Son səngərim
Uzanır gecə uşaqların yuxusu üstünə.
Bürünür Bərdə anaların laylasına.
Darıxır Gəncə.
Darıxır Tərtər.
Kuklaların yuxusu yarımçıq,
qızcığazların qucaqları
boş.
Kuklanın adı "açılmayan
səhər".
Kuklanın adı "gəlməyən
gələcək".
Daha sabah mən
yox,
solan ümidlərin qalxıb gedər məktəbə.
Daha mən yox,
boy atan arzularım lövhədə yazar sənə.
Yazar ki, qayıdıb uşaqlığımın
çiliklərini yığacam
Xocalıdan.
Qayıdıb küçələrinə yayacam
körpəlik səsimi.
Qoy mərmilər eşitməsin
səsimi!
Qoy bilməsin tabutlar!
Son səngəri bas bağrına!
Son səngərə ümidlərimi
sığdırmışam.
Uca dur, əsgərim!
İşıq dirəkləri
Öncədən bir şam idi,
bu yollarda ucalan işıq dirəkləri.
Ucalıb...
Ucalıb, söndülər...
Öncədən uşaqlıq yastığımız
idi,
gördüyümüz buludlar.
Uçub...
Uçub getdilər...
Gördüyündən bir az fərqlidir
həyat.
Hər axşam
itlər sümüklərini
yox, darıxmalarını
basdırır buralara.
Burada axşam
üstünə yox.
Axşam altına gömülür
insanlar.
Qoy necə olduğumu,
qoy tənhalığımın
rəngini söyləyim.
Mən yağış
səsində susuram.
Mən sel vurmuş kəndlərin dilində danışıram.
Sənə deyə bilmədim,
ölümlə savaşa
gedən bir yoldur səsində uyuyan hüzn.
Qladiatorların can verdiyi meydandır.
Əsgərlərin öldüyü səngərdir
gözlərinin sonsuzluğu.
Elə baxma...
Sənə deyə bilmədim,
köynəyimin altında
döyünən bir yumruq ət,
Azadlığa darıxan bir quşun çırpıntısıdır.
Döyünür... Döyünür... dayanır.
Ölməyə can yox.
Ölməyə məzar yox.
Ölmək üçün bircə pəncərəni açıq
saxla.
Radiolarda sənin səsindir.
Səni eşq dalğasında dinləyirəm.
Danışırsan...
Danışırsan,
susursan.
Ümid Nəccari
Ədəbiyyat qəzeti.- 2020.- 31
oktyabr.- S.20.