Yazmaqla çevirmək arasındakı məsafə...

 

İzabel Farqo Kole ilə söhbət

 

İzabel Farqo Kole Nyu-Yorkda böyüyüb boya-başa çatmışdır. 1995-ci ildə Çikaqo Universitetində bakalavr dərəcəsi almıışdır və həmin ildən də bir yazıçı və tərcüməçi kimi Berlində yaşamışdır. Volfqanq Hilbiqin "Köhnə Sifarış Zavodu" əsərinin tərcüməsinə görə 2018-ci ildə Kurt və Helen Volf tərcüməçi mükafatı almışdır. Volfqanq Hilbiq və Frans Fühmandan etdiyi digər tərcümələr də bir neçə mükafata layiq görülmüşdür. 2005-ci ildən alman dilində qısa ədəbi nümunələr və esselər dərc etdirmişdir. Onun ikinci romanı - "Arı zəhəri" 2019-cu ildə Notilus tərəfindən nəşr olunmuşdur. 2013-cü ildə o, "Yazıçılar Kütləvi Nəzarətə Qarşı" təşəbbüsünün həmtəşkilatçısı olmuşdur. Bu söhbətdə o və Andrea Brayant tarixi kontekstin, yerin və tərcümənin onun yazısında oynadığı rol haqqında danışırlar.

Andrea Brayant: - Bizim sonuncu intervyumuz sizin "Yazıçılar Kütləvi Nəzarətə Qarşı" təşəbbüsdə iştirakınızla bağlı sualla yekunlaşmışdı. Diqqət etdim ki, "Təminatsız ərazi" romanınız siyasi aktivistlərin marağına səbəb olmuşdur. Deyə bilərsinizmi ki, siyasi aktivistlər sizin "Arı zəhəri"ndəki xarakterlərlə eyni dərəcədə mühüm rol oynayır?

İzabel Farqo Kole: - Ədəbiyyat üzrə professor bu yaxınlarda mənə deyirdi ki, bir tələbəsi mənim kitabımdan zövq aldığını, fəqət, xarakterlərin "o qədər də çox siyasi olmamasından "təəssüfləndiyini söyləmişdir. Kitab əski gecəqondu icması arasında yer alır, bu üzdən tələbə indi Berlində olan daha çox gecəqondu qrupları kimi radikal aktivistlər ola biləcəyini gözləyirmiş. Lakin 1990-cı illərin Berlinində gecəqondu kulturu ideoloji deyildi, o, sadəcə, alternativ həyat tərzi idi. Mənim xarakterlərim dövlətə qarşı qiyamı ADR-in son ilində başladılar. İndi isə yeni, sosial-demokratik dövlət binanı yenidən təmir etmiş və subsidiya ilə kirayə verərək onların geri qayıtmasını təmin etmişdir. Bu, bir növ ciddi kiçik utopiyadır ki, onların özlərinin alternativ həyat yolu var və bu mənada siyasidir. Bu adamların siyasi ideologiyalara mürəkkəb münasibətləri vardır, ona görə ki, onlar içərisində böyüdükləri sosialist dövlətin dağılmasını görmüşlər və bu da onlarda bütün siyasi sistemlər haqqında bir sinism yaratdı, lakin bu hadisələrə tamamilə yeni baxış acısından görmək imkanı verən idealizmlə qarışmışdır. Onlar siyasət haqqında mübahisə etməyi və fərqli nöqteyi-nəzərləri araşdırmağı sevirlər, ancaq aktivist olmaqdan çəkinirlər.

Brayant: - Görməyə bilmərəm ki, siz Volfqanq Hilbiqin "Köhnə Sifariş Zavodu" əsərini ingilis dilinə tərcüməsinə görə Kurt və Helen Vulf tərcüməçi mükafatı aldıqdan sonra siz yazı və tərcümə prosesini fərqli təsvir edirsiniz. Yazıda daha çox azadlıq, lakin daha az güvənlik olmasını qeyd edirsiniz. İkinci romanınızı almanca tamamladıqdan sonra bu sizin üçün dəyişdimi?

Kole: - Xeyr, işin mahiyyəti, əslində, bu deyil. Tərcümə problemləri çətin (yaxud hətta qeyri-mümkün!) ola bilər, ancaq bu çətinlik səhifədə olanla ədalətli davranmaqla bağlıdır: ton, assosiasiyalar, melodiya, söz oyunu və s. Bu genelliklə sinirpozucu və alçaqkönüllü bir işdir, ancaq bu, özünüz yazanda olduğu kimi, ağ səhifə ilə üzləşmək deyil. Nə olacağını anlamanıza, bunun üçün forma tapmağınıza, ideyaları necə formulə etmənizə və məntiq qurmağınıza ehtiyacınız olmur. Orda həmişə işləmək üçün bir şey var.

Ağ vərəq elə vərəqdir, hansı dildə yazmağından asılı olmayaraq

Brayant: - Demək istəyirsiniz ki, birisi birinci, yaxud üçüncü dildə yazsaydı, proses bambaşqa olurdu?

Kole: - Ağ vərəq elə vərəqdir, hansı dildə yazmağından asılı olmayaraq. Personajların inkişafı, süjet xətti, təsvirlər və digərləri daha çox dil səviyyəsindən aşağı (ya yuxarı?) baş verir. Lakin ideyaların formulə edilməsi və sözlərin tapılması dildən dilə fərqli ola bilər. Bəzən ideyaları alman dilində formulə etmək mənim üçün daha asandır; bəzən isə ingilis dilində. Fəqət mən bunun üçün hansısa xüsusi bir məntiqin olduğuna əmin deyiləm.

Brayant: - Siz fikirləşirsiniz ki, tərcüməçilərin qruplarla, yaxud qoşa işləməsi yaxşı fikirdir?

Kole: - Elə tərcüməçilər var ki, cütlük halında yaxşı işləyir, ancaq mən fikirləşirəm ki, ümumiyyətlə, hər hansı bir işin bir tərcüməçi tərəfindən ediməsi daha yaxşıdır, belə olduqda kəsintisiz bir bütöv və güclü bir səs əldə edirsiniz.

Brayant: - Eyni şeyi bir yazıçının toplu halında yaradıcılığına da keçərlidirmi?

Kole: - Yazıçının əsərinin müxtəlif tərcümə versiyalarının olmasını zənginlik hesab edirəm - hər tərcüməçinin fərqli yanaşması olur, yazıçı səsini fərqli yönlərdən aşkar edə bilirlər.

Brayant: - Mövzu aktual olduğundan, "Arı zəhəri" (Das Gift der Biene) ingilisdilli bir nəşriyyat tərəfindən seçildiyi təqdirdə tərcümə ilə bağlı maliyyə məsələlərinin təmin olunması "New Books in German" (alman dilində Yeni Kitablar) tərəfindən təsdiqlənmişdir. Hansı şəxsi keyfiyyətlərə malik olması tərcüməçi üçün ən mühümdür?

Kole: - Çevirmənlərin məxəz dil, eləcə də hədəf dil sahəsində əsl ustalığa sahib olmasına, işindən zövq almasına ehtiyac var. Onlara səbr və oxumağa yönəlik fokuslanma, diqqətlə tərcümə etmə gərəkdir ki, dəfələrlə oxumaqdan, işləməkdən aldıqları zövqü qoruyub saxlasınlar. Və onlara öz tərcümələrinə orijinalın həyatını vermək üçün stimul gərəkdir. Əlbəttə, orijinalın niyyətindən uzaq düşmədən.

Obrazlar, metaforalar və səslər dildən asılı olaraq müxtəlif yerə düşə bilər. Elə ki sən özünü tərcümə edirsən, onda özünə poetik lisenziyanı rəva görürsən

Brayant: - Mən sizin hər ikisini - dildən zövq almanı və çevirmələr üçün vacib olan stimulu hiss etmənizi dəyərləndirirəm. "Arı zəhəri"nin (Das Gift der Biene) potensial çevirməni bu keyfiyyətləri necə dəstəkləyir?

Kole: - Əslində, əgər naşir buna açıq olsaydı öz kitabımı tərcümə etməyə çox meyilli olardım. Ara-sıra öz kiçik yazılarımı ingilis dilinə tərcümə etmişəm, ya da əksinə. Bu maraqlı bir prosesdir yazmaqla çevirmək arasında bir yer. Obrazlar, metaforalar və səslər dildən asılı olaraq müxtəlif yerə düşə bilər. Elə ki, sən özünü tərcümə edirsən, onda özünə poetik lisenziyanı rəva görürsən.

Və bu mənə, həmçinin bir az daha çox məxəz informasiyada dolaşmaq azadlığı verər və baxmayaraq ki, o incə olmalıdır, orda-burda onu yenidən ifadə etmək gərəkir ki, ingilisdilli auditoriya üçün aydın olsun. Mənim alman dilində yazmağa başlamağımın bir səbəbi mövzumun Şərqi Almaniya olması oldu. İngilisdilli auditoriyaya bu mövzu haqqında yazmaq tərcümə etməyə bənzəyirdi və daha çox müstəqil perspektiv yarada bilən əlavə informasiya tələb edirdi. 2001-ci ildə, hələ də ingilis dilində yazdığım vaxtda, bir dəfə Berlindən bəhs edən bir hekayəmi amerikan yazı emalatxanasına apardım və anladım ki, orda adamların çoxu hekayənin məğzini tutmadılar, ona görə ki, 1989-cu ilin əhəmiyyəti önə çıxarılırdı - o tarix isə artıq onların radarında deyildi. Lakin, təhkiyəçi Şərqi alman idi və onun dilindən əlavə izahat verərək "o vaxt, 1989-cu ildə Divar dağılanda" kimi ifadə işlətməsi axmaqlıq olardı.

İndi mənim daha çox yazı və tərcümə təcrübəm olduğundan o problemlərin daha incə həlli yollarını tapmaqda daha yaxşı silahlanmışam. "Arı zəhəri"nin təhkiyəçisi 1990-cı illərdə Berlinə köçən və Şərqi almaniyalı dostlarının hekayələri ilə maraqlanan gənc amerikan qadın Kristinadır. Onun kənar adam perspektivi var, fəqət o, alman kontekstinə çox aludədir; o, hekayəni özü anladığı kimi nəql etməyə çalışır, evə dönmüş auditoriya üçün izah etmir. İstərdim bu perspektivi qoruyub saxlayım, ancaq bunla yanaşı ola bilsin, alman olmayan oxucular üçün bir neçə şeyi daxil edim.

O biri tərəfdən, "Die grune Grenze" ("Yaşıl sədd") mənim debüt romanım, bütövlükdə Şərqi Almaniyada baş verənlərə həsr olunub və perspektiv də Şərqi almandır. (Əsasən ikinci kitabda Kristinanın dostlarını rahatsız edən bəzi hekayələr danışılır və Kristinanın hər iki romanın sonuna çatmağa çalışması bir diptix formalaşdırır, buna baxmayaraq hər iki roman istənilən sıra ilə oxuna bilər). Ona görə də tərcümə prosesinin bəzi dəyişiklik imkanları və nəqletmə perspektivinin yenidən qurulması haqqında düşünmək maraqlıdır.

Özəlliklə də hər iki romanda bir əsas açar mövzunun - tarixi hadisələri və sənin təcrübəndən kənar şeyləri - yenidən canlandırılmanın necə mürəkkəb bir proses olduğunu nəzərə alsaq.

Hər iki romanda bir açar mövzu budur ki, sənin təcrübəndən kənar şeyləri və tarixi hadisələri nəql etmək və xəyali şəkildə yenidən yaratmaq necə mürəkkəb prosesdir.

Brayant: - "Arı zəhəri"ni yazarkən tarixi araşdırmanın hansı anları ən mərkəzdə olmuşdur?

Kole: - Öz tədqiqatımda mən tez-tez heyrətamiz hekayələr, faktlar və fəlsəfi fikirlər aşkar edirəm. "Arı zəhəri"ni yazarkən kəşf etdiyim bir şey yəhudi mistisizminin ənənəsi olmuşdur. Bilirdim ki, möcüzəvi ravi kitabda rol oynamalıdır, ona görə də Kabbalah haqqında əslən Berlindən olan Qerşom Şolemin yazdığı bir neçə kitab oxudum. Kabbalah tez-tez sırf ezoterik səpkidə görünür (indi isə bir qədər əyləncəli). Ancaq Şolem isə tarix və dil kimi mövzularda çox düşündürücü fəlsəfi fikirlərə işarə edir. Şolem onun Kabbalah əsərinin güclü təsiri altında olan Volter Bencaminin yaxın dostu olmuşdur. Bu isə Teodor Adorno kimi başqa mühüm müasir mütəfəkkirlərə təsir etmişdir. Bu mənə XX əsr fikri haqqında tam olaraq yeni perspektivlər verir.

Brayant: - Bu dövr haqqında çox geniş ədəbi təcrübəyə sahib olduğunuza görəmi yaxşı yaza biləcəyinizi söyləyirsiniz, yoxsa bu bacarığa kömək edən başqa bir təcrübənizmi var?

Kole: - Düzdür, 1990-cı illər üçün mən əsasən yaşadığım hissləri əsas götürmüşəm. Lakin ADR erası üçün başlıca olaraq tarixi tədqiqatlara, arxiv materiallarına və adamların şəxsi xatirələrinə əsaslanmışam. ADR-də yaranan əsərlər konkret olaraq atmosferi və psixologiyanı hiss etməkdə mənə yardım etdilər.

Brayant: - Sizin almandilli əsərlərinin trayektoriyasına nəzər saldıqda bütün yazılarınızda siyasi kontekstin mərkəzdə dayandığını görməyə bilmədim. "Müdafiəsiz ərazi" (Ungesichertes Gelande") romanınızda iki siyasi aktivistin əlaqəsindən tutmuş, 1950-ci və 1998-ci illəri əhatə edən "Yaşıl sədd" ("Die grüne Grenze") və sonuncu romanınız olan "Arı zəhəri"ndə ("Das Gift der Biene") Şərqi Berlinin 90-cı illərin sonunun təsvirinə qədər.

Kole: - Tarixə çox güclü marağım var. Tarixin müxtəlif dövrləri indiki zamana necə təsir edir və insanların fərdi həyatında necə rol oynaması mənə maraqlıdır.

Brayant: - Bu tarixi kontekstlərdə sizi bir şəxs kimi ən çox cəlb edən nədir?

Mən retrospektdə 90-cı illərə xas olan, bir qabarcıq içində yaşamaq hissini çatdırmaq istəmişəm

Kole: - ("Die grüne Grenze") "Yaşıl sədd" ADR-dən keçir, özgə adamların hekayələrindən olan retrospektivdə anlamağa çalışdığım itmiş bir ölkə adamların bu yox olmuş bir ölkə, həyat tərzi həmişə məni cəzb etmişdir. Digər tərəfdən isə mən 1990-cı illərdə Berlində özüm bəzi şeylər görmüşəm. Fəqət, bu, fərqli bir problem yaratdı - həmin dövdə Berlində və bütün dünyada baş verənləri bir araya gətirmək məcburiyyətində qaldım, çünki həmişə xatirələrimə güvənə bilməzdim. Ağır dövr idi: yenidən birləşmənin doğurduğu konfliktlər, Almaniyanın paytaxtına çevrilən Berlində masştablı tikinti işlərinin həyata keçirilməsi, rəqəmsal epoxanın meydana çıxması, Balkan müharibələri, qaçqınların axını, sağçıların zorakılığı. Lakin elə ki, mən 90-cı illərin Berlini haqqında mənə məlumat verə bilən, xatirələrimi kontekstə yerləşdirməyə kömək edə biləcək kitab axtarmağa başladım, həqiqətən tapdığım şey yalnız, klub həyatına və buna bənzər şeylər haqqında yazılmış kitablar oldu. Gülməlidir, 90-cı illərin Berlini - bu elə fetişləşdirilmiş elə bir mifdir ki, ancaq həmin dövrdə baş verən bütün tarixi hadisələrin ciddi analizini tapmaq çətindir.

Ümumilikdə bu, 90-cı illər üçün doğrudur. Belə bir hiss yaşanırdı ki, kapitalizm soyuq müharibəni "udmuşdur" və bizim çoxumuz da özündən razı, kor halda baş verənlərin qaranlıq tərəflərini iqno edirdik. Ən pisi isə həmin dövrdə bizə açıqca, ucadan iqlim dəyişikliyi təhlükəsi haqda xəbərdarlıq edilməsi idi. Əgər real addımlar atılsa idi, biz, bəlkə də, krizisin qarşısını ala bilərdik. Ancaq turbokapitalizmin dinamikası çox güclü idi. Bütün bu olanlar ağlımda idi, fəqət kənar yerlərdə işarələnmişdir - mən retrospektdə 90-cı illərə xas olan, bir qabarcıq içində yaşamaq hissini çatdırmaq istəmişəm.

Brayant: Məni, həmçinin hər bir əsərin strukturu da heyrətləndirdi: hadisələrin 2000-ci illərdə cərəyan etdiyi "Müdafiəsiz ərazi"də epistolyar struktur mövcuddursa, 1950-ci illərdən 1980-ci illərin ortalarına qədərki dövrü təsvir edən "Yaşıl sərhəd"də bir xronoloji ardıcıllıq olduğu görünür. Fəsillərin başlığından anlaşılır ki, "Arı zəhəri"ndə hadisələr məhz 1990-cı illərin ortalarında Şərqi Berlində zamana istinad etmədən cərəyan edir. Bu fərqlərin səbəbi nədir?

Kole: Hər bir əsər üçün xronoloji struktur fərqli şəkildə verilmişdir. Mən "Müdafiəsiz ərazi"də epistolyar formanın şəxsi həyata qəsd edilməsi və nəzarət olunması mövzusu ilə üst-üstə düşən məhrəmliyi vermək istəmişəm. Bundan əlavə, zaman çərçivəsində və perspektivdə maraqlı şeylər olur, ona görə ki, təhkiyəçi həmişə kiməsə birbaşa müraciət edir, özü də geriyə nəzər salır, yenicə baş vermiş hadisələri təsvir edir. Sonra daha bir məktub gəlir və yenə nələrsə baş verir. Bu, sadəcə, axarlı şəkildə verilən nəqletmə proqresi deyidir.

"Yaşıl sədd"din köməyilə mən adamların normal həyat fasadı altında repressiv travmatik xatirələrini gizlədəndə nə baş verdiyini tədqiq etmək istəmişəm. Hekayə 1970-ci illərdə sərhəd zonasında yaşayan yenicə evlənmiş əsas xarakterlərin təsviri ilə başlayır. Üzdən görünməsə də çox gərginliklər var. Sonra 1950-ci illərin xatirələri verilir: ərin uşaqlığı, gəncliyi və hamıdan gizlətdiyi sirləri. Sonra yenə nəqletmə 70-ci illərə qayıdır, bütün sirlər açılır və hadisələr dramatikləşir. Əgər hadisəni xronoloji ardıcıllıqla danışsaydım dramatik gərginlik fərqli olardı. Bir də romanın içərisində Orta əsrlərə nüfuz edən bir roman var. Kitab tarixin müxtəlif qatlarının və şəxsin keçmişinin araşdırılmasından bəhs edir. Xronologiya da bunu əks elətdirir.

"Arı zəhəri"nə gəldikdə isə mən onu klassik bir roman kimi düşünmüşdüm. Alman romantik yazıçılarına xas çoxsaylı əlavə süjetlərsiz, lakin "eşidilməmiş hadisələrlə" dolu, sonda məhz qəribə, hətta fantastik çevrilişin verildiyi kifayət qədər sadə nəqletmə nəzərdə tuturam. Beləliklə, bu sadə bir xronoloji nəqletmədir. Bununla yanaşı, öz hadisələrinə və personajların taleyindən götürülmüş bəzi hadisələrə istinad etsək onun "Yaşıl sədd" əsəri ilə bağlantısı olduğunu görərik.

Brayant: Bu o anlamına gəlir ki, oxucular "Arı zəhəri"nin davamını gözləyə bilməzlər?

Kole: Hər iki kitab bəzi soruları açıq buraxır və mən bu nöqtədə bəzi xarakterləri daha artıq kəşf etməyi nəzərdə tutmamışam. İndi mən bir müddətə esselərə fokuslanmaq istərdim. Ona görə ki, qələmə almaq üçün çox sayda, çeşidli siyasi, sosial və çevrəsel məsələlər haqqında çoxlu material toplamışam.

 

Söhbəti apardı: Andrea Brayant

(ABŞ, Corctaun Universitetinin alman dili üzrə fəlsəfə doktoru)

 

Tərcümə etdi: Suqurə İbrahimqızı

 

Ədəbiyyat qəzeti.- 2020.- 5 sentyabr.- S.30-31.