Şahı uyudan, bizi
oyadan nağıllar
"Min bir gecə"
nağılları haqqında
Ömrün gecəsi
Gündüzlər insanlara daha çox öz taleləri
maraqlı olur.
Ona görə də bəşər
övladı gündüzlər durmadan çalışır,
ailəsi və özü üçün nələrsə
edir, bir sözlə, fəaliyyətdə olur. Gecələr isə bəşər övladı
gündüzlər elədiklərini düşünür, əməllərini
haqq-hesab edir. Bu haqq-hesab zamanı insan
başqalarına qarşı hansı dərəcədə
haqlı olduğunu, ətrafındakılarla rəftarını,
gün ərzində kimlərin haqqına girdiyini, yaxud
bütün sadalananların əksini düşünür.
Sanki gecə bizə, özümüzlə bərabər
başqalarını düşünmək üçün
verilən əlavə fürsətdir. "Min
bir gecə" nağıllarında da belədir. Şah gündüz dövləti idarə edir,
hakimiyyətini daha uçulmaz dayaqlara söykəmək
üçün çalışır, gecələrsə
nağıllara - başqalarının həyatına qulaq
asır, onlar haqqında düşünür. "Min bir gecə" nağıllarındakı
gecələr, min bir (sonsuz) insan taleyini simvolizə etməklə
yanaşı, həm də başqalarının taleyinə
ayrılan zamanların mahiyyətini açır.
Sən tək deyilsən
"Min bir gecə"də Şəhrizad qəsdən
şahın başına gələn hadisəyə -
qadın xəyanətinə aid nağılları
danışır. Şah xəyanətlə üzləşən
qəhrəmanların hekayətlərini dinlədikcə
şüuraltı olaraq təskinlik tapır. "Oxşar dərdlər" hər kəs
üçün daim maraqlıdır.
"Min
bir gecə"nin bəzi
nağıllarında sirli aləmlərdə də
günahlar törənir, hətta cinin sandıqda
saxladığı arvadı belə onu aldadır. Şəhrizad bu nağılları danışmaqla
şaha anlatmaq istəyir ki, nəinki hamıya məlum
dünya, hətta sirli aləmlər də günah içindədir,
fövqəl güclər belə əlacsız qalıb.
Şəhrizad şahın başına gələn xəyanət
motivini nağıllar boyunca qəsdən xatırladır ki,
oxşar bəlalara maraqlı olan şahı "sən tək
deyilsən" hiyləsi ilə nağıllarının əsirinə
çevirsin.
Əsas məsələ
"Min bir gecə" nağıllarının mahiyyətində
həm də yazıçı-oxucu münasibətləri
dayanır. Çoxları düşünür ki, Şəhrizad
yaxşı nağıllar danışmasaydı şah onu
öldürəcəkdi, ona görə gözəl
nağıllar danışır. Məncə, məsələ
başqadır: Şəhrizad nağılların çoxunu
uydurur, yəni düzüb-qoşur, yaradır, deməli, o, həm
də müəllifdir. Şah isə qulaq
asır, deməli, dinləyici, yəni "oxucudur". Yazıçı (Şəhrizad) yaşamaq istəyirsə,
deməli, maraqlı danışmalıdır
(yazmalıdır), əks təqdirdə, oxucu (şah) onu
öldürür (oxumur, onun nağılını dinləmir).
Əsirlik dövrü
"Min
bir gecə" nağıllarında qəribə bir məqam
var: Birinci nağıl nəql olunana qədər Şəhrizad
şahın əsiridir, ilk nağıl danışılandan
sonra isə Şəhriyar şah artıq Şəhrizadın
əsirinə çevrilir. Ancaq Şəhrizad əsir
olduğunu bilir, Şah isə yox...
Öyrəndiklərimiz nə
işə yarayır?
"Min bir gecə"də Şəhriyar şah hər
gün bir qızla gecələyib, səhərsə onu
öldürür. Amma Şəhrizadın
nağıllarına qulaq asır deyə, ona möhlət
verir, qıymır. Şəhrizad kəniz
olana qədər çoxlu kitablar oxuyub, hökmdarların həyat
hekayələrini mütaliə edib, bir sözlə,
özünü elmlə zənginləşdirib. Amma onun bildiklərini cəmiyyətə
çatdırmağa heç bir imkanı yoxdur. Onda onun öyrəndikləri nə işə
yarayır? Şəhrizad
nağıllarını danışmaqla həm də öyrəndiklərini
başqalarına çatdırır. Nəticədə
öyrəndiyimiz heç nə itmir. Biz nəyisə
öyrənəndə həyat bizə onu reallaşdırmaq
imkanını da yaradır. Yəni nə
qədər çox oxuyuruqsa, öyrəniriksə, əxz
etdiklərimiz, bildiklərimiz bizə o qədər çox əlavə
qapılar açır, özünü reallaşdırmaq
imkanları yaradır.
Şərtilik prinsipi
"Min bir gecə nağılları" janr etibarilə
ancaq nağıllardan ibarət deyil. Bu kitabda hekayələr,
hekayətlər, əhvalatlar, pritçalar, novellalar, irihəcmli
nəsr əsərindən parçalar və s. var. Ancaq
onların hamısı "nağıllar" adlanır.
Bunun səbəbi nədir? Çünki
bütün digər janrlarda nəql olunan əsərlər
nağıl təhkiyəsi ilə oxucuya
çatdırılır. Bununla da əsərlərin
şifahi təfəkkürə əsaslandığı
qabardılır. Əsər təhkiyənin
prinsipini əsas götürərək "nağıl"
adlandırılıb. Janrların şərtiliyini
göstərmək baxımından bu metodun xüsusi əhəmiyyəti
var.
Möcüzə ümidi
"Min
bir gecə" nağıllarının əksərində qəribə
bir kədər var: Deməli, bu əsərdə bəlaların,
haqsızlıqların çoxu real hadisələr, qərarlar
vasitəsilə baş verir, xilaslar, ədalətin öz
yerini alması isə möcüzə nəticəsində
baş tutur. Sanki şər real gücü təmsil edir, xeyir
isə möcüzə ümidinə qalıb...
Hazırlıq məntiqi
"Min bir gecə" nağıllarında günahkar
insanların söz vasitəsilə xilasına həsr edilən
çoxlu əhvalatlar var. Məsələn, günahkar insan
divdən xahiş edir ki, gəl sənə bir hekayət
danışım, maraqlı olsa məni
bağışlayarsan. Əksərən də günahkarlar
hansısa əhvalatın "köməkliyi" ilə xilas
olurlar. Şəhrizad bununla şaha
işarə edir ki, əgər divlər, qorxunc məxluqlar belə
günahkar insanı sözə görə
bağışlayırsa, deməli, insan da insanı
bağışlamalıdır. "Min bir
gecə" nağıllarının əksərində
çətinə düşmüş insanı bilgisi,
söz xilas edir. Beləcə, Şəhrizad
öz bilgiləri, savadı ilə öz gələcək
xilasını şahın şüuraltısına yerləşdirir.
Bəsit ruhların gücü
"Min
bir gecə" nağıllarında fövqəlgüclərə,
bacarıqlara qəribə münasibət var. Məsələn,
nağıllarda qız oğlanı qoyuna, yaxud kişi
qadını inəyə çevirir, yaxud əksinə. Yəni Allah tərəfindən verilən vergi, yaxud
hansısa qeyri-adi qüvvələr tərəfindən bəxş
edilən güc məişət səviyyəsində
intriqalar, öclər, amansızlıqlar üçün
istifadə edilir, şəxsi ədavət
"silahına" çevrilir. Və bu
tipli nağıllar çox adi sonluqla bitir, məsələn,
sonda inəyə çevrilmiş oğlan təzədən
öz ilkinliyinə qayıdır. Bəs
bu tipli nağılların mahiyyəti nədən ibarətdir?
Bu nağılların mahiyyəti ondan ibarətdir
ki, insanın ruhi varlığı primitiv,
dünyagörüşü məhdud olanda, nəhayətsiz
dünyaya açar deşiyindən baxanda o, ona verilmiş
üstünlükləri, gücü bəsit şeylərə,
adi həyat şərtlərinə sərf edir. Yəni insanın nəinki öz qazandığı
qüdrət, hətta Allahın ona verdiyi üstünlüklər,
qeyri-adiliklər də cılız niyyətlər, şəxsi
mənafe üçün istifadə edildikdə çox mənasız,
gərəksiz olur.
Taleyimizi dəyişə bilməsək
də
"Min bir gecə"də Şəhrizad nağıl
danışıb şahın başını qatmaq hiyləsini
quranda əsas məqsədlərindən biri o idi ki, şah
onun bakirəliyinə toxunmasın. Beləliklə, o, həm
ismətini qorusun, həm də mümkün qədər
çox yaşasın. Ancaq şah
nağıla qulaq asmaq məsələsindən əvvəl
onunla həmyastıq olur. Beləcə,
Şəhrizad başa düşür ki, o, daha öz şəxsi
arzuları naminə yaşaya bilməz, yəni məsələ
"namusunu xilas etmək"dən keçdi. Ondan sonra taleyi ilə barışır və dərhal
missiyasının dəyişdiyini başa düşür.
Onda "özünü xilas edə bilməyən
başqasını xilas edə bilərmi?" sualı meydana
çıxır. Bəli, arzuları
puç olmuş biri belə, minlərlə insanı xilas edə
bilər. Fədakarlıq bəzən
özünü qurban etməklə başlayır.
Vicdanın vətəni
varmı?
"Min bir gecə"də nağılların
çoxu niyə şahlarla bağlıdır? Şəhrizad
şaha danışdığı nağılları qəsdən
başqa şahlarla əlaqəli seçir. Çünki kitabın əvvəlində şaha
qadını xəyanət edir, onun qardaşı da eyni
acınacaqlı aqibəti yaşayır. İki
qardaş qərara gəlirlər ki, başımıza gələn
bu rüsvayçılıqdan daha betərini görənə,
eşidənə qədər vətənimizə
qayıtmayaq. Yolda bir cin görürlər,
cin arvadını yeddikilidli sandıqda saxlayır. Cin
yatanda onun arvadı hər iki qardaşla - şahlarla
muradına çatır və məlum olur ki, sandıqda
saxlanan qadın indiyədək 572 kişi
ilə cinə xəyanət edib. Ondan sonra cinin
rüsvaylığına nisbətdə öz başlarına
gələnləri qiyaslayıb şükür edərək
səltənətlərinin başına qayıdırlar.
Şəhrizad şahlarla bağlı
nağılları ona görə danışır ki, şah
keçmişdə olanları öz taleyi ilə müqayisə
edib naqis əməllərindən əl çəksin. Bu əsərdə
nağıllar güzgü rolunu oynayır. Yəni
şahlar haqqında nağıllar şahın dərs
alması - özünə qayıtması üçün
lazımdır: Özünə - yəni vicdanının vətəninə.
Şah nə
üçün nağıllara qulaq asır?
Başımıza gələcək bəlaları irəlicədən
bilmədiyimizə görə insanın taleyi daim onun
üçün ən maraqlı hekayət olaraq qalır. Sabah,
bütün ömrü boyu Adəm övladını təəccübləndirir.
"Min bir gecə"
nağıllarının əvvəlindən şahın
acınacaqlı taleyi məlum olur. Sanki ilk
nağıl başlamamış artıq şahın
nağılı bitir. Öz hekayəti
olmayanlar, başqalarının hekayətinə daha maraqlı
olurlar. Fikir vermisinizsə, Şəhrizad
hekayətləri - nağılları real tarixçələr
kimi danışır, nağıl intonasiyasında yox. Beləliklə, şahın taleyi də
çoxsaylı hekayətlərdən birinə çevrilir,
hətta onların arasında itib-batır. Şah, sanki öz tale tarixçəsini itirmək,
başqalarının hekayətləri arasında azdırmaq
üçün çoxlu nağıllara qulaq asır.
Və beləcə, şahın həyat hekayəti də
danışılan nağıllardan birinə çevrilir...
Ardı var...
Fərid Hüseyn
Ədəbiyyat qəzeti.- 2020.- 5 sentyabr.- S.15.