Hörmətli redaktor,
İraqda məskən salan, sayı üç milyonu
keçən, "bilmirəm haralıyam, torpağım,
daşım qərib" - deyən, Azərbaycan dilinin qərib
dialektini yaşadan soydaşlarımızla ədəbi-mədəni
əlaqələrimiz onilliklər boyu sistemli şəkildə
davam edir. Bu əlaqələrin səmərəli olmasında
iraqlı soydaşlarımızın əməyi
böyükdür. Bu müqəddəs
işdə kərküklü yazar və ictimai xadim
Ərşad Hürmüzlünün də payı vardır.
Bu günlərdə Ərşad bəydən
bağlama aldım. Bağlamada
Ərşad bəyin imtiyaz sahibi olduğu
"Qardaşlıq" dərgisinin iki yeni sayı və onun
"Mavi urbalılar" romanı (Ankara, 2020), "İraq
türkmanlarının dünyagörüşü"
(İstanbul, 2019), Hulusinin "Kərkükdən
Çanaqqalaya" (İstanbul, 2020) və Ərşad bəyin
sanballı ön sözlə çapa
hazırladığı qəhrəmancasına şəhid
olmuş Ata Xeyrullanın "Bizim gənc" (Ankara, 2020)
kitabları vardır.
Maraqlıdır
ki, Kərkükün Qala məhəlləsində məskunlaşan
Hürmüzlülər nəsli xristian olmuş, lakin nəsillikcə
müsəlmanlığı qəbul etmiş, hər vaxt kərküklülərin
yanında olmuş, İraq türkman ədəbiyyatı, ləhcəsi
və tarixinə dair sanballı əsərlər
yazmış, İraq-Türkman mədəniyyətinə xidmətlər
göstərmişlər. Təkcə onu demək
kifayətdir ki, Ərşad bəyin qardaşı Həbib
Hürmüzlü "Kərkük ləhcəsi
sözlüyü"nü yazan qələm sahibidir (2003).
Məlumdur ki, lüğət yazmaq iynə ilə gor
qazmaq kimi ağır bir işdir. Buna sinə gərən
Həbib bəy həmin sözlüyünü təkmilləşdirərək
ikinci nəşrini buraxmaqla (2013) möhtəşəm bir
işə imza atmışdır.
Ərşad bəy görkəmli ictimai xadimdir. Bir müddət
Şərq ölkələri üzrə Türkiyə
prezidentinin baş müşaviri kimi çox məsul bir vəzifəni
şərəflə yerinə yetirmişdir.
2007-ci ildə Səudiyyə Ərəbistanında Azərbaycan
mədəniyyəti günləri keçirilərkən səfirimiz,
görkəmli dilçi alimimiz Əlövsət Abdullayevin
oğlu Tofiq Abdullayev ziyalılar və yazıçılarla
görüşümü təşkil etmişdi. Yazıçı
İlqar Fəhmi də mənimlə birgə idi. Taledən gələn qismətdir ki, Ərşad
Hürmüzlü də orada idi. Məni səudiyyəli
ziyalı və alimlərə o, təqdim etdi,
görüşün canlı və səmərəli
keçməsində əməyi oldu.
Ərşad bəy dəfələrlə, hətta
Türkiyə prezidentinin başçılıq etdiyi
nümayəndə heyəti tərkibində Azərbaycanda
olmuşdur. Lakin ilk səfər heç vaxt unudulmur.
Ərşad bəyin seçilmiş məqalələrini
içinə alan "İraq
türkmanlarının dünyagörüşü"
(İstanbul, 2019, 270 səh.) kitabında yazarın Azərbaycana
ilk səfəri barədə "Azərbaycan ilə
qucaqlaşmaq" məqaləsi də yer alır. Oxucuların marağına səbəb
olacağına əmin olduğumdan cüzi qısaltmalarla onun
çapını məsləhət görürəm.
Hörmətlə, Qəzənfər
PAŞAYEV
Ədəbiyyat qəzeti.- 2020.- 5 sentyabr.- S.12.