Çeslav Miloş - görkəmli polyak-amerikan
şairi, nasir, ədəbiyyat tarixçisi,
esseist və tərcüməçidir. Miçiqan, Lyublindəki
Katolik Universitetinin,
Harvard, Romadakı Boloniya
Universitetlərinin fəxri
doktorudur. Yaradıcılığı bir sıra nüfuzlu mükafatlara, o cümlədən Beynəlxalq
PEN klubun mükafatına
(1974), Quqqenhaym mükafatına
(1976), Noyştad Ədəbiyyat
mükafatına (1977), NİKE'98 mükafatına və
1980-ci ildə isə Ədəbiyyat üzrə
Nobel mükafatına layiq
görülüb. 1911-ci
ildə Litvada, Şeteyne kəndində anadan olub. Stefan Batorı adına
Vilnüs Universitetinin
hüquq fakültəsində
təhsil alıb. Ədəbiyyatda ilk addımlarını 1930-cu illərdə, "Alma Mater Viliensis"
jurnalında atıb.
1931-ci ildə "Jaqarı" adlı ədəbi qrupun əsasını qoyanlardan
və eyniadlı dərginin redaktorlarından
biri olub. 1934-1935-ci illərdə Xalq Mədəniyyəti Fondunun təqaüdçüsü
qismində Parisə göndərilib. 1946-cı
ildə Nyu-Yorkda konsulluqda, 1941-1949-cu illərdə
Vaşinqtonda mədəniyyət
işləri üzə
attaşe, 50-ci illərdə
isə Parisdəki səfirlikdə katib işləyib. 1951-ci ildə Fransadan siyasi sığınacaq istəyib və mühacirət həyatına
başlayıb. Əvvəllər
Parisə yaxın Messon Laffitdə,
1960-cı ildən sonra
isə Birləşmiş
Ştatlarda yaşayıb,
Berklidə, universitetdə
Slavyan dilləri və ədəbiyyatı
fakültəsində mühazirələr
oxuyub. 1981-1982-ci illərdə Harvard Universitetinin
professoru olub. 1989-cu ilə qədər
öz kitablarını
mühacirətdə və
Polşada, "samizdat" qismində nəşr edib. 1989-cu ildə
Polşaya qayıdıb.
2004-cü ildə Krakovda vəfat edib.
Təki Həqiqət qayıtsın
nitqimizə...
Daha bir ziddiyyət
Görəsən, görməli olduğum işləri gördümmü?
Bəli,
bir evdə qonaq oldum, buludların
altında,
Çaylar axırdı, otlar cücərirdi.
Seçilmişdim, çağırılmışdım,
amma çox az şeyi
anlayırdım.
İmkanım olsaydı, gələn dəfə, yalnız hikmət arayardım.
Hamı kimi olmağa əsla cəhd etməzdim.
Bu yalnız iztirab
və şər mənbəyidi.
Özümü inkar edib təslimiyyəti
seçərdim.
Canavar baxışlarımı
söndürər, ac qursağımı
kəndirləyərdim.
Hündür bir yerdə, monastırda öz hücrəmə çəkilərdim
-
Aşağıda şəhərin işıqları
sayrışardı,
Qoca sidrlərin dövrəsində
körpü,
altından kiçik
bir çay axardı.
Özümü yalnız bir işə həsr edərdim.
Amma belədə
bu mümkün olmazdı.
Məna
Öləndə dünyanı o biri üzdən görəcəm.
Quşların, dağların, qürubun
o tayından.
İzah
olunması gərəkən
həqiqi mənaya varacam,
Uyğun
olmayan uzlaşacaq,
Anlaşılmayan anlaşılacaq.
Yaxşı, əgər dünyanın
o biri üzü yoxdursa?
Budağa
qaratoyuğun qonması
işarə yox,
Elə budağa
qaratoyuğun qonmasıdısa?
Gündüzlə gecə bir-birini laqeydcəsinə əvəzləyirsə?
Və Yerdə
yerdən başqa heç nə yoxdursa, necə olsun onda?
Belə
olarsa, hər halda susmayan dodaqların
Bircə dəfə belə oyatdığı söz qalacaq.
Yorulmaz müjdəçi
kimi.
Ulduzlararası fəzaya, qalaktikalar
dövranına doğru
Qaçan, etiraz edən, səsləyən və uca səsli söz
***
Necə
bacardım,
Necə eləyə bildim bütün bunları?!
Bu dəhşətli dünyada
yaşadım,
Onun qanunları ilə oynadım,
Onun qanunlarına
əyildim.
Mənə hökmən Allah gərəkdir...
Günahlarımın bağışlanması
üçün
Hökmən Allah lazımdır mənə.
Şöhrət haqqında söhbət
Oxuyurdular,
şöhrətin pisliyini
öyrənirdilər guya...
Amma boşunaydı: bu, onları əsla xilas etmədi.
Şöhrətin gurultusu naminə
qanlı bifşteksdən
də,
Qadın
ağuşundan da, hətta başqasına əmr vermək kimi
Ləzzətdən də vaz keçərdilər. Amma bir şərtlə ki,
Ad-san, şöhrətin çələngi onların
olsun, yadda qalsınlar.
- Sənə nə var, sənin qarnın belə şeylərdən toxdur.
Çələnglər quruyub, xələtlər,
bəxşişlər toplanıb.
Yaxşıydımı-pisdimi, bundan sonra
nə desələr də, vecinə olmayacaq.
Çünki sən onsuz da qalibsən...
- Yox, elə deyil,
ya gündüz olsun, gecəyarı, fərq etməz,
xoşagəlməz, ağır
düşüncələr bir saat belə,
məni tərk eləmir.
Yatanda belə,
yaxamdan əl çəkmir, yuxularım
əzab verir.
Yəni
üzümü əllərimlə
örtəcək qədər
çox şey baş verib...
Ruhani traktat: giriş
Bu traktatı gənc adam yaza
bilməz.
Yox, bunu ölüm qorxusunun diktə etdiyini düşünmürəm.
Bir xeyli cəhdlərdən sonra bu, eləcə
minnətdarlıq
və əsrimə xas poetik dilin
mübtəla olduğu
düşkünlüklə vidalaşmaqdır
həm də.
Bəs niyə
ruhani traktat?
Çünki ilk olan elə birinci
də olmalıdır.
İlk olan - Həqiqətdir. Və yeri gəlmişkən,
poeziya özünün
şəffaf şüşəyə
çırpılan
hürkmüş quş davranışıyla sübut
edir ki,
bizə xəyallar bəs eləmir.
Təki
Həqiqiət qayıtsın
nitqimizə...
Yəni
elə bir məna ki,
mütləq istinad nöqtəsi olmadan mümkün deyil.
Dua
Doxsanı haqlayıb hələ
də ümid edirəm ki,
yenə nəsə deyə biləcəm, xırıldayacam.
Adamların qabağında olmasa
da,
məni bal və yovşanla yedizdirən Sənin qarşında.
Xəcalət çəkirəm,
sanki qarşında hansısa əlahiddə xidmətlərim varmış
kimi
Sənin mənə yol göstərdiyinə, qoruduğuna
inanmalıyam çünki.
Düşərgədə şam budaqlarından xaç düzəldib
Dəmir çarpayılarda dua edənlər kimiydim, əslində.
Mənim,
bu eqoist adamın xahişini yerinə yetirdin amma...
Yəqin, istədin ki, istəklərimin mənasızlığını
anlayım.
Adamlara yazığım gəldiyindən
möcüzə istəyib
dua edəndə
Həmişəki kimi, yer də,
göy də susurdu.
Sənə inam məsələsində
mənəviyyatım şübhəliykən
inanmayanların sadəlövh
inadkarlığına heyrələnirdim.
Dini özüm kimi zəiflər üçün
uyğun sığınacaq
bildiyim halda
Sənin
böyüklüyün qarşısında
mən çox pis oyunbaz və
rəqqasam...
Hələ onda, keşiş
Xomskinin sinfindəki
ən qəribə şagird sayıldığım
vaxtlar,
qədərin bu uzun-uzadı cığırşıına
qulaq kəsilirdim.
İndi
sən bütün beş hissimi
tədricən qapayırsan,
İndi mən - zülmətdə
uzanıb qalmış
xəbərsiz ahıl
qocayam.
Məni
iztirab çəkməyə
məcbur edən şeylə,
irəli can atmağımla
və şeirlə tək qalmışam.
Həqiqi
və yalançı
günah hissindən azad elə məni,
Bütün zəhmətin Sənin şanın üçündür
deyə əminlik ver.
Dünyanı ağrıdan xilas
eləyən şəfqətinlə
son anımda yanımda ol.
Poeziya sənəti
Həmişə yığcam formalar
haqqında düşünmüşəm:
nə hədsiz nəzm olsun, nə hədsiz nəsr,
həm də bir kimsəyə - nə müəllifinə,
nə oxucuya
zülm etmədən asan anlaşılsın hər şey.
Poeziyanın xislətində nəsə
ayıb bir şey var:
bizdən bir nəsnə hasil olur,
onun içimizdə
olduğundan isə xəbərimiz yoxmuş,
budur, gözümüzü
elə qırpırıq
ki,
sanki içimizdən
bir pələng sıçrayıb çıxıb
və quyruğunu qamçıtək oynadır
günün günorta
çağı.
Odur ki, poeziyanı ruhların diktə etdiyini
söyləyənlər doğru
deyir,
hərçənd onların
mələk olduğunu
düşünməklə mübaliğə edirlər.
Əgər zəif yerləri
bilinirsə və bundan utanırlarsa,
şairlərin təkəbbürlərini
anlamaq çətindir;
niyə belədirlər?
Ağıllı adam da cinlərin meydanı olmağa razı olarmı;
özlərini sənin
içində evlərindəki
kimi hiss edirlər,
çoxlu dillərdə
danışmaq bir yana, dilin də,
əllərin də onların ixtiyarında,
bu, azdır, əməlindənmi, qismətindənmi
onların olsun yoxsa?
Ziyanlı şeylərin daha
qiymətli olduğu bizim zamanda
mənim sözlərimi,
əlbəttə, zarafat
sayacaqlar,
ya da hesab edəcəklər ki, sənəti ironiya ilə mədh eləməyin
növbəti üsulunu
tapmışam, sanki.
Vaxt vardı bizə dərdə və bədbəxtliyə səbri
öyrədən
müdrik kitabları
oxudurdular yalnız.
Amma bu, dəlixanadakı minlərlə səhifəni
Oxumaqla, vərəqləməklə
eyni şey deyil.
Dünya da bizə görünən
kimi yox, tamam başqadır.
Biz də bambaşqayıq,
hərçənd unutqanlıq
içində sayıqlayırıq.
Odur ki, bəziləri ləyaqətli sükut içində dinməzdirlər,
qonum-qonşunun, qohum-qardaşın
hörmətini də
qazanıblar.
Poeziyanın xeyri budur ki, o bizə
öz-özümüzlə qalmağın,
özümüz olmağın
çətinliyini anladır,
çünki evimizin qapıları taybatay açıqdır, qapıda
açar da yoxdur
və o gözəgörünməz
qonaqlar istədikləri
vaxt girib-çıxırlar.
Bütün bu dediklərim,
razıyam, şeir deyil,
şeirlər nadir hallarda
və istənilmədən
yazılır,
çox böyük
təzyiq altında və ümidlə ki,
bədxah yox, xeyirxah ruhların ötürücüləri olacaqlar.
Çeslav Miloş
Tərcümələr
Səlim Babullaoğlunundur
Ədəbiyyat qəzeti.- 2020.- 5
sentyabr.- S.9.