Gərək
Gərək o vaxt çıxaydın
qarşıma,
Bu dünyaya gəlmədən
100, 500,
lap min il öncə...
Udum-udum
sevəydim səni,
Sevəydim aram-aram, incə-incə.
Gərək 5-10 ömür qabaq
rastlaşaydı əllərimiz,
6-7 ömür əvvəl
bənd olaydı gözlərimiz.
Bizə
çatana qədər
neçə alın dəftərində
qovuşmalıydı taleyimiz,
Neçə həyat yolunda salıb itirməliydik bizi,
Sonra neçə ömürdən
toplamalıydıq izimizi...
Gərək sözlərimiz bizdən
öncə tapaydı
bir-birini,
Hələ biz görüşmədən deyəydi
sevdiyini.
Tanrı
eşq şərabından
öncə
Dirilik suyunu içirməliydi bizə,
Ya da 60-70 illik ömürlə qıymayaydı sevgimizə.
Görəsən, dodaqlarını neçə
ilə kəşf edərəm,
Nəfəsindən neçə əsrə doyaram?!
Neçə ömür lazımdır
ki, büsbütün
varlığına boyanam?
İndi
özün söylə,
Tanrı
Haqqım varmı mələklərin
ömründən oğurlayam?
Bu sevgiyə bircə ömür yetməz axı,
qorxuram.
"Olmaz"lara ağı
Gözlərimi yummaq istəyirəm
İnsanlara,
Dünyaya,
Tanrıya.
Bütün inancların qulaqlarına
pıçıldayacam
əslində, heç
bir işə yaramadıqlarını.
Bir gecə sahibsiz küçənin ən qaranlıq küncündə
qəfil yanan işıq dirəyi də ola bilərəm,
məsələn,
aydınlatmaq üçün
nabələd qonağın
yolunu.
O məsum körpənin dodaqlarında gülüş
olaydım,
Saflığın gözündən öpmək
üçün.
Taqətini ömrün yoxuşlarında
itirmiş
qocanın dizlərinə
taqət olsam
ayaqlarını torpağa
daha inamla basardım.
Qaçdığımız bütün
"olmaz"ların ayağımıza
dolaşıb
bizlə sürükləndiyini
öyrənərik
gizləndiyimiz o daş
divarın arxasında...
Beləcə, bitər ömür
dediyimiz nağıl,
Gözümüzə bir ovuc sevgi atıb,
peşmanlığımızla örtərlər
üstümüzü...
Göydən üç "kaş
ki" düşər...
Sərsəm
Oxuma son
məktubumu,
Adında ayrılıq var.
Sənsiz
içdiyim şərabın
Dadında ayrılıq var.
Payız
qapıdan boylanır,
Ha gəldi, ha gələcək.
Tək yatmaq da bir
zülümdü,
Üşüsən kim
biləcək?!
Eşq yuxusu qəfil bitdi,
Hələ sərsəməm bir
az.
Kaş ki, duman gözlərini
Görə biləydim bu yaz.
Bilsəm,
bu qədər sevməzdim,
Sevgim özümə
qaldı.
Hələ yaşanmamış eşqlər
Bir "OL!" sözünə
qaldı.
Bir şairə...
Bəlkə onda gəldiyinçün
doğma oldun bu qədər;
Şeirlərə küsdüyüm,
Musiqilərə qulaq tıxadığım,
Allaha naz satdığım,
İnsanlara qırıldığım o anlarda
birdən-birə düşdün
həyatımın tam ortasına.
Bircə
gün geciksəydin,
Ya da tələssəydin gəlməyə bircə
gün
belə olmayacaqdı, bilirəm,
Pozulacaqdı işin sehri.
Sən elə onda, tam o anda gəlməli idin
və gəldin.
İbrahimə qoç göndərən
Allah
Mənə səni göndərmişdi
bəlkə də.
Yoxsa bilirdi, ya da
görürdü hardansa
qurban kəsməyə
hazırlaşdığım hisslərimi?!
Nə bilim.
Bildiyim
o ki,
O da qurban idi,
sən də;
O Allaha,
Sən insanlığa...
Sən həm də könüllü idin;
Bilərək,
İstəyərək,
Sevərək...
Əvvəl şeirlərini göndərdin,
Yerini unutduğum ürəyimi xatırladım bir anda,
Eheeyy! Mənim də ürəyim varmış,
ay insanlar,
bilirsiz?!
Sarıldım sözlərinə bərk-bərk,
yumdum gözlərimi,
izin verdim toxunsun bədənimin hər zərrəsinə,
axsın ürəyimə,
hopsun ruhuma...
Sonra musiqilər səsinlə ayaq açdı
qulaqlarıma,
süzüldü varlığıma...
Öpdü tənhalığımı,
sığalladı yalqızlığımı,
"qorxma, mən
varam, - dedi -
Nə olsun ki, uzaqlardayam
və nə olsun ki, uzaqlar
sıxır məni,
Təki,
sən sıxılma!".
İtirdiklərimi tapdım içimə
huzur verən sonsuz səbrində,
Tanrını gördüm,
tanıdım surətində.
Bu sözlər,
Bu musiqi,
Bu səs
Və bu səbr Tanrıdan
başqasının əl
işi ola
bilməzdi...
Barışdım kainatla,
bütünləşdim insanlıqla...
İndi
soruşsan, hər şey yaxşıdır,
Şairim,
Nigaran qalma!
Bircə
sorun var, tək bircə sorun:
"Uzaqlardayam, uzaqlar sıxır məni!".
Allah, sinəni
dağlayım?!
Gözlərimlə sazişim var,
Bir az sənə,
bir az mənə
ağlayım.
Qəfildən getdin, bilmədim,
Görən, haçan qayıdarsan,
Ümid nə qədər saxlayım?!
İçimi yandırır ahım,
Dəfn
günüdür sevdamın,
Əlim
yetmir arzuların
Başına qara bağlayım.
Ha yalvar, ha əl aç, dilə,
Bu qatar yetməz
mənzilə.
İnanmıram bu dərd ilə
Sən gələn ili
haxlayım.
Xatirələr puçur-puçur,
Çərpələngim yerdən uçur,
Mənə necə qıydın,
o cür,
Allah, sinəni dağlayım?!
Ağlağan şeir
İçimdə bir şeir ağlayır...
mən ağlayıram,
o ağlayır...
Ağlayırıq durmadan,
Nə o
mənə təsəlli
ola bilir,
nə mən ona...
Ağlayırıq gecənin də
təsəllisin duymadan,
Göydə ulduz,
Yerdə
barmaqlarım solub
Deyəsən, gecənin də
gözləri dolub,
Yağış yağacaq...
Nənəmin xatirəsinə
Mən onu son dəfə görəndə
yaz idi...
Çiçəklər gülümsəyirdi
üzümüzə,
Qışdan yorğun çıxan canlarıyla.
Novruzgülü öpürdü
bizi ona aparan yolları.
O isə bənövşə
idi;
İncə, gözəl, boynubükük...
İlk dəfə idi onu belə görürdüm,
həm də son dəfə olduğunu bilmədən.
Qucaqlayıb öpməyə də
qıymırdı adam,
İllərin yorğunluğundan bükülən
boynunu incidərəm
qorxusuyla...
O isə hey gülümsəyirdi,
Canı
ağrısa da nur süzülürdü
gözlərindən,
Bizi görmüşdü axı,
Nə vaxtdı
görmədiyi nəvələrini.
Bəlkə də bilirdi son
görüşümüz olduğunu,
Ondan idi gözündən itən
kimi bizi axtarmağı.
Bizsə...
Bizsə
bilsəydik...
Eehh...
Ondan sonra cəmi iki dəfə düşdü yolum o kəndə -
Anamın ata yurduna.
Nə o
var idi,
Nə də hələ kəndin girəcəyindən
bizi qarşılayan istiliyi...
O məzar da onun
deyildi elə bil,
Soyuğu
yay günündə dondururdu iliyimizə qədər...
Yaraşmırdı bu soyuq onun isti
təbəssümünə...
Kənd
bizdən,
Bizsə
kənddən küsmüşdük,
Sonra da heç barışmadıq,
Barışdıran olmadı...
Bənövşələr də bir başqa bükür boynunu daha,
Özünü oxşadır nənəmin
son halına.
Amma səmaya həsrət bənövşələr nə
bilsin ki,
dünyanın ən gözəl bənövşəsi
gülümsəyir göylərdən
onlara...
Bir gün görsən
ki...
Bir gün görsən ki, dinləmir səni xəyallar
Və görsən ki, onlar deyən deyil həyat;
Görsən ki, heç bir günündə dost olmayıb insanlar
Və görsən ki, üfüqdən çox
uzaqdadır səbat;
Görsən ki, sol yanının
o doğma ağrısı;
Boğazının o tanış qəhəriylə əlbirdir
Və görsən ki, dizlərin ağ
bayraq qaldırıb, kiridi...
Yerdən
əlini üzüb bir ümid işığına
göylərə üz
tutsan;
Elə
o andaca günəşin
əliylə üz-gözünə
3-5 yağış damlasa
-
Qorxma!
At utanmağın daşını
heç olmasa bircə dəfəlik;
Aç
qollarını aça
bildiyin qədər,
Bağır, boşluğa sarı:
Tanrım,
təsəllin yetər!!!
Şahanə MÜŞFİQ
Ədəbiyyat qəzeti.- 2020.- 5
sentyabr.- S.3.