Abdurrauf Fitrət -
küfrə
deyil, modern ədəbiyyata...
Hüseyn Cavid də, Abdurrauf Fitrət də eyni
mövzularda dram əsərləri yazdılar.
Cavid
"Topal Teymur"u, Fitrət "Teymurun sağanası"nı yazdı.
Cavid
"İblis"i, Fitrət "Şeytanın Tanrıya
üsyanı"nı yazdı.
Cavidin
"Çingiz", "Attila" dramları NKVD tərəfindən
müsadirə olunub itdiyi kimi, Fitrətin də "Teymurun
sağanası", "Oğuz Xan", "Əbu
Müslim" dramları itdi, itirildi.
Cavid də, Fitrət də, təxminən, eyni illərdə
İstanbul Universitetində təhsil alıblar.
Təhsil almaq üçün İstanbula gedən gənclər
İsmayıl bəy Qaspıralının cədidizm layihəsinə
görə Vətənlərinə bir mürşid olaraq
qayıtmalıydılar.
(Bu barədə "Cavidnamə" kitabımda ətraflı
yazmışam).
Cavidin də, Fitrətin də imzaları İstanbulda ilk
dəfə Mehmet Akifin "Sirati-müstəqim" dərgisində
görünüb.
Hüseyn Rasizadə İstanbuldan Vətənə Cavid
kimi, Abdurrauf Abdurrahman oğlu isə Fitrət olaraq
qayıtdı.
İkisi də - biri Bakıda, digəri Buxarada
zamanının mürşidi idi.
İkisi
də 1937-ci il repressiyasının
qurbanıdır.
Sənətkarlıq baxımından Hüseyn Cavidin
"İblis"i ilə Fitrətin "İblisin Tanrıya
üsyanı" pyeslərinin arasında nəzəri paralellər
aparmaq, hər iki əsəri müqayisəli ədəbiyyatşünaslığın
predmetinə çevirmək zəruridir. Məsələnin
həssas tərəfi isə odur ki, istər Cavidin, istərsə
də Fitrətin Türkiyədə təhsil aldıqları
dövr pozitivizmin türk ədəbiyyatına daxil olduğu
illərdir. Cavid bu istiqamətdə
heç kəsin etmədiyini edir. Pozitivizmlə təsəvvüf
arasındakı "qızıl orta"nı
kəşf edir. Fitrət isə irfandan pozitivizmə
yalın düşüncə ilə adlayır və
birbaşa ateizmə yuvarlanır. Hətta
alman alimi Baldauf Fitrətin bu əsərində ekzistensial məqamların
müşahidə edildiyini yazır. Cavid
"İblis"i 1918-də, Fitrət isə "İblisin
Tanrıya üsyanı"nı
1924-cü ildə qələmə alıb. 1924-cü
ildə Cavidin bir sıra əsərləri, o cümlədən
"İblis" Özbəkistanda tamaşaya qoyulmuşdu.
Hətta həmin tamaşa barədə
Çolpan məqalə də yazmışdı. Yəni Fitrətin bu əsərdən xəbərsiz
olması qeyri-mümkün idi.
Bunu da
ayrıca vurğulamaq istəyirəm: Dildə osmanlı
prinsiplərini təqib edən Cavid də,
yaradıcılığında cığatay
leksikasını ehya edən Fitrət də dil
baxımından olmasa da, estetika baxımından Tofiq Fikrətin
cazibəsindəydilər. Hər ikisi həm də
Mehmet Akifin tələbəsi olmuşdu. Amma dediyim kimi,
Cavid irfanla pozitivizmin arasındakı "qızıl
orta"nı tapa bilsə də, Fitrət,
pozitivizmin ateistik yönünü mənimsədi və zahirən
bununla kifayətləndi. Zahirən ona görə
deyirəm ki, istər Hüseyn Cavidin, istərsə də Abdurauf
Fitrətin burjua millətçi görüşləri
1934-cü ildə Moskvada keçirilən SSRİ
Yazıçılarının I qurultayında xüsusi
müzakirə mövzusuna çevrilmişdi. Hətta ilk özbək professoru Fitrətin tarixilik pərdəsi
altında, təsəvvüfə, Əhməd Yəsəvi
dünyasına yönəlməsi Özbəkistan
Yazıçılar İttifaqının sədri Məcidinin
məruzəsində kəskin tənqid olunmuşdu. Bu mənada,
elmi yaradıcılığında özbək ədəbiyyatını
Əhməd Yəsəvi kultunun çevrəsinə səsləyən
Fitrət ateist ola bilməzdi. Din tarixini, fəlsəfəsini
dərindən bilirdi, Buxarada Mir Ərəb mədrəsəsini
bitirmişdi, İstanbulda yazdığı "Münazirə"
əsərində rus istilasını nəzərdə tutaraq
"Bu gün İslam dininin düşmənləri biz
müsəlman xalqını qara günlərə saldılar.
Bu cinayətkarlar İslam dininə düşmənlik
edib, yaxın zamanlarda bizdən dinimizi tərk etməyi tələb
edərlər. İmamımızın keşiş,
azanımızın zəng, məscidimizin kilsəyə
çevrilməsindən başqa yol qalmaz", - deyə yazan
Fitrət birdən-birə bu qədər dinsizliyə yuvarlana
bilməzdi. Təbii ki, bu əsərin də məna
örtüyünün olması şübhəsizdir.
Özbək
alimi, professor Həmidulla Baltabayevə
istinadən amerikan alimi Olvortun fikirlərini xatırlatmaq yerinə
düşər. Olvort yazırdı ki, "Bu əsər
türküstanlılara onların vətənindəki siyasi əhvalın
bütün həqiqətlərini açıq dillə izah
etdi... Müəllif öz fikirlərini qeyri-təbii
aləm düşüncəsi ilə pərdələyib ifadə
etdi".
Fitrətdə üsyankar İblis Tanrıya xitabən,
"Rəhbərim fənn, Peyğəmbərim bilimdir" -
deyir. Cavidin pozitivist qəhrəmanları isə
"Kişi irfan işığından parlar, şübhəsiz,
bilgidə Allah gücü var" - deyir. Eynən Tofiq
Fikrət kimi: "Ənbiyadan yaşarım müstəğni
/ Bir hörümçək götürür haqqa bəni".
Cavidin "İblis"i, təbii ki, Hötedən
qaynaqlanır.
Bu İblisin ən yaxın oxşarına bir də
Saramaqonun "İsanın İncili"ndə rast gəlinir.
Fitrətdəki İblis isə ədəbi
bioqrafiyası baxımından bənzərsiz və yenidir.
1924-cü ildə Özbəkistanda belə bir fəlsəfi
düşüncənin, teologiya ilə ideologiyanın bir ədəbi
mətndə bu miqyasda şəkillənməsi və ədəbiyyatlaşması
nadir hadisədir.
Fitrətin "İblisin Tanrıya üsyanı" əsərinin
ilk remarkasında "Bir tərəfdə yaqutdan
hazırlanmış, dürlü qiymətli daşlarla bəzədilmiş
yüksək bir minbər. Minbərin
üstündə qızıl hərflərlə "Həzə
minbərü həzrəti-Əzazil" deyə
yazılıb". Əsərin
girişində İblisin Əzazil şəklində təqdim
olunması mənə maraqlı göründü və
müəllifin bu əsərə hansı qaynaqlardan yola
çıxaraq gəldiyini düşündüm. "Tövrat"da İblis həm də Əzazil
adı ilə təqdim olunur. Bibliyaşünas
Krıvelev Əzazili təfsir edərkən onu israillilərin
allahı Yəhvanın antipodu olaraq keçmiş allahlar
silsiləsinə aid edir.
Əhməd Yəsəvinin "Divani-Hikmət"ində
də "Otuz birdə Xızır Babam mey içirdi, /
Vücudumdan Əzazili qaçırdı" - deyirdi. Mövlana da
"Məsnəvi"sində İblisdən bəhs edərkən
bəzən onu Əzazil adlandırır. Teoloji
düşüncəyə görə, Əzazil İblisin mələklər
arasında yaşadığı və hələ Hz. Adəmə
səcdə etmə əmrini alıb da üsyan etmədiyi
zamanlardakı adıdır və ilk mələkdir. Buna
görə də, təbii ki, ilk və böyük mələk
olduğuna görə sonrakı mələklərin onu təqdis
etməsi də mümkündü: "İlk öncə mələklər
məni təqdis ediyordu. Adəm kimi bir
sayqısız axır ləkə vurdu" (Cavid). Fitrətin də əsərində İblisi ilk
öncə mələklər təqdis edir. Mələklərin etirafına görə o,
böyük müəllimdir, könlü maarif
işığı ilə dolu aləmi-irfandır, bilik və
hikmət göylərinin nurlu ülkəridir.
Hadisələr misaq dövründə baş verir. Yəni Adəmin
yaradılması ərəfəsində cərəyan edir.
İştirakçılar isə İblis, Cəbrayıl,
Mikayıl, Əzrayıl və başqa mələklərdir.
"Ağappaq nurdan libaslar geymiş, başında tac, əlində yaşıl əsa"
tutmuş Adəm, sadəcə, görüntüdür. Əsər bütövlükdə İblislə mələklər
arasında mükalimədən ibarətdir.
Fitrət, bəlkə də, dünya ədəbiyyatında
ilk dəfə yaradılışın Adəmdən əvvəlki
dövrünü yazıb. Ümumən, Fitrət
türk ədəbiyyatında ənənəvi İblis
metaforasını dəyişdirməyə cəhd edib.
Eyni zamanda, "İblisin Tanrıya üsyanı"nı yaradarkən "Qurani-Kərim"in
"Əl-Əraf" surəsinə referens edib.
***
Əli bəy Hüseynzadənin "Yurd
qayğısı" ("Hali-Vətən") şeiri təkcə
Azərbaycanda deyil, bütün türk dünyasında -
Krımdan İstanbula, Bakıdan Buxaraya qədər cədidçilərin
proqram şeiri idi. "Ey ulu Turan! Çingizlərin,
Teymurların, Oğuz Xanların, Attilaların şanlı
beşikləri. Sənə nə oldu?"
- deyə hali-vətənin "Yurd
qayğısı"nı üç versiyada yazan Fitrət
də Əli bəy Hüseynzadənin təsiri
altındaydı. Bunu cədid hərəkatının
təmsilçisi özbək Ləziz Əzizzadə də
etiraf edib.
Fitrətin "Teymurun sağanası" əsərinin
məzmunu da Əli bəy Hüseynzadənin hələ Azərbaycanda
çap olunmamış "Teymurun xəyalı önündə"
əsərinin adını və məzmununu yansıdır. Birində
Teymur öz sağanasının (məqbərəsinin)
önündə sonrakı nəsillərə xitab edir, digərində
isə sonrakı nəsillər Teymurun xəyalının
önündədir.
Zəki Vəlidi Toğandan oxumuşdum ki, Fitrət
İstanbula 1908-ci ildə Özbəkistandan Gulcalı
Əbdül Əzizlə gedib. Əbdül Əzizin
sonrakı taleyi ilə çoxdan maraqlanıram. Professor Həmidulla Baltabayevlə söhbətimizdə
ondan Əbdül Əzizi soruşdum. "Eşitdiyimə
görə, Əbdül Əziz Vətənə
qayıtmayıb, Türkiyədə qalıb" - dedi. Əbdül Əzizin Özbəkistanda yadigar bir
şəkli də yoxdur. Amma Əbdül Əzizdən
soraq verən şəkil Bakıda var. İstanbul Universitetində
Hüseyn Cavid, Abdulla Sur, Bəkir Çobanzadə ilə birgə
Rıza Tevfiqlə şəkil çəkdirən gənclərdən
biri həmin Gulcalı Əbdül Əzizdir.
***
Fitrət yaradıcılığı, təəssüf
ki, bu günə qədər Azərbaycanda, demək olar ki,
araşdırılmayıb. Ya da çox ötəri
tədqiq olunub. Fikir həyatımızın
kəsiridir ki, 1916-cı ildə Bakıda nəşr edilən
"Rəhbəri-nicat" kitabı istisna, ondan sonra bir də
bu böyük ədibin yaradıcılığına Azərbaycanda
əsaslı dönüş olmayıb. Amma
olmalıydı...
"Ədəbiyyat qəzeti" Yaşar Qasımbəylinin
tərcüməsində "Şeytanın Tanrıya
üsyanı" əsərini çap etməklə tarixi
bir ilkə imza atır.
Əsər ədəbiyyat estetikası baxımından
yeniliklərə meylin gözəl bir örnəyidir. XX yüzilin əvvəllərində
özbək şairi Fitrət küfrə deyil, modern ədəbiyyata
doğru addım atırdı...
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2020.- 4
sentyabr.- S.5.