Salam, əsgər!
Gün cəbhədən doğdu
bu gün, qanadlı
Bir müjdə gətirdi çaparaq atlı.
Səmanın bağrını odun
qanatdı,
Dan yeri söküldü sənlə bu səhər,
Salam, əsgər!
Şuşanın əlini tut, buraxma
ha!
Özünü qayadan atar Xuraman...
Yarın
"bir dur" desə ona baxma
ha!
O da göz yaşını
tutar birtəhər,
Salam, əsgər!
Xankəndi xan kimi durub seyrində,
Başı ucadadır, dərdi
dərində...
Mən ola bilmirəm
sənin yerində,
Sən də bilmirsən ki, nə çəkir
qədər...
Salam, əsgər!
Əskəran gəl deyir - gəl, əsgərim, gəl,
Məni
dardan qurtar, Allah kərim, gəl,
Düşmənin nəfəsi bizə
ölüm, gəl!
Gör nələr görmüşük
30 il, nələr,
Salam, əsgər!
Candan usanıbdır, Füzuli xəstə,
Nəfəsi get-gəlli, səsi ahəstə.
Qaldır
Bayrağımı Ərgünəş
üstə,
Göz yaşıyla islat, sonra günə sər,
Salam, əsgər!
Qalmasın heç yerdə
əsir, girov dağ,
Ayağın düşübsə hürr olar Torpaq,
Baş üstə yer verdi sənə
Murovdağ,
Onun sinəsindən gül dərdini dər,
Salam, əsgər!
Ağdərəyə yollan, yoxsa gün əyilər,
Quzeylər yaralı, qəmli
güneylər,
Tanrı
yuxumuzu bu gün çin eylər,
Sən tarix yazırsan qazdıqca səngər,
Salam, əsgər!
Qaməti
əyilmiş qoca Xocalı,
28 ildir əsir qocaldı...
Qəddini qaldırdı, göyə
ucaldı.
Sənin
əlindədir bu gün - Göy və Yer,
Salam, əsgər!
Ağdamın dam üstə qalmayıb
damı,
Seyr etdikcə dəli edir adamı....
Bu gün Xocavənddə düşür axşamı,
Düşür gözlərimdən qaranlıq kədəri,
Salam, əsgər!
Cəbrayıl, Zəngilan, Qubadlı
adlı,
O torpaq gözləyir səni inadla
Qır düşməni, qov əlindəki odla,
Ey Odlar Yurdunun böyütdüyü ər,
Salam, əsgər!
Laçınsız Laçına oynamamışam,
Dəhlizə bir yol aç əllərində
şam,
Mən sənin arxanda möhkəm durmuşam,
Yoxsa ki, canımdan neçə can gedər,
Salam, əsgər!
Səndədir gələcək, bu
gün, dünən, bil!
Atəşlər açdıqca dərdi sönən bil.
Torpağı anan bil, nazlı sonan bil,
Çalınsın cəngilər, sən də çal zəfər!
Salam, əsgər!
Daha Kəlbəcərin qalmayıb
tabı,
Qapılar açılsın, sevinsin
BABIm,
Gözləyir yolunu yurd-yuva, obam,
Lalələr qızarır, gəlibmi bahar?
Salam, əsgər!
Qarabağ - bağrımın qara
ləkəsi,
Vətənin ən gözəl,
dadlı tikəsi...
Doydur həsrətlini, doydur hər kəsi,
Qoy, Vətən desin ki, sənsən xilaskar,
Salam, əsgər!
Salam, əsgər!
Alın
Snayper gülləsi, off,
nişangah görüb
uçdu.
Əsgərimin alnında
şəhid nöqtəsi
açdı...
Ana öpən alının
arası dodaq rəngdə,
dodağı göydən
də göy,
yarası dodaq rəngdə.
Qara xəbər tez gəldi...
Hələ isti ayağı,
yavaş-yavaş soyudu,
yerdən küsdü
ayağı...
İndi
Vətən öpəcək
daşa dönən alnından.
Alın
yazısı köçür
nişanlanan alnından...
Əsgərə məktub
Nə yazım
sənə, əsgər? -
Söz də tapa bilmirəm.
Söz,
Şuşada yazaram,
tutaram əllərindən
görüşəndə yazaram.
Nə yazım sənə, əsgər,
Haqqını halal eylə!
Zərfə zəfər qoy
göndər,
nə göndərsən
içində
kənd adını bol eylə!
Nə yazım sənə, əsgər,
donurmu yanaqların,
qızarıbmı əllərin,
ordan üzün ağ qayıt...
Yağdırım duaları,
yerdə qoyma, yığ qayıt,
o tökülən qanları.
Nə yazım sənə, əsgər,
Burnumun ucu göynər,
dodağım para-para,
həsrət-həsrət uçuqlar...
Kəndimin üzündən öp,
Evimizi qucaqla!
Nə yazım sənə, əsgər,
Payız
gedir, bizimsə
verdiyimiz söz qalıb,
de ki, de ki, gəlirik
Qarabağa, az qalıb!
Nə yazım sənə, əsgər,
Xəbər çıxıb Vətəndən,
Qələm cəbhəyə gedib,
sən səngərdən
yazırsan,
əlin silah tutandan.
Nə yazım sənə, əsgər,
Hər günün hücum olsun,
Qələbə tacın olsun!
Şəhid olsan... canımsan,
sağ qayıt, bacın ölsün!
Gecəgözlü qadın
Doğma
kəndim
Gecəgözlüyə ithaf
Gecəni
sevə-sevə
gözlərinə köçürmüşdü,
gözü üstə
yer vermişdi
bir cüt hilala,
Gecəgözlü qadın.
Çəpərləmişdi gecəni,
qara rənglə rəngləmişdi,
Gecə kirpikli qadın.
Bir bulud doldurmağa,
bir sevgi yağdırmağa,
vaxtı yoxuydu,
Gecəsi-gündüzü yox qadının...
Evsiz-eşiksiz qalmışdı,
torpaqsız qalmışdı,
Qarabağsız qalmışdı,
qarabağlı qadın...
Həyat
ŞƏMİ
Ədəbiyyat qəzeti.- 2020.-
31 oktyabr.- S.3.