Boris Maruna
(1940-2007) görkəmli yuqoslav-xorvat
şairi, esseist, ingilis və ispan ədəbiyyatının
tərcüməçisidir. 1960-1990-cı illərdə
siyasi mühacir olub. Los-Anceles
Universitetini bitirib.
Barselonada ispanistika üzrə
təcrübə keçib.
ABŞ və İspaniya ilə yanaşı, Argentina və
İtaliyada yaşayıb.
Vətəninə geri dönəndən sonra
"Hrvtska revyu"nəşriyyatının
(1998-2000) baş redaktoru
olub. 2003-cü
ildən ömrünün
son günlərinə qədər
Xorvatiyanın Çilidəki
səfiri kimi çalışıb. "Bizdən sonra eşq qalır" (1964),
"Məhdudiyyətlər" (1986),
"Uzaqdan səni sevmək daha asan idi. Geri dönmüşün ağıları"
(1996), "Cəhənnəm maşınını işlətmək
üçün qaydalar"
(1998), "Katull belə
yazırdı" (2005) kimi şeir kitablarının müəllifidir.
Boris Maruna
Qiymətli oxucuya
Birisi həmişə tapılacaq
ki,
desin: bu nədir,
axı bu poeziya deyil.
Sən,
qiymətli oxucu,
o adama sakitcənə de,
astadan söylə ki,
bu günün poeziyası
yaşamaq uğrunda
mübarizədir.
Xorvatlar məni qıcıqlandırırlar
Xorvatlar
məni qıcıqlandırırlar,
və bu, təəccüblü deyil,
mən onlarla 38 ildir ki, ünsiyyətdəyəm.
Əvvəla, onlar "hərşeyşünas"dırlar.
Sonra onlar hər yeri zibilləyirlər.
Üçüncüsü isə ancaq qadın və inqilabdır
söhbətlərinin mövzusu.
Onların siqaretlərinin tüsütüsü
Vankuver,
Münhen və
Sidney tərsanələri arasındakı
üçbucaqda
bütün barları
doldurubdur.
Sol əllərində göy
soğan,
sağda bişmiş
qoyun əti,
ciblərində də xorvat fədailərinin nizamnaməsi.
Əl altında da müvafiq məsləhətləri
həmişə var:
Sən məhəbbətdən yaz!
Cürətlə səslənməlidir misraların!
Biz səndən çox şey gözləyirdik!
Belə deyir xorvatlar.
Cavab verirəm ki, poeziyanı ələ salırsız, öz işinizdir,
amma məni məzur tutun!
Sözümdən inciyirlər, -
hə, bəzən boş şeylər onlara bəs edir -
Siqareti başqa cür sümürürlər,
mühacirət edirlər,
onları illərlə
görmürəm,
bəzən onillərlə.
Onların arxasınca zir-zibili
yığışdırıb
yeni şeirin içinə yerləşdirirəm.
Belə
incikdirlər deyə
onlardan inciməyə dəyərmi?!
Hərçənd xorvat şairinın
vətəndaşlıq borcu və hüququdur ki,
onu qıcıqlandıran
səbəblərdən danışsın.
Bu halda xorvatlardan.
Bəlkə səbəb bütün
bu adamların
həm də mənim taleyimin bir parçası olması kimi
ünvansız bir hissdir?
Bəlkə əsəblərim daha
dözmür -
getdikcə və aramsız şəkildə
korlanır?
Ola bilsin, mən heç nəyi istisna etmirəm
və təəccüblənməyə
də dəyməz.
Amerika
Bizim beş yaşlı
qızımız
otağının qapısı
ağzında durub.
Böyük, heyrət dolu gözləri var.
Gələcəyin ağıl dağarcığı.
Həyəcanımı gizlədərək,
divanda uzanan arvadıma deyirəm:
- Qulaq as, indiyəcən birtəhər yaşadıq,
amma daha dözmək olmur.
Görünür, həyatımda xoşagəlməzlik
ikiymiş -
sən və Yuqoslaviya.
Ona dedim: sənin yanında olmaq yetər ki,
yaşamaqdan bezəsən,
canın boğazına
yığıla,
Beykersfild pambıq tarlasında dumana çevriləsən.
Doğrusu, onda, nədənsə,
bütün axşamı
Zadardan
o yanda,
dənizdəki adanı
düşünmüşdüm.
İlan
kimi yumağa dönmüşdü arvadım,
soyuqqanlı halda qalın sevgi romanı oxuyurdu
(həftənin ən çox oxunan kitabları arasında
gərək ki, beşinciydi).
Yaxşı, fikirlərimiz
yenə üst-üstə
düşdü.
Pal-paltarın arasından bəzi şeyləri götürdüm,
torbanı maşının
arxa oturacağına tulladım.
Evə qayıdıb
qızımla görüşdüm.
Məni gözləyir, ağlayırdı.
Qucağıma götürüb öpdüm,
ona dedim ki,
unutma, ata səni çox sevir.
Arvadıma isə çiynimin
üzərindən çəpəki
nəzər salıb
söylədim: qoy bütün yerüstü
nemətlər,
bir də fotoşəkillərim sənin
olsun.
Küçəyə çıxdım.
Sahilə
yan almış gəmilərin,
San Pedro limanının sarı işıqları
sayrışırdı.
Yuxarı
baxanda eyvandakı qızımı gördüm,
gözünü məndən
çəkmirdi:
ona əl elədim.
Maşına oturanda, düşündüm
geri qayıdıb arvadıma deməliyəm
ki,
həyatımız yazıyla
dolu məktəb lövhəsidir,
gəl, hər şeyi silək, balaca.
Yenidən başlayaq.
Amma vaz keçdim.
Mühərriki işə saldım,
gözüyaşlı tərpəndim
-
nə gizlədim,
Amerika adlı səhraya çökən
alatoranın içiylə
irəlilədim.
Barbos
Marbelya və Rondo arasında, keçəl dağlarda gedirik:
Velebit silsiləsinə oxşar yerlərdə -
belə düşünsəm
də bilirəm ki,
bura Velebit deyil,
necə ki, mən övliya ola bilərdim,
amma deyiləm -
doğrusu, heç adam da deyiləm
bu zir-zibilin çevrəsində -
nəsə, bax, həmin bu dağlıq ərazidə
qardaşım Pedro və
mən,
bir də bizim arvadlarımız
barbosla qarşılaşdıq.
Maşın sol böyrünü vurub apardı.
Qabırğaları çölə çıxmışdı.
Kürəyinin altından çıxan
bağırsaqlarına milçək
daraşmışdı.
Dayanmışdıq, sanki dəfn mərasiminə gəlib
çatmışdıq.
Bir
anlıq barbos dondu,
başını bizə
bir laqeyd nəzər
salmaq üçün çevirdi.
Əqli
üstələyən bir
güclə
təslim olmurdu,
isti daşların üzərində
əl-ayağını yellədirdi
-
ölümə əl eləyirdi.
Bəlkə,
doğma kənddə öləcəyini
xəyal eləmişdi?
Bəlkə, sahibini axtarırdı?
Bəlkə, öz it həyatını
düşünürdü?
Necə
ki, mən yaxşı bir övliya ola
bilərdim,
bəlkə o da yaxşı it ola bilərdi?
Amma indi biz hər ikimiz yeriyən,
hərəkət edən
cəsədlərik.
Amma yenə
də
onun yerinə olsaydınız
sonrakılara sözünüz
nə olardı?
Bulanıq it bəbəklərində
gizlin bir dəhşət sayrışırdı:
doğma kənd
uzaqda,
bədliklər isə qabaqdaydı.
Tərcümə
Səlim Babullaoğlunundur
Ədəbiyyat qəzeti.- 2020.- 31
oktyabr.- S.26.