Heyrətləndirən Faiq
kim və harada gizlətmişdə
onu məndən
Qəfil
əlinə bir kitab keçir. Adını
ilk dəfə eşitdiyin,
nə vaxt və necə yaşadığını bilmədiyin
bir şairin şeirlər kitabı.
Düşünürsən ki, adını ilk dəfə eşidirəmsə,
heç kim
onu tanımırsa, deməli, oxunulası nəsə yazmayıb. Yoxsa mütləq ki, heç olmasa bir misrası hardansa uçub qulağıma qonardı.
Elə bu düşüncə ilə kitabın hansısa səhifəsini
açırsan və
qarşına növbəti
misralar çıxır:
Korlar əsasının səsinə,
quşlar baharın
nəfəsinə
tapır yolları...
Misraların gözəlliyi səni
tilsimləyir və bunun bir illüziya
olduğunu düşünüb
tez ayılmaq üçün başqa səhifəni açırsan,
amma alınmır:
Bir mənəm,
bir də ağ divarda
qara kölgəm.
Deyirəm nə yaxşı
tək deyiləm...
Yox! Necə yəni!? Necə olur ki, mən bu
şairin adını,
bu misraları ilk dəfə eşidirəm!?
Kim və harada gizlətmişdi onu məndən!?
Azər Turanın mənə hədiyyə etdiyi kitaba bir də
baxıram. Baxıram ki, müəllif
haqqında nəsə
öyrənim, lakin nə kitabın arxasından, nə də içindən heç bir bioqrafik məlumat öyrənə bilmirəm.
Adı Faiqdir. Eləcə, Faiq. Kitabın adı "İynəboyu
böyük dünya".
Şeirlərini "İynəboyu şeirlər" adlandıran
bu şair haqqında dolğun məlumatım yoxdur.
Nəinki dolğun, heç az
sayılacaq məlumatım
da yoxdur. Bu şair haqqında tək məlumatım
1980-1984-cü illərdə yazdığı və mənim yenicə tanış olduğum şeirləridir.
O şeirlər ki, məndən düz 24 il gizlənməyi
bacarıb. O şeirlər
ki, şair haqqında nəsə deyə biləcək ən vacib və
ən gözəl məlumatlardır elə.
Başqa məlumatlara
nə hacət!?
Onun doğulduğu və öldüyü il,
doğulduğu, ya öldüyü şəhər,
təhsili və ya digər bilgilər
nə dərəcədə
şeirlərindən daha
əhəmiyyətli ola
bilər ki?
Günlərin bir günü
xatırlayıb məni,
oxumaq istəsəz
şeirlərimi,
Dişlərinizi-dişlərinizə
sıxın oxuyun.
Dişlərimi-dişlərimə
sıxıb yazmışam.
Azər Turanın dostu, tələbə yoldaşı
olub bu şair
və Azər bəy də onun haqqında danışanda elə danışır ki, sanki həmin şairin mistikliyinin pozulmamasını istəyir. Onun mistikliyini
qorumağı özünə
borc bilir. Nostaljik təbəssüm və fasilələrlə dolu cümlələr.
Bir də onu öyrəndim ki, Faiq çox
gənc yaşında
dünyasını dəyişib. Oxuduğum və
sitat gətirdiyim şeirləri isə təxminən 18-22 yaşlarında
yazıb.
Faiqin yazdığı
şeirləri onun yaşadığı dövrdə
yazılan digər şeirlərlə müqayisə
etsəniz heyrətimin
səbəbini anlayarsınız.
O illərdə neçə
şair bu dərəcə modern və
fəlsəfi şeirlər
yazıb?
Rəsul
Rza, Əli Kərim, Vaqif Səmədoğlu... Bir də
yenicə tanıdığım
Faiq bu sıraya
daxil oldu.
Dəmirçi dəmiri döyür,
saat zamanı,
ürəyim sükutu.
...dəmir əyildi,
zaman əridi,
ürəyim hanı?!
Bu şeirləri yenidən,
yenidən və yenidən oxuyuram. Yenidən, yenidən
və yenidən heyran oluram. Yenidən üzümdə təbəssüm
yaranır.
Faiq üçün
heç üzülmürəm. Çünki
onun bu qısa
şeirləri qısa
ömrünün bəxtsizliyi
üstündən xətt
çəkir! O yazıb!
O, əsl şeirlər
yazıb və əminəm ki, o, elə bu "iynəboyu" şeirləri
yazmaq üçün
gəlib dünyaya.
İnsan
özünü bircə
dəfə
tapır bu dünyada.
İnsan
özünü iynə
kimi
salıb itirə
də bilər.
Əgər özünü tapsan,
möhkəm yapış
yaxandan.
Faiqin kitabdakı
şəklinə baxıram. Məncə, o illərdə bütün
kişilərimiz bir-birinə
bənzəyirdi. Bığı,
saçı, baxışı...
Bəs, görəsən, Faiq şair olduğunu, əsl şair olduğunu bilirdi? Ümid edirəm ki, bilirdi! Tək bunu
bilmədən ölməsinə
üzülərəm.
Təşəkkürlər, şair!
Ulucay AKİF
Ədəbiyyat qəzeti.- 2020.- 5 sentyabr.- S.28.