Şeytanın Tanrıya üsyanı
Abdurrauf Fitrət
Göy
üzündə aydın bir genişlik. Bir qıraqda yaqutdan
düzəldilmiş, müxtəlif qiymətli
daş-qaşlarla bəzədilmiş yüksək bir minbər.
Minbərin üstündə qızıl hərflərlə
"Həzə minbərü həzrəti-Əzazil" deyə
yazılıb. Ortada bir neçə mələk
başları yerə əyilib, səcdə halında,
ağır səslə "Sübhanallah",
"Sübhanallah", - deyə durmuşlar. Bir azdan sonra mələklərin
müdərrisi olan Şeytan düşüncəli, heyrət
içində, qürurlu bir simada gəlir. Mələklərin
səcdə vəziyyətinə nifrət qarışıq
bir təhqirlə baxandan sonra söyləyir.
Şeytan
Neçin imiş bu tubanlıq, bu xorluq,
Bu cahillik, bu cansızlıq, bu korluq?!
Milyonlarla
ixtiyarsız məxluqlar
Min illərdir
dayanmadan, bax belə
Yummuş
gözün, yerə qoymuş alnını,
"Sübhan, sübhan, sübhan" deyə
sayıqlar.
(Bir az düşünəndən sonra)
Nurdan milyon-milyon
mələk yaradıb,
can ver,
qan ver, göz ver, tən işlə,
Uçmaq
üçün qanad dəxi bağışla,
Ondan
sonra...
Mələklər
Sübhanallah, ya Allah.
Şeytan
Yerdə
yatıb "sübhan-sübhan" söyləyir!
Kimə, necə, hansı fayda bu işdən?
Hansı axmaq qızınmaqda bu qışdan?
Bu
müti məxluqları dikəldib,
Ondan sonra
ağac kimi uzadıb,
Ömür
boyu "pak"lığını öydürmək
istəmisən... Niyə verdin əl-ayaq?
Tərpənmirsə, niyə onlar dirildi?
Uçmaz ikən, niyə qanad verildi?
Mələklər
Sübhanallah,
Sübhanallah, ya Sübhan!
Sübhanallah, sübhanallah ya sübhan.
Şeytan
(gülümsəyərək)
"Sübhan,
sübhan" söyləməkdir işləri,
eyni
cürdür baharları, qışları.
göyərməzlər, açılmazlar, solmazlar,
yüksəlməzlər, yaratmazlar, ölməzlər.
"Yoxluq"
deyil belə "varlıq"dan yaman?!.
İsrafil sur çalır. Mələklər səcdədən
baş qaldırırlar. Hamısı Şeytana salam verib, onun ətrafında toplanırlar.
Şeytan
(qürurla)
Mən
bunların müəllimi, yolçusu,
Yol azanın, yıxılanın qolçusu.
Bu işlərin
səbəbini bilmirəm,
Dediyini öz xoşumla qılmıram.
Bu minbərə
ayaq basıb çıxanda,
Əmrin
ilə sözə ağız açanda,
Cəlalından,
camalından söylədim,
Hər bir işin hikmətini oyladım.
Ululuğun,
qadirliyin, elmindən
Uzaqgörən,
adilliyin, helmindən
Dayanmadan gözüm yumub danışdım.
Amma bu
gün... budur sənə çin sözüm:
Dediyimə
inanmadım mən özüm!
Dilim daim,
hər gün səndən söyləsə,
Amma könlüm inanmazdı, nə desəm.
(Qəti
şəkildə)
Xoşlamıram
hikmətlərini düzü,
Dilucu deyirəm dediyim sözü.
Cəbrayıl
daxil olub, Şeytana salam verir.
Cəbrayıl
Hörmət
sənə, ey aləmi-irfan,
Ey
könlü maarif ilə dolan!
Tanrı
səni hörmətlə salamlar,
Haqqındakı
lütfünü tamamlar,
əmr
eylədi, tez təlimə başla!
Hər
cür yaman fikri də boşla!
Çıx
minbərinə, xalqa xitab et!
Kim
azmış isə, ona itab et!
Həqq Cəllə
əlanın
əhkamını vəsf et,
əvsafından söz aç,
bildir mələküta,
Sən
dalma sükuta,
Qal dostu
xudanın!
Cəbrayıl təzim edib bir tərəfə çəkilir,
Mikayıl gəlir.
Mikayıl
Salam sənə,
mələklərin ulu rəhbəri,
Bilik, hikmət
göylərinin nurlu ülkəri!
Tanrı
sənə hörmət edər inan ki, sonsuz,
Der:
"İşlərimiz fayda verməz bir an
da onsuz.
Mələklərə
təlim versin, mərifət saçsın
Hikmətimi, qüdrətimi onlara açsın".
Mikayıl da təzim edib, Cəbrayılın yanında
dayanır. Əzrayıl daxil olur.
Əzrayıl
Salam dedi
sənə xudayim,
Hörmət edər o sənə daim.
Əmr
eylədi: dur, çıx minbərə,
Xudanı təriflə bu bəndələrə.
Əzrayıl da təzim edib bir qıraqda dayanır. Şeytan minbərə
çıxarkən düşünür.
Şeytan
Mənim
kimi boş, gəvəzə xatiblər
düşünmədən
söylərlər,
Bunlar kimi
düşüncəsiz avamlar
anlamadan
dinlərlər.
Yenə
söylə, yenə dinlə, axırı yox, ucu yox,
"Dinləmirik",
deməyəsə
heç
kimsənin gücü yox!
Şeytan minbərə çıxandan sonra Cəbrayıl,
Mikayıl, Əzrayıl minbərin ətrafında, mələklər
minbərin önündə dayanırlar. Şeytan hər
tərəfə nəzər salıb, düşüncəli
davam edir.
Şeytan
Göy
yox imiş, yer yox imiş,
günəş
ilə ulduz yox,
Ay yox
imiş, zaman da yox,
gecə
ilə gündüz yox.
Yox bir nərsə , yox bir kimsə,
yox
bir sifət, yox bir isim,
Yox bir
nisbət, yox bir halət,
yox
bir məna, yox bir cisim.
Var yox
imiş, varlıq da yox,
mümkün
də yox, imkan yox,
Hava da
yox, fəza da yox,
mələk
də yox, şeytan yox.
Bu yoxluqda
bizim Tanrı
bir sirr kimi
durarmış...
İstəmiş
ki, varlıq üzrə
çıxıb
seyr eyləsin özünü,
Özündəki sifətlərlə nurlandırsın
gözünü.
İstəmiş
ki, bu yoxluqdan
biz
"var"ları yaratsın,
Sonra...
özünə hamımızı
tapındırsın,
baxdırsın.
Qaranlıqdan
yoxluq sarı qədəm
qoymuş,
var olmuş,
Dünya
onun yoxdan çıxan
məxluqları
ilə dolmuş.
"Lövh
ül-məhfuz" sözüdür bu,
mən
özümdən demədim,
Bu
sözlərə inanıb da,
öz
fikrimdən dönmədim.
Bu sözləri düşünmədən qəbul eyləyəkmi
biz?
Dinləyirəm,
bildirin fikrinizi indi siz!
(Cavab gözləyir).
Cəbrayıl
"Lövh ül-məhfuz" da Xudanın sözü
var.
Xudanın sözündə haqqın özü var.
Mələklər
Xudanın
sözünü qaytarmaz heç kim,
kim inkar
eləsə o imansızdır...
Şeytan
(onun sözünü kəsir).
Sakit olun!
Hamı onu dinləməyə başlayır.
"Lövh
ül-məhfuz" sözlərini
siz
oxuyub çıxsanız,
o
sözlərin bir-birinə uymadığın görsəniz,
siz də
məntək düşünməyə
bir
ehtiyac sezərsiz,
düşünmədən, inanmadan
tapınmaqdan
bezərsiz.
Başa
düşün, yoxluqlarda
bir
sirr olub durmuş O,
gənəşmədən, soruşmadan sizi varlıq
üzünə
çıxarıb ki, bu dünyada tapındırsın özünə.
"Yaradıldıq,
yaşayırıq",
baş
qoyursuz, yatırsız,
başınızı qaldırmadan qaranlıqda
batırsız.
Vəzifəniz
bükülərək səcdə olsun...
Neçin
bu?!
Yaradılış hikməti bu?! İnandırmaz məni bu!
Mələklər çaşqın halda
görünürlər. Cəbrayıl həyəcanlı bir vəziyyətdə
müdaxilə edir.
Cəbrayıl
Ustadım,
aşırdın,
fikrimi
qaçırdın.
Haqq
qullarını sən
öz
doğru yolundan
azdırma! Çıxarma!
Zülmət
sarı varma!
Mələklər (əllərini yuxarı
qaldırıb).
Ulu
Tanrım, kafir qılma, aman ver!
Özün
bizə sarsılmayan iman ver!
Cəbrayıl öz yerinə qayıdır, Mikayıl
müdaxilə edir.
Mikayıl
Ustadımız, bu gün sənə nə oldu?
Könlün niyə qaranlıqlara doldu?
Tanrıdan
qorx, demə belə sözləri,
inad etmə,
gəl sevindir bizləri.
Tanrı
bizi tapınmaqçün var edib,
Əbədi bir olmaq üçün yaradıb.
Mələklər
(əllərini yuxarı qaldırıb)
Ulu
Tanrım, kafir qılma, aman ver!
Özün
bizə sarsılmayan iman ver!
Cəbrayıl söz alır.
Cəbrayıl
Onun
işi hikmətlidir,
hikmətləri bilinməz.
İşlərinin
əzəməti
bizim
gözlə görünməz...
Adi məxluq
dərk edəmməz...
Şeytan
Neçün bu?!
Cəbrayıl
"Neçün bu"mu?
Mikayıl
Çünki
o
Tanrımızdır, bizsə onun qulları.
Əzrayıl birdən müdaxilə edib, həyəcanla
söyləməyə başlayır.
Əzrayıl
Tanrım,
nədir bunun bunca azmağı,
imanların təməlini qazmağı?!
Bu bizlərə
küfr öyrədib durubdu,
canımızı tamuğ sarı sürübdü.
Uçacaqmı göyə bunun külləri?
Kəsilməzmi hədyan deyən dilləri?!
Mələklər
Ulu
Tanrım, kafir qılma, aman ver!
Özün
bizə sarsılmayan iman ver!
Əzrayıl
Əmr et, ona ölüm alovun saçım.
Cəbrayıl,
Mikayıl, Əzrayıl ümidsiz vəziyyətdə öz
yerlərinə qayıdırlar, Şeytan yenə söyləməkdə
davam edir.
Şeytan
Hər
bir şeyi yoxluqlardan
var
etməksə, bilmirəm,
doğrumu?! Amma düzü
bu
sözlərə inanmıram.
Özü
yoxdan hər bir şeyi yaratdığın söyləyir,
sizi
nurdan, məni oddan var etdiyin söyləyir.
Nurdan,
oddan yaradılmaq
- yoxdan
var olmaq deyil,
bunu bilən
heç kim bizə
"yoxdan var oldun", demir.
Yenə
"Lövh ül-məhfuz"
sözlərinə
nəzər yetirdim,
sizlər
üçün çox maraqlı
bir
xəbər də gətirdim.
Hamı dinləyir.
Tanrı
qara torpaqdan yeni heyvan düzəldib,
Bizə hakim, həm özünə bir Xəlifə xəlq
edib.
Eşitdiniz,
yoxdan deyil, torpaqdan:
İnanmasanız,
göstərərəm!
(Əli ilə işarə edib bir tərəfi göstərir).
Bax, inan!
Şeytan göstərdiyi tərəfdə "Lövh
ül-məhfuz" görünür. Qızıl hərflərlə
yazılmış aşağdakı sözləri
hamısı birdən oxuyur.
"Adəmi
torpaqdan indi yaratdıq,
həm
də onu özümüzə Xəlifə etdik.
O bizim ulu
qulumuz olacaq".
Mələklər arasında səs-küy qalxır. "Lövh
ül-məhfuz" mətni gözdən itir.
Birinci mələk
Adəm...
İkinci
mələk
Adəm...
Üçüncü
mələk
Adəm -
kim?
Dördüncü
mələk
Bu necə sözdür, Tanrım?!
Beşinci
mələk
Adəmin anası - torpaq?!
Altıncı
mələk
Bizdən olur uluraq?!
Hamısı
Yox, yox,
yox, yox, belə olmaz,
Tanrımız bu işi qılmaz.
Şeytan mələklərin düşdüyü vəziyyətə
diqqətlə fikir verib, özündən razı halda
baxıb söyləyir.
Şeytan
"Lövh
ül-məhfuz"
Tanrımızın sözlərini
göstərir,
o
sözlərə inanmamaq sizi küfrə aparar.
"Lövh
ül-məhfuz"
sözlərini
oxudunuz özünüz,
de, nə
üçün "Yox, yox, yox, yox"
oldu sözünüz?
Cəbrayıl
(mələklərə)
Yox, yox,
deyil! "Lövh ül-məhfuz"
sözü
olammaz yalan,
Adəm
ata yaradılıb...
Şeytan
Yoxluqdanmı?
Cəbrayıl
Torpaqdan!
Torpağını
biz gətirdik, palçığa şəkil verdik,
Qurusun deyə, neçə gündü günəş
işığına sərdik.
Bax elə
bu gün quruyar, Tanrı ona can verər,
Ayağa duran kimi özü məclisimizə gələr.
Mələklər
(çaşqın halda)
Yox-yox,
olmaz, Tanrı bizim
qəddimizi
sındırmaz,
Biz
nurdanıq, lay torpağı
başımıza
mindirməz.
Şeytan
Min illərdir
tapındınız Tanrıya,
Düşünmədən baş əydiniz əmrinə.
Hər
dediyin dinlədiniz, durdunuz,
Əsirlikdə
ömrünüzü sürdünüz...
Heç
biriniz günah nədir bilmədi,
Heç biriniz demədiyin qılmadı.
Vəzifəniz
qulluq, səcdə, inanmaq,
Bilmədiniz nə yaşamaq, nə yanmaq.
Palçıq
adam xəlq ediblər bax bu gün,
Sizə hakim eylərmişlər, de, neçün?
Min illərcə
tapınmağın axırı,
nəticəsi budurmu?!
Cəbrayıl
Ey mələklər
rəhbəri!
Nədir çarə?
Mikayıl
Gəlin,
dua edək,
Tanrımıza yalvaraq, ağlayaq.
Şeytan
Yaxşı, bunu da bir sınayaq.
Hamısı əllərini göyə qaldırıb,
dua edir.
Mələklər
Bizim
könlümüzü sındırma, Tanrı!
Zülməti
nur üstə mindirmə, Tanrı!
Bizə rəhmətlə
bir an nəzər sal,
Adəmatanı gəl yaratma, qal.
Özümüz
sənə taət edirik,
Tanrılığını yaxşı bilirik.
Gəl təzədən
adam yaratma, Tanrı!
Bizim
könlümüzü ağrıtma, Tanrı!
İsrafil sur çalır. Hamı sükuta qərq
olur. Tanrıdan səda gəlir.
Səda
Hamınız
mənim qulumsuz bu gün,
Mənim hüzurumda bu səs-küy neçün?
Mən istəyəni istəmirsizmi?
Mənim qəzəbimdən çəkinmirsizmi?
Mən diləməyən yol tutdunuzmu?
Tamuğ alovunu unutdunuzmu?
İlanlarmı udsun sizi?
Dərd-bəlamı tutsun sizi?
Başınıza
yağdırımmı
Odda yanmış daşları?
Adəm neçün yamandır?
Səbəbini
tez deyin!
Şeytan
Bu hərbə-zorbaları da yalandır.
Cəbrayıl
Yanlış
yoldan qayıdın!
Mələklər yalvarıb, yenə göylərə
üz tutub münacat edirlər.
Mələklər
Tanrım,
bizə aman ver!
Aman ilə
iman ver!
Adəm
heç vaxt qılammaz
biztək
sənə ibadət.
Adəm
heç vaxt biləmməz
nədir
səndəki qüdrət.
O
çox günah eylərmiş,
varlığı bulayarmış,
alov,
ölüm saçarmış.
Səda
Sizlər
mənim bildiyimi bilməzsiz,
mən
istəsəm, ona qarşı olmazsız.
Budur sizin
vəzifəniz!.. Cəbrayıl,
Sən yola düş, ərşim sarı səfər
qıl.
Adəm yəqin, dirilibdir, de, gəlsin.
Mələklərə
əmr edirəm - Adəmın
Ayağına səcdə qılsın,
yıxılsın.
Cəbrayıl gedir.
Şeytan (düşünür).
Əmr
edir... Tanrısından aləmin
Mələk
olub, bunca zülm çəkincə,
ağlın olsa, torpaq olub dinc otur.
(Ümidsiz əhvlada qalmış mələklərə
üzünü tutur).
Neçin, belə bu fələyin gərdişi?!
Özgə cür olmaz qulların işi.
Heç
kimsəyə səcdə qılma, baş əymə,
Öz şanına, şərəfinə heç
qıyma.
Min illərdir
tapındınız özünə,
Baş əydiniz onun hər bir sözünə.
Sizi bu
gün palçıqdan da aşağı
saymaqdadır! Bundan artıq nə gərək?!
Heç kim onun önündə diz çökməsin,
Zülmət nuru qaplamasın, örtməsin.
İsrafil sur çalır. Cəbrayıl gəlir.
Onun arxasınca Adəm, ağappaq nurdan libaslar geymiş,
başında tac, əlində
yaşıl əsa, ağır-ağır addımlayaraq daxil
olur. Şeytan Adəmi görən kimi əsəbiləşib,
dəli bir durumda minbərdən düşür. Bu zaman Səda gəlir.
Səda
Ey, ey,
bütün mələklər, tapının siz Adəmə!
Mələklər hamısı səcdə
qılmağa hazırlaşır. Şeytan mələklərin
səcdə qılmasını görmədən, Səda gələn
səmtə qəzəblə qışqırır.
Şeytan
Tapınmırıq...
İstəyirsən göndər bizi Ədəmə!
Şeytanın bu qəzəbnak
bağırtısından sonra dünyanı qorxunc bir
qaranlıq basır, İldırım çaxır, hər tərəf
titrəyir.
Bir az keçəndən sonra dünya əvvəlki
halına qayıdır. Minbərin önündə
üzüüstə yıxılmış Şeytan yerindən
durur. Tacının, əlindəki əsanın,
qanadlarının yerə düşdüyü
görünür, həm də onun Şeytan qiyafəsinə
girməsi də açıqca nəzərə
çarpır. İsrafil sur
çalır. Mələklər səcdədən
başını qaldırır. Şeytanın
düşdüyü əhvalı görüb, hamısı
birlikdə Allaha münacat edir.
Mələklər
Ulu
Tanrı, kafir qılma, aman ver!
Özün
bizə sarsılmayan iman ver!
Şeytan qəfildən vəhşi, qeyri-insani bir
gülüşlə müdaxilə edib, Adəma üz tutub
söyləyir.
Şeytan
Bil, hədsizdir
mənim sənə hörmətim,
sənə hörmət, mütiliyə nifrətim.
Sanki məni
nicat sarı çağırdın,
(yerə düşən şeyləri göstərib)
Bu əsirlik bağlarından qurtardın.
Tanrı
məni tapındırdı özünə,
Anlatmadan, tabe etdi sözünə.
Bağışladı
bir kirli tac, bir əsa,
Biləmmədim, bunlar imiş bir tələ.
İstədi
ki, sənə dəxi tapınım,
Yəni yenə bir təhqirə tutunum.
Qarşı
durdum bu mənasız əmrinə,
Yağı oldum bu gün ulu Tanrıya.
Dözəmmədim,
yerə saldım sözünü,
(mələkləri göstərib)
Hamı gördü, utandırdım özünü.
Heç
bir cəza verəmmədi o mənə,
Budur,
özüm söyləyirəm,
olanları mən sənə.
Nə
yandırdı, nə ilana uddurdu,
Nə başıma od-alovlar tökdürdü.
Tamuqları
qaynamadı, daşmadı,
Alov axan dəryaları aşmadı.
Hirslə
məndən aldı üç şey, üç nərsə:
Bir kirli tac, iki qanad, bir əsa.
Qanad ilə
uçardımmı, söyləsin,
Əsa mənə
nə gərəkdir, qoy desin.
Tacı
ağır bir yük idi başıma
İbadəti ağır idi, zəhər qatdı
aşıma.
Qurtuldum mən,
indi azad bir gücəm,
Ənginlikdə qanadsız da gəzəcəm.
(Adəmə
yaxınlaşıb)
Məni sənə
tapındırmaqdan onun
bir məqsədi
- səni dəxi aldatmaq,
aldadaraq,
əl-ayağın bağlamaq.
Özün düşün, mənası varmı bunun?
Mən
qurtuldum, bir də düşmərəm ələ,
Ağlını yığ, sənin üçün bu
tələ.
At
tacını, əsaya bel bağlama,
Son
sözümdür: heç vaxt sən mələk olma!
İsrafil sur çalır. Səda gəlir.
Səda
Bəndələrim,
dinləməyin yağını,
Ondan aldım mən səadət bağını.
Yoldan
azdı, zəlalətə batdı o,
Çəkəcəkdir bu işindən çox
qayğı.
Mələklərə
ululuğun bildirdim,
Minbərini ərşimə yaxın qurdum.
Qüdrətimin
sirlərini göstərdim,
Özüm bilən bilikləri öyrətdim.
Səmaların
səltənətinə yetdi,
Mələklərə müəllimlik etdi.
Böyük-böyük
mərtəbələr bəxş etdim,
Ondan sonra
görün bu nə iş etdi,
Tanrısının
əmrin pozdu bu azğın!
Şeytan
(Səda gələn tərəfə üzünü
tutub qışqırır).
Çün
varlığın bilik ilə düşmandır!
(istehza ilə)
Hikmətin var, onu özün gəl qandır.
Mən
qorxmuram indi sənin qəhrindən,
Uçub getdim, iqlimindən, şəhrindən.
Tamuğların,
alovların, əzabın,
Vahimələr, cənnətlərin yalandır.
"Lövh
ül-məhfuz" deyən böyük kitabın
uydurmadır, başdan-ayaq yalandır.
Neçə
illər başım üzrə yerləşdin,
Ən son dəmdə gözümdən tamam
düşdün.
Artıq
məndən Adəminə tapınmaq,
Əfv
diləyib, yalvarmaq və yalmanmaq
gözləmə sən. Mən gəzirəm bu gün şad,
tutqunluqdan, qulluqlardan çox azad.
Rəhbərim
- elm, peyğəmbərim - bilimdir,
Yardım edən - təfəkkürüm, dilimdir.
Tapınacam
yalnız özüm-özümə,
İnanacam iki açıq gözümə.
Təkcə
özüm qurtuluşa sevinməm,
Başqaların taleyini də billəm.
(Adəmi
göstərib)
Onu bir
gün qurtaracam əlindən,
Çıxaracam sənin yanlış yolundan.
Bundan
sonra səni heç kim yüksəkdən
axtarmasın, yıxılıb düş fələkdən!
Yox ol indi
hikmətinlə, ərşinlə,
qüdrətinlə, cəlalınla, fərşinlə!
Hava
qaranlıqlaşır, göy guruldayır, şimşək
çaxır, hər tərəf zülmət içərisində
titrəyir... Bir azdan dünya yavaş-yavaş
öz əvvəlki halına qayıdır, Şeytandan, Adəmdən,
mələklərdən, minbərdən heç bir
nam-nişan görünmür.
Pərdə düşür.
Daşkənd,
1924
Özbəkcədən
çevirən: Yaşar Qasımbəyli
filologiya elmləri
doktoru,
AMEA-nın baş elmi işçisi
Ədəbiyyat qəzeti.- 2020.- 5 sentyabr.- S.6-7.