Əsgər atası
Mən uşaq olanda
filmlərin çoxu rusca yayımlanırdı. Rusca "da ilə net" dən başqa bir şey
bilməzdim onda. Atamınsa başı
çıxardı. Çünki əsgərliyini
Rusiyada çəkmişdi. Sovet
dövründə əsgərlikdə olanların
hamısı rusca az-maz bilirdi. Hətta
böyük əmim az-maz bildiyi halda, kənd məktəblərindən
birində rus dili müəllimi işləyirdi. Əmim qocalıb təqaüdə çıxana qədər
kənd məktəbində rus dili müəllimi oldu.
Bildiyimə görə, dörd il hərbidə
olmuşdu. Dörd ilə camaat elə institut
qurtarırdı. Əsgərlikdən ona
qalan rus dili olmuşdu, ömrünün axırına qədər
bu dil ona çörək qazandırmışdı.
Atam da rusca əmimdən bir az az bilərdi, bəlkə də bir az
çox. Həmişə televizorda film göstəriləndə
kəsdirirdim atamın böyrünü. Tez-tez
soruşurdum: "Filankəs nə dedi? Bəhmənkəs nə
dedi? Tərcümə elə, ata!".
Atam da ta ki, yorulanadək tərcümə
edərdi. Atamın hesabına ruscanı da az-maz öyrənirdim.
Həyatı, filmləri də.
Mən uşaq olanda
"Əsgər atası" (1964, Rezo Çxeidze) filmini
tez-tez göstərirdilər. Bu filmi
çox sevirdik, nə qədər göstərsələr, o
qədər baxırdıq. Bu filmə nə
qədər baxmışdımsa da, bir dəfə də
ağlamamışdım. Ancaq bu günlərdə filmi
təkrar izlədiyimdə göz yaşlarıma hakim ola bilmədim. Ata ilə
oğulun cəbhədə görüşdüyü səhnədə
göz yaşlarına boğuldum.
Oğul yolu gözləyən,
oğlunun dalınca ölümü gözə alaraq, uzaq yol
qət eləyib cəbhəyə yollanan Georgi Maxaraşvilinin
saflığı adamı mütəəssir edir. O,
müharibənin iblisanə surəti qarşısında
uşaq qədər safdır, məsumdur. Sanki
qoca bir uşaqdır. Gördüyü
amansızlıqlar, qəddarlıqlar onu təəccübləndirir.
Almanların atəşə tutduğu,
bombaladığı taxıl sahəsi
yananda, var gücüylə odu söndürməyə
çalışır.
"Çörək yanır!" - deyə hay
salır. Ancaq adamlar onun yanından ona fikir belə
vermədən qaçıb gedirlər. Hərə
öz başının hayındadır, hər kəs öz
canını qurtarmağa çalışır. Bu vəziyyətdə
Georgi kişi dəli təəssüratı
oyadır.
Başqa bir səhnədə
bombardmandan qaçıb gizlənməyə
çalışanda Georgi kişinin və əsgər
yoldaşlarının üstünə bir parça torpaq
düşür. Georgi kişi
canını düşünmür. Üstünə
düşən bir parça torpağı götürüb
deyir:
- Torpaq yaxşıdır!
Münbitdir!
Sonra, sanki torpağın dilindən danışır:
- Artıq vaxtdır! Yaz gəlib,
əvvəl şumlamaq lazımdır, sonra əkmək!
Alman torpaqlarında isə Georgi kişi üzüm tənəklərini
görəndə, sanki köhnə dost, sevgili ilə
görüşür. O, üzüm tənəklərini
balaca uşaq kimi əzizləyir:
- İndi hamının yadından çıxmısan! Heç kim sənə baxmır, mənim əzizim! Sənə
qulluq eləmək lazımdır!
Sovet əsgərləri tanklarla
üzümlüyü əzib məhv etmək
istəyəndə Georgi kişi
özünü az qala tankın önünə atır, hətta
leytenantı söyür, onunla əlbəyaxa döyüşə
çıxır.
Tankçı deyir:
- Bəs sən görmürsən onlar bizim sahələri nə
günə qoyublar?
- Onu onlar eləyiblər!
- Georgi cavab verir. - Sən də faşist olmusan?
Sonra o, alman uşaqlarını
göstərir:
- Bax, alman uşaqları!
Get güllələ, öldür!
Müharibədə hər şey öz dəyərini itirir. Təbiət də,
ağaclar da, quşlar da, elə insanlar da! Hətta uşaqlar
da!
Müharibədə torpaq özü də zərər görür. Torpağın da canı
ağrıyır! - qoca gürcü təxminən
belə düşünür.
Üzümlükdəki səhnədən sonra yol boyu Georgi kişinin qaş-qabağı yerlə
gedir.
Yanındakı yoldaşı ona nə olduğunu soruşanda
Georgi fikirli-fikirli deyir:
- Fikirləşirəm mənim
oğlum Qoderdzi indi necə olub? O, elə
ürəyi yumşaq idi!
Oğlunu
sağ-salamat tapıb-tapmayacağından
qabaq Georgi kişini oğlunun indi necə adam olduğu maraqlandırır. Görəsən,
müharibə onun oğlunu qəddarlaşdırmayıb ki?
Onun yuxa ürəyi daşlaşmayıbmı?
Bu sual elə tamaşaçını da
düşündürür. Ancaq bu sualın
cavabını filmin axırlarına doğru tapırsan.
Mühasirədə olan Sovet əsgərlərinin arasında
Qoderdzi də var, Georgi kişi də, sən
demə, öz oğlunu da xilas etmək üçün
vuruşurmuş. Təsadüf nəticəsində
ata-bala uzaqdan da olsa görüşürlər. Onda Qoderdzinin atasına ilk sualı kəndləri
haqqında olur. O, kəndi, sevimli üzüm tənəklərini
soruşur. Deməli, Georginin qorxmasına ehtiyac
yox imiş. Müharibə Qoderdzini pis adama
çevirə bilməyib.
Oğlu
qollarında can verən
ata çarəsizcə deyir: "İndi anana nə cavab verəcəm?".
Eynilə
"Yalan" (2006, rejissor
Ramiz Əzizbəyli) filminin qəhrəmanı Yavər kişi kimi. Yavər də oğlunun
öldüyünü öyrənəndə, ilk
ağlına gələn sual bu olur: anana nə deyəcəm?
Yavər
də Georgi kişi kimi ürəyi
yuxadır. Adlı-sanlı, döşü medallı
çoban olan, bütün ömrünü dağda qoyunlarla
keçirən Yavər tez-tez öz-özünə deyir:
"Heç bilmirəm bu uşaq harda böyüdü.
İndi əsgər gedir...".
Böyütdüyü
quzuları sallaqxanaya göndərəndə ürəyi
ağrıyır. Deyir ki, quzuları verməyə
əli gəlmir. Onları böyüməmiş
restoranlara daşıyırlar. Yavər
böyüdə bilmədiyi quzuları sallaqxanaya, oğlunu isə
cəbhəyə göndərir. Yavər
müharibəni də insan sallaqxanası adlandırır.
Yavərin komandirlə söhbətində
iki həqiqət toqquşur.
Yavər:
Heç
bilmədim uşağım
harda böyüdü!
Komandir:
- O, səninçün uşaq
idi, mənimçün yetişmiş əsgər idi!
- Babam müsəlman-erməni
müharibəsində
öldürüldü, atamı 19 yaşında faşistlər
öldürüb, indi də oğlumu ermənilər...
- O ölməyib, kişi!
Şəhidlər ölməzdir!
- Ölməyibsə, bəs
hanı? - ata ürəyi
fəryad edir.
Ən təsirli əsgər
atalarından biri də "Tütək səsi" (1976,
rejissor Rasim Ocaqov) filmindəki İsfəndiyar kişidir. Bilənlər bilir ki, bu film İsa Hüseynovun
"Tütək səsi" və "Saz" hekayələrinin
motivləri əsasında ekranlaşdırılıb.
İsfəndiyar kişi də "Saz"
hekayəsinin əsas qəhrəmanıdır. İsfəndiyar
kişinin əhvalatı filmin ən təsirli əhvalatı
olmaqla yanaşı, film içində kiçik filmdir.
O da oğlu Rəhmanın yolunu gözləyir, kənd yolunun
üstündə maşından düşüb kəndə
girən əsgəri görür. Dumanda onun
izinə düşür, haylayır, ancaq əsgər nə
geri dönüb baxır, nə kişiyə hay verir.
Çayı keçən xəyali əsgərin dalınca
İsfəndiyar kişi də
çayı keçir, qarşıdakı sahildə Qurban
kişi ilə qarşılaşır:
- Kəndə əsgər gələ, belə sakitlik ola?
- Qurban kişi qocanı sakitləşdirməyə
çalışır. Ancaq İsfəndiyar kişi
sakitləşmir. Onun qulağına oğlunun səsi gəlir:
"Nə vaxt qayıdaram, bu çaldığım ruhanini
bir də eşidərsən"... Sonra
kişinin qulağında ruhani havası səslənir. Kəndin içi ilə qaça-qaça evə gedir.
Qoca qaçır, sazsa dayanmadan çalır... ancaq evə
girəndə kişi sazı həmişəki
yerində, divardan asılı görür.
Kəndə gələn qara məktubları
Millinin gizlədiyi barədə Qurban kişi
İsfəndiyar kişiyə əvvəlcədən
demişdi. Kişinin ata ürəyi şübhələnir,
qəfil narahatlığının səbəbini öyrənməyə
çalışır, o, qızdan məktubları tələb
edir. Qızsa ağlayaraq "pis məktublardır
onlar", - deyir, qocaya oğlunun qara kağızını
verməyə əli gəlmir. İsfəndiyar kişi onsuz da hər şeyi özü
başa düşür, oğlu Rəhmanın da qara
kağızının o kağızlar içində
olduğunu anlayır.
Dərdli sazı özü döşünə sıxıb ruhanini
çalır, kənd İsfəndiyar kişinin başına
yığışır.
Filmin sonunda kəndə doğrudan da, naməlum bir əsgər gəlir. Xəbəri eşidən bütün kənd yığılır, onu qarşılamaq üçün hamı yüyürür. İndi o, hamının atası, qardaşı, oğlu, əridir.
Sevinc ELSEVƏR
Ədəbiyyat qəzeti.- 2020.- 31
oktyabr.- S.7.