Güllələrin yadına düşər

Uşaq barmaqlarına bənzəməyi.

 

Top kimi  

 

Hələ yanımızda

Uşaqlar ölürsə,

Biz ancaq dəfn etməyi bacarırıqsa,

Sonra heç olmamış kimi

Hələ mahnı oxuyuruqsa

Demək sevmək yalanmış...

 

Anaların döşündə ağlayır

ağrıyır süd.

İtir, diyirlənir evin içində

Süd şüşələri,

Dərindən fikir versən

Südün uşaq üsyanı

Daha ciddidir,

Bizim

Mənasız şeirlərimizdən.

 

Balaca körpələr, əgər bilsəydilər,

Müharibə nədir,

Vuruşan ölkələrin adı nədir?

Məni bu qədər yandırmazdı,

Bəlkə.

Onlar elə bilirlər ki, bu, bir oyundu,

Bir-birinə top atmaq yəni.

Sonra da o topu qaytarmaq yəni.

 

Balan sağdı

 

Gecələrin ulartusuna qoşulub getmək,

Yazdan qışa,

Qışdan payıza, yaya

Qəfil düşüb,

Uzaqlığın üzündən öpüb,

Bir durna səsitək yerə

Enmək, necə gözəldi.

 

Daş kimi  yox,

Bir az  yayına-yayına,

Yellənə-yellənə

Bir şəhid atasının qulağına düşmək:

- Balan sağdı,

Gələcək,

Qurbanlığını hazırla - söyləmək,

Necə gözəldi.

Ulduzların işığına qoşulub getmək,

Yığışmaq yer üzündən,

əl-ayağını,

ağırlığını çəkmək yer üzündən.

Lap acıqca dan üzünü dişləmək,

Qan süzülsün yanağından səs kimi.

O səs ensin bir səhər tamarzı qulaqlara:

Müharibə bitdi, müharibə bitdi -

gözəl!

 

Bu səsi gətirmək üçün

getmək istəyirəm uzaqlara...

 

Səs salmayın

 

Xəbər gözləyən nənəm,

Çoxdandı dayanıb

Bir səsin nişanında.

Qorxuram həyətdəki

Uşaqların ağzından

Bir səs çıxıb

Gedib dəyə nənəmə.

 

Kababı köz öldürər,

İgidi söz öldürər,

Babamı güllə öldürdü,

Nənəmi səs öldürər.

Siz Allah, səs salmayın...

 

Bayraq şəkli

 

Körpə süd şüşəsindən elə yapışıb,

Elə bil, bir daha süd içməyəcək.

 

Mən bayraq çəksəydim

o uşağın şəklini vurardım

Bütün ölkələrin bayraqlarına.

Kim istəməzdi bunu?

O uşağın balaca ayaqlarını

                        elə çəkərdim ki,

Yer üzündə bütün qumbaralar

Bir anda intihar edərdilər.

Generallar döşlərindəki ordenləri

Bir an içində qoparıb atardılar.

 

Tankın yadına düşər

Bir vaxtlar uşaq oyuncağı olmaq arzusu.

Güllələrin yadına düşər

Uşaq barmaqlarına bənzəməyi.

müharibədə uşaqların

                        süd şüşəsinə dəyib

Qollarını üzməyi.

 

Mən bu bayraq şəklini

Tez çəkə bilsəydim...

 

Allahşükür Ağa

 

Ədəbiyyat qəzeti.- 2020.- 31 oktyabr.- S.15.