Ermənilərin öldürdüyü uşaqlar

 

Öyle bir ölsem,

Öyle bir ölsem ki çocuklar,

Sizə hiç ölüm kalmasa.

 

Aziz Nesin

                                                      

      Bu günlərdə Azər Turanla Gəncə terrorunda öldürülən məsumlar haqqında danışarkən mənə Viktor Hüqonun "Səfillər" əsərindən belə bir fikri xatırlatdı:

"İmperatordan (Napoleon) göylərə şikayət olunmuşdu onun süqut məsələsi artıq həll edilmişdi. O, Tanrıya mane olurdu".

     Son vaxtlar ard-arda baş verən proseslər nədənsə bu fikri şüuraltımda tez-tez dilləndirir mən ədalət günah hissi ilə əsərlərində ən gözəl təsbitləri edən bu dahinin vətəni Fransada dinimizə Peyğəmbərimizə, haqq davamıza qarşı mənfur münasibəti görüb mənəviyyatın süqutunun hansı fəsadlara yol açmasının təəssüfünü çəkirəm. Bu süqut həm ona görə baş verir ki, oranı məhəbbət tərk edib, əvəzində güc terror hakimdir. Bəlkə buna görə insanın Tanrı ilə irtibatı yoxa çıxıb. Bəlkə buna görə son iki yüz ildə Qərbin modernist cərəyanları "Tanrı öldü" deyib onu idrakdan kənarlaşdırmağa cəhd etdilər ki, asanlıqla vəhşilik etməyə davam edə bilsinlər. Məhz Tanrı ilə vəhdəti qırandan sonra başqa xalqların dini inancına əl, dil qılınc qaldırmaq olur. Başını qaldırıb göy üzünə baxmağa ehtiyac duymayan insanlar səmalarda dolaşan balaca mələkləri necə görə bilərlər axı... Görə bilmədiklərinə görə bu gün uşaq qətllərinə son verilmir. Hələ "Tanrıya mane olurlar".

   Yəqin ki, Gəncə hadisələri tarixin yaddaşında uşaq qətliamlarının portreti kimi qalacaq. Dünyanın ən rəzil mənzərəsidir: sən döyüş meydanında uduz, mübarizə aparmağı bacarma, əvəzini uşaqları, dinc əhalini raket atıb öldürməklə çıx. Mən dünyanın deyirəm bu anda dünyanın əyani bu fakta münasibətdə qədər kor, kar lal olmasını düşünüb susuram.

O öldürülən məsumlara dünyanın bir cavabı varmı?

   Bu yazımın adını "müharibə uşaqlar" qoymaq istədim. Amma bir anlıq fikirləşdim ki, axı biz müharibə aparan ölkə olaraq ermənilərin uşaqlarını öldürməmişik. Onların heç bir uşağı başından güllə yarası almayıb, oyuncaqlarla oynadığı yerdə snayperlə vurulmayıb, heç bir körpəsi yataq paltarında üzü-gözü qana bulanmış, ölü halda torpaq altından çıxarılmayıb, heç bir məktəblisi amansız terrorun qurbanı olub arzularından, istəklərindən məhrum edilməyib. bu da taleyin ironiyasıdır ki, hər şeydə saxta məlumatlara əsaslanan, qondarma yalanlarla bəslənən ermənilər guya bizim onların uşaqlarını öldürmək xəbərimizi tirajlayanda özlərinin öldürdükləri balaca körpələrin şəkillərini başlarından yuxarı qaldırırlar. O başlardan yuxarı qaldırılan körpə şəkillərinin Tanrıya qədər yaxın olduqlarının fərqinə varırlarmı görəsən?

   Dünya 28 ildir ki, uşaq ölümlərini Xocalı soyqırımındakı qar üzərinə tökülən qan kimi donuq soyuq baxışlarla izləyir. Faciənin bu miqyasına tükü belə tərpənməyən bu adamlara, görəsən, hara qədər dözmək olardı ki, bizim "sülh quşları" hələ müharibəyə qarşı çıxırlar. Bu cinayətkarlarla başqa hansı dildə danışmaq mümkündür?

   Dostoyevski "əgər hər hansı binanın tikilməsində bir körpənin qanı axacaqsa, o bina tar-mar olacaq" deyirdi. Amma özü türklərə böyük nifrət bəsləyirdi insan ruhunun mühəndisi sayılan bu yazıçının insanlığı aşan bu nifrəti mahiyyətcə ermənilərdən fərqlənmədiyinə görə uşaqlarla bağlı bu həssaslığı da ermənilərin tutduğu uşaq plakatları qədər saxta məkrli təsir bağışlayır. Eynən Qərbin demokratiya, fikir pleralizmi anlayışları kimi. Ərdoğan demiş, "faşizm bizim yox, sizin kitabınızda var".

   yaxşı ki, ləyaqətli Azərbaycan əsgərinin əli bir körpənin qanına bulaşmayıb. yaxşı ki, bizim xalqımızın əxlaq obrazı belə bir yırtıcılığa imza atmağa imkan vermir. Bu halda belə günahı üstünə çəkən "bağışlayın ki, sizi qoruya bilmədik", - deyən bir xalq olaraq seçilmişliyin ali qatında qərarlaşmışıq.

   Balaca mələklər! Bilirəm ki, qanadlarınız yanmayıb. Ruhunuz göy üzünün ənginliklərində qanad çalır. Bu haqq davasında bizi bir o müqəddəs ruhlar xilas edəcək. Buna o qədər əminəm ki...

Çünki bizdən Tanrıya şikayət olunmayıb!

 

Elnarə AKİMOVA

 

Ədəbiyyat  qəzeti.- 2020.- 31 oktyabr.- S.8.