Akademik Kamal Abdullanın Dədə Qorqud
dünyası
və ya «Kitabi-Dədə Qorqud»un
öyrənilməsində yeni konsepsiya
Dilçi, yazıçı-dramaturq, türkoloq, mədəniyyətşünas,
akademik Kamal Abdulla. Bu titulların sayını bir az da
artırmaq olar. Mən bu böyük insanı,
tələbəlik illərinin əziz dostunu 50 ildən
artıqdır tanıyıram. Təfəkkürlü,
ötkəm, nəcib, həssas, xeyirxah, təşkilatçı,
elm, ədəbiyyat və mədəniyyət xadimi Kamal Abdulla
həmişə məşğul olduğu qlobal məsələlərlə,
aktual problemlərlə diqqəti çəkmişdir. Mən
"Ədəbiyyat qəzeti"nin daimi
oxucusuyam. Bu yaxınlarda qəzetdə onun
"Söz və onun mifoloji buxovları" məqaləsini
çox maraqla oxudum. Onu da deyim ki, bu məqalə
ustadın nəşrə hazırladığı "Dil və
mifologiya" əsərindən bir neçə fraqmenti əhatə
edir. Bu məqalə, orada qoyulan problemlər
məni elə tutdu ki, Azərbaycan dilçiliyinin
hazırkı dövrdə lideri, bayraqdarı, akademik Kamal
Abdullanın elmimizə verdiyi töhfələr haqqında
mülahizələrimi bildirməyə qərar verdim.
Bu məqalədə hörmətli akademik Azərbycan
dilçiiyinin son illərdəki problemlərini dilə gətirir. O haqlı olaraq yazır ki,
morfologiya və sintaksis, fonetika (fonologiya) və leksika istiqamətində
yeni üfüqlər nadir hallarda görünür. Bizi bu yazımızda dilimizin öyrənilməsinin
(dilçiliyimizin) mövcud vəziyyəti və
qarşısındakı üfüqlər
maraqlandırır, yeni tədqiqat istiqamətləri
düşündürür. Bu istiqamətlərdən
biri üfüqdə ilğım kimi sayrışır.
Dilimiz və mifologiya adlandıra biləcəyimiz bu istiqamət
iki böyük qolun birləşməsindən yarana bilər,
onun içindən cürbəcür, bir-birini tamamlayan (təkrar
etməyən!) mövzular çıxa bilər və nəhayət,
ən vacibi, bu birləşmə "hər bir dilçilik
sahəsinin öz reallıq və mifoloji qatı
vardır" ideyasından çıxış etsək,
dilçiliyin bütün sahələrinə nüfuz edə
bilər.
Həqiqətən də məsələyə bir qədər
geniş yanaşanda aydın olur ki, dil və mifologiyanın
bir-birilə əlaqəsi, bir-birini bəzən aşkar, bəzən
gizli şəkildə dəstəkləməsi, həm leksik,
həm fonetik, həm də qrammatik müstəvilərdə
özünü göstərir. Bu mənada ustadın
yeni ərsəyə gələn sanballı nəzəri tədqiqat
nümunəsi olan "Dil və mifologiya" adlı əsərinin
nəşrini səbrsizliklə gözləyirik. Çünki şübhə etmirəm ki, dil və
mifologiya problemi elmimiz, filologiyamız üçün yeni,
lazımlı və aktual tədqiqat sahəsi olacaqdır.
"Kitabi-Dədə Qorqud"dastanları, onun
poetikası akademikin elmi yaradıcılığında
xüsusi yer tutur. Bir filoloq kimi Kamal Abdulla Dədə Qorqud
dünyası ilə 1970-ci illərdən, tələbəlik
illərindən başlayaraq dərindən məşğul
olmağa başlayıb. Onu da deyim ki, Kamal
müəllim Bakı Dövlət Universitetini fərqlənmə
diplomu ilə bitirəndən sonra 1973-1976-cı illərdə
SSRİ Elmər Akademiyasının Moskvadakı Dilçilik
İnstitutunda əyani aspirant olmuş, "Sintaktik paralelizmlər"
mövzusunda həmyerlimiz prof. N.Hacıyevanın rəhbərlyi
altında namizədlik dissertasiyası yazmış, 1977-ci ildə
onu böyük uğurla müdafiə etmişdir.
1984-cü ildə isə "Azərbaycan dili sintaksisinin nəzəri
problemləri" mövzusunda doktorluq dissertasiyası
müdafiə etmişdir.Yeri gəlmişkən, o dövrdə
mən də tez-tez dissertasiya işim qədim türk
yazılı abidələrindən olduğuna görə
Moskvaya gedir, Dilçilik İnstitutunda olur, alimlərlə
görüşür, indiki Rusiya Milli Ktabxanasında işləyirdim.
O vaxtlar K. Abdulla ilə tələbə yoldaşı, dost
kimi Moskvada tez-tez rastlaşar, ünsiyyət saxlayardıq. Kamal müəllim haqqında tanınmış
türkolqların dilindən eşitdiyim yüksək fikirlər
məni çox sevindirirdi. Heç
yadımdan çıxmaz, onlar bizim Kamal müəllimə
perspektivli gənc və istedadlı türkoloq kimi
böyük ümid bəsləyirdilər.Hətta
aspiranturanı bitirəndə ona Moskvada qalıb işləməyi
təklif etmişdilər. Ancaq o qəbul
etməmişdi, çünki Kamal müəllim öz
xalqına, milli elmimizə xidmət göstərmək istəyirdi.
"Türkologiya" jurnalının II nömrəsində(2020)
Moskva türkologiya mühiti haqqında K.Abdullanın 45 illik
bir aradan sonra dilə gətirdiyi mülahizə və
düşüncələr də dediklərimi bir daha təsdiq
edir.Türkiyə Cümhuriyyətinin elmi ictimaiyyəti də
K.Abdullanı yaxşı tanıyır, sevir və əsərlərini
tez-tez nəşr edir. Müəllifin "Gizli Dədə Qorqud"
monoqrafiyası, eləcə də "Yarımçıq əlyazma"
romanı bir neçə dəfə İstanbulda nəşr
olunmuş və qısa müddətdə satılıb
qurtarmışdır.O, 1994-1995-ci tədris ilində Bursa
Uludağ Universitetində dəvətli müsafir öyrətim
üyəsi olaraq işləmiş, neçə-neçə
kadr hazırlamışdır. O, mərkəzi Ankarada yerləşən
Türk Dil Qurumunun fəxri üzvü seçilmişdir. Ankara və İstanbulda birgə iştirak etdiyimiz
beynəlxalq konfranslarda türk həmkarlarımızın
Kamal müəllimə göstərdiyi diqqət və ehtiram
onun türk dünyasında yüksək səviyyədə tanındığını
və sevildiyini açıq şəkildə göstərir.
Türkiyə ilə müştərək Dədə
Qorqud kollokviumlarının fəal
iştirakçılarından biri də Kamal Abdulladır.
Professor Mehman Musaoğlunun 2010-cu ildə Ankarada nəşr
olunmuş "Kamal Abdullanın eserleri Türkiye
Türkçesinde" kitabında tanınmış
yazıçı və elm xadiminin əsərlərinin
Türkiyədə geniş yayılmasının səbəbləri
əsaslı şəkildə açılıb göstərilmişdir.
Akademik
K.Abdulla maraq dairəsinə görə Bəkir Çobanzadə,
Əhməd Cəfəroğlu,Tofiq Hacıyev kimi sələflərinin
layiqli davamçısıdır, yəni həm dilçi, həm
ədəbiyyatçıdır, başqa sözlə, mükəmməl
filoloqdur. Müşahidələr göstərir
ki, elm aləmimizdə həmişə böyük potensial
sahibi olan dilçilər məhsuldar ədəbiyyatşünas
kimi də geniş fəaliyyət göstərmişlər.
Akademik K.Abdulla da belə böyük potensiala
malik olan elm xadimlərimizdəndir. O, ilk dəfə Azərbaycan
dili sintaksisinin nəzəri problemlərini elmin son nailiyyətləri
səviyyəsində öyrənmiş, tədqiq etmiş, ənənəvi
sintaksis və aktual sintaksis məsələlərini
qarşılıqlı şəkildə
araşdırmış, bu mövzuda bir neçə
sanballı monoqrafiya yazıb nəşr
etdirmişdir."Oğuz dillərinin müqayisəli
qrammatikası" dərsliyində sintaksis bölməsinin
böyük bir hissəsi - cümlə bəhsi də bu
böyük alimin qələmindən çıxmışdır("Oğuz
qrupu türk dillərinin müqayisəli qrammatikası",Bakı,Mütərcim,2006).
Yuxarıda qeyd etdiyimiz kimi, Kamal Abdullanın elmi
yaradıcılığında Dədə Qorqud problemi
xüsusi yer tutur. Məlumdur ki, XX əsrin əvvəllərindən
indiyədək bu mövzuda onlarla, bəlkə yüzlərlə
əsər yazılmış, bu mövzu geniş şəkildə
tədqiq edilmişdir. Mənəvi
yaddaş abidəsi olan Dastanın şifahi ədəbiyyat
nümunəsi kimi folklor özəllikləri, inanclar sistemi,
dili, etnoqrafiyası, tarixi həm bizdə, həm də beynəlxalq
aləmdə dərindən
araşdırılmışdır. Biz
dastana elə öyrəşmişik ki, elə bilirik ki, orada
tədqiq olunmamış məsələ
qalmamışdır. Amma alim israrla bizi inadırdı
ki, sən demə dastanda tədqiqatçısını
gözləyən nə qədər problemlər var. Bunlardan
biri dastandakı antik dövrə aid, mifik dövrə,
yazıya qədərki dövrə aid olan gizli qatlardır. Kamal müəllimin elə bu problemə aid artıq
bir neçə sanballı elmi əsəri nəşr
olunmuşdur.
Onu da qeyd edək ki, o əvvəlcə dastanın dilindəki
Sintaktik paralelizmi tədqiq etmişdir. Keçən əsrin 70-ci illərində
türkoloji dilçilikdə ənənəvi sintaksis,formal
sintaksis elmi yeni tələblərə tam cavab vermirdi.Ona
görə də Qərb dilçiliyindən mətn
dilçiliyi, aktual sintaksis, aktual üzvlənmə, mürəkkəb
sintaktik bütövlər,funksional qrammatika kimi yeni
anlayışlar, yeni nəzəriyyə və cərəyanlar
dilçiliyimizə daxil olurdu.Bu yeni konsepsiyalar K.Abdullanı
da cəlb etdi,ona görə də müəyyən çətinlikləri
olsa da çəkinmədən "Kitabi-Dədə
Qorqud" dastanlarında sintaktik paralelizmlər"
mövzusunda namizədlik dissertasiyası yazdı. Çox sanballı da bir tədqiqat işi oldu.
Kamal müəllimin bu tədqiqat işi
türkologiyada "Kitabi-Dədə Qorqud"
dastanlarının sintaksisinə tamamilə yeni yanaşma oldu.
Sintaktik paralelizm nədir? Tədqiqatçının
özünün də göstərdiyi kimi, Sintaktik paralelizm ədəbi-bədii
vasitədir.Bu vasitə nəinki türkdilli epik abidələrdə,
hətta digər dil sisteminə daxl olan dünya
xalqlarının da şifahi yaradıcılıqlarına xas
olan ədəbi bir üsul kimi diqqəti cəlb edir. Bütün məqamlarda sintaktik
paralelizmin ən ilkin bədii vəzifəsi bədii ədəbiyyatın
aparıcı,əsas sütunlarından
biri olan qafiyəni, daha sonra vəzni yaratmaqdan ibarətdir. Mətni
təşkil edən cümlələr özləri bir-birilə
sıx qrammatik və məzmun baxımından əlaqəli
olmalıdır.Paralel cümlə quruluşları mətnin əsasını
təşkil edir.Dastanda sintaktik quruluşu ya tamamilə,ya qismən eyni olan cümlələr bir-birilə
birləşib cümlələr birliyi,mürəkkəb
sintaktik bütöv kimi üslubi bir vahid yaradır.Mürəkkəb
sintaktik bütövlər daha çox cümləni öz sərhədləri
daxilində birləşdirib bir-birinə paralelliyini təmin
edə bilirlər. O çox doğru olaraq qeyd edir ki,
quruluşuna görə bu sintaktik bütövlər prinsip
etibarilə sintaktik paralellik əsasında
formalaşmışdır. Müəllif
dastandakı sintaktik paralelizmin pilləli paralelizm və tərsinə
paralelizm növlərini də tədqiq etmişdir. Bu məsələlərin müəllif tərəfindən
izahının özü də dastanın gizli
qatlarını, mif və yazı əlaqələrini
araşdırmaq baxımından böyük elmi əhəmiyyətə
malikdir.
Onu da qeyd etmək lazımdır ki, ulu öndərin sərəncamı
ilə "Kitabi-Dədə Qorqud" dastanlarının 1300
illiyi böyük təntənələrlə qeyd olunan
2000-ci ildə Bakıda ilk dəfə ikicildlik "Kitabi-Dədə
Qorqud" ensiklopediyası nəşr edildi. Həmin ensiklopediyanın əsas
müəlliflərindən biri də Kamal Abdulla idi ki, o, bu
möhtəşəm nəşrə 18 məqalə
yazmışdı və onlardan biri də "Sintaktik
paralelizm" məqaləsi idi. Təsadüfi deyildir ki, elə
həmin dövrdə ulu öndərin sərəncamı ilə
Kamal Abdulla "Kitabi-Dədə Qorqud" dastanlarının
tədqiqində böyük xidmətlərinə görə
"Əməkdar elm xadimi" fəxri adına layiq
görülmüşdür.
Elm sahəsində alimin "Dədə Qorqud" sirlərinə
daha dərindən baş vurması, burada yeni konsepsiya
axtarışları, yeni nəzəri baza yaratmaq təşəbbüsü
keçən əsrin 80-ci illərin sonu 90-cı illərin əvvəllərindən
başlayır. Bu sahədə müdrik alimin ilk tədqiqat əsəri
"Gizli Dədə Qorqud"(Bakı,Yazıçı,1991,152
s.) monoqrafiyasıdır. Bundan sonra "Sirr içində
dastan və ya gizli Dədə Qorqud-2" (Bakı,1999,Nurlan) monoqrafiyası yarandı. On il sonra
bu seriyadan işıq üzü görən
üçüncü əsər "Mifdən yazıya və
ya gizli Dədə Qorqud-3"(Bakı, Nurlan,2009)
monoqrafiyasıdır. Sonuncu kitab 3 hissədən ibarətdir:I hissə "Sirlər içində
dastan", II hissə "Anavariantlara doğru", III hissə
"Mətnin semantik boşluqları" adlanır.
Üçüncü kitabda "Kitabi-Dədə Qorqud"un
gizli qatları daha geniş miqyasda, həm də klassik ədəbiyyatla
müqayisəli aspektdə araşdırılmış,
dastanın mif və yazı dövrü, yunan mifoloji
obrazları ilə qarşılaşdırılmış,
"Kitabi-Dədə Qorqud"un tədqiqi konsepsiyası,
metodologiyası, onun nəzəri əsaslarının
bazası yaradılmışdır. Bu kitabda ən
mühüm cəhətlərdən biri ondan ibarətdir ki,
müəllif çox doğru olaraq Kitabi-Dədə
Qorqud" dastanlarının üç zaman qatını
müəyyən edir.1.Yunan mifləri ilə eyni bir zaman kəsiyinə
aparan antik qat.2.Dastanın ilk cümləsinin
apardığı VII əsr.3.Dastanın yazıya
alındığı XVI əsr.
"Kitabi-Dədə Qorqud" XVI əsr
üçün tarixi romandır.Cismi ilə XVI əsrdədir,
ruhu ilə daha qədim dövrlərdə. Bu cümlələr
də K.Abdullaya məxsusdur.
Alimin
2017-ci ildə işıq üzü görən "Dədə
Qorqud poetikasına giriş" monoqrafiyası bu sahədə
müəllifin yeni araşdırmalarını əhatə
edir.İki mühüm bölmədən ibarət olan
monoqrafiyanın I hissəsi "Mifoloji dansöküləndə
poetik enerji axtarışları" , II
hissə isə "Xüsusi qurmalar ibtidai bədiilik vasitələri
kimi" adlanır.
Milli yaddaşımızı bərpa etmək istiqamətində
bu əsərin böyük ədəbi-elmi əhəmiyyəti
vardır. Gizli Dədə Qorqudun ana xətti miflə
yazının münasibətləridir.
"Dədə
Qorqud" poetikasına giriş" monoqrafiyasında müəllifin
aşağıdakı nəticələri də mif və
yazı məsələsində maraqlı qənaətlər
kimi diqqəti cəlb edir: " Biz ədəbiyyatda
mif dövrünü və yazı dövrünü bir-birindən
ayırmaq üçün çox qədim qatlara, təkcə
ədəbi əsər yox, ədəbi təsəvvür
qatlarına enmək məcburiyyətindəyik. Bu
təsəvvür laylarının və mənəvi dərinliklərin
isə xoşbəxtlikdən bir vahid məkanı mənəvi
"Kitabi-Dədə Qorqud"dur. Müxtəlif ədəbiyyat
növləri: həm mif dövrünə aid özəlliklər,
həm də yazı dövrünə aid xüsusiyyətlər
bir mətnin quruluşunda, bir mətnin semantikasında və
daxili ruhunda bir-birinin yanındadır... Mifoloji təfəkkürün
məhsulu harmonik şəkildə yazı mədəniyyətinin
içinə yeridilir. Bu, o elementin
günümüzə qədər gəlib
çıxmasını təmin edir".
Akademik
K.Abdulladan daha bir önəmli sitat: "KDQ mətni qədimlik
baxımından yekrəng deyildir. Onun quruluşunda həm
ilkin, ibtidai, bizə tanış olmayan
imkanlar, həm də bununla yanaşı, daha müasir,
artıq ədəbi-bədii şüurumuza tanış olan
klassik poetik nümunələr özünü göstərir.
Bununla ayrı-ayrı boylarda, eləcə də
boy daxilində müxtəlif kəsiklərdə
qarşılaşa bilirik. .....Bütün dövrlər
"Kitabi-Dədə Qorqud" mətninə öz
damğasını vurmuşdur. Hər dövrün
əlamətləri içində bədiiliyin öz payı
və öz siması var, amma bu özünü xüsusi
keyfiyyətdə göstərir".
Dədə
Qorqud, mif və yazı mövzusundakı elmi əsərlərində
Kamal müəllimin dəsti xətti, özünəməxsus
bulaq suyu kimi duru, təmiz,çağlayan, axıcı təhkiyə
üslubu da diqqəti cəlb edir. Bəlkə də
bu üslub elə dastanın ruhundan qaynaqlanır.
Çünki Dədə Qorqud mətninin zəngin gizli sirli
aləmi alimi sehrləmişdir.Özünün dediyi kimi, bu
dastanın poetik mətnində öyrənilməli,
araşdırılmalı çox mətləblər var. Dədə
Qorqud poetikası ustadı necə cəzb etmişdirsə, bu
problem üzərində tədqiqatları bu gün də
davam etdirir. Uzun illərdir üzərində
işlədiyi "Dil və mifologiya" monoqrafiyası da bu
problemin uğurlu davamı kimi diqqəti çəkməkdədir.
Kamal
müəllim obrazlı desək, elmimizin, ədəbiyyat və
mədəniyyətimizin Dədə Qorqududur.Belə ki, o, bədii
ədəbiyyat sahəsində də doğma mövzunun
sehrindən çıxa bilməmiş,
"Yarımçıq əlyazma" bədii əsəri
ilə bu möhtəşəm dastanı
romanlaşdırmış və bu əsər dünyanın
bir çox dilinə tərcümə olunub nəşr
edilmişdir.
K.Abdulla
elm adamı kimi AMEA Nəsimi adına Dilçilik
İnstitutunda "Türk dillərinin tədqiqi"
şöbəsində fəaliyyətə başlamış(1977-1984),
bir neçə il bu şöbənin rəhbəri
olmuşdur. Bu dövrdə gənc alim
şöbənin beynəlxalq əlaqələrinin genişlənməsinə,
kadr hazırlığı işinə xüsusi fikir
vermişdir. Kamal müəllimin alicənab,xeyirxah bir insan olduğunu heç unuda bilmərəm.
Mən namizədlik dissertasiyamı o zamankı pedaqoji institutda(indiki ADPU) keçən əsrin 70-ci
illərində professor Ə.Dəmirçizadənin rəhbərliyi
altında hazırlamışdım. Yadımdadır ki,
Türk dilləri indeksi üzrə Dissertasiya şurası isə
ancaq Nəsimi adına Dilçilik
İnstututunda fəaliyyət göstərirdi.Ə.Dəmirçizadə
ilə şuranın sədri, institutun direktoru mərhum
akademik M.Şirəliyevin arası sərin idi.Mənim
dissertasiya işimi bəlkə də buna görə müxtəlif
bəhanələrlə yaxına qoymurdu. Bizim
Kamal müəllimin yaxından köməyi ilə dissertasiya
işim akademiyanın Dissertasiya şurasına qəbul edildi və
işin müzakirəsində də özü
çıxış edib dissertasiya işini yüksək qiymətləndirdi.
K.Abdulla dilçilik sahəsində təşkilatçılığı
ilə tanınan elm adamıdır.Bu barədə bir-iki
nümunə ilə kifayətlənmək istəyirəm. Bilirik ki, o,
2011-2014-ci illərdə AMEA-nın ictimai və humanitar elmlər
bölməsinin akademik-katibi işləmişdir. Məlumdur
ki,ölkə prezidenti 2012-ci il may ayının 23-də dil
problemlərinin həlli,eləcə dövlətçiliyimizin
rəmzlərindən olan Ana dilinin istifadəsinə və tədqiqinə
dövlət qayğısının artırılması,
ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin
əsaslı surətdə yaxşılaşdırılması
məqsədilə "Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət proqramı"nın hazırlanması
haqqında sərəncam imzalamışdır. Dövlət
Proqramının layihəsini hazırlamaq üçün
AMEA Rəyasət Heyətinin 1 iyun 2012-ci il
tarixli sərəncamı ilə mənim də üzvü
olduğum işçi qrupu yaradılmışdı. Həmin işçi qrupunun rəhbəri də
bölmənin akademik- katibi kimi Kamal Abdulla təyin
olunmuşdu. Mən həmin prosesdə
K.Abdullanın necə təşkilatçı, təşəbbüskar
və işgüzar bir elm adamı olduğunun bir daha
şahidi oldum. İşçi qrupu Dövlət
proqramının layihəsini hazırlamaq üçün 1
ilə yaxın müntəzəm şəkildə iş
apardı. Etiraf edim ki, işçi qrupunun
geniş bir tərkibi olsa da işin çox hissəsini Kamal
müəllim özü görürdü. Nəhayət,
bu Dövlət Proqramı ölkə Prezidenti tərəfindən
9 aprel 2013-cü il tarixdə təsdiq
edildi və bu gün həmin proqramın maddələri
uğurla həyata həyata keçirilir.
Akademik
Kamal Abdulla mənim də redaksiya şurasına üzv
olduğum"Türkologiya" jurnalının baş redaktoru
təyin olunduqdan sonra(2016) həmin nəşrin
əvvəlki,ulu öndər Heydər Əliyevin birinci
hakimiyyəti dövründəki şöhrəti
özünə qayıtmışdır. Onun baş
redaktorluğu dövründə impafaktorlu jurnal statusu
almış bu beynəlxalq jurnal türk dünyasına şərəflə
xidmət göstərir,dünya
miqyasında yayılır və oxunur. Yeri gəlmişkən
onu da deyim ki, mən keçən il
Şimali Makedoniya Respublikasındakı Beynəlxalq"Vizion"
universitetinə nühazirə oxumağa dəvət
olunmuşdum. Universitetin professoru Atilla
Jormanın "Türkologiya"jurnalının bu ölkə
filoloqları tərəfindən maraqla oxunduğundan bəhs
etməsi məni çox qürurlandırdı.
Bir epizodu da yada salmaq istəyirəm. Akademik Kamal
Abdulla 2000-2014-cü illərdə Slavyan Universitetinin rektoru
olmuş, hazırda isə Dillər Universitetinin rektorudur.
Kamal müəllim hələ Slavyan universtetinə
rektorluq fəaliyyətinə başlayanda "Mütərcim"
nəşriyyatını təşkil etdi, bu nəşriyyat
müntəzəm çap işi ilə məşğul
olur. Bu nəşriyyatın türkologiya seriyası
üzrə redaksiya şurasına məni də daxil etdi.Bundan
əlavə, Kamal müəllimin sədrliyi ilə keçən
il türkologiya üzrə koordinasiya
şurası yaradılmış, onun təşəbbüsü
ilə mən də o şuranın üzvü təyin
edilmişəm. Akademik Kamal Abdulla çox diqqətli
və həssas insandır.
Dədə Qorqudun gizli sirlərini aşkar edən, onun
araşdırılmasında yeni konsepsiya meydana gətirən
görkəmli elm xadimi, müdrik Kamal Abdullaya elə Dədə
Qorqud ömrü arzulayıram. 70 yaşın mübarək, sevimli
möhtərəm ustad!
Əbülfəz QULİYEV
Ədəbiyyat qəzeti.- 2020.- 29
avqust.- S.10-11.