Qorxma, mən səninləyəm
və yaxud təsəlli
qolu
Bir dəfə
yazmışdım ki,
yazarın əsl hədəfi oxuyanın ürəyi olmalıdı. Zərbəyə hazır bir ruhu həyatdan əvvəl siz "vurmağa" çalışın.
Bu, bəlkə həyatın gələcək
zərbəsinə qarşı
peyvənd kimi təsir göstərə
bilər. Acımayın,
uşaqlar, obyekti dəqiq nişan
alın, düz ürəyindən!
Bu, onda mənim yaradıcılığa yeni
başlamış gənclərə
bir növ məsləhətim idi. İndi
- illər sonra bu fikri bir
az redaktə
edib, pafosdan soyundurub, bir qədər də açıqlamaq istəyirəm.
Hələ də o fikirdə
qalıram ki, yazıçının qol
vurmaq istədiyi qapı oxucunun hissləridir, dolayısyla
desək, ruhudur, bu belədir və yaxud da
belə olmalıdır.
Hətta əgər yazıçı artıq
gecikibsə, yəni həyat onu qabaqlayıb "o zəif
qorunan qapıdan" artıq qol keçiribsə belə, ən azından təsəlli qolunun müəllifi, oxucuya
"qorxma, mən səninləyəm", - deyə
ürək-dirək verən
biri olmaq mümkündür.
Məncə, yazıçının (bütövlükdə
sənətçinin) missiyası
da elə budur; "mərhəmətdən
mərəzə düşmüş",
haqlıykən haqsız
durumda qalmış, sevgisi daşa dəymiş, sədaqəti
xəyanətə tuş
gəlmiş, fədakarlığı
nankorluqla üzləşmiş,
bir sözlə, səbəbindən asılı
olmayaraq, nəticədə
həyatı qəzaya
uğramış insanın
yanında olmaq. Bu, bir valideynin saflıqdan, təcrübəsizlikdən
səhv etmiş övladının yanında
olması kimidir.
Yazıçı bu yerdə deməlidir;
mən səni anlayıram, sən həqiqətən haqsızlığa
məruz qalmısan. Mən sənin
necə aldandığını,
hardan vurulduğunu, nə qədər şiddətlə ağrıdığını
belə bilirəm.
Bir sözlə, mən səni hiss edirəm, görürəm, eşidirəm.
Sən atılmış,
satılmış, aldadılmış,
ağrımış, bitmiş,
tükənmiş, bir
sözlə, hər hansısa mövzuda qəza keçirmiş ola bilərsən,
amma unutma, sən ziyanverici deyilsən, zərərçəkənsən.
Həmişə və hər yerdə sənin tale yoldaşların var, olub və olacaq. Baxmayaraq
ki, indi bütün cəmiyyət
sənin üstünə
gəlirmiş kimi görünür, xorla eyni sözləri deyərək, sanki sənin dalınca qaçırlar, sən qulaqlarını tutub uzaqlaşmağa çalışdıqca
dairə daha da daralır, inadla səni inandırmağa çalışırlar
ki, sən bacarmadın, sən itirdin, sən uduzdun, sən lənətə layiqsən
və məhvə məhkumsan.
Beləliklə, sən qaçdıqca
onlar qovacaqlar, daha bərkdən qışqıra-qışqıra arxanca gələcəklər,
qulaqlarını daha möhkəm qapatmaq istədikcə daha çox eşidəcəksən,
ürəyin daha şiddətlə döyünəcək,
gözlərin daha çox qaralacaq, ayaqların bir-birinə daha çox dolaşacaq və büdrəyib yıxılacaqsan
ki, cəmiyyətin istədiyi də məhz budur. "Niyə?" deyə başını yorma, cəmiyyətin bataqlıqda olanlarla işi yoxdur, onun işi bataqlığa
(intihara, özgüvənsizliyə,
çarəsizliyə və
nəhayət, yıxılmağa)
qədər qovmaqdır.
O, səbəbləri qəsdən
xatırlamır, nəticələri
isə unutmamaqda israrlıdır. O, qatilləri
sorğulamaya bilər,
amma qurbanları heç vaxt bağışlamır.
Onun hədəfi sənin səhvlərin deyil, işığındır, ola bilsin, bu işıq kimlərinsə gözünə
düşür, ola bilsin ki, sən
öz varlığınla
kiminsə yoxluğunu
təhdid edirsən. Onlar sənin öləziməkdə
olan işığını
öz zülmətləri
içində əridənə
qədər əl çəkməyəcəklər.
Bu yerdə sən mütləq yazıçını
eşitməlisən, dayan və səni qovan qaragüruhun üzünə
dik bax. Onlar sənin işığını
söndürə bilməz,
bilməməlidir, səni
öz gözündən
salmağa gücləri
çatmamalıdır. Sən
onların gözüylə özünə baxmamalısan.
Sən
tükənməmisən, sadəcə, yorulmusan, bir az
daş-kəsək ayaqlarını incidib, bir az
yıxılanda dizlərin qanayıb. Bir
qədər dincəl, nəfəsini dər və yenə öz yoluna davam et. Yazıçı
sənə bu yolda bundan sonra da
gül-çiçək vəd etmir,
yıxılacağın yerlərə pambıq döşəməyə
də söz vermir, o, sadəcə, sənin həyatına diaqnoz qoyur. Həmin diaqnozla ayaqda
qalmağın sirlərini öyrədir. Bu, bir az çətin missiyadır, uzun
sürən xəstəlik kimidir, amma burda da
sevinməyə nələrsə tapmaq olar, bu diaqnozla
da həyatı sevmək mümkündür.
Çünki ən azından xoşxassəlidir,
ən azından öldürücü deyil. Ən azından sən
işığın ordusundasan, nə birinci, nə də axırıncı
döyüşçüsən. Ən pis
halda insanlığın verdiyi,
kim bilir, neçənci
qurbansan və deməli, ən azından qatil deyilsən.
Səhər Əhməd
Ədəbiyyat qəzeti.- 2020.- 5
sentyabr.- S.25.