Akademik Kamal Abdullanın “Dədə Qorqud
poetikasına
giriş” kitabı Türkiyədə çap olunub
Xalq
yazıçısı, akademik Kamal Abdullanın “Dədə
Qorqud poetikasına giriş. Dansökülən variant”
kitabı Türkiyədə çap olunub.
Məşhur
“Ötüken” nəşriyyatında işıq üzü
görən kitabın tərcüməçisi və “Ön
söz”ün müəllifi Əli Duymazdır. Nəşriyyat
kitabla bağlı yazdığı annotasiyada qeyd edib ki, Azərbaycanda
və beynəlxalq aləmdə çox sayda mükafatlara
layiq görülən Kamal Abdullanın “Gizli Dədə
Qorqud”, “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”,
“Unutmağa kimsə yox” kitabları bir çox ölkələrdə,
o cümlədən Türkiyədə işıq üzü
görüb.
Əli
Duymaz isə yeni nəşri son dövrlərdə Azərbaycanda
Dədə Qorqud araşdırmalarının ən ciddi
müəllifi sayılan Kamal Abdullanın “Gizli Dədə
Qorqud” seriyasından çap olunan “Gizli Dədə Qorqud”,
“Sirr içində dastan və yaxud “Gizli Dədə Qorqud”,
“Mifdən yazıya və ya Gizli Dədə Qorqud” kimi əsərlərinin
davamı olmaqla yanaşı, tamamilə orijinal
yaradıcılıq nümunəsi kimi xarakterizə edir:
“Əsərin Azərbaycanda 2017-ci ildə çap olunan
adı “Kitabi-Dədə Qorqud poetikasına giriş.
Dansökülən variantı”dır. Yazıçı
bundan əvvəl nəşr olunmuş kitablarından iki hissəni
də bu əsərin axırına əlavə etmək
ehtiyacı duyub. Əsərdə qədim mətnlər
kontekstində Dədə Qorquda yeni yanaşmalar var və bu
yanaşmalar “poetika” anlayışı çərçivəsində
bütövlük qazanır. Əsərdə qədim bir mətn
kimi “Dədə Qorqud kitabı” anaxronik mətn, estetik
poetiklik, ilkin mif, mif dövrü, ibtidai sənətlərin və
qədim mətnin formalaşması, birbaşa və məcazi
məna sahələri kimi yeni termin və
anlayışların orbitində qiymətləndirilir. “Dədə
Qorqud kitabı” mifdən yazıya doğru müxtəlif
tarixi və kulturoloji dövrlərin izlərini öz
canında daşıyan və buna görə də anaxronik mətn
kimi saf-çürük edilməkdədir. Kamal Abdulla bu tarixi
dövrləri mərhələlər kimi götürərək
onları kulturoloji və estetik keyfiyyətlərinə görə
təhlil edir.
Kamal
Abdullanın ən böyük zəhməti və əməyi
“Kitabi-Dədə Qorqud”u universal səviyyədəki dünya
dastanlarının arasına qatmaq, beynəlxalq miqyasda
tanıtmaq və qəbul etdirmək cəhdidir. Bu kontekstdə
semantika, semiotika, fəlsəfə kimi sahələrin
metodlarına da tez-tez müraciət etməkdə, dünya ədəbiyyatının
monumental əsərləri ilə Dədə Qorqudu müqayisə
etməkdədir”, – deyə tərcüməçi kitaba
yazdığı ön sözdə qeyd edir.
Əsərdə
qədim mətnlərin poetik qatı ilə bağlı
orijinal və yeni yanaşma təqdim edilir. Kitab müqəddimə,
iki ayrıca hissə, ümumi nəticə, son söz və əlavələrdən
ibarətdir.
Kamal
Abdullanın bu fundamental tədqiqatı müasir
türkologiyada dil abidələrinin müxtəlif rakurslardan
öyrənilməsi işinə böyük töhfə
olmaqla yanaşı, həm də türkologiyanın sərhədlərinin
genişlənməsi üçün qiymətli mənbədir.
Ədəbiyyat qəzeti.- 2020.- 5
sentyabr.- S.11.