"...Yalnız el
yükünə vətəndir könlüm"
Gəray Fəzli-95
Yaxşı yadımdadır, 1967-ci ilin bir payız
günü təhsil aldığım Qəbələ
rayonunun Hacallı kənd orta məktəbinə səs
yayıldı ki, Bakıdan şair qonaqlarımız gəlir.
Həyəcanla gözlədik. Fasilə vaxtını Məmməd
Rahim, Hikmət Ziya və Gəray
Fəzlinin gəlişi
hesabına direktorumuz bir saata qədər
uzatdı. Gəray müəllimin
şeirlərini məktəbimizin
əlaçı şagirdlərindən
birinin oxuması poeziya məclisinə qəribə, kədərli
və izaholunmaz bir ahəng də qatdı. Direktorumuz Əziz müəllim şairin İkinci Dünya müharibəsində yaralanmasını,
boğazından aldığı
güllə yarası
ilə səs tellərinin ciddi zədələndiyini xatırladanda
şairin yanına qaçıb məktəbin
həyətindən dərdiyimiz
qızılgülləri onun
sinəsinə sıxanlar
arasında mən də var idim...
Gəray müəllim çox
qısa danışdı,
bizə təhsil uğurları arzuladı və şeir həvəskarlarını əmin
etdi ki, yazsınlar, çap olunmaqda, tanınmaqda onlara yardımçı olanlardan biri də o özü olacaq. Sonralar məktəbimizin yetirməsi
Zahid Əfəndizadə
haqqında "Azərbaycan
gəncləri" qəzetində
"Uğurlu yol"
yazanda biz Gəray Fəzlinin öz sözünə sadiqliyinin
bir daha şahidi olduq.
Gəray Fəzli imzası
orta və yaşlı nəslin yaxşı yadındadır.
İkinci Dünya müharibəsindən
salamat çıxmış
ziyalılar arasında
onun da adı
xüsusi çəkilir
- nasir, şair, publisist, televiziya və radio jurnalisti kimi. Sağlam əqidəli, səmimi,
qayğıkeş, prinsipial,
mərd insan, əsl vətəndaş idi Gəray müəllim. Mən onu
sıradan bir şair, söz adamı kimi tanımırdım. Gəray müəllimin
bacısı Pəri xanım nəslimizin gəlini - əmim Ələsgərin həyat
yoldaşı idi.
Gəray Fəzlinin mənim
təhsil almağımda,
işə düzəlməyimdə,
sonralar yaradıcılıq
fəaliyyətimdə müstəsna
xidmətləri olub.
Ədəbiyyata və jurnalsitikaya
meylimlə bağlı
gəldiyi qənaət
mənim bioqrafiyamda əvəzolunmaz izlər qoyub. Bakı Dövlət Universitetinin
jurnalistika fakültəsini
bitirdim, təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə
işə göndərildim.
Onun tövsiyə və məsləhətləri günü
bu gün də karıma gəlir - istər yaradıcılıqda, istərsə
də məişətdə,
kollektivdə, dost-yoldaş
arasındakı münasibətlərdə.
Gəray müəllim 1925-ci ilin noyabrında Dağıstanın Rutul rayonunda dünyaya gəlmişdi. 1995-ci ilin soyuq noyabr
günlərinin birində
isə Bakıda əzizlərindən və
dostlarından əbədi
olaraq ayrıldı.
70 illik ömründə
Gəray müəllim
çox məhsuldar yaradıcılıq yolu keçmiş, şərəfli
bir həyat sürmüşdür. Hələ 17 yaşı tamam olmamış ürəyinin
hökmü ilə cəbhəyə yollanmış,
ağır döyüşlərdən
çıxmış, yaralanıb
hospitallarda müalicə
almışdı. Ordudan tərxis
olunduqdan sonra Pedaqoji İnstitutda təhsil olunmuşdu.
1953-1957-ci illərdə Qax rayonunda müəllimlik
etmişdi. 1957-ci ildən ömrünün
sonunadək Azərbaycan
Televiziyası və Radiosunda müxtəlif vəzifələrdə çalışmışdır.
Ədəbi fəaliyyətə
gənc yaşlarından
başlayan Gəray müəllim "Ölkəm",
"Mənim səsim",
"Təzə ünvan",
"İldırımlı dağlar", "Kəhrəba
işığında", "Səadətin ünvanı",
"Yeddi ulduzlu səma", "Gecə günəşi", "Bir
qəlbin asimanı",
"Xatirəli dünyam"
və s.kitabları ilə oxucuların görüşünə gəlmişdir.
"Portret cizgiləri"
seriyasından sənədli
povestlər, oçerklər
yazan Gəray müəllim 1991-ci ildə
"Hikmət", 1992-ci ildə
"Axtarış", 1993-cü ildə isə "Kəndin səsi" qəzetlərinə redaktorluq
etmişdir. 1952-ci ildən Azərbaycan Yazıçılar İttifaqının
üzvü olan Gəray Fəzlinin əsərləri ədəbi
ictimaiyyətin, məşhur
söz adamlarının
diqqətini çəkir,
layiqli qiymətini alırdı. Səməd
Vurğun, Mirzə İbrahimov, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd
Rahim, Bəxtiyar Vahabzadə onun əsərləri haqqında
ölkə mətbuatında
müsbət rəylərini
bildirmişdilər. Onun
şair və yazıçı dostları
arasında Qabilin, Əliağa Kürçaylının,
İmamverdi Əbilovun,
Nəriman Həsənzadənin,
Novruz Gəncəlinin,
Atif Zeynallının adlarını çəkmək
istərdim. Gəray müəllim hörmətli
dostunun xatirinə öz oğluna Qabil adı vermişdi. Nəriman Həsənzadə Gəray Fəzlinin şərəfinə "İtirilmiş
səs" poemasını
yazmışdır.
Gəray
müəllim məlum
səbəbdən zəngin
iç dünyasından
gələn şeirlərini,
əsərlərini kürsülərdən
oxuya bilməsə də, onun sözlərinə
yazılmış mahnıları
Zeynəb Xanlarova, Rübabə Muradova, Şövkət Ələkbərova,
Yalçın Rzazadə
kimi korifeylər, Hüseynağa Hadıyev,
Təranə Vəlizadə
və başqa tanınmış sənətkarlar
oxuyublar. Azərbaycan Televiziyası və
Radiosunun Fondunda qorunub saxlanan verilişlərdə tez-tez
Gəray Fəzli poeziyasına müraciət
olunur, onun sözlərinə yazılmış
mahnılar səslənir.
Təbii
ki, bu qədirbilənliyə
görə kollektivin rəhbərliyinə və
əməkdaşlarına alqışlar
düşür.
Gəray Fəzli uşaqlıq
və gənclik illərini Qaxda keçirib. Sonralar bu
rayonun Güllük kəndində müəllim,
məktəb direktoru işləyib. Bu yerlər onun üçün çox əziz idi. Tez-tez Qaxa gedər, uşaqlıq xatirələrini
zehnində, qəlbində
canlandırardı. Bunları niyə
xatırladıram? Çox istərdim
ki, Gəray Fəzlinin boya-başa çatdığı, pedaqoji
fəaliyyətlə məşğul
olduğu rayonda şairin adının əbədiləşdirilməsi ilə bağlı növbəti addımlar atılsın. Bu rayonun sakinləri bir daha bilsinlər
ki, vaxtilə bu torpağın üstündə addımlayan,
çörəyindən, suyundan
dadan tanınmış
söz adamı Gəray Fəzlinin ruhu bu yerlərdə
dolaşır.
Gəray müəllimin həyata, gələcəyə ünvanlanan,
onun yaradıcılıq
bioqrafiyasının fəlsəfəsini
ortaya qoyan misraları bu gün də aktualdır, cəlbedicidir:
Özüm də sirrini bilmirəm nədir -
Bir dərya etibar, bir ümman sətir -
Elə bil tək mənim
ürəyimdədir,
Səmadır, səhradır, çəməndir
könlüm,
Sevgiyə, sevdaya vətəndir könlüm.
Ona Füzulidən ariflik qalıb,
Leylinin eşqindən zəriflik qalıb,
Hələ çəkilməyən neçə yük qalıb...
Demirəm hər yükü
çəkəndir könlüm,
Yalnız el yükünə vətəndir
könlüm.
Yadlar məclisində görünən
deyil,
Özgə qapısında sürünən
deyil,
Naxələf kürkünə bürünən
deyil,
Alçalsa, özünə kəfəndir
könlüm,
Əzmə, dəyanətə vətəndir
könlüm.
Gəray müəllim geniş
qəlbli, səxavətli,
saf düşüncəli
insan idi. Vaxtilə onunla çiyin-çiyinə çalışmış
Fikrət Qoca, Cəmil Əlibəyov, Nahid Hacızadə, Tahir Paşazadə, Firudin Ağayev, Emin Mahmudov, Tofiq Rüstəmov, Nailə Muradxanlı, Ramiz Həsənoğlu, Bünyad Məmmədov, Ələkbər Abbasov,
Hafiz Baxış, Nadir Diridağlı
və digər tanınmış söz adamları, rejissorlar həmişə söhbətlərində,
müsahibələrində Gəray Fəzlinin çoxlarına örnək
olası nəcib keyfiyyətlərindən, mərd
xüsusiyyətlərindən bəhs ediblər. 2020-ci ilin noyabrı Gəray Fəzlinin taleyindən son nöqtə,
əbədiyyətə qovuşma
anı kimi keçsə də, gözəl insanın, oxunaqlı romanlar və poemalar müəllifinin, nəğməkar
şairin 95 illik yubileyinin göstəricisi
kimi tarixiləşir,
əbədiləşir. Əminik ki,
Azərbaycan Yazıçılar
Birliyi, televiziya və radiolar, ədəbi nəşrlər
onun hələ də yaşayıb-yaradan
dostlarının təəssüratını
tamaşaçılara və
oxuculara çatdıracaq,
ədəbi-bədii irsini
araşdıracaqlar. Təbii
ki, onun əsərlərinin latın qrafikası ilə yenidən nəşr edilməsi də şairin ruhunu şad edərdi.
Yazının sonunda Gəray müəllimin vaxtilə yazdığı və bu gün də
aktual və gərəkli sayılan sətirləri diqqətinizə
çatdırmaq istərdim:
"Ürək insanlığın
çox mühüm,
bəşəri problemlərindən
biridir. Ürək ömrü uğrunda
gedən mübarizə
hamıya eyni dərəcədə aid olan
mübarizədir. Bu dünyada
heç kəs insanların qiymətli könül səltənətini
qorumaqdan, könül
azadlığı və
səadəti uğrunda
gedən mübarizədən
kənarda qalmamalıdır,
heç kəs!
Məni yazmağa sövq
edən səbəblərdən
biri, bəlkə də birincisi elə budur. Qoy, heç kəsin ürək asimanında qara buludlar görünməsin!".
Akif Cabbarlı
Ədəbiyyat qəzeti.- 2020.-
31 oktyabr.- S.21.