ŞUŞAYA AZ
QALIB...
Azərbaycan ordusunun Qarabağda hazırkı zəfər
yürüşləri davam etdikcə, torpaqlarımız
şəhidlərimizin mübarək qanı bahasına qarış-qarış
azad olduqca qarışıq duyğularla qolboyunam. Elə bil
hiss-həyəcanımı da cilovlamışam ki, ürəkdən
sevinməyimi saxlayım son qələbə
akkordlarının vurulacağı günə.
Əhvalıma
ailə xatirələrim də yoldaşlıq edir...
Təxminən
20 il əvvəlin söhbətidir. Televiziyada Qarabağ münaqişəsinin həlli
yollarından veriliş gedirdi. Övladım
Türkərin o zaman 12-13 yaşı olardı. Verilişi diqqətlə dinləyirdi. Birdən
qayıtdı:
- "Paket variantı"
nə deməkdir?
Uşaqlara
aydın və anlaşıqlı dildə deməli idim, dedim
də:
- Ermənilər
istəyir Dağlıq Qarabağ onlarda qalsın. İşğal elədikləri başqa
torpaqları guya bu şərtlə bizə qaytara bilərlər.
-
Hansı torpaqları?
- Məsələn,
Ağdamı, Füzulini, Qubadlını...
Qəsb
edilmiş rayonları sadalamağa macal vermədən
sözümü kəsib soruşdu:
- Bəs Şuşa?
- Şuşanı qaytarmaq fikirləri yoxdur, ümumiyyətlə.
Deyəsən, çox amansızca demişdim bu sözləri.
-
Şuşasız Ağdam, Füzuli, Qubadlı bizə
heç lazım da deyil, - ağlamsınaraq dedi.
Kiçik
bacısı Humay söhbətə qoşuldu və bəlkə
ona görə qoşuldu ki, bizə ürək-dirək versin.
Xasiyyətcə xeyli həlim qızcığaz gözləmədiyim
bir ötkəmliklə:
- Ermənilər
kimdirlər ki, bizim torpaqları tutub saxlasınlar, hücum
çəkib əllərindən alarıq.
Ovqatım gerçəkdən azacıq duruldu. Elə fikirləşməyə
başlayırdım, görəsən, Türkərin
üzünü görmədiyi Şuşa
həsrəti haradan gəlir. Dərhal yadıma
düşdü. Babası Qasım
Qasımzadənin ötən əsrin altmışıncı
illərində yazdığı "Zümrüd tac"
adlı məşhur şeiri var, bu şeiri o, əzbər
bilir. Bilməyənlər
üçün xatırladım, həmin misralarda Qarabağ
yurdu gözəl bir qız obrazındadır. Poetik bənzətmə
belə tamamlanır:
Bədxahı
boğmaqçün qəsdinə duran
Xaçın,
Qarqar onun qoşa saçıdır,
Başının
üstündə yanıb bərq vuran
Şuşa Qarabağın zümrüd tacıdır.
Yeri gəlmişkən,
bu şeirin o zamanlar dərcindən sonra Şuşa
ilə bağlı söhbətlərdə "zümrüd
tac" ifadəsi ilkin müəllifi unudulmuş xalq deyimlərindən
birinə çevrilmişdi...
Başqa
bir xatirəm düz 35 il əvvələ
aiddir. O zamana ki, Şuşa bizdə ola-ola
yenə də "dərd" verirdi.
1983-cü
il idi. Moskvada çıxan
"Oqonyok" jurnalında bir erməni memarı haqqında
yazı getmişdi. Məqalə bu sözlərlə
başlayırdı ki, bəs həmin adam
"qədim erməni şəhəri Şuşada
doğulub". O bircəcik ifadəyə etirazımı
bildirməkdən ötrü redaksiyaya sicilləmə bir məktub
yazdım. İnsafən, çox keçmədi, jurnalın bədii
redaktorunun imzasıyla cavab aldım: "Uvajaemıy tovarih
Nariman Kasumzade! V statğe "Skulğptor Okop
Qördjan" deystvitelğno vkralasğ oşibka.
Sluçay gtot rassmotren na zasedanii redkolleqii
jurnala, sdelanı sootvetstvuöhie orqvıvodı i vinovnıe
ponesli nakazanie. V 3¹ "Oqonğka" za gtot qod
poslednəə oblojka i material A.Jiqaylova "Rodniki qornoqo kraə"
posvəhenı Naqornomu Karabaxu, jemçujine Azerbaydjana". V iöle, koqda budet
otmeçatğsə 60-letie gtoy avtonomnoy oblasti,
"Oqonek" predpolaqaet datğ bolğşuö
publikaüiö, posvəhennuö znamenatelğnoy date. S
uvajeniem, Litredaktor
otdela oformleniə O. Nemirovskaə".
Şuşamız Azərbaycanın tam nəzarətində
olduğu vaxtlarda da ziyalılarımız onun taleyilə
bağlı narahatlıq keçiriblər. Rəsul Rza 1980-ci ildə qələmə
aldığı "Şuşam mənim" şeirində
yazırdı:
...Sənin
doğma torpağında
Neçələrin gözü qalıb.
Vətən
adlı doğma yurddan
Püşk olarmı?
Pay
olarmı?
Yüz
bir şəhər adı çəkim, -
Gözəllikdə
Biri sənə
tay olarmı?
Əlbəttə,
Şuşanın gözəlliyi təkcə təbiətində
deyil, bu gözəllik onun suyunu içmiş, havasını
udmuş adamların da xarici görkəmində, səslərinin
məlahətində idi ki, bunun Q.Qasımzadənin qələmindən
çıxan belə bir poetik ifadəsi bizim o çox da uzaq
olmayan Şuşalı illərimizin xatirələrinə
işıq tutur:
Hara getsək
bizi çağırır Şuşa,
Bilirsizmi,
nədir bundakı hikmət:
Üç
gözəl söz ilə yaranmış qoşa -
Gözəl
səs! Gözəl qız! Gözəl təbiət!
Qasım
Qasımzadənin ötən əsrin 40-50-ci illərə aid
şeir dəftərində sonralar Telman Hacıyevin bəstəsində
"Qonşu olmaq istəmirəm səninlə"
mahnısına çevrilmiş şeirin ilkin variantı var,
"Qonşu qız" başlığı
altındadır. Şair bu sözlərin üzərində
sonradan işləmiş, şeirin süjet xəttinə əlavələrdə
qonşu qızın xitablarını da əlavə
etmişdir. 1950-ci ilin iyul ayının 31-də qələmə
aldığı sətirlər belə səslənirdi:
Qonşu
kimi biz hər axşam, hər səhər
Gəzdik
Şuşa dağlarında bərabər.
İndi sənə
bir sözüm var, a dilbər,
Soruşmadan
səbəbini gəl dinlə:
Qonşu olmaq istəmirəm səninlə.
Nə
zaman ki, baxışımız öpüşür,
Bu atəşdən
varlığıma od düşür.
Ah, bu yerdə
günlər nə tez ötüşür...
Bir arzum
var, coşub gəlir o dilə:
Qonşu olmaq istəmirəm səninlə.
Sənsiz
heçdir bu yerlərin səfası,
"Daşaltı"nın,
"Şuşakənd"in havası,
Müxtəsəri
budur, sözüm qısası:
Köç
büzə gəl, quraq təzə ailə,
Qonşu olmaq istəmirəm səninlə.
İndi düşünürəm, Şuşanın
bütün özəllikləri yalnızca azərbaycanlıların
qismətinə yazılıbmış, Şuşanın
aurası yalnızca azərbaycanlıları belə
duyğulandıra, gözəlləşdirə bilərmiş. Zəndeyi-zəhləm
gedən bir nəsnəyə - milli nifrətə
yozulmasın, amma qəti əminəm, ermənilər
Şuşanın suyundan nə qədər içsələr
də, havasından nə qədər udsalar da,
şuşalıların o gözəl səsinə, görkəminə
heç zaman sahiblənə bilməmişlər. Və
əlbəttə, heç zaman Şuşalı ola bilməyəcəklər.
Xatirələrim cığırlana-cığırlana
məni ötən əsrin uzaq 60-cı illərinə də
aparır. O
zamana ki, Şuşa ilə ilk
tanışlığımın əsası qoyulmuşdu.
Uşaq marağı ilə Cıdır düzü
şənliklərini seyr edərdim. Qonaqlıq məclislərimizi
İsa bulağına salardıq, sanatoriyalarda dincələn
yazıçılarla, sənət adamları ilə valideynlərimin
şirin söhbətlərini dinləyərdim.
Təxminən 6-7 yaşım olardı, bir dəfə
ailəlikcə Şuşaətrafı meşəlikdə gəzişirdik. Bir də
baxdıq gün əyilib, qaranlıq düşməkdədir,
qərarlaşdıq sanatoriyaya qayıdaq. Axşamın
alatoranlığına qarışmış səssizliyini
bir cüt quşun söhbətləşirmişlər kimi səs-səsə
verməsi pozurdu. Qasım müəllim biz uşaqlara
dedi:
- Qulaq
asın görün bu quşlar bir-birinə nə deyir.
Maraqla
ondan cavab gözlədiyimizi duyub bir-birini səsləyən həmin
o quşların ahəngilə oxudu:
- İsa!
Musa! Tapdın? Yox?
Və sonra başladı İsa-Musa quşlarının
məlum folklor süjetini danışmağa. Əhvalat kədərli
bir süjetə bağlansa da, sonluğu o zaman məndən
ötrü faciəvi də deyildi, çünki quşa
döndərilmiş iki qardaş itirdikləri quzuya görə
heyvan sahibinin cəzasına tuş gəlməmişdilər.
Ta böyüyənə qədər mənə elə gəldi
o İsa-Musa qardaşları - quşları yalnız
Şuşa meşəsindədırlər, gedəcəkləri
başqa yer yoxdur. Və mənim uşaq beynimə Şuşa
həm də belə bir ilkin obrazda həkk olunmuşdu - qoynunda o məsum
ruhları saxlayan yeganə bir yer kimi. Lap
yaxınlarda Şuşanın şüuraltımdakı bu
obrazı xatirələrimə bir kövrəklik də gətirdi.
Şuşanı ilk olaraq bizə sevdirmiş Qasım
müəllimin əlyazmalarını, arxivinin
materiallarını səliqəyə salırdım ki,
dövlət arxivinə təhvil verim. Demə o,
yuxarıdakı folklor süjeti əsasında 1945-ci ildə
"Sirli gecə" adlı bir hekayə də qələmə
alıbmış. Birinci və sonuncu hekayəsini...
1956-cı ildə "Azərbaycan məktəbi"
jurnalında dərc etdirdiyi həmin yazı bu sözlərlə
bitir: "O quşları görən yoxdur, yalnız səssiz
bahar axşamlarında onların qeybdən gələn tanış səslərini hamı eşidir:
İsa! Musa! Tapdın? Yox!".
Görəsən, indinin özündə necə, o
quşlar yenə dəmi Şuşaətrafı meşəlikdə
bir-birini səsləyirlər. Səsləyirlərsə,
eşidən varmı? Yenə də milli nifrətə
yozulmasın, o mənfur düşmənin genetik olaraq
eşitməsi yoxdur axı, İsa-Musa quşlarının nə
dediyini anlaya bilsin...
İndi də
qayıdıram 215 il əvvələ, o
zamana ki, biz yox idik, babalarımız vardı. O
babalarımız ki, Şuşanı bir xeyli öncədən
qurub yaratmışdılar, yaşatmışdılar, Şuşa da onları öz qoynunda
yaşatmışdı...
Arxaya - Kürəkçay müqaviləsinin
imzalandığı o məşum 1805-ci ilə baxıram,
yırtıcı rus imperiyası qoşunlarının
önündə Qarabağın duruş gətirmədiyi,
imperiyanın tərkibinə qatıldığı bir
çağa.
Müqavilədə yazılır: "Vo imə Vsemoquheqo
Boqa. Mı, t.e. İbraqim xan Şuşinskiy i Karabaxskiy i
Vserossiyskix voysk qen.-ot.-infanterii, Kavkazskoy inspeküii po
infanterii inspektor... kn. Pavel Üiüianov po polnoy moçi i
vlasti, dannoy mne ot Eqo imperatorskoqo Veliçestva,
Vsemilostiveyşeqo moeqo velikoqo Qosudarə İmperatora Aleksandra
Pavloviça, pristupiv s pomohğö Bojeö k delu o vstuplenii
İbraqim-xana Şuşinskoqo i Karabaxskoqo so vsem eqo semeystvom,
potomstvom i vladeniəmi v veçnoe poddanstvo Vserossiyskoy
imperii... zaklöçili, postanovili i podpisali na sleduöhix
artikulax...". İbrahim xanın bu sənəddə
imzası ayrılmaz bir söz tərkibi kimi
"Şuşalı və Qarabağlı" olaraq
keçir. Məncə, Qarabağ
davamızın sona yetməsi üçün bunun rəmzi mənası
var. Yəni Şuşasız nə Qarabağ?
Balaca Humay deyəndə ki, "ermənilər kimdirlər
ki, bizim torpaqları tutub saxlasınlar, hücum çəkib əllərindən
alarıq", susmuşdum. Babası bir şeirində buna
işarə ilə yazmışdı:
Basmaq istər
qurdu köpək,
Arxası
- ağ ayısı var.
Amma
Qasım müəllim həmin şeirində ümidsiz də
deyildi:
Ona da
Bozqurd deyərlər,
Şəstini çətin əyələr.
Min il nəslini öyüblər,
Min il nəslini öyərlər.
Bu sətirlərdən
əvvəl yazdığı qeydləri isə
ağrısız oxumaq olmur: "Əgər biz inansaq ki,
Şuşa biryolluq əlimizdən çıxıb,
Xocalı həqarəti, Laçın bədnamlığı
ilə birdəfəlik barışası olacağıq, elə
bilirəm, Azərbaycan qeyrətli hər bir vətəndaşın
fikrini ifadə edib deyərdim ki, onda daha yaşamağın mənası
qalmamışdır. Bir adı Qala, bir adı da Pənahabad
olan Şuşa təkcə bu günümüz yox,
tariximizdir, sərkərdələr, sənətkarlar yetirən
əcdadımızın yadigarıdır, Pənah xanı,
İbrahim xanı, Vaqifi, Natəvanı, Adıgözəl bəyi,
Mehmandarovu, Xosrov bəyi, Sultan bəyi, Üzeyir bəyi,
Seyidi, Xanı, Bülbülü yetirən diyardır. Şuşa bizim qartal
qıylı, bülbül cəhcəhli yuvamızdır.
Buna görə də indi Şuşasız günlərimdə
mən özümü yuvasız quş sayıram...".
Qasım
müəllimdən sonra, düz 27 il əvvəl
Şuşa dərdi mənə aşağıdakı sətirləri
yazdırmışdı:
Bu da bir
taledir payıma düşüb -
Şuşasız
günləri yaşamaqdayam,
özüm öz dərdimin hayına düşüb
hüceyrə-hüceyrə aşınmaqdayam.
Ağzım
dualıdır, ürəyim dolu,
zillənib gözlərim o uca taxta.
Tanrı
dərgahına uzanan yolu
onsuz necə
gedim bu qara baxtla?
Baxışı
cığıra, yola dikili
Şuşam,
səni bəklər bozqurdum mənim,
di
atıl qabağa cumaq irəli,
itirib səmtini
başsız bədənim.
Şuşasız
qalmışam mən günüqara,
nə
yaxşı susmayır, sızlayır yaram.
Qoymaram
ürəyim dönə məzara,
qoymaram
bu dərdi ölə basdıram.
Bu
yanğı sönməz də köz olub qalar
içimdə, bu dərddir məni isidən.
Şuşa
bir xitabət kürsüsü olar,
söylərəm son sözü həmin kürsüdən.
İndi artıq hamılıqla sevinirik ki,
"başsız" deyilik. Qətiyyətli Komandanımız
var. Hər əsgəri Bozqurd xislətli ordumuz var: zirvə-zirvə
"gah o dağdan, gah bu dağdan" könlümüzcə
Qarabağdan keçir. Cəbrayılı, Füzulini, Hadrutu,
Suqovuşanı, Zəngilanı, Qubadlını, yüzdən
artıq kəndləri azad edib düşməndən.
Şuşaya az qalıb. "Havalanır
Xanın səsi. Üzümüz səsə
doğru" yazır indi artıq böyümüş Humay.
"Qarabağ
şikəstəsi"nin zəngulələrini
Azərbaycan əsgərinin atəşləri səsləndirir.
Nə möhtəşəm musiqi! Lap
Şuşanın şəninə layiq.
Nəriman QASIMOĞLU
Ədəbiyyat qəzeti.- 2020.- 31 oktyabr.- S.4-5.