Varislər
Ülkər
TALIBZADƏ: "Nəinki mən, məndən əvvəlki,
məndən sonrakı nəsil də bu şeirlərlə
böyüyüb"
"Varislər"in
bugünkü qonağı Azərbaycan ədəbiyyatında
xüsusi yeri olan unudulmaz şair, yazıçı, milli
uşaq ədəbiyyatımızın
yaradıcılarından biri, Əməkdar incəsənət
xadimi Abdulla Şaiqin nəvəsi Ülkər xanım
Talıbzadədir.
Qafqaz şeyxülislamı
müavininin oğlu
1881-ci ildə Tiflisdə, Şeytanbazar məhəlləsində,
dövrünün tanınmış din xadimi və
sayılıb-seçilən ziyalılarından olan Axund
Mustafanın ailəsində dünyaya gəlmişdi. Axund Mustafa bir
müddət Tiflis şəhəri üzrə qazi müavini
və Qafqaz Şeyxülislamının müavini olmuşdu.
Böyüdüyü mühitdə daha
çox dini elmlərlə əhatə olunmasına baxmayaraq, ədəbiyyata
dərin həvəsi vardı. Qardaşı
Yusiflə birlikdə ilk təhsilini Tiflisdəki müsəlman
uşaqları üçün nəzərdə tutulan
altısinifli məktəbdə almışdı.
Anası Mehri xanım övladlarının dindar
olmasını arzulayırdı, amma atası Axund Mustafa
açıqgözlü, demokratik ruhlu adam
olduğundan, oğlunun ədəbiyyata olan həvəsinə
dəyər verir, onun bu istəyinə qarşı
çıxmırdı.
1889-cu ildə Xorasana ziyarətə gedən Mehri
xanım oğlanları Yusiflə Abdullanı da özü ilə
aparır.
Dörd ilə qədər Xorasanda qalan doğmalar burada əslən
Urmiyadan olan Yusif Ziya adlı açıqfikirli, dərin bilikli
gənc müəllimlə tanış
olurlar və bu müəllim yeniyetmələrin
dünyagörüşünə ciddi təsir göstərir.
Onlar 1893-cü ildə yenidən Tiflisə
qayıdırlar. Abdullanın böyük qardaşı
Yusif atasının yolu ilə gedir, axund kimi fəaliyyət
göstərir, üstəlik, Xorasandakı müəlliminə
ehtiram olaraq özünə Yusif Ziya təxəllüsü
götürür...
Bu
maraqlı ailə, ziddiyyətli tale yaşamış
insanların varisi, Abdulla Şaiqin ev-muzeyinin direktoru, AMEA
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı,
sənətşünalıq üzrə fəlsəfə
doktoru, böyük ədəbiyyatşünas alim Kamal
Talıbzadənin qızı Ülkər xanım Talıbzadə
ilə doğma məkanda, Abdulla Şaiqin ev-muzeyində
görüşdük.
Xatirələr masası...
- Ülkər xanım, arxasında əyləşdiyimiz
masa bu muzeyin eksponatlarından biridir. Masanın
quruluşu otağın ölçülərinə uyğun
olaraq kvadrat şəklindədir. Hətta
üstünün örtüyü də özündə
ötən, xatirə dolu illərin rəsmini əks etdirir. Kimlər oturub bu masanın arxasında?
- Siz
soruşun kimlər oturmayıb?! Bu evin ən
doğma, ən sevilən qonaqlarından biri Hüseyn Cavid
olub. Atam danışırdı ki, Cavid əfəndi az qala hər gün bu evə gəlir, saatlarla
Abdulla Şaiqlə oturur, söhbət edirdilər. Muzeyimizin üçüncü otağında rəssam
Tofiq Kərimovun yağlı boya ilə çəkdiyi tablo
var. Həmin tablonu Tofiq Kərimov uşaqlıqda
gördüyü mənzərə, şahidi olduğu real
görüntülərin fonunda çəkib. Onların ailəsi qonşuluqda yaşayıblar və
Tofiq Kərimov uşaq ikən tez-tez gəlib pəncərədən
onlara baxar, söhbətlərini dinləyərdi. Diqqətlə fikir versəniz görərsiniz ki, həmin
tabloda əks olunan mebellərin hamısı hal-hazırda
muzeyimizdə qorunur.
Bu masanın arxasında böyük dramaturqumuz Cəfər
Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Abdulla
Şaiqin həm tələbəsi, həm də yaxın
müəllim dostu olan Atababa Musaxanlı oturub. Bilirsiniz ki,
babamla Səməd Vurğun bacanaq olublar və böyük
şairimiz bu evin ailə üzvlərindən biri kimi qəbul
edilib. Həbib və Mahmud bəy Mahmudbəyovlar,
Tağı Şahbazi. Zülfüqar Hacıbəyov
Abdulla Şaiqin ən yaxın dostlarından biri olub və hətta
böyük bəstəkarımız babamın
"Nüşabə" əsəri əsasında opera
yazmağa başlayıb, lakin qəfil ölümü ilə
bu iş yarımçıq qalıb. Həmin
operanın əlyazması hal-hazırda Əlyazmalar
İnstitutunda qorunur. Biz də onun surətini
çıxarıb, ekspozisiyamıza əlavə etmişik.
Bu evdə bir neçə toy qurulub və Abdulla
Şaiqin öz toyu da bu evdə baş tutub. Çünki
babam bu evə köçəndə subay idi.
Hacı Zeynalabdin Tağıyevin
doğum şəhadətnaməsi
Sizə
deyim ki, Abdulla Şaiqin atası Axund Mustafa da çox
maraqlı adam olub. Öz dövrünə
görə geniş dünyagörüşlü, dərin təfəkkürlü
adam kimi tanınıb. Din xadimi kimi
böyük hörmət qazanıb. Özü
qazi müavini, Şeyxülislam müavini olmaqla bərabər,
Rüştiyyə məktəbində həm şəriətdən,
həm də Azərbaycan dili və ədəbiyyatdan dərs
deyib. Üstəlik, rus dilini də mükəmməl
bilirmiş. Yəni bu insan, sadəcə,
dindar olmayıb, həm də elm adamı olub. Bizim böyük mesenatımız Hacı Zeynalabdin
Tağıyevin doğum haqqında şəhadətnaməsini
Qafqaz Şeyxülislamının müavini və qazi kimi Axund
Mustafa imzalayıb. Həmin sənədin
surəti də muzeyimizdə qorunan qiymətli eksponatlardan biridir.
- Axund Mustafadan söz
düşmüşkən, dediniz ki, ulu babanız
dövrünün tanınmış din xadimi, nüfuzlu din
adamı olub. Abdulla Şaiq də Axund
Mustafanın ailəsində böyüyüb və təbii
ki, atasının müəyyən təsiri altında olub. Nədən
o da atası kimi dini biliklərin, şəriət elminin
arxasınca getməyb? Bəlkə, Abdulla
Şaiq də bir din xadimi kimi daha böyük nüfuz və
hörmət qazana bilərdi?
-
Maraqlı sualdır. Əlbəttə, o dövrün
özü daha çox xurafatla, dini hökmlərin
üstün olduğu məqamlarla xatırlanır, amma
yuxarıda qeyd etdiyim kimi, Axund Mustafanın bilik dairəsi təkcə
şəriət elmləri ilə məhdudlaşmırdı
və övladlarını da daha sərbəst,
açıqgözlü böyütməyə
çalışırdı. Ailədə
müəyyən qədər belə söhbətlər olub.
Abdulla Şaiq xatirələrində yazır ki,
anam Mehri xanım möhkəm iradəli qadın və
qatı dindar idi. O, övladlarının
üçünün də dindar kimi yetişməsini
arzulayırdı, hətta elə bu məqsədlə də
onları dövrün din mərkəzlərindən biri olan
Xorasana aparıb. Bir qədər əvvəl qeyd etdiyimiz kimi,
müəllim Yusif Ziya ilə də orada tanış
olurlar. Abdulla Şaiqin o dövrdə ədəbiyyata
böyük həvəsi olub və ruscadan fars
dilinə ilk tərcümələrini də elə o vaxt edib.
Urmiyalı müəllim - Yusif Ziya
Tərcümələrini
sevimli müəllimi Yusif Ziyaya göstərib, müəllimi
onun bu bacarığını yüksək qiymətləndirib
və məsləhət görüb ki, azərbaycanlı
olduğu üçün fars dilinə
yox, elə türk dilinə tərcümələr etsin. Beləcə, babam daha da həvəslənib və
bu fəaliyyətini davam etdirib. Yusif Ziya
Abdulla Şaiqin ədəbi fəaliyyətində mayak olub,
ona yol göstərib. Bundan əlavə, Axund
Mustafa da Abdulla Şaiqin ədəbiyyata həvəsini
görüb və bu həvəsə qarşı
çıxmayıb. Abdulla Şaiqgili Xorasanda olarkən
Axund Mustafa ilə məktublaşıblar və bu məktublarda
axund babamın daha çox ədəbiyyat həvəskarı
olduğunu hiss edib, ona görə də məktublarının
birində yazıb ki, qoy Abdulla dünyəvi elmlər üzrə
təhsil alsın, Yusif isə dini təhsilini davam etdirsin. Doğrudan da, Yusif Talıbzadə dini təhsilini
davam etdirib və axund rütbəsi alıb. Abdulla Şaiq isə 1900-cü ildə Tiflisə
qayıdıb, qısa müddət orada yaşadıqdan sonra,
Bakıya köçüb və sonrakı həyatı
qısa fasiləni saymasaq, bütünlüklə Bakı ilə
bağlı olub. Daha sonra Axund Yusif də
Bakıya gəlib. Onların
bacıları çox tez ailə qurub. Xorasanda
yaşayan Azərbaycan türkünə ərə gedib.
Abdulla Şaiq ilk vaxtlar Bakıda, İçərişəhərdə
kiçik bir mənzildə yaşayıb. Sonra buradan bir
tin aşağıda olan başqa evə köçüblər.
1916-cı ildə isə Nəriman Nərimanov
bu evi babama verib.
Abdulla Şaiq də, Yusif Ziya da Bakıya
köçdükdən sonra Nərimanovla sıx əlaqə
saxlayıblar.
Çünki onların
tanışlığı hələ Tiflisdən
başlamışdı. Nərimanov Axund
Mustafa ilə dostluq edirdi. Babam da, Yusif Ziya əmim
də gənc idi və Nərimanovu tanıyırdılar.
Müəllim adının şərəfi
Bilirsiniz ki, Abdulla Şaiq ömrü boyu müəllim
adının şərəfinə hörmətlə
yanaşdı və müəllim adını
daşıdığı bütün adlardan üstün
tutdu. Onun Bakıda müəllim kimi fəaliyyətə
başlamasında da Nərimanovun böyük köməyi
olub. İmtahanlara hazırlaşmaq
üçün ona müəyyən ədəbiyyat
tövsiyə edib və babam həmin ədəbiyyatları
öyrəndikdən sonra müəllimlik üçün
imtahanları uğurla verib. Nərimanov
bununla da kifayətlənməyib və o dövrdə
Bakıda təhsil işləri üzrə komissar olmuş
Mixail Aqanoviçə məktubla müraciət edərək
Abdulla Şaiqin işlə təmin olunmasını xahiş
edib. Həmin məktubun da surətini
muzeyimizdə qoruyuruq. Müəllim yeri
olmadığından Abdulla Şaiq bir müddət ehtiyat
müəllim kimi fəaliyyət göstərib. Sonra Süleyman Sani Axundovun direktor olduğu məktəbdə
ilk dəfə müəllim ştatına işə qəbul
edilib və fəaliyyət göstərib.
Abdulla Şaiq Nərimanovun xətrini çox istəyib,
hətta Nərimanov nişanlananda ona "Möhtərəm Nərimanov"
adlı şeir də həsr edib. Ümumiyyətlə,
bu ailənin həyatında Nərimanovun öz yeri var.
Muzeyimizdə N.Nərimanov guşəsi var və bütün
o sənədləri, adıçəkilən şeirin əlyazmasını
həmin guşədə saxlayırıq.
Abdulla Şaiqin qardaşı: Axund,
yoxsa paşa?!
- Ülkər xanım, Talıbzadələr
ailəsindən mənim üçün maraqlı şəxsiyyətlərdən
biri də Abdulla Şaiqin böyük qardaşı, Axund Yusif
Ziyadır. Bir qədər əvvəl də qeyd etdik ki, Yusif
Ziya atası Axund Mustafa kimi dindar olub və axund rütbəsi
alıb, amma divardakı tabloda onu general paltarında təsvir
ediblər. Bundan başqa, Cümhuriyyətimizin qurucusu Məhəmməd
Əmin Rəsulzadə öz xatirələrində Abdulla
Şaiqi Cümhuriyyət sevdalısı kimi yada salır və
onun adını bu xəbərə ilk sevinənlərdən
biri kimi qeyd edir. Bir qədər bu barədə
danışın, zəhmət olmasa.
- Tamamilə
doğru qeyd edirsiniz, babam da, onun qardaşı Yusif Ziya da
Cümhuriyyət sevdalısı olublar və Abulla Şaiq Azərbaycan
Demokratik Cümhuriyyətinin ilk dövründə milli məktəblərin
təşkil edilməsində yaxından iştirak edib. Bildiyimiz kimi, o dövrdə daha çox rus-tatar məktəbləri
fəaliyyət göstərirdi və belə məktəblərdə
əsasən rus imperiyasının tarixi, rus ədəbiyyatı
tədris olunurdu. Ümumi götürsək,
rus dilində təhsil almaq cəmiyyətdə yüksək təbəqə
göstəricisi hesab olunurdu. Azərbaycan
dilində dərsliklər çatmırdı. Abdulla Şaiq həmin dövrdə çətinliklə
də olsa, bir sinif yığa bilmişdi. Dərsliklər
çatışmadığından özü bir neçə
dərslik tərtib etmişdi və bəzi məşhur
uşaq şeirlərini də məhz həmin dövrdə qələmə
almışdı. Cümhuriyyətin
süqutundan sonra bu işlər də yarıda qalır.
Həmin dövrdə Yusif Ziya dini fəaliyyətinə
son qoyub, aktiv siyasətə qoşulur.
Qatı türkçü
Yusif Ziya,
doğrudan da, çox maraqlı şəxsiyyətdir və
qatı türkçü olub. Hətta deyirdilər
ki, Abdulla Şaiqə qardaşı Yusif Ziyanın
böyük təsiri keçib. Yusif Ziya ədəbi
yaradıcılıqla da məşğul olub və hətta bəzi
mənbələrdə qeyd olunur ki, müqəddəs
kitabımız olan "Quran"ı ilk dəfə dilimizə
tərcümə edən də odur. Təəssüf
ki, bu fakt konkret sənədlərlə öz təsdiqini
tapmır. Belə deyək də, Abdulla
Şaiq sovet quruluşunda da yaşamağı qəbul edib və
bu mühitə uyğunlaşıb. Doğrudur,
tədqiqatçılar deyir ki, o, öz türkçü
ideyalarını müəyyən rəmzlər, simvollar
şəklində əsərlərinin alt qatında verib və
ömrünün sonuna qədər bu ideyalarından dönməyib.
Amma Yusif Ziya heç vaxt sovet quruluşu ilə
barışmayıb, açıq şəkildə
quruluşa qarşı çıxıb və hətta onun
ölümündən uzun illər sonra da atamı
qardaşına görə çək-çevirə
salıb, onu ev dustağı ediblər.
Nuru Paşanın yavəri
Türkiyədə hərbi təlim alıb, 1918-ci ildə
Nuru Paşanın yavəri kimi, minbaşı rütbəsində
türk ordusu tərkibində Azərbaycana gəlib. Daha sonra
general rütbəsi alıb. Hətta
A.Şaiq bununla bağlı qardaşına müraciətlə
"Neçin böylə gecikdin?" adlı şeir də
yazıb. Həmin şeir:
"...Xain,
alçaq düşmənlərə qol gücünü
göstər.
Aç
yolları, tez gəl ki, qəlbim səni çox istər",
- misraları ilə bitir.
Cümhuriyyət dövründə Yusif Ziya bolşeviklərə
qarşı gizli fəaliyyət göstərib, müəyyən
məxfi tapşırıqlarla gizli yolla Türkiyəyə
gedib-gəlib.
Bunu A.Şaiqin Tiflisdə yaşayan
dayısı qızı Nuşafərim xala
danışıb. Deyirdi ki, qəfil bir adam
qapıdan içəri girdi. Tanımadıq.
Sonra bığını-saqqalını
çıxardı, görürdük Yusifdir. Deyirdi Türkiyədən gəlirəm. Nəyə görə belə tanınmaz halda gəzdiyinin
səbəbini bilmirdik. Belə hadisə
2-3 dəfə təkrarlanıb.
Sovet
hakimiyyəti qurulandan sonra N.Nərimanovun göndərişi
ilə Yusif Ziyanı Naxçıvanın hərbi
komissarı təyin ediblər və o, bir müddət bu vəzifədə
çalışıb, lakin sovet quruluşuna bəslədiyi
nifrətini boğa bilmədiyi üçün Nərimanovdan
istefasını xahiş edib, Orta Asiya basmaçılarına
qoşularaq sovetlərə qarşı mübarizə
aparıb.
Amudərya sahilində şəhadət
- Yusif Ziya Orta Asiyada şəhid
olub?
- Bəli,
1923-cü ildə Amudərya sahillərində sovet ordusu əsgərləri
ilə döyüşlərin birində həlak olub və
şəhidlik zirvəsinə yüksəlib. Onun islam tarixinə aid kitabları var. Dünya
İslam xəritəsini tərtib edib. Hal-hazırda
həmin xəritənin bir nüsxəsi AMEA-nın Nadir
jurnallar fondunda, digər nüsxəsi isə Əlyazmalar
fondundadır. Şeirləri, dram əsərləri
qalır. "İttihadi-İslam Cəmiyyəti"nin rəhbərlərindən biri olub. H.Z.Tağıyevin ilk tərcümeyi-halını yazanlardandır.
Sonra, Yusif Ziya Azərbaycan Daxili
Qoşunlarının yaradıcılarından biridir.
- Ülkər xanım, Yusif Ziya
haqqında belə dolğun məlumat verdiyiniz
üçün sağ olun. Bir az da
A.Şaiqin ailəsi haqqında danışaq. Bildiyim qədər,
atanız Kamal Talıbzadə evin böyük oğlu olub...
- Bəli,
atam ailənin böyük oğludur, amma atamdan əvvəl
Abdulla Şaiqin Altunsaç adlı bir qızı da olub və
atamın dünyaya gəldiyi gün həmin o qız
dünyasını dəyişib. Atamdan
başqa, Gülbəniz xanım adlı bibim və ailənin
sonbeşiyi İldırım əmim olub. Gülbəniz
bibim ixtisasca həkim idi və ömrünün sonuna qədər
Politexnik İnstitutunun poliklinikasında həkim işləyib.
İldırım əmim isə tarixçi idi.
Akademiyanın Tarix İnstitutunda
çalışırdı, tarix üzrə fəlsəfə
doktoru idi, hətta doktorluq dissertasiyası da hazır idi, amma təəssüf
ki, o da həyatdan tez köçüb.
Bu masa arxasında kimlər
oturmayıb ki...
- Söhbətin əvvəlində
Abdulla Şaiqin dostları haqqında az da
olsa söhbət açdıq, amma, məncə, bu siyahı
daha böyükdür və indi oturub çay içdiyimiz
masanın arxasında bir vaxtlar o dövrün ən məşhur
simaları da çay içiblər.
- Abdulla
Şaiqin çox məşhur tələbələri olub:
Ruhulla Axundov, Tağı Şahbazi Simurq, Mikayıl
Müşfiq, Cəfər Cabbarlı, Mehdi Hüseyn, Məmməd
Arif, maestro Niyazi, Əfrasiyab və Şəmsi Bədəlbəylilər,
Yusif Məmmədəliyev, Süleyman Rüstəm, Mirzə
İbrahimov, Həmid Araslı, Mikayıl Rzaquluzadə, Mirvarid
Dilbazi və başqaları. Babam bu tələbələrin
bəziləri ilə dostluq edib. O ki qaldı bu masa
arxasında oturanlara, doğru qeyd etdiniz, bu siyahı kifayət
qədər uzundur: yuxarıda Hüseyn Cavidin adını
çəkdik. Ondan başqa, Əhməd Cavad, Məhəmməd
Hadi, Müşfiq, Yusif Vəzir Cəmənzəminli, Atababa
Musaxanlı, Mirmehdi Seyidzadə. Folklorçu
alim Hümmət Əlizadə həm onun sevimli tələbəsi
olub, həm də bir ilə yaxın bu evdə yaşayıb.
Babam onun toyunu da bu evdə edib.
Onu repressiyadan kim
xilas etdi?!
- Ülkər xanım,
adlarını çəkdiyiniz adamların bir çoxu Stalin
repressiyasının qurbanları oldu. Təbii ki, bu fakt Abdulla
Şaiq kimi həssas adama təsir etməyə bilməzdi. Üstəlik, qardaşı Yusif Ziya antisovet
adamı kimi ad çıxarmışdı. Abdulla
Şaiqi o qanlı repressiya illərindən nə, yaxud kim xilas edə bildi?
- Hə,
babam 37-ci ildə çox yaxın dostlarını, sevimli tələbələrini
itirmişdi, üstəlik, dediyiniz kimi, qardaşı Yusif Ziya
da sovet hakimiyyətinin qatı düşməni idi. Hətta Yusif Ziyanın 1923-cü ildə həlak
olmasına baxmayaraq, 37-ci ildə babamı bir neçə dəfə
NKVD-yə aparıb, qardaşı ilə bağlı
sorğu-sual etmişdilər. Üzünə
durub demişdilər ki, qardaşın sağdır və
Almaniyaya sığınıb, sən də gizli şəkildə
onunla əlaqə saxlayırsan. Əslində,
qardaşı şəhid olandan sonra ondan qalan əşayaları,
qana bulaşmış kiçik "Quran"ı, qanlı
köynəyini gətirib babama vermişdilər. Həmin "Quran" odur, bizim eksponatlardan biri kimi
(haqqında danışdığı "Quran"ı mənə
göstərir) təqdim olunur. Buna görə babamı
bir neçə il ev dustağı
etmişdilər. Ev dustağı olduğu illərdə
ailənin maddi vəziyyəti çox acınacaqlı olub.
Nənəm gəlinlik qızıllarını
sataraq, ailənin ehtiyaclarına sərf edib. Babam hər an qapının döyüləcəyini, gecə
ilə aparılacağını gözləyirmiş. Amma xeyirxah adamlar da olub və babam elə
insanların köməyi ilə sürgündən, yaxud
güllələnmədən qurtula bilib.
- Kim idi o xeyirxah adamlar?
- Ruhulla Axundov onun sevimli tələbələrindən
idi.
Özü repressiya qurbanı olana qədər Xalq komissarı
işləyirdi və Şaiqin təhlükə ilə
üzləşəcəyini hiss edən kimi, onu gözdən-könüldən
uzaq yerə, Şuşaya müəllim işləməyə
göndərmişdi. Şuşaya getməklə
babam müəyyən qədər diqqətdən uzaqda
qalmış, unudulmuşdu. Daha sonra
başqa bir tələbəsi Mirzə İbrahimov da o vaxt Mərkəzi
Komitədə təlimatçı işləyirmiş.
Abdulla Şaiqin kitabını çap etdirir və
həmin kitaba özü çox sanballı ön söz
yazır. Abdulla Şaiqi dəyərli sovet
yazıçısı kimi təqdim edir və beləliklə,
babamın başı üstə dolaşan qara buludlar
dağılır.
Cavid əfəndidən gələn
xəbər
- Babanız Hüseyn Cavidlə
yaxın olub və deyilənlərə görə, bir dəfə
xəbər yayılıb ki, Cavid Əfəndi Bakıya gəlib,
dəmiryol vağzalındadır. Onu qarşılamağa gedənlərdən
biri də Abdulla Şaiq olub.
- Hə,
olub elə bir hadisə. Atam
danışırdı ki, bir gün səhər tezdən
qapı döyüldü və qapını açdım.
Tanımadığım bir adam idi. Abdulla Şaiqi istədi, atam qapıya gəldi.
Həmin naməlum adam dedi ki, Cavid əfəndi
vağzaldadır, onu göndərib evinə xəbər
versin, evdən isti paltar, ərzaq tədarük edib vazğalda
Cavidə çatdırmaq lazımdır. Təbii ki, Cavidin xətrini
çox istəyən bir adam kimi babam bu xəbərə
çox sevinib və atamı, yəni Kamal Talıbzadəni
Cavidin evinə, Mişkinaz xanımgilə göndərib. Mişkinaz xanım da xəbərdən çox
sevinib, təsəvvür edin, aildə bu xəbər necə
qarşılanıb. Sonra babam evdə
hazırlanan bağlamanı götürüb, vağzala gedib.
Mişkinaz xanımı aparmayıb. O
gün hava qaralana qədər vağzalda gözləyib, amma nə
Cavid gəlib, nə də onu gətirə biləcək qatar. Sonradan məlub olub ki, bu,
babam üçün hazırlanmış təxribat idi.
Xalq düşmənini qarşılamağa gedən sovet
şairi... Bir neçə gün sonra
Yazıçılar İttifaqının iclas zalında bu məsələ
qabardılıb və babamı ciddi ittiham ediblər. Yəni bu hadisə bircə dəfə baş verib və
belə olub.
- Stalinin ölümündən sonra
ölkədə vəziyyət müəyyən qədər
dəyişdi. Dəyərlər dəyişdi.
Xalq düşməni damğası vurulan minlərlə
insan bəraət aldı. Yəqin,
"dahi rəhbərin" ölümünü sevinclə
qarşılayanlardan biri də Abdulla Şaiq olub.
- Məncə,
sevinclə qarşılamalı idi, çünki həmin
dövrün insanlara vurduğu mənəvi-psixoloji zərbələr,
zədələr uzun zaman insanların ruhunda yaşadı və
onlara kabus yaşatdı. Babam Stalinin ölümündən
sonra cəmi altı il ömür
sürüb və bu dövrdə dövlət tərəfindən
müəyyən diqqətə layiq görülüb. Ölümündən sonra Fəxri xiyabanda dəfn
edilib və Azərbaycan uşaq ədəbiyyatının
yaradıcılarından biri kimi ədəbiyyat tariximizə
düşüb.
Əzbərlədiyimiz ilk şeirlərin
müəllifi
- Ülkər xanım, A.Şaiq
xoşbəxt müəlliflərdəndir, çünki Azərbaycan
dilində dil açıb danışan və ilk dəfə
şeir öyrənən əksər uşaqlar məhz onun
"Dovşan", "Keçi", "Xoruz" şeirlərini
əzbərləyirlər. Bu şeirlər
uşaq dilinə o qədər yatımlıdır ki, bir
neçə dəfə təkrar etdikdən sonra
uşaqların yaddaşına yazılır. Siz
özünüz necə, bu şeirlərlə
böyümüsünüz?
- Nəinki
mən, məndən əvvəlki, məndən sonrakı nəsil
də bu şeirlərlə böyüyüb. Mənə
elə gəlir, nə qədər ki, Azərbaycan dili, onun ədəbiyyatı
yaşayır, hələ neçə-neçə nəsil
də bu şeirlərlə böyüyəcək. Açığını deyim, bu, hər müəllifə
nəsib olmayan səadətdir. Hər bir azərbaycanlı
S.Vurğunun "Azərbaycan" şeirindən ən
azı bir neçə bəndi əzbər bildiyi kimi, elə
bir adam tapılmaz ki, yuxarıda
adlarını çəkdiyiniz şeirləri əzbərdən
bilməsin. Belə deyək də, Abdulla
Şaiq azərbaycanlı balaların ana laylasından sonra
eşitdikləri şeirlərin müəllifidir və bu
seirlər elə ana laylası qədər doğmadır.
Söhbətləşdi: Əyyub
QİYAS
Ədəbiyyat qəzeti.- 2020.- 5 sentyabr.- S.16-17.