Paslı açar
Hekayə
Divardan mənim
güldüyüm, ailəminsə
hər baxanda ürəkağrısı keçirdiyi
şəklim asılıdı. Onlar məni geri dönülməsi mümkün
olmayan, uzaq yerdə bilirdilər.
- Yox! Nə məsələydisə
mən - divardan asılı, qara lent bağlanmış çərcivədən
ailəmi görürdüm.
- Mən onları görürəm! Mən bu şəkildəyəm!
Darıxıram!..
Ürəyimdən bu çərçivədən
çıxıb, onları
doyunca öpüb, bağrıma basıb, qoxlamaq, evi gəzib,
tərtəmiz yuyulmuş
döşəmə qoxusunu
içimə çəkmək,
evin küncündəki
iyirmi yeddi ildi açılmayan, sirli sandığın xırda, qara rəngli, qıfılını
açıb, içindəkiləri
eşələmək keçirdi.
***
Qarlı-çovğunlu qış gecəsi idi. Ertədən yağan qar
axşama yaxın dizəcən qalxmışdı.
O gecə kəndimizi tərk etməli olduq. Ermənilər atəş
açırdı. Havadan fəlakət qoxusu gəlirdi.
Tankların, topların, minomyotların səsi qulaq
batırırdı. Qonşular qaça-qaça qışqırırdılar ki,
ermənilər kəndə
girib. Məcbur olub meşəyə
doğru üz tutduq. Hər tərəfdən güllə yağış
kimi yağırdı.
Qaranlıq və çox
soyuq idi. Evlər od
tutub yanırdı. Camaat bir-birinə qarışmışdı.
Göz-gözü görmürdü. Həmin an şokda
idim. Heç vaxt belə
çarəsiz, ümidsiz
olmamışdım.
Dedilər ki, bu dağı
aşa bilsək, erməni bizi tuta bilməyəcək. Həyat yoldaşım
bizdən qabaqkı dəstədə qadınlarla
birgə gedirdi. Oğlum onun qucağında idi. Ermənilər qabağımızı kəsib atəş açmağa başladılar.
Yerə yıxılıb qarda yuvarlanaraq aşağı
sürüşməyə başladım. Hər
şey qəfil baş verdi.
Ağzımdan axan qan mənə ölümün dadını
hiss etdirdi. Sifətim daşların üzərindəki
buzun soyuğunu özünə çəkdi.
Hər yanım göz qamaşdıran işığa
büründü. Artıq başqa
bir aləmə keçid edirdim. Qan qusa-qusa, ruhum bədənimdən çıxdı.
***
Hər gün bir qayda olaraq
o, yaxınlıqdakı məsciddən
gələn sübh azanının səsinə
yuxudan ayılar, yataqdan qalxmamış divardan asılı şəklimə bir neçə dəqiqə
baxardı.
Çox güclü qadındı. Çox
sevirəm onu, çox...
Sonra qalxar, hələ də içində köz qalan sobaya quru odun atıb, alışdırar, çaydanı üzərinə qoyub, dəstəmaz alıb, namaz qılar, gözü qapıda oğlumuzun işdən gəlməsini gözləyərdi. Həyat yoldaşımın əlli bir yaşı vardı. Və bu qadın ömrünün iyirmi yeddi ilini mənsiz yaşayırdı. O, xalça toxucusu işləyir və ikinci dəfə ərə getməyib beləcə ömür sürürdü. Oğlum Ərgünəş - gənc, yaraşıqlı bir oğlan idi. Hamının şirin yuxuda olduğu bu vaxtda o, uzun, ağır saatlardan sonra, az qala sürünə-sürünə, yorğun halda, işdən evə gələrdi. Çarpayısında oturar, gözlərini qaranlıqdakı bir nöqtəyə zilləyər və dəqiqələrlə gözünü o nöqtədən ayırmazdı. Bütün tənha insanlara xas xüsusiyyətlər bu evdə adət halına çevrilmişdi. Susqunluq heç pozulmurdu. Sözlər üçün başqa saatlar, başqa zamanlar ayrılmışdı. Yerində donub qalan ananın qəlbi bu mənzərəyə çox dözməzdi. Ayağa qalxıb onun saçını sığallayar, soyuqdan donmuş əllərini ovuşdurar, onu incidən fikirlərini, narahatlıqlarını toplayıb özünün şişmiş sinəsinə çəkərdi. Təzə dəmlənmiş ətirli çaydan bir fincan süzüb, onun önunə qoyar, sonra pərt halda yerinə qayıdıb əllərini bir-birinə çataqlayar, barmaqlarını ovuşdura-ovuşdura oğlunun çuxura düşmüş gözlərinə, vaxtsız ağarmış saçlarına, ürək yanğısı ilə baxardı. O, fincanda buxarlanan çayı incik-incik içib, yastığını qolları arasına alıb və möhkəmcə sinəsinə sıxar, nə qədər çalışsa da yata bilməzdi...
Gördüklərim zəhər kimi canıma yayılırdı.
Onları qorumaq, oğlumun qayğısına qalmaq istəyirdim. Canımdan-qanımdan bir parça olan oğlumun acısını hiss edirdim, özümdən asılı deyildi.
***
Həyat yoldaşım eşitdiklərinin təsirindən yıxılmasın deyə, stula oturdu. Televizorda göstərilən müharibə kadrlarına baxa-baxa bir xeyli ağladı. İri-iri göz yaşları üzündəki qırışlarının arasından süzülüb dodaqlarına, oradan da sinəsinə süzüldü. Qarmaqarışıq bir-iki kəlmə söz də dedi. Ayağa qalxıb köhnə sandığa sarı getdi. Diz üstə çöməlib sandığın kilidini açdı, içindəkiləri eşələməyə başladı. Kəndi tərk etdiyimiz gün soyuqdan donmasın deyə, ona verdiyim boz pencəyimi əlinə götürüb doyunca qoxladı. Pencəyin sol çiyni yanmışdı. Ancaq bir o qədər də gözə çarpmırdı. Sonra uşaq geyimlərini sandıqdan çıxardıb sağ tərəfində yerdə üst-üstə yığdı. Qatlanmış ipək zərli dəsmalı əlləri əsə-əsə açıb arasından bir cüt açar çıxardı. Onu dodaqlarına toxundurdu. Sonra açarla birgə əllərini göyə qaldırıb Allaha dua etdi. Bu açarları mən də tanıdım. İşğal olunan kəndimizdəki evin açarları idi. O gecə qapıları kilidləyib, evdən sonuncu mən çıxmışdım. Və bu açarları pencəyimin döş cibinə atmışdım. Sonra o, əlindəkiləri yerə qoydu, sandıqdan götürdüyü ağ kəlağayını başına örtdü. Əyninə ən gözəl paltarını geyindi, ən gözəl bəzəklərini taxdı. O, illər boyunca özünü belə gümrah, gənc və rahat hiss etməmişdi. Sanki səsi gəldikcə çığırmaq və özü kimi tənha bir insan tapıb bağrına basmaq, qucaqlamaq istəyirdi. Mənim divardan asılmış şəklimə tərəf gəldi. Şəkli divardan götürüb sağ əlinin barmaqlarını üzərində gəzdirib öpdü. Səsi titrəyə-titrəyə, - "Gözün aydın, ay Füzuli. İyirmi yeddi ildən sonra ordumuz torpaqlarımızı azad etdi. Biz artıq köçkün deyilik. İyirmi yeddi ildir qoruyub saxladığım bu açarlarla yenidən evimizin qapılarını açacam. Uzun ayrılıqdan sonra səni görməyə gəlirəm. Allah sənə rəhmət eləsin, ay Füzuli! Allah sənə rəhmət eləsin!..", - dedi.
***
Bura necə gəldiyimə dair heç bir fikrim yoxdu.
Başqa bir aləmə keçid kimi görünən bu yerdə, ətraf ucsuz-bucaqsız genişlik idi.
Sonu görünməyən bu yerə qırmızı, narıncı, yaşıl və sarı rənglər hakimlik edirdi. Düzü, heç nə anlamırdım. Heç vaxt qarşılaşmadığım, qüsursuz, gözəl üzlü, insanların arasına düşmüşdüm. Onların arasında bir xeyli gəzişdim.
Daha sonra başdan-ayağa xəyal kimi ağappaq, yaşlı bir adam göründü. Hamının maraqla gözünü dikdiyi o kişi uca səslə, adlarımızı çağırmağa başladı. Hamı buradaydı.
Bir qədər də uca səslə, birnəfəsə, - "Sizin ruhunuz dinclik tapdı! Bu gün ruhunuzun rahatlıq tapan günüdü...
Daha gözləməyə ehtiyac qalmadı" - söylədi.
Xoş simalı adamlar gur işıq düşən yolda, onun arxasınca asta-asta addımlamağa başladılar. Mən də onlara qoşuldum...
Murad Muradov
Ədəbiyyat qəzeti.- 2020.- 31
oktyabr.- S.11.