Katolik şairin "Quran"ı təsdiq
edən poeziyası
Çeslav Miloş və onun
"Poeziya sənəti" şeiri barədə
Polyak
şairi, Ədəbiyyat üzrə Nobel
mükafatçısı (1980) Çeslav Miloşa həmin
mükafat belə bir izahla, formulla verilmişdi:
"Çağdaş dünyada konfliktlər arasında
parça-parça olmuş insanın
gücsüzlüyünü, acizliyini qorxmadan və öncə
görərək ifadə edən poeziyaya görə".
Dünyamızın səhnəsi bu gün daha az ürəkaçandır,
sabah, yəqin ki, bu günə "rəhmət
oxutduracaq". Və biz indi yeni dünya müharibəsinin
astanasında olduğumuzu hər gün daha yaxşı hiss
edirik. Hərçənd savaşsız bir günü olmayan
dünyamızda indi neçənci dünya müharibəsinin
olduğunu söyləmək də mümkün deyil. Hər
necəsə sual dəyişmir: görəsən, niyə bu
qədər gözəl şeir, rəsm, bəstələnmiş
gözəl musiqi, ağızdolusu
danışdığımız elmi-texniki tərəqqi
dünyanı və insanı xilas etmədi, etmir? Bəlkə
biz yalan danışmışıq? Bəlkə biz idarə
olunmuşuq? Bəlkə biz sevgi adıyla ehtirası,
xeyirxahlıq adıyla gücü, alicənablıq adıyla
miskinliyi vəsf etmişik? Və nəhayyət, bütün
bu sadalanan gözəllik bizi həqiqi Gözəl olandan
ayrı salmaq üçünmüş?
Uzun və
iztirablı həyat yaşamışdı Miloş.
Mühacirət, qorxu və şöhrət meyvəsini son
qırıntısınadək yemişdi. Amma nə
sualları bitmiş, nə cavabları tükənmişdi.
Xatırlayıram, Miloşun ədəbi katib(əs)i
Aqneşka Koşinska, şairin "Qoy nitqim sadə olsun, məndə
sehrli sözlər onsuz da yoxdur" fikrini xatırladıb
deyirdi ki, Miloş üçün yaradıcılıq
gözəl sözləri yan-yana düzmək deyildi. Xanım
Aqneşkanın ilk baxışdan banal görünən bu
qeydində yaradıcılıqları keyfiyyətcə təsnifləşdirə
biləcək prinsip mürgüləyir.
İosif
Brodski özünə ustad saydığı və XX əsrin
böyük şairlərindən biri (bəlkə də ən
böyük, "esli ne samıy krupnıy") hesab etdiyi
Miloş barədə yazırdı: "O həyatı vəsf
edir, hərçənd ki, heç aldanışı yoxdur,
heç bir illüziya bəsləmir, onun vəsfi, sanki
boğazlanmış hulqumdan çıxır, istənilən
belkantodan daha "gur və bəlağətlidir".
Miloşun şeirinin böyük qüdrəti faciəvi
intonasiyanın vacibliyini anlamasındadır, əsrin faciəsi
isə ondadır ki, şairə ifadə eləmək
üçün belə bir təcrübə
qazandırıb".
Şairin
özü isə "Nobel nitqi"ndə
"yaradıcılıq və ədib nədir, kimdir?"
sualına belə cavab verirdi: "Şairin sürgünü
hakimiyyəti zəbt edənlərin təkcə senzura yox, həm
də sözlərin mənalarını dəyişməklə
nəzarət altına aldıqları dilə görə
baş verir. Ədibin borcu unutmamaqdır. Yaddaş bizim
gücümüzdür. Dirilər, sağlar əbədi
susmuşlardan alıblar bu mandatı. Onlar öz işlərini
yalnız keçmişi uydurma və əfsanələrdən
azad etmək, hər şeyi öz adıyla
çağırmaqla yerinə yetirə bilərlər...".
***
Uzun bir həyat
(1911-2004) yaşayan, 1951-ci ildə vətənindən
mühacirət edən şair 40 yaşından sonra daha
çox mənəvi, dini və metafizik problemlər ətrafında
düşünməyə başlamışdı, xüsusən
son dövr yaradıcılığında - onda Miloş 70-i
keçmişdi, məhz bu böyük, vacib suallara daha əsaslı
cavablar axtarırdı. O anlayırdı, poeziya - xilas edə
bilmir. "Ruhani trakt" adlı poetik şedevrlərinin
birində o, niyə "dini-metafizik mövzulara
yuvarlandığını" izah etməyə
çalışır, poeziyanın praktiki acizliyindən
söz edirdi. Mən indi həmin şeirdən sitat gətirmirəm,
özünüz oxuyacaqsız, qəzetin bu sayında təqdim
olunub.
İnanan
adamlar üçün bu dünyada xalis və törəmə
sözlər, deməli, xalis və törəmə, ikinci dərəcəli
problemlər var. Ali yaradıcılıq var, insan
yaradıcılığı var. Günəş xalis
sözdür, ali yaradıcılıq "məhsuldur",
lampa törəmədir, günəşdən törəyib,
insan yaradıcılığıdır. Odur ki, inanan adamlar
üçün dini-ruhani kökü olmayan problem və ya hər
hansı məsələ yoxdur. Sadəcə, bundan xəbərdar
olanlar var, olmayanlar var. Miloşun şeirlərini oxuduqca bir yəqinim
qətiləşir; Miloş bundan xəbərdardı.
Amma qəribədir,
hər nə qədər əzəmətli, üslubca cəlbedici
görünsələr belə, Qərb klassiklərinin,
şairlərin ömürlərinin sonunda gəlib
çıxdığı qənaətlərlə Şərq
klassikləri hələ gənc ikən yola
cıxırdılar. Görünür, Hötenin Hafiz,
Mövlana, Nizami ilə bağlı söylədikləri də
oxşar hisslərdən doğmuşdu.
Və
görünür, Miloşun şeirlərini oxuyan Roma
Papası İohann Pavel şairin çoxlu suallarını və
cavablarını "dinləyib" "bir addım irəli,
iki addım geri" qənaətini də elə belə
söyləməmişdi.
***
Müasir
dünya ədəbiyyatında, şeirində, hətta deyək
ki, son 100-150 ildə yaranmış ədəbiyyatda
şairliklə bağlı, şairliyin xisləti və
şeirlə bağlı fundamental, xalis şeirlər
çox azdır. Fundamental, xalis deyəndə bu işin
dini-ruhani kökünü, bu işə dini-ruhani
baxışın necəliyini biləndən, hiss edəndən
sonra yazılan şeirləri nəzərdə tuturam. Var olan
şeirlərin çoxu ustalıqla yazılsa belə, nəğmədir,
böyük əhatə dairəsi olan gedonizmin içindədir,
başqa sözlə, yalnız "gözəl sözlər"dir.
***
Çeslav
Miloşun son yetkinlik dövr yaradıcılığına
aid olan və bu gün təqdim edilən şeirləri
dini-ruhani mətləblidir. Onların bir çoxu şərhə
ehtiyac olmadan oxuna bilər. Amma bir şeir - bizim klassik
şeirimizdə, bütövlükdə klassik Şərq poeziyasında
çox işlənmiş, çək-çevir edilmiş
bir mətləbi bölüşən "Poeziya sənəti"
(Ars poetica) üzərində dayanmağı tələb edir.
Nizaminin "şeirlərin ən yaxşısı
olanların ən yalanıdır", Füzulinin "aldanma
ki, şair sözü, əlbəttə, yalandır" deməsi
və bu kimi başqa misallar yadınızdadır. O da
yadınızdadır ki, həm Nizami, həm Füzuli (elə
digərləri də) bu düşüncələrində
ilahi, dini-ruhani mənbələrə, sonuncu mənbə kimi
qutsal "Qurani-Kərim"ə, əsasən "Şairlər"
surəsinə söykənirdilər. Və "Poeziya sənəti"
şeiri haqqında indi ilk demək istədiyim budur ki,
"Şairlər" surəsinin bir çox ayələrini
birəbir təsdiq edən bu böyük şeir XX əsrin
görkəmli şairinin, özü də Qərb
şairinin, qatı katolik düşüncəli şairin
öz böyük sələflərini və həmin
böyük mətləbi təsdiq etməkdən başqa bir
şey deyil. Əlbəttə, dili ilə, üslubu ilə
yeni və çağdaş insanın - bizim həmmüasirimiz
olan insanın danışıq və düşüncə tərzindədir
ki, ədəbiyyatın bir tərifi də "estetika və
formalar tarixi" olmasıdır.
***
7-8 il əvvəl
Miloşun "Poeziya sənəti" şeirini birinci dəfə
oxuyanda və tərcümə etmək qərarı verəndə
çaşmışdım. Necə ola bilərdi ki, katolik
xristian mənsubu bir şairin şeiri "Quran"ın bir
surəsi və ayələri ("Şüəra", 26/
221-227) ilə bu qədər üst-üstə
düşsün? Yaddaşımızı "Quran"la təzələyək:
221 - (Ey
müşriklər!) Şeytanların kimə nazil
olduqlarını sizə xəbər verimmi?
222 - Onlar
hər bir yalançıya, günahkara nazil olarlar.
223 -
(Şeytanlar mələklərdən oğrun-oğrun)
eşitdikləri (adda-budda) sözləri onlara təlqin edərlər
(Yaxud kahinlər şeytanların uydurmalarına qulaq asarlar).
Onların əksəriyyəti yalançıdır!
224 -
(Müşrik və kafir) şairlərə gəlincə,
onlara yalnız azğınlar uyar!
225 - Məgər
görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan
gəzib dolaşarlar? (Hər tərəfə meyil edir, birini
yalandan mədh, digərini isə əbəs yerə həcv
edirlər!).
226 - Və
onlar etmədikləri şeyləri deyirlər! (Onların
dediklərinin əksəriyyəti yalandır!).
227 - Ancaq
iman gətirib yaxşı işlər görən, Allahı
çox zikr edən və zülmə uğradıqdan sonra
intiqamını alanlardan başqa!
İndi
isə Miloşun bir azdan oxuyacağınız həmin
şeirinin bir neçə məqamına baxaq:
"Odur
ki, poeziyanı gözəgörünməzlərin
(ruhların) diktə etdiyini söyləyənlər doğru
deyir,
"və
yəqin, onlar mələkdir" deyə düşünməklə,
hərçənd ki, mübaliğə edirlər...".
"Ağıllı
adam da cinlərin meydanı olmağa razı olarmı;
özlərini
sənin içində evlərindəki kimi hiss edirlər...".
Və nəhayət,
şeirin sonu:
"Bütün
bu dediklərim, razıyam, şeir deyil,
Şeirlər
nadir hallarda və istənilmədən yazılır,
çox
böyük təzyiq altında və ümidlə ki,
bədxah
yox, xeyirxah ruhların ötürücüləri
olacaqlar...".
Sitat gətirdiyim
"Quran" ayələri və Miloş şeirinin
misralarına şərh vermək istəmirəm. Necə deyərlər,
"anlayanlar üçün burda bir ibrət vardır".
Amma bir sual çox maraqlıdır: sonuncu bəndin ilk
misrasında müəllif, görəsən, niyə
"bütün bu dediklərim, razıyam, şeir
deyil..." deyə yazır?! Yox, bu, qətiyyən təvazökarlıq
deyildi, Miloş tərəfindən öz
yazdığının şeir, lap dəqiqi isə poeziya
olmamasını söyləmək sadəlöhvlük
olardı; o, fikir dəryasının Challenger Deep dərinliyində
üzürdü... Bəlkə Çeslav Miloş öz
şeirinin bədxah qüvvələrin
ötürücülüyü ilə yazılan, bəh-bəh
və sürəkli alqışlarla qarşılanan əksər
şeirsəl mətnlərlə eyni sırada
dayanmasını istəmirdi və dayanmadığını
bilirdi?
Səlim Babullaoğlu
Ədəbiyyat qəzeti.- 2020.- 5
sentyabr.- S.8.